Məhkəmə qərarları › İş №2(103)-206/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-206/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-206/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşova Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli 2(009)-121/2011 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında 05 yanvar 2010cu il tarixdə BX 5423 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Həsən Məmmədova 5 il müddətinə qaytarılmaq şərtilə 24 faiz dərəcəsi ilə 13669 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə X3 arasında bağlanmış 05 yanvar 2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan “Nissan Sunny” markalı avtomobil girov qoyulmuşdur. Bundan əlavə, "xxxx" ASC ilə Cavabdeh2 arasında 05 yanvar 2010-cu il tarixdə, habelə həmin bankla Cavabdeh1 arasında 08 fevral 2010-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra olunmamış, nəticədə cavabdeh Vəkil banka 13302,21 manat məbləğində əsas borc, 9091,51 manat məbləğində faiz borcu yaranmış və ona 1293,99 manat cərimə hesablanmışdır. Müqavilə üzrə cəmi borc 23687,71 manat təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli 2(009)-121/2011 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə X3 arasında bağlanmış 05 yanvar 2010-cu il tarixli BX5423 saylı kredit müqaviləsi, həmin bankla Cavabdeh2 arasında bağlanmış 05 yanvar 2010-cu il tarixli BX5423 saylı və Cavabdeh1 arasında bağlanmış 08 fevral 2010-cu il tarixli BX5423 saylı zaminlik müqavilələri ləğv edilmiş, kredit müqaviləsi üzrə yaranmış 13302,21 manat əsas borc, 3944,53 manat faiz borcu, 1293,99 manat cərimə, ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 18560,73 manat borcun tutulması, tutmanın “Nissan Sunny” markalı Az **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq, əldə edilmiş pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunmuş məbləğ kredit borcunun ödənilməsini təmin etmədiyi halda qalan məbləğin X3, Cavabdeh2 və Cavabdeh1 tutulması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin “ödənilməmiş məbləğ üzrə tələbin Cavabdeh2 tutulması” hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış, məhkəmə prosesləri barədə məlumatsız olmuşdur. Bundan əlavə, o, X2 tanımır və zaminlik müqaviləsinə imza etməmişdir. Zaminlik müqaviləsində imzadan sonra əlyazma ilə yazılmış “Cavabdeh2” sözləri də onun tərəfindən yazılmamışdır. İştirak etdiyi məhkəmə kollegiyasının iclaslarında Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı bankın nümayəndəsi X4 isə şikayətin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X3 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit, ipoteka və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər əsasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh X3 isə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə xətşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli 4/1528 saylı rəyinə əsasən, iş materiallarında olan 05 yanvar 2010cu il tarixli zaminlik müqaviləsinin kserosurətində olan “zamin” qrafasında əks olunmuş imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə sənədlərin texniki ekspertizasının 05 may 2022-ci il tarixli 5/398 saylı rəyinə əsasən, iş materiallarında olan 05 yanvar 2010-cu il tarixli BX5423 saylı zaminlik müqaviləsinin reproqrafik surətində “zamin” qrafasında “Bağırov.X.B.” sözünün qarşısında olan imzanın təsvirində hər hansı bir montaj əlamətləri yoxdur. Beləliklə, Cavabdeh2 apellyasiya şikayətində zaminlik müqaviləsində olan imzanın ona məxsus olmadığını, apellyatorun nümayəndəsi Vəkil isə həmin müqavilənin montaj olunduğunu bildirsə də, ekspert rəyləri ilə həmin zaminlik müqaviləsində olan imzanın Cavabdeh2 tərəfindən icra olunması, müqavilənin isə montaj olmaması müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin sorğusuna 08 fevral 2022-ci il tarixli cavab məktubundan görünür ki, 05 yanvar 2010-cu il tarixli BX5423 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi 16 noyabr 2011-ci il tarixdə tam icra olunmuşdur. Məktubda həmçinin qeyd olunmuşdur ki, 2011-2013-cü illərə dair kredit müqavilələrinin saxlama müddəti keçdiyindən, 18 iyul 2019-cu il tarixli əmrlə məhv edilmişdir, bu səbəbdən 05 yanvar 2010-cu il tarixli BX5423 saylı kredit müqaviləsinin surətini təqdim etmək mümkün olmamışdır. Apellyatorun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkil sorğusuna 13 aprel 2022ci il tarixli cavab məktubundan görünür ki, 05 yanvar 2010-cu il tarixli BX5423 saylı kredit müqaviləsi üzrə borc öhdəliyi 16 noyabr 2011-ci il tarixdə yerinə yetirilmişdir və hazırda Cavabdeh2 həmin kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Buna görə də ƏSF ərizə ilə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə əsas vermir. Odur ki, mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalı, həmçinin tələbkar bank tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə icra qurumuna ünvanlanmış ərizə qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 pasport qeydiyyatında olduğu ünvan 1 ünvanına məhkəmə bildirişləri göndərmiş, lakin məhkəmə bildirişləri “ünvan tam deyil” və “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. (i.v.31, 43-44, 52) Beləliklə, birinci instansiya məhkəməsi tərəfi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmaq barədə üzərinə düşən prosessual vəzifəni yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli 2(009)-121/2011 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 189 manat pul Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar