Məhkəmə qərarları › İş №2(103)-2057/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2057/2024

04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2057/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi (dəqiqləşdirilmə) ilə məhkəməyə müraciət edərək, 1. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4-ə görə Cavabdeh MTK-nin aldatma yolu ilə ələ keçirdiyi 9568 manat, düzgün olmayan məlumatlar əsasında əldə edilən həmin məbləğ üçün, faiz dərəcəsinə görə banka ödənilmiş 8939 manat, sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat, ümumilikdə 19607 manat maddi və 1000 manat məbləğində mənəvi zərərin, eləcə də məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə 170 manat, hazırkı məhkəmə baxışına görə isə ödənilmiş 440 manat, cəmi 610 manat dövlət rüsumunun cavabdeh "ASP” Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi; 2. "Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işin icraatına "sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun cavabdeh "ASP” Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi; "Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində xitam verilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1, 262.4-cü maddələrinə; "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Plenumunun Qərarına istinadən qeyd edilmişdir ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanı üçün artıq ödənilmiş 3128 manat, banka ödənilmiş kreditin faiz məbləği 2922 manat, sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat, ümumilikdə 7150,48 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,50 manat dövlət rüsumunun cavabdeh "ASP” MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və "göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı hazırda irəli sürdüyü iddia tələblərinin bəzi hissələri - "sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun cavabdeh "ASP” Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi; "Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 saylı mülki işi üzrə irəli sürülmüş iddia tələblərinin bəzi hissələri ilə - "sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat pulun cavabdeh "ASP” MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və "göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması” tələbi ilə eynilik təşkil edir. Odur ki, iddiaçının halhazırda məhkəməyə müraciət etdiyi tələblə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 saylı iş üzrə irəli sürdüyü tələb qismən eynilik təşkil edir. Qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmə qətnaməsi artıq olduğundan hazırki mülki iş üzrə icraata əvvəlki məhkəmə işi üzrə eynilik təşkil edən hissədə hissəvi xitam verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı "maddi və mənəvi zərərin ödənilməsi və pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı şikayət vermiş, iddia tələblərinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 279/2024-032 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin tərkibində, tam şəkildə baxılması məqsədilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-279/2024-033 saylı xx.xx.2024-cü il tarixli qərardadını ləğv edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26,127; Mülki Prosessual Məcəllənin 261.0.2, 263.6, 266; Məhkəmələ və Hakimlər haqqında” Qanunun 13-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mülkiprosessual qanunvericilik hər bir tərəfə öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi müəyyənləşdirmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-279/2024 saylı mülki iş üzrə Cavabdeh MTK-i məhkəmənin istər hazırlıq iclaslarında, istərsə də baxışda iştirak etməmişdir. e-2(004)-279/2024 saylı mülki iş üzrə təyin edilmiş hakim elə ilk gündən cavbdeh tərəfin “müdafiəsinə” qalxmış və ən primitiv üsullarla məhkəmə təhqiqatı aparmışdır. Əgər cavabdeh məhkəmə təhqiqatına laqeyd yanaşırsa, iddia tələblərinə mövqe bildirmirsə bu onun iddianı qəbul etməsi kimi qiymətləndirilməli və təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməlidir. Bu halda hakim cavabdehə münasibətdə, mülki hüquq nəzəriyyəsi üçün səciyyəvi olan təqsirlilik prinsipini əsas götürməlidir. İddia tələblərinin xitam verilmiş hissəsi ilə bağlı heç bir məhkəmə əsaslandırılmış qətnamə qəbul etməsi mümkün deyil. Çünki, iddia tələblərinə əsas xx.xx.2023-cü il tarixində aparılmış dövlət qeydiyyatından sonra əmələ gəlmişdir. Əmlak üzərində hüquqlara dövlətin təminat verdiyi həmin tarixdən ilk dəfə məhkəməyə müraciət olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-279/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmişdir. Proses iştirakçılarından prosessual müddətlərlə bağlı tələblərə ciddi riayət edilməsini tələb edən Yasamal Rayon Məhkəməsi heç bir zaman prosessual müddətlərlə bağlı qanunun imperativ normasına riayət etmir. Bu işdə artıq ikinci dəfə hakimin prosessual tələbləri pozmağının şahidi oluruq. e-2(004)- 279/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" MTK-i istər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, istərsə də məhkəmə baxışı zamanı iddia tələblərinə etirazının əsası kimi məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və məhkəmə iclaslarında məlumatlı olmasına baxmayaraq ümumiyyətlə iştirak etməmişdir. Cavabdeh 28 avqust 2019cu il tarixli ******* №li Payçı Müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında tikilməkdə olan ASP binasında, 10-cu blok, 18-ci mərtəbə, 1 №li, 1 otaqlı ümumi sahəsi 53.5 kv.metr təşkil edən, ümumi dəyəri 98440 manat (hər kv.metr üçün 1840 manat) mənzili tam təmir edib "xxxx" təhvil verməyi öhdəsinə götürmüşdür. MTK-nın “ASAN Kommunal” Xidmətə təqdim etmək üçün verdiyi xx.xx.2019-cu il tarixli 143 №li Arayışında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə, əvvəl 92A ünvan kimi göstərilən mənzilin hal-hazırda 204A ünvanı ilə əvəz olunduğu göstərilmişdir. Həmin mənzillə bağlı DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ona təqdim olunan sənədlər əsasında, ümumi sahəsi 51.8 kv.metr göstərilən qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixində hüquqların Dövlət qeydiyyatından Çıxarış vermişdir. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Bu tarixdə yaranmış faktdan çıxış edərək məhkəməyə müraciət olunmuş və e-2(004)-47/2023 saylı qətnamə ortaya çıxmışdır. Hazırda irəli sürülən iddia tələbinin əsaslandırıldığı haldan isə aydın olur ki, İddiaçı və Azərbaycan Beynəlxalq Bankın müraciəti əsasında sonradan Dövlət reyestr qeydiyyatında dəyişiklik olunmuş, mənzilin ümumi sahəsinin 48,30 kv.metr olduğu müəyyənləşdirilmişdir. Artıq sübut olunur ki, e-2(004)-279/2024 saylı mülki iş üzrə Cavabdeh həm İddiaçı, həm kredit təşkilatını, həm DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini, eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsini saxta məlumatlarla aldatmışdır. Mülki qanunvericiliyin tələblərinə görə, məhkəmələrin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilməlidir. Heç bir qanunvericilik aktında hakimə vətəndaşın Konstitusiyada təsbit olunmuş hüquqlarını öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə məhdudlaşdırmaq səlahiyyəti verilməmişdir. Məhkəmənin gəldiyi nəticə mülki məhkəmə icraatı haqqında qanunvericiliyə, mülki məhkəmə icraatının vəzifələrinə və iş üzrə məhkəmə baxışının prinsiplərinə uyğun deyildir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixində e-2(004)-279/2024 saylı qərardadı Yasamal Rayon Məhkəməsinin artıq yeni yaranmış hallardan sonra öz hüquqi əhəmiyyətini itirmiş e-2(004)-47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əsaslandırılmışdır. Qərardad qəbul etmiş hakimin bu mövqeyinə artıq vahid məhkəmə təcrübəsinə istinad edən apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət verərək, belə yanaşmanı qanunsuz hesab etmişdir. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 №li Qərarına əsasən qətnamənin məzmunu giriş təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilər məlumatları əks etdirməlidir. Yasamal Rayon Məhkəməsinin istinad etdiyi e-2(004)-47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamədə sayğacların quraşdırılması və sənədləşmə ilə bağlı Qərarda göstərilmiş tələbə uyğun olaraq hər hansı münasibət bildirilməmişdir. Artıq yeni ortaya çıxmış hallardan sonra öz əhəmiyyətini tamamilə itirmiş e-2(004)-47/2023 saylı qətnaməyə dönə-dönə müraciət etməklə e-2(004)-279/2024 saylı qərardad qəbul etmiş hakim ədalət mühakiməsinin həyata keçirilməsinin zəruri şərtlərinə riayət etmədiyi müəyyən olunur. Hazırkı iş üzrə iddia tələblərinin heç bir zaman məhkəmədə mübahisə predmeti olmayan digər ikinci hissəsinə xitam verilməsi də hakimin özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmanın nəticəsidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə, məhkəmələrin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilməlidir. İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı iddia ərizəsinin predmetini “maddi və mənəvi ziyanın ödənilməsi” tələb təşkil edir. Maddi və mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. İddia tələblərinə kompleks yanaşdıqda cavabdehin təqsirli hərəkətləri tam sübuta yetirilir. Hakim təqdim olunmuş sübutlara hüquq elminə məlum olmayan üsullarla yanaşaraq, işin obyektiv araşdırılmasına nəinki maraq göstərməmişdir. Əksinə cavabdehin riyakar maraqlarının müdafiəsinə xidmət göstərmək üçün iddia tələblərinin bir hissəsinə əsassız olaraq xitam verilməsi barədə qərardad qəbul etmişdir. Heç bir hüquq normasına uyğun olmayan, özünəməxsus əsaslandırma aparmış hakimin məqsədi, cavabdehlə əlbir olaraq, bu halda iddiaçıya daha çox maddi ziyan vurmaq və məhkəməyə əlçatımlığın qarşısını almaq olmuşdur. Görünən odur ki, iddia ərizəsi məhkəməyə daxil olduğu ilk gündən Yasamal Rayon Məhkəməsinin e-2(004)-279/2024 saylı mülki iş üzrə təyin edilmiş hakiminin belə səriştəsiz mövqe sərgiləməsi, qanunu pozmaq yolu ilə olsa belə iddia ərizəsinin rədd edilməsi tapşırığını almışdır. Bunu istər iddia ərizəsinin ilk əvvəl yolverilməz olması və daha sonra iddia ərizəsi ilə bağlı digər qərarlarına gülünc hüquqi don geyindirməyə çalışması da təsdiq edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X3 (məruzəçi), X5 və X1 ibarət tərkibdə) iddianın predmetinin fərqliliyi ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı mənəvi ziyanın ödənilməsi tələbini irəli sürməmiş və onun müvafiq tələbi üzrə qətnamə çıxarılmamışdır. İddianın əsasının fərqliliyi ilə bağlı isə Mülki Kollegiya qeyd etmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda mənzilin sahəsinin 51,8 m2 göstərildiyini bildirməklə müvafiq iddia tələbini irəli sürmüş, məhkəmə isə ekspert rəyinə istinadla mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş 53,5 m2 sahəyə uyğun gəldiyini vurğulamaqla iddianın əsassız olduğu nəticəsinə gəlmişdir; hazırda irəli sürülən iddia tələbinin əsaslandırıldığı haldan isə aydın olur ki, İddiaçı müraciəti əsasında sonradan reyestr çıxarışında düzəliş olunmuş, mənzilin ümumi sahəsinin 48,30 m2 olduğu müəyyənləşdirilmişdir. Göründüyü kimi apellyasiya instansiyası birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinin pozulduğunu birinci instansiya məhkəməsinin hakiminə izah etmişdir. Digər tərəfdən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanında yerləşən, ümumi sahəs 48.30 m2 olan, əmlakla bağlı hüquqlara dövlət qeydiyyatına alındığı vaxtdan təminat verilir. Həmin mənzillə bağlı dövlətin təminat verdiyi hüquqların reyestrdə yenidən qeydiyyatından sonra məhkəməyə ilk dəfə müraciət edilmişdir. Əgər dövlət qeydiyyatı məhkəmə qərarı əsasında deyil, vətəndaşın və bankın müraciəti əsasında dəqiqləşdirilərək əsaslı olduğu üçün dəyişdirilmişdirsə, dövlət tərəfindən təminat verilən gündən həmin mənzillə bağlı məhkəmə icraatının qaydası hakimin öz qulluq mövqeyindən irəli gələn formal mülahizələrinə görə deyil, Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 48.30 m2 olan, əmlak üzərində hüquqların dövlət qeydiyyatı xx.xx.2023-cü il tarixində aparılmışdır. Bununla bağlı mülkiyyətçiyə reyestr nömrəsi **********54-05301-093059 olan ********** qeydiyyat nömrəli yeni Çıxarış verilmişdir. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Yeni Çıxarışda qeyd olunan, fərqli texniki göstəricilər iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ verir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun V.Quliyevin şikayəti üzrə 2017-ci il 7 sentyabr tarixli Qərarı). Heç bir qanunvericilik aktında hakimə vətəndaşın Konstitusiyada təsbit olunmuş hüquqlarını öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə məhdudlaşdırmaq səlahiyyəti verilməmişdir, bu yolverilməzdir. Məhkəmənin gəldiyi nəticə mülki məhkəmə icraatı haqqında qanunvericiliyə, mülki məhkəmə icraatının vəzifələrinə və iş üzrə məhkəmə baxışının prinsiplərinə uyğun deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Diqqətə çatdırılmalıdır ki, hazırki iş üzrə müzakirə edilən əsaslara dair artıq apellyasiya instansiyası tərəfindən qiymət verilmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməsi qərara alınmış, məhkəmə öz qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, iddiaçı eyni mənzillə bağlı məhkəməyə müraciət edərək, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında arasındakı fərq üzrə artıq ödənilmiş pul məbləğinin ödənilməsini tələb etmişdir. Qeyd edilən qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6986/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5249/2023 saylı iş üzrə 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv olunmuş və iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılaraq mövqeyi belə olmuşdur ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-nin göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olubolmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir. MPM-nin 153.2.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, İddiaçı hazırkı iddia tələbi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 47/2023 saylı iş üzrə 22 fevral 2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşdən görünür ki, İddiaçı hazırkı və əvvəlki iddia tələbləri üzrə tərəflər eyni olsa da, hazırda irəli sürülmüş iddianın predmeti və əsasları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları tam eynilik təşkil etmir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02..2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı mənəvi ziyanın ödənilməsi tələbini irəli sürməmiş və onun müvafiq tələbi üzrə qətnamə çıxarılmamışdır (predmet fərqliliyi). Həmçinin qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda mənzilin sahəsinin 51,8 m2 göstərildiyini bildirməklə müvafiq iddia tələbini irəli sürmüş, məhkəmə isə ekspert rəyinə istinadla mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş 53,5 m2 sahəyə uyğun gəldiyini vurğulamaqla iddianın əsassız olduğu nəticəsinə gəlmişdir, hazırda irəli sürülən iddia tələbinin əsaslandırıldığı haldan isə aydın olur ki, İddiaçı müraciəti əsasında sonradan reyestr çıxarışında düzəliş olunmuş, mənzilin ümumi sahəsinin 48,30 m2 olduğu müəyyənləşdirilmişdir (əsasın fərqliliyi).Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, İddiaçı iddia tələblərinin bütövlükdə yolverilməz hesab olunması barədə səhv nəticəyə gəlmişdir. Beləliklə, qeyd edilən iş üzrə münasibətlərə aid mübahisəyə artıq yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, iddianın fərqliliyi və digər əsasla təqdim edildiyi təsbit edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, prosessual qanunvericilik işin icraatına xitam verilməsini nəzərdə tutur, icraatın hissəvi xitamı prosessual qanunvericiliklə müəyyən edilməmişdir. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Yəni, prosessual qanunvericiliklə müəyyən edilməyən hərəkətlərin aparılması bu prosedur qaydasının (mülki prosessual qanunvericiliyinin tələblərinin) pozulması deməkdir. Məhkəmələrə, tələblərə ayrıca baxılması məqsədə müvafiq hesab edildiyi təqdirdə, ayrıca icraata ayırmaq hüququ verilmişdir ki, işin araşdırılması zamanı belə prosessual hərəkətin aparıldığı müəyyən edilmir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mübahisə edilən hissədə iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şikayətdə qeyd edilən tələbə münasibətdə qəbul edilmiş qətnamə ilə eyni zamanda baxılması prosessual cəhətdən mümkün olmadığından,şikayət qismən təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə aktları ehtimallara deyil,qanunla müəyyən edilmiş əsaslara uyğun əsaslandırılmalı və (diskresion səlahiyyətlərdən və dispozitiv imkandan kənar) hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqların əsassız məhdudlaşmasına xidmət etməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və İddiaçı cavabdeh "ASP” MTK-ya qarşı "maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə "sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun cavabdeh "ASP” Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi; "Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019cu il tarixli ********* №li Müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində mahiyyəti üzrə baxılması üçün iş Yasamal rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar