Məhkəmə qərarları › İş №2(103)-206/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-206/2025

14.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-206/2025 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər “X2” Mənzil-Tikinti Kooperativinə və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin isti su təminatının yaxşılaşdırılması məqsədilə təmir işlərinin aparılmasının cavabdehlərə həvalə edilməsi, maneələrin aradan qaldırılması və maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, borcun silinməsi və pul tələbi barədə” ilk iddiasına, cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı İddiaçı qarşı “göstərilmiş kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinə dair mülki işə, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili (nümayəndəsi) vəkil4 MÜƏYYƏN ETDİ: a) iddialar haqqında məlumat

1. İddiaçı İddiaçı cavabdeh “X2” MTK-ya və cavabdeh cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə də “Azure Residence” yaşayış kompleksində yerləşən və onun mülkiyyətində olan 118 “A” saylı mənzildə isti su təminatının yaxşılaşdırıması məqsədi ilə təmir işlərinin - dövriyyə xəttinin çəkilməsinin cavabdehlərin öz vəsaiti hesabına aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ona məxsus mənzilə onun özünün və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılmasının (bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “##.##.2021-ci il tarixli xxxx” üzrə ona əsassız hesablanmış xidmət haqqının, 4.248 manat məbləğində borcun silinməsi, cavabdehlərdən müştərək qaydada 9.838 manat məbləğində pul vəsaitinin, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul vəsaitinin, cəmi olaraq 10.961 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azure Residence” yaşayış kompleksinin 3cü blokunun 22-ci mərtəbəsində yerləşən 118 “A” saylı mənzil iddiaçının mülkiyyətindədir və bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçıya ##.##.2013-cü il tarixli “Çıxarış” verilmişdir. İddiaçı, 2021-ci ilin mart ayında mənzilin təmirini yekunlaşdırıb həmin mənzildə yaşamağa başlamışdır. Yaşadığı ilk gündən etibarən mənzilə isti suyun verilməsində gecikmələr olmuşdur. İddiaçı müəyyən etmişdir ki, mənzilin kifayət qədər böyük olması, o cümlədən isti su mənbəyinin (şaxtanın) mətbəx və hamamlardan uzaq yerləşməsinə görə isti suyun verilməsi gecikir. Belə ki, mənzilə isti suyun gəlməsi üçün suyu açdıqdan sonra 6-7 dəqiqə vaxt lazımdır ki, isti su mənzilə gəlsin. Bu da öz növbəsində suyun israf edilməsinə və mülkiyyətçinin maddi ziyana uğramasına səbəb olur. İddiaçı ilə cavabdehlər arasında bağlanmış “xxxxnə” əsasən xidmətlərin göstərilməsi qarşılığında iddiaçı cavabdehlərə xidmət haqqı ödəməlidir. Həmin xidmət haqqı 472 manat təşkil edir. “xxxxnə” edilən “* saylı əlavədən” görünür ki, xidmət göstərən (yəni cavabdehlər) mənzilə isti suyun verilməsini (soyuq suyun qızdırılıb verilməsini) təmin etməyi öz öhdələrinə götürmüşlər. Bundan başqa resepşn məlumatlandırma işinin təmini, mühafizənin həyata keçirilməsi, binanın təmizliyi, liftlərə texniki xidmət göstərilməsi və s. bir çox xidmətlər müqaviləyə əlavədə qeyd edilmişdir. İddiaçı həmin xxxxnə istinad edərək cavabdehlərdən öz öhdəliklərini həyata keçirməsini xahiş etmiş və mənzilin isti su təminatının yaxşılaşdırılmasını tələb etmişdir. Cavabdehlərlə uzun müzakirələrdən sonra onlar bundan imtina etmişlər. Belə ki, iddiaçının müraciətinə cavab olaraq cavabdehlər tərəfindən ünvanlanmış ##.##.2022-ci il tarixli məktubla həmin işlərin görülməsinin mümkün olmaması bildirilmişdir. İddiaçı, ##.##.2018-ci il tarixli lisenziya əsasında fəaliyyət göstərən tikinti-quraşdırma işləri həyata keçirən “xxxx” MMC tərəfindən görüləcək işlərin sxematik cizgilərini cavabdehlərə təqdim edərək hətta həmin işlərin görülməsini öz vəsaiti hesabına qarşılaya biləcəyini bildirsə də, yenə də bundan imtina edilmişdir. Bu səbəbdən iddiaçı xxxxnə əsasən ödənilməli olan 472 manat məbləğində xidmət haqqını 2022-ci ilin yanvar ayından etibarən dayandırmışdır. Bundan sonra cavabdehlər iddiaçının və ailə üzvlərinin bloka, liftə və nəticədə mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə daxil olmasının qarşısını almaq üçün yaşayış kompleksi tərəfindən yaşayış blokuna daxil olmaq və liftdən istifadə etmək üçün sakinlərə təqdim edilmiş kartları blok etmişdir. Nəticədə iddiaçının mənzil və mülkiyyət hüquqları pozulmuşdur. Yuxarıda qeyd edilən hallarla bağlı iddiaçı ##.##.2022-ci il tarixli məktubla cavabdeh1 MMC-yə müraciət edilərək məsələnin həllində köməklik göstərilməsi, yəni mənzilin isti su təminatının yaxşılaşdırılması üçün tədbirlər görülməsi, o cümlədən onun və ailə üzvlərinin yaşayış kompleksinin blokuna və liftlərdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılmasını, ona və ailə üzvlərinə verilmiş karların (bloka və liftə daxil olmaq üçün) blokdan çıxarılmasını, 2022-ci il üzrə xxxxnə əsasən ödənilməli olan 572 manatın xidmətinlərin lazımınca göstərilməməsi səbəbindən 250 manata endirilməsini, bu müddət ##.##.2022-##.##.2022-ci il tarix aralığında hesablanmış borcun silinməsinin təmin edilməsi xahiş edilmişdir. Müraciətə cavab verilməmişdir. Əksinə olaraq cavabdehlər tərəflər arasında bağlanmış xxxxnə istinad edərək, iddiaçıdan 2.832 manat (##.##.2022- ##.##.2022-ci illər üzrə) yaranmış xidmət haqqı borcunu tələb etmişlər. İddiaçı isə ona hər hansı xidmət göstərilməməsini əsas gətirərək həmin xidmət haqqını ödəməmişdir. Əlavə olaraq, iddiaçı 2017-2020-ci illər üzrə cavabdehlərə xidmət haqqı kimi hər ay 363 manat, cəmi olaraq 13.068 manat pul ödəmiş, 2020-ci ildən etibarən 2021-ci ilin sonuna qədər isə aylıq 472 manat, cəmi olaraq 5.664 manat pul ödəmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı həmin mənzildə 2021-ci ilin mart ayından etibarən yaşamağa başlamışdır. Yəni xxxxnə uyğun bütün xidmətlərdən istifadə etməmişdir. Həmin dövrdə orada yalnız təmir işləri getmişdir. Lakin cavabdehlər tərəfindən xidmət haqqı tam olaraq alınmışdır. Həmin dövrdə xidmət haqqı iddiaçıdan tam tələb edilə bilməzdi.

3. Cavabdeh cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi (vəkili) iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, iddiaçıya məxsus mənzilə MMC tərəfindən göstərilmiş xidmətlərə görə yaranmış 9.438 manat xidmət haqqı borcunun və ödənilmiş 114.50 manat dövlət rüsumunun iddiaçıdan tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixdə cavabdeh1 MMC (əvvəlki adı “xxxx” MMC) ilə iddiaçı arasında iddiaçıya məxsus və ümumi sahəsi 363 kv.m olan mənzilin saxlanması və normalara uyğun istismarı məqsədilə xidmətlərin göstərilməsini nəzərdə tutan “xxxx” bağlanılmışdır. Müqaviləsinin 1.1-ci bəndinə əsasən MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan “* saylı Əlavədə” göstərilmiş mənzilin yerləşdiyi binanın saxlanılması və normalara uyğun istismarı üzrə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “* saylı Əlavədə” qeyd olunmuş xidmətləri göstərməyi, iddiaçı isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinin razılığı ilə “müqavilənin * saylı əlavəsində” həmçinin müqavilə üzrə göstəriləcək xidmətlərə görə 1 kv.m üçün aylıq 1,30 manat xidmət haqqı müəyyən olunmuşdur. 2022-ci ilin yanvar ayına qədər müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərə görə hər ay (363 kv.m x 1,30 manat=) 471,90 manat hesabat aparılmış və iddiaçı tərəfindən mütəmadi olaraq vaxtında ödənişlər edilmişdir. Lakin 2022-ci ilin yanvar ayından başlayaraq göstərilən xidmətlərə görə hesablanmış xidmət haqqının iddiaçı tərəfindən ödənilməsi dayandırılmışdır. Nəticədə iddiaçının “xxxxnin” şərtlərini tam yerinə yetirmədiyi və müqavilə üzrə razılaşdırılmış xidmət haqqını tam ödəmədiyi üçün ##.##.2022-ci il tarixinə MMC-yə 9.438 manat xidmət haqqı borcu yaranmışdır. Xidmət haqqı borcunun ödənilməsi ilə bağlı bir neçə dəfə iddiaçıya bildiriş göndərilsə də, bugünədək qeyd olunan borc ödənilməmişdir.

b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə haqqında məlumat

5. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus mənzilə iddiaçının özünün və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılmasının (bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlərə qadağan edilməsini, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “##.##.2021-ci il tarixli xxxx” üzrə iddiaçıdan tələb edilən borcdan 471,90 manatın silinməsini, iddiaçı tərəfindən hüquqi xidmət haqqı olaraq ödənilmiş 1.000 manat pul vəsaitinin 1/2 hissəsinin, yəni 500 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsini, ilkin iddianın qalan hissəsinin təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, iddiaçıdan ##.##.2022-ci il tarixdən ##.##.2023cü ilədək ödənilməmiş kommunal xidmətlərin dəyərinin əvəzi olaraq 4.247,10 manatın tutularaq cavabdeh1 MMC-yə ödənilməsini, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın 1/2 hissəsinin, yəni 25 manatının iddiaçıdan, qalan 25 manatın isə cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından müəyyən edilir ki, yuxarıda qeyd edilən mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı, ona məxsus mənzildə isti suyun gəlməməsi səbəbindən mənzildə isti su təminatının yaxşılaşdırılması məqsədilə təmir işlərinin aparılması, dövriyyə xəttinin çəkilməsi ilə bağlı razılığın alınması üçün cavabdeh cavabdeh1 MMC-yə müraciət etmiş və imtina almışdır. İddiaçı, cavabdeh1 MMC ilə razılıq əldə edilə bilmədiyindən “##.##.2021-ci il tarixli xxxxnin * saylı əlavəsində” göstərilməsi nəzərdə tutulan xidmətlərdən (isti suyun verilməsi və suyun qızdırılması) yararlana bilmədiyi üçün həmin xidmətlərin əvəzinin ödənilməsindən imtina etmişdir. Daha sonra iddiaçı, “xxxx” MMC-yə müraciət edərək isti suyun gəlməməsinin səbəblərinin araşdırılmasını xahiş etmiş, ona cavab olaraq suyun gəlməsinin dövriyyə xətti çəkməklə təmin etməyin mümkün olduğu bildirilmişdir. Yuxarıda göstərilən əsaslara görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 MMC isə qarşılıqlı iddia ərizəsində onunla iddiaçı arasında xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin olduğunu, müqavilə üzrə xidmət göstərildiyini, xidmətin qüsursuz icra edildiyini, mənzilə isti suyun gəlməməsinin səbəbinin onlarında hərəkətlərindən asılı olmadığını bildirərək iddiaçını müqavilə öhdəliklərini icra etməsi üçün qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin baxılması zamanı tərəflər arasında mübahisə predmetini təşkil edən halların araşdırılması üçün ekspertiza təyin edilmişdir və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırkı iş üzrə verilmiş ##.##.2023-cü il tarixli rəydə bildirilmişdir ki, iddiaçının mənzilinə isti su 3-6 dəqiqə aralığında gəlir, isti suyun mənbəyi olan şaxta ilə mənzildəki isti su təchizat nöqtələri arasındakı məsafə 18 metr təşkil edir. Ekspert qarşısında qoyulmuş 2, 3 və 4-cü suallara cavab olaraq verilmiş rəydə texniki səhv olmuş, həmin yanlışlıqla bağlı rəyi vermiş ekspert İsa Eyvazzadə məhkəmə iclasına dəvət edilmişdir. Ekspert İ.Eyvazzadə məhkəmə iclasında həmin suallara cavab olaraq rəydə qeyd edilən abzasda yanlışlığa yol verildiyi bildirmiş və qeyd etmişdir ki, həmin sualların cavablandırılması “xxxx” ASC və “xxxx” ASCnin mütəxəssislərinin iştirakı ilə mümkündür. Məhkəmə tərəfindən iddiaçının mənzilinə müxtəlif tarixlərdə yerli baxış keçirilmiş, yerli baxışda mütəxəssislərin iştirakı təmin edilmiş, “xxxx” ASC-nin mütəxəssisinin hazırkı məsələ ilə bağlı rəy verməsinin zəruri olmadığı müəyyən edilmiş və “xxxx” ASC-nin nümayəndəsi Laçın Soltanov tərəfindən evə isti suyun hansı səbəbdən və hansı vaxtda gəlməsinin müəyyən edilməsi üçün eksperimentin keçirilməsi təklif olunmuş, keçirilmiş eksperiment və tədqiqat nəticəsində “xxxx” ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə əsaslandırılmış texniki rəy təqdim edilmişdir. Həmin rəyə əsasən, mütəxəssis tərəfindən yaşayış binasının istilik qazanxanasına, istilik mübadilə aparatına, həcmli su qızdırıcısına, istilik xətlərinə, nəzarət ölçü cihazlarına və qazanxananın isti su təchizatı ilə əlaqədar parametrlərinə baxış keçirilmişdir. Araşdırma nəticəsində aydın olmuşdur ki, mənzilə gedən isti su təchizatı xəttində əngəl var, bu səbəbdən isti suyun verilişi zamanı təzyiq və temperaturda dəyişiklik olur. Hazırkı problemin mənzil daxilində olması və isti su təchizat xəttini yeniləməklə aradan qaldırıla bilinəcəyi qeyd edilmişdir. Rayon Məhkəməsi xidmət haqqına dair mübahisəni həll edərkən tərəflər arasında ##.##.2021-ci il tarixli xxxxnin mövcudluğunu, həmin müqavilə ilə aylıq xidmət haqqının 471,90 manat müəyyən edilməsini, habelə iş materiallarında olan müvəqqəti təminat tədbirləri barədə məhkəmə aktlarını nəzərə almışdır. Məhkəmə 2022-ci ilin sentyabr ayı üzrə xidmət haqqının tutulmasını əsaslı hesab etməyərək həmin aya aid 471,90 manatın silinməsi, qarşılıqlı iddia üzrə isə 2022-ci ilin yanvar-avqust ayları və 2023-cü ilin avqust ayı üzrə ümumilikdə 4.247,10 manatın tutulması nəticəsinə gəlmişdir.

c) apellyasiya şikayəti haqqında məlumat

7. İlk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin bir qisminin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə bir qisminin təmin edilmiş hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin tam həcmdə təmin, qarşılıqlı iddia tələbinin isə tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

d) apellyasiya baxışının həddi haqqında məlumat

8. İlk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılan zaman apellyatorun vəkili (nümayəndəsi) vəkil4 ərizə ilə Məhkəməyə müraciət edərək, bildirmişdir ki, təmsil etdiyi şəxs ilk iddianın bir qismindən, yəni ilk iddia ərizəsində ifadə edilmiş “mülkiyyətində olan 118 “A” saylı mənzildə isti su təminatının yaxşılaşdırıması məqsədi ilə təmir işlərinin - dövriyyə xəttinin çəkilməsinin cavabdehlərin öz vəsaiti hesabına aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ona məxsus mənzilə onun özünün və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılmasının (bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” barədə tələbdən imtina edir, çünki həmin tələblər binanın yeni idarəçisi – “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən aradan qaldırılmışdır. Buna görə də o, həmin hissədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş edir.

9. Odur ki, bunu və ilk iddiadan qismən imtinanın hər hansı şəxsin maraqlarına toxunmadığını nəzərə almış Məhkəmə iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ilk iddiadan qismən imtinanın qəbul edilməsini və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin qismən, yəni qeyd edilən tələb üzrə mübahiəsnin həll edilməsi hissəsində ləğv edilməsini qərara almışdır.

10. Bu səbəbdən də, həmin hissədə Rayon Məhkəməsinin qətnamənin və qətnamədən verilmiş apellyasiya şikayətinin əsaslılığı hazırkı qətnamə ilə müzakirə edilmir.

e) apellyasiya şikayətinin dəlilləri haqqında məlumat

11. Əsasları ilk iddianın və qarşılıqlı iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və tərəflər arasında yaranmış münasibətlərə tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdehlərin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi yalnız 2022-ci ilin sentyabr ayından deyil, daha əvvəlki dövrdən mövcud olmuşdur. İsti su təminatındakı problemlər səbəbindən 2022-ci ilin əvvəlindən cavabdehlərə müraciətlər edilmiş və məhz göstərilən xidmətlərin keyfiyyətsiz olması səbəbindən xidmət haqqının ödənilməsi dayandırılmışdır. Buna görə birinci instansiya məhkəməsinin yalnız 2022-ci ilin sentyabr ayı üçün 471,90 manat xidmət haqqını silməsi, digər dövrlər üzrə isə borcun mövcudluğu qənaətinə gəlməsi düzgün olmamışdır. 2022-ci ilin sentyabr ayında ilk iddia üzrə iddiaçının Rayon Məhkəməyə “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə müraciət etməsi tərəflər arasında mübahisənin məhz həmin tarixdə yaranmasını göstərir. Həmin müraciət artıq əvvəldən mövcud olmuş hüquq pozuntusunun aradan qaldırılması məqsədilə məhkəmə müdafiəsindən istifadə edilməsi olmuşdur. Bu baxımdan Rayon Məhkəməsinin mübahisənin başlanğıcını müvəqqəti təminat tədbiri barədə müraciətin tarixi ilə əlaqələndirməsi əsassızdır. Həmçinin qeyd edilməlidir ki, 2023-cü ilin avqust ayı üzrə 471,90 manat xidmət haqqının qarşılıqlı iddia çərçivəsində iddiaçıdan tutulması əsassızdır. Çünki həmin dövrdə də tərəflər arasında mübahisə davam etmiş, cavabdehlər müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Buna görə həmin ay üzrə xidmət haqqının tutulması üçün hüquqi əsas olmamışdır. İlkin iddia üzrə 9.838 manat pulun geri qaytarılması tələbinin rədd edilməsinə münasibətdə qeyd edilməlidir ki, Rayon MƏhkəməsinin tərəflər arasında ##.##.2021-ci il tarixli xxxxndən əvvəl müqavilə münasibətlərinin olmasını təsdiq edən sübutların təqdim edilməməsi barədə nəticəsi ilə razılaşmamışdır. Cavabdehlərin özlərinin iddiaçıya ünvanladıqları məktublarda 2015-ci il tarixli xxxxnə istinad edilmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, həmin məktublar tərəflər arasında 2021-ci il müqaviləsindən əvvəl də xidmət münasibətlərinin mövcudluğunu təsdiq edir və məhkəmə həmin sübutları nəzərə almadan 9.838 manatın geri qaytarılması tələbini rədd etmişdir.

f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iştirak etmiş şəxslərin izahatları haqqında məlumat

12. İlk iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) vəkil4 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin apellyasiya baxışında qalmış hissəsini müdafiə etdi və həmin hissədə ifadə edilmiş dəlillərin məzmununa uyğun izahat verdir.

13. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş ilk iddia üzrə cavabdeh “X2” MTK-nın nümayəndəsi Nümayəndə və ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uğun izahat vermişlər.

14. Cavabdehlərin nümayəndələri növbəti apellyasiya baxışı iclaslarını və apelyasiya baxışı zamanı Məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMMC-nin nümayəndəsi isə heç bir iclasa gəlməmiş və bunların səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə Kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri həddində araşdıraraq və işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışında qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, apellyasiya baxışında qalmış hissədə işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan görünür ki, “Azure Residence” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118 “A” saylı mənzil iddiaçının mülkiyyətindədir və bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçıya ##.##.2013-cü il tarixli “Çıxarış” verilmişdir. İddiaçı, 2021-ci ilin mart ayında mənzilin təmirini yekunlaşdırıb həmin mənzildə yaşamağa başlamışdır. Mənzilə dair kommunal xidmətlərin göstərilməsi və həmin xidmətlərin xərcinin ödənilməsi ilə bağlı cavabdeh cavabdeh1 MMC ilə iddiaçı arasında ##.##.2021-ci il tarixli “xxxx”, “xxxxnə * saylı əlavə” və “xxxxnə * saylı əlavə” bağlanmış, aylıq xidmət haqqının məbləği 471,90 manat məbləğində müəyyən edilmişdir.

17. İddiaçı həmin mənzildə yaşadığı ilk gündən etibarən cavabdehlərə müraciət edərək, ona məxsus mənzilə isti suyun gecikmə ilə daxil olmasına şikayətlənmiş, lakin həmin vaxt binanın idarəçiliyini həyata keçirən cavabdehlər bu problemi nə aradan qaldırmış, nə də ki, bu problemin aradan qaldırılması üçün iddiaçıya razılıq verməmişlər. Bu səbəbdən də iddiaçı yuxarıda qeyd edilən ##.##.2021-ci il tarixli “xxxxndə”, “xxxxnə * saylı əlavədə” və “xxxxnə * saylı əlavədə” qeyd edilmiş xidmətlərdən (isti suyun verilməsi və suyun qızdırılması) yararlana bilmədiyi üçün həmin xidmətlərin əvəzinin ödənilməsindən imtina etmişdir.

18. Daha sonra iddiaçı, “xxxx” MMC-yə müraciət edərək isti suyun gəlməməsinin səbəblərinin araşdırılmasını xahiş etmiş, ona cavab olaraq suyun gəlməsinin dövriyyə xətti çəkməklə təmin etməyin mümkün olduğu bildirilmişdir.

19. İşə baxmış Rayon Məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli rəydə göstərilənlərə, həmin rəyi vermiş ekspertin məhkəməyə verdiyi ifadəyə, “xxxx” ASC-nin iş üzrə verdiyi rəydə göstərilənləri, habelə məhkəmənin özünün bir neçə dəfə keçirtdiyi yerində müayinə zamanı gösrdüklərinə əsasən müəyyən etmişdir ki, isti suyun verilməsi ilə bağlı iddiaçının mənzilindəki problem mənzil daxilində yaranmışdır.

20. İş materiallarından həmçinin görünür ki, iddiaçıya məxsus və ümumi sahəsi 363 kv.m olan mənzilin saxlanması və normalara uyğun istismarı məqsədilə xidmətlərin göstərilməsini nəzərdə tutan “xxxx” üzrə “* saylı əlavədə” göstəriləcək xidmətlərə görə mənzilin hər 1 kv.m üçün aylıq 1,30 manat xidmət haqqı müəyyən olunmuşdur. 2022-ci ilin yanvar ayına qədər müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərə görə hər ay (363 kv.m x 1,30 manat=) 471,90 manat hesabat aparılmış və iddiaçı tərəfindən mütəmadi olaraq vaxtında ödənişlər edilmişdir.

21. Cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin yanvar ayından başlayaraq göstərilən xidmətlərə görə ##.##.2022-ci il tarixinədək 9.438 manat məbləğində xidmət haqqı borcu hesablanmışdır.

22. Odur ki, göstərilənləri, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli xxxxnin mövcudluğunu, həmin müqavilə ilə aylıq xidmət haqqının 471,90 manat müəyyən edilməsini, habelə iş materiallarında olan müvəqqəti təminat tədbirləri ilə bağlı məhkəmə aktını nəzərə alın Məhkəmə hesab edir ki, apellyasiya baxışında qalmış hissədə Rayon Məhkəməsinin nəticəsi qanuni və işin hallarına uyğundur. Çünki MPM-in tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

23. Qeyd edilən prosessual normaların mənasını nəzərə alan Məhkəmə bildirir ki, iş üzrə tərəflər apelllyasiya baxışının predmetini təşkil edən hissədə öz tələblərini və etirazlarını Rayon Məhkəməsində sübuta yetirdikləri həcmdə sübuta yetirə bilmiş, apellyasiya baxışı icraatında həmin həcmi aşa bilməmişlər.

24. Bununla da müəyyən edilir ki, ilk iddia üzrə iddiaçının – qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçı – ilk iddia üzrə cavabdeh cavabdeh1 MMC qarşısında icra edilməmiş öhdəliyi var və o həmin öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

26. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, xxxx yalnız müştərinin xidmət haqqını ödəmək öhdəliyini deyil, xidmət göstərənin də müqavilədə nəzərdə tutulmuş xidmətləri lazımınca göstərmək vəzifəsini yaradır. Lakin bu hüquqi müddəa özlüyündə apellyatorun mübahisələndirdiyi bütün dövr üzrə xidmət haqqından azad edilməsi nəticəsinə gətirmir. Müqavilə üzrə konkret dövrdə xidmət haqqının tələb edilə bilməməsi üçün həmin dövrdə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə tələb edilən xidmət haqqı arasında hüquqi əhəmiyyətli əlaqə iş üzrə sübutlarla müəyyən edilməlidir. Bu məsələ isə aşağıda hər bir pul tələbi üzrə ayrıca qiymətləndirilməlidir.

27. Apellyatorun Mülki Məcəllənin “Podrat müqaviləsi” adlı 752-ci maddəsinə istinad etməsi də Məhkəmə tərəfindən nəzərə alınır. Lakin Məhkəmə hesab edir ki, həmin normaya istinad edilməsi özü-özlüyündə Rayon Məhkəməsinin qətnaməsinin ləğvi üçün kifayət deyil. Çünki tərəflər arasındakı konkret müqavilə münasibətinin məzmunu, müqavilədə nəzərdə tutulmuş qarşılıqlı öhdəliklər, faktiki göstərilmiş xidmətlər və hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halların sübuta yetirilib-yetirilməməsi birlikdə qiymətləndirilməlidir. Bu səbəbdən həmin maddəyə istinadın hazırkı iş üzrə konkret pul tələblərinə təsiri də yalnız işdə olan sübutlarla birlikdə qiymətləndirilə bilər.

28. Apellyatorun xidmət haqqı borcunun silinməsi və qarşılıqlı iddia tələbi barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, cavabdeh cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli xxxxnə əsasən xidmət göstərən müqaviləyə * saylı əlavədə nəzərdə tutulmuş xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərin müqabilində xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə * saylı əlavədə iddiaçıya məxsus mənzilin sahəsi 363 kv.metr, aylıq xidmət haqqı hər kvadratmetr üçün 1,30 manat olmaqla ümumilikdə 471,90 manat müəyyən edilməsi iş materialları ilə təsdiq edilir.

29. Onların arasında həmin müqavilənin bağlanması və aylıq xidmət haqqının 471,90 manat müəyyən edilməsi mübahisələndirilmir. Mübahisə, əsasən, cavabdehlər tərəfindən müqavilə üzrə xidmətlərin lazımınca göstərilib-göstərilməməsi və bunun nəticəsi olaraq iddiaçının xidmət haqqını ödəmək öhdəliyinin mövcud olub-olmaması ilə bağlıdır.

30. Apellyator hesab edir ki, xidmətlərin göstərilməsindəki çatışmazlıqlar 2022-ci ilin sentyabrında deyil, ilin əvvəlindən mövcud olmuş, isti su təminatı ilə bağlı dəfələrlə müraciətlər etmiş və məhz bu səbəbdən 2022-ci ilin əvvəlindən xidmət haqqının ödənilməsini dayandırmışdır. Məhkəmə apellyatorun mübahisənin daha əvvəl yaranması barədə dəlilini nəzərə alsa da, hesab edir ki, tərəflər arasında mübahisənin mövcud olması ilə müqavilə üzrə bütün xidmətlərin göstərilməməsi eyniləşdirilə bilməz. Çünki həmin müqavilə yalnız isti su təminatından ibarət bir xidmətin göstərilməsini deyil, yaşayış kompleksinin idarə edilməsi və saxlanılması ilə əlaqədar bir sıra xidmətlərin göstərilməsini nəzərdə tutmuş, xidmət haqqı isə hər bir xidmət üçün ayrıca deyil, mənzilin sahəsinə uyğun vahid aylıq məbləğ şəklində razılaşdırılmışdır. Buna görə isti su təminatı ilə bağlı mübahisənin mövcudluğu özlüyündə müqavilə üzrə göstərilən bütün xidmətlərin dəyərinin həmin dövr üçün avtomatik olaraq sıfırlanması nəticəsinə gətirmir.

31. MPM-in 77.1-ci maddəsində müəyyən edilmiş sübutetmə yükünə uyğun olaraq, ##.##.2022-ci il tarixdən etibarən hesablanmış xidmət haqqının tam silinməsini tələb edən iddiaçı həmin dövr ərzində müqavilə üzrə xidmətlərin göstərilmədiyini və ya xidmət haqqının ödənilməsi öhdəliyini aradan qaldıran digər halları sübut etməlidir. İş materiallarında olan sübutların məcmusu isə iddiaçının 2022-ci ilin yanvarından başlayaraq müqavilə üzrə nəzərdə tutulmuş bütün xidmətlərdən məhrum edildiyi barədə nəticəyə gəlmək üçün kifayət etmir.

32. Bununla yanaşı, Rayon Məhkəməsi xidmətlərin göstərilməsində yaranmış faktiki maneələri tamamilə nəzərdən qaçırmamışdır. Məhkəmə iş materiallarında olan müvəqqəti təminat tədbirləri barədə məhkəmə aktlarını qiymətləndirərək 2022-ci ilin sentyabr ayı üçün hesablanmış 471,90 manat xidmət haqqının silinməsi nəticəsinə gəlmişdir. Bu səbəbdən Rayon Məhkəməsinin yalnız mübahisənin yaranması faktına əsaslanaraq deyil, iş materialları ilə təsdiq olunan konkret halları nəzərə almaqla xidmət haqqının müvafiq hissəsini borcdan çıxarması MPM-in 77.1 və 88-ci maddələrinin tələblərinə uyğundur.

33. Apellyator qarşılıqlı iddianın təmin edilmiş hissəsinə etiraz edərək 2023-cü ilin avqust ayı üzrə 471,90 manatın da tutulmamalı olduğunu bildirmişdir. Lakin iş materiallarında həmin ay ərzində müqavilə üzrə xidmətlərin ümumiyyətlə göstərilmədiyini və ya iddiaçının müqavilə üzrə razılaşdırılmış xidmət haqqını ödəmək öhdəliyini aradan qaldıran halı təsdiq edən kifayət qədər sübut müəyyən edilmir.

34. Rayon Məhkəməsi cavabdeh1 MMC-nin artırılmış qarşılıqlı iddiasını tələb olunan 9.438 manat həcmində tam təmin etməmiş, iş materiallarında olan sübutları nəzərə alaraq yalnız 2022-ci ilin yanvar-avqust ayları üzrə səkkiz aylıq və 2023-cü ilin avqust ayı üzrə bir aylıq xidmət haqqının cəmi olan 4.247,10 manat hissəsində əsaslı hesab etmişdir.

35. Məhkəmə qarşılıqlı iddia üzrə sübutetmə yükünün cavabdeh1 MMC-nin üzərinə düşdüyünü də nəzərə alır. İş materiallarından görünür ki, Rayon Məhkəməsi cavabdeh1 MMC-dən həmin müqavilə üzrə ayrı-ayrı xidmətlərə görə hansı məbləğin hesablandığını göstərən sənədləri tələb etmiş, həmin sənədlər təqdim edilmədiyinə görə ##.##.2024-cü il tarixli ayrıca qərardadla cavabdeh1 MMC 1.000 manat məbləğində cərimə edilmişdir.

36. Apellyasiya baxışı zamanı da cavabdeh1 MMC-nin nümayəndəsi Məhkəmənin tələb etdiyi kommunal ödənişlər üzrə hesabatın təqdim edilməsinin mümkün olmadığını, bunu cəmiyyətin faktiki fəaliyyətini dayandırması və müvafiq dövrdə çalışan mühasiblərin artıq cəmiyyətdə işləməməsi ilə əlaqələndirmişdir.

37. Bununla belə, qeyd olunan sənədlərin təqdim edilməməsi qarşılıqlı iddianın apellyasiya baxışının predmeti olan 4.247,10 manatlıq hissəsinin avtomatik olaraq sübutsuz hesab edilməsinə səbəb olmur. Belə ki, həmin məbləğ ayrı-ayrı kommunal xidmətlərin sonradan cavabdeh tərəfindən birtərəfli qaydada müəyyən edilmiş qiymətlərinin cəminə deyil, tərəflərin özlərinin yazılı müqavilədə razılaşdırdıqları aylıq 471,90 manat vahid xidmət haqqına əsasən hesablanmışdır.

38. Başqa sözlə, tələb olunan əlavə hesabatın təqdim edilməməsi ayrı-ayrı xidmətlərin hər birinin dəyərinin ayrıca müəyyən edilməsinə imkan verməsə də, tərəflərin yazılı müqavilə ilə razılaşdırdıqları ümumi aylıq xidmət haqqının mövcudluğunu aradan qaldırmır. Rayon Məhkəməsi də həmin çatışmazlığı nəzərə almış və qarşılıqlı iddianı tələb olunan 9.438 manat həcmində deyil, iş materialları ilə əsaslandırılmış hesab etdiyi 4.247,10 manat hissəsində təmin etmişdir.

39. Buna görə apellyatorun 2022-ci ilin əvvəlindən cavabdehlərin müqavilə öhdəliklərini pozması səbəbindən qarşılıqlı iddianın bütövlükdə rədd edilməli olması barədə dəlili işdə olan sübutlarla təsdiq olunmur. Müqavilə üzrə müəyyən bir xidmətin göstərilməsində çatışmazlığın olması, müqavilədə nəzərdə tutulan bütün digər xidmətlərin də həmin dövrdə göstərilməməsi sübuta yetirilmədiyi halda, bütövlükdə xidmət haqqı öhdəliyinin mövcud olmaması nəticəsinə gəlmək üçün kifayət deyil.

40. Növbəti dəlil olaraq ilkin iddia üzrə iddiaçının 9.838 manat pul vəsaitinin geri qaytarılması tələbinə münasibətdə Məhkəmə ilk növbədə qeyd edir ki, həmin tələbin təmin edilməsi üçün iddiaçı tələb etdiyi məbləğin cavabdehlərə faktiki ödənildiyini, həmin ödənişlərin hansı dövr və hansı hüquqi münasibət çərçivəsində həyata keçirildiyini, habelə ödənilmiş pulun cavabdehlərdə saxlanılması üçün hüquqi əsasın olmadığını sübut etməlidir.

41. Rayon Məhkəməsi həmin tələbi rədd edərkən ## ###### 2021-ci il tarixli xxxxndən əvvəl tərəflər arasında hansı müqavilə münasibətlərinin mövcud olduğunu, iddiaçının tələb etdiyi 9.838 manatın hansı konkret dövr və xidmətlər üzrə ödənildiyini müəyyən etməyə imkan verən kifayət qədər sübutların təqdim edilmədiyini əsas götürmüşdür.

42. Apellyator həmin nəticəyə etiraz edərək cavabdehlərin özləri tərəfindən ona ünvanlanmış məktublarda 2015-ci il tarixli xxxxnə istinad edilməsini göstərmiş və bunun 2021ci ildən əvvəl də tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu təsdiq etdiyini bildirmişdir. Məhkəmə həmin dəlili nəzərə alır və hesab edir ki, sözügedən məktublarda əvvəlki tarixli müqaviləyə istinad edilməsi tərəflər arasında ##.##.2021-ci il tarixli müqavilədən əvvəl də müəyyən xidmət münasibətlərinin mövcudluğuna dair məlumat kimi qiymətləndirilə bilər.

43. Lakin həmin hal 9.838 manatın geri qaytarılması tələbinin təmin edilməsi üçün özlüyündə kifayət etmir. Belə ki, əvvəlki müqavilə münasibətinin mövcudluğu ilə həmin münasibətlər çərçivəsində edilmiş bütün ödənişlərin hüquqi əsassız olması eyni hal deyildir. Sözügedən məktublar tələb olunan 9.838 manatın hansı konkret ödənişlərdən formalaşdığını, həmin ödənişlərin tarixlərini və təyinatını, hansı şəxsə və hansı müqavilə öhdəliyinin icrası olaraq verildiyini, eləcə də ödənişlərin həyata keçirildiyi zaman onların hüquqi əsasının olmadığını özlüyündə müəyyən etmir.

44. Buna görə cavabdehin məktublarında 2015-ci il tarixli müqaviləyə istinad edilməsi birinci instansiya məhkəməsinin “2021-ci ildən əvvəl heç bir münasibət olmayıb” kimi qəti nəticəyə gəlməsi üçün yetərli olmasa da, bu hal Rayon Məhkəməsinin 9.838 manatın geri qaytarılması tələbinin sübuta yetirilməməsi barədə yekun nəticəsini dəyişdirmir. Həlledici məsələ əvvəlki münasibətin sadəcə mövcud olub-olmaması deyil, məhz tələb olunan konkret məbləğin cavabdehlər tərəfindən hüquqi əsas olmadan əldə edilib-edilməməsinin sübuta yetirilməsidir.

45. İş materiallarında olan sübutların məcmusu isə MPM-in 77.1-ci maddəsi baxımından həmin faktları kifayət qədər müəyyən etməyə imkan vermədiyindən, ilkin iddianın 9.838 manatın geri qaytarılması barədə hissəsinin rədd edilməsində nəticə etibarilə yanlışlıq müəyyən edilmir.

46. Apellyatorun Rayon Məhkəməsinin sübutları düzgün qiymətləndirməməsi və bununla da MPM-in 76, 77 və 88-ci maddələrinin tələblərini pozması barədə dəlillərinə münasibətdə Məhkəmə qeyd edir ki, qətnamənin apellyasiya baxışının predmeti olan hissəsində iş üçün əhəmiyyətli hallar tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edilmiş, həmin sübutlar ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirilmişdir.

47. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi apellyatorun Rayon Məhkəməsində araşdırmanın natamam aparılması barədə dəlillərini də nəzərə almış, işə tam hüquqlu məhkəmə kimi baxaraq əlavə təqdim edilmiş sübutları araşdırmış, texniki xarakterli mübahisəli halların müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmiş və ekspert tədqiqatının aparılması üçün təkrar tədbirlər görmüşdür. Yekun ekspert rəyinin əldə edilməməsinin səbəbləri və həmin texniki məsələnin sonradan iddiaçının qismən imtinası nəticəsində apellyasiya baxışının predmetindən çıxması yuxarıda ətraflı qiymətləndirilmişdir.

48. Apellyatorun MPM-in 217 və 218-ci maddələrinin tələblərinin pozulmasına dair dəlilləri də qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğvinə əsas vermir. Belə ki, Rayon Məhkəməsi tərəflərin irəli sürdükləri tələblərin və etirazların faktiki əsaslarını, tərəflər arasında bağlanmış xxxxni, xidmət haqqının razılaşdırılmış məbləğini, təqdim edilmiş sənədləri və mübahisənin konkret dövrlərini araşdıraraq ilkin və qarşılıqlı iddiaların hər biri üzrə nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı aparılmış əlavə araşdırma da həmin hissədə Rayon Məhkəməsinin gəldiyi yekun nəticənin dəyişdirilməsini zəruri edən hal müəyyən etməmişdir.

49. MPM-in 372-ci maddəsinə istinadla irəli sürülmüş dəlillərə münasibətdə Kollegiya qeyd edir ki, hazırkı işə apellyasiya instansiyasında işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında baxılmış, apellyasiya şikayətinin bütün mahiyyət daşıyan dəlilləri yoxlanılmışdır. İddiaçının apellyasiya baxışı zamanı iddianın bir hissəsindən imtina etməsi nəzərə alınaraq, həmin tələblər ayrıca qərardadla prosessual qaydada həll edilmiş, hazırkı qətnamə ilə isə yalnız apellyasiya baxışının predmeti olaraq qalan hissələrə hüquqi qiymət verilmişdir.

50. Apellyatorun MPM-in 386, 388 və 389-cu maddələrinə istinad etməsi də özlüyündə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün apellyasiya şikayətində göstərilən prosessual pozuntunun işin düzgün həllinə təsir etdiyi və ya təsir edə biləcəyi müəyyən edilməlidir. Hazırkı halda apellyasiya baxışının predmeti olan pul tələbləri üzrə Rayon Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığına, tətbiq edilməli maddi hüquq normasının tətbiq edilmədiyinə, tətbiq edilməməli normanın tətbiq edildiyinə və ya hüquq normasının yanlış təfsir olunduğuna dəlalət edən əsaslar müəyyən edilmir.

51. Məhkəmə xüsusilə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hər bir normaya formal şəkildə istinad edilməsi həmin normanın pozulduğunun qəbul edilməsi üçün kifayət deyildir. Hüquq normasının pozulması konkret iş üzrə müəyyən edilmiş faktlarla və həmin pozuntunun məhkəmənin gəldiyi nəticəyə təsiri ilə əlaqələndirilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillərin və apellyasiya baxışı zamanı araşdırılmış sübutların məcmusu isə qətnamənin apellyasiya baxışının predmeti olan hissədə belə nəticəyə gəlməyə əsas vermir.

52. İlkin iddia üzrə hüquqi yardıma görə çəkilmiş xərcə münasibətdə iş materiallarından görünür ki, iddiaçı vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə 1.000 manat ödəmiş, birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin olunmasını nəzərə alaraq həmin xərcin 500 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması nəticəsinə gəlmişdir.

53. Məhkəmə həmin hissədə də Rayon Məhkəməsinin nəticəsinin dəyişdirilməsi üçün əsas müəyyən etmir. Hüquqi yardım xərcinin tam həcmdə cavabdehlərin üzərinə qoyulmasını zəruri edən hallar, nəzərə alınmaqla ki, ilkin iddia tam deyil, qismən təmin edilmişdir, iş materialları ilə müəyyən edilmir.

54. İş materiallarına əlavə edilmiş başqa mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə münasibətdə Məhkəmə bir daha qeyd edir ki, həmin məhkəmə aktında eyni yaşayış kompleksinin idarə olunması və lift kart sisteminin tətbiqi ilə bağlı hüquqi məsələlər qiymətləndirilmiş olsa da, həmin iş üzrə tərəflərin və mübahisə predmetinin hazırkı işlə eyniliyi müəyyən edilmir. Bundan əlavə, hazırkı işdə həmin məsələlərlə bilavasitə bağlı tələblərdən iddiaçı apellyasiya baxışı zamanı imtina etmiş və həmin hissədə icraata xitam verilmişdir. Buna görə həmin məhkəmə aktı hazırkı qətnamə ilə həll edilən konkret pul öhdəliklərinin mövcudluğunu və ya mövcud olmadığını özü-özlüyündə müəyyən edən sübut kimi qəbul edilə bilməz.

h) apellyasiya baxışının nəticəsi

55. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışında qalmış hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

57. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

58. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, MPM-in 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər tərəflər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar