Məhkəmə qərarları › İş №2(103)-2057/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2057/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2057/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 009R********** saylı kredit razılaşması üzrə 464.73 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxxxx 2010-cu il tarixli 09L000002431 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxx 2016-cı il tarixli 009R**********S saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SA saylı, xx xxxxxxxx 2016cı il tarixli 009R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2.535,27 ABŞ dolları ödəmiş, onun 464.73 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 464.73 (dörd yüz altmış dörd dollar yetmiş üç sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilən kredit sənədlərindən göründüyü kimi İddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə Cavabdeh1 Sülhəddin oğlu arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşması müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdeh, yəni Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi isə xx.xx.2010-cu ildə bağlanmışdır. Bununla yanaşı, istinad olunan müqavilələr üzrə İddiaçı iddia tələbi ilə xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarların qüvvəyə minməsindən əvvəl yaranmışdır. Bu səbəbdən də, Bakı şəhər Xətai Rayon Məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə zaminin məsuliyyətinin artması qənaətinə gələrək səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin Cavabdeh2 qarşı təmin edilməməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxxxx 2010-cu il tarixli 09L000002431 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 448.1 və Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddələrinə əsaslanaraq mülki mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx xxxxxxxx 2010-cu il tarixli zаminlik müqаviləsində gələcəkdə bоrcluyа verilməsi nəzərdə tutulаn kreditin fаiz dərəcəsi, öhdəliyin pоzulmаsı hаlındа məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tаpmаmışdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanmış kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Hazırkı iş materiallarından görünür ki, belə razılıq zamin kimi Cavabdeh2 alınmamış, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxx 2015-cu il tarixdə bağlanmış kredit razılaşmasından məlumatlı olmamış, onu öz imzası ilə təsdiq etməmişdir. Ona görə də zaminlik müqaviləsinə xitam verilməlidir. Odur ki, iddia tələbi digər Cavabdeh2 aid hissədə əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda bu haququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi zamin Cavabdeh2 münasibətdə iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3860/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı QSC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar