Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2062/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə (MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK-dan ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 112.2 kv/m olan 3 otaqlı 16 saylı mənzilə dair 15 mart 2016-cı il tarixdə bağlanmış müqavilə üzrə dəymiş maddi zərərin əvəzi kimi 100 000 manatın, vurulmuş mənəvi zərərin əvəzi kimi 10 000 manatın tutularaq İddiaçı3; həmin binada yerləşən ümumi sahəsi 72.3 kv/m olan 2 otaqlı 27 saylı mənzilə dair 25 iyun 2018-ci il tarixli müqavilə üzrə dəymiş maddi zərərin əvəzi kimi 100 000 manatın, vurulmuş mənəvi zərərin əvəzi kimi 10 000 manatın tutularaq İddiaçı1; ümumi sahəsi 112.2 kv olan 3 otaqlı 28 saylı mənzilə dair 22 iyul 2018-ci tarixli müqavilə üzrə dəymiş maddi zərərin əvəzi kimi 100 000 manatın, vurulmuş mənəvi zərərin əvəzi kimi 10 000 manatın tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı2 Cavabdeh MTK ilə 22 iyul 2018-ci il tarixdə müqavilə bağlayaraq ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın sahəsi 112.2 kv.m olan 3 otaqlı 28 saylı mənzilini əldə etmiş, həmin mənzilə dair bütün ödənişləri tam ödəyərək mənzili təhvil almış, mənzilə dair tərəfindən ödənişlərin tam olaraq ödənilməsi haqda MTK-nın rəhbəri X8 həmin tarixdə maliyyə arayışı vermişdir. İddiaçı3 MTK ilə 15 mart 2016-cı il tarixdə müqavilə bağlayaraq həmin binanın sahəsi 112.2 kv.m olan 3 otaqlı 16 saylı mənzilini əldə etmiş, mənzilə dair bütün ödənişləri tam ödəyərək və mənzili təhvil alaraq bütün təmir işlərini gördürmüş, mənzilə dair borcun tam ödənilməsi barədə MTK-nın rəhbəri X8 tərəfindən müvafiq maliyyə arayışı verilmişdir. İddiaçı1 MTK ilə 25 iyun 2018-ci il tarixdə müqavilə bağlayaraq həmin binanın 27 saylı mənzilini əldə etmiş, mənzilə dair borcun tam ödənilməsi barədə MTK-nın rəhbəri X8 tərəfindən müvafiq maliyyə arayışı verilmişdir. MTK-nın sədri E.Şirinova tərəfəindən iddiaçılara qarşı dələduzluq edilərək daha öncədən X1 sözügedən mənzillər aldatma və etibardan suiistifadə etməklə onlara satılmış, bununla da külli miqdarda maddi vəsaitləri MTK-nın sədri tərəfindən mənimsənilmişdir. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış materiallar üzrə Elmira Şirinovaya Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham verilmişdir və onun təqsirli olmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13.08.2020-ci il tarixli hökmü mövcuddur ki, həmin hökmlə iddiaçılar zərərçəkmiş şəxs qismində tanınmışdırlar. Bundan sonra X9 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə onlara qarşı müraciət edilərək, MTK ilə bağladıqları müqavilənin etibarsız hesab edilməsi və mənzillərin onlardan alınaraq S.Şərifovaya təvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2021-ci il qətnaməsi ilə X3 iddiası qismən təmin olunaraq MTK ilə bağladıqları müqavilələr mənzillərə dair hissədə etibarsız hesab edilmiş, ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı 52 saylı mənzilin, ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı 16 saylı mənzilin, ümumi sahəsi 72.3 kv.m. olan, 2 otaqlı 27 saylı mənzilin, ümumi sahəsi 112,2 kv.m. olan 3 otaqlı 28 saylı mənzilin X7 təhvil (istifadə və sahibliyinə) verilməsi qət edilmişdir. Qüvvədə olan həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, “Bununla belə, "xxxx" MTK ilə İddiaçı3, İddiaçı1, İddiaçı2 arasında bağlanmış müqavilələrin mübahisəli olan əmlaklara aid hissəsinin etibarsız sayılması, həmin əqdin digər hissələrinin də (bütövlükdə) etibarsız hesab edilməsi və Cavabdeh MTK-nın bu şəxslər qarşısındakı öhdəlikdən azad olması üçün əsas deyil”. Məhkəmənin gəldiyi hüquqi nəticədən də göründüyü kimi iddiaçılar tərəfindən MTK-ya ödənilmiş pul məbləğləri MTK-nın direktoru X8 tərəfindən onları aldatmaqla ələ keçirilmişdir. Bu da öz növbəsində MTK-nın və onun sədrinin iddiaçılara qarşı öhdəliyini yerinə yetirmədiyinin sübutu kimi qiymətləndirililməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 iddia tələblərinin qismən təmin olunması, Cavabdehndən 50 000 (əlli min) manatın və 15 (on beş) manat dövlət rüsumunun tutularaq İddiaçı1, 65 000 (altmış beş min) manatın və 15 (on beş) manat dövlət rüsumunun İddiaçı2 ödənilməsi, adı çəkilən şəxslərin iddia tələblərinin qalan hissələrdə, həmçinin İddiaçı3 iddia tələblərinin təmin edilməməsi, İddiaçı3 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid olunması qət edilmişdir. Qətnamədən İddiaçı3 apellyasiya şikayəti verərək onun özünün iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, qanuni qüvvədə olan hökmlə və qətnamə ilə müəyyən olunan halları nəzərə almadığını, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşlər. İddiaçı3 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə Cavabdeh MTK-ya göndərilmiş bildiriş “imtina edilib” qeydi yazılmaqla məhkəməyə geri qaytarılmış, digər iddiaçılar məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini, qətnamənin yalnız İddiaçı3 iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh MTK və digər iddiaçılar apellyasiya şikayəti verməmiş, İddiaçı3 isə məhz özünün iddia tələblərinin təmin olunmaması ilə bağlı hissəni mübahisələndirmişdir. Başqa sözlə, İddiaçı1 və İddiaçı2 iddia tələblərinin qismən təmin edildiyi, eləcə də onların tələblərinin təmin edilməməsi ilə bağlı hissələr hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi onun “maddi ziyanın ödənilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunaraq həmin tələb qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunan hallarına görə, Cavabdeh ilə payçı İddiaçı3 arasında 15 mart 2016-cı il tarixli müqaviləyə əsasən MTK, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı, 16 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin 88 000 manat razılaşdırılan pay haqqını ödəməyi öhdəsinə götürmüş, MTK tərəfindən verilmiş eyni tarixli arayışda İddiaçı3 mənzilin dəyərini tam ödədiyi və borcunun olmadığı göstərilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK və İddiaçı3 arasında bağlanmış 15 mart 2016-cı il tarixli müqavilənin qismən, yəni ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı 16 saylı mənzilin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamədə məhkəmə, sözügedən müqavilənin İddiaçı3 tərəfindən imzalanmamış olmasına baxmayaraq, müqavilənin predmeti olan 16 saylı mənzildə onun tərəfindən təmir işlərinə başlanıldığını, MTK-nın ona mənzilə sahiblik və ondan istifadə etməyə maneə yaratmadığını, bununla da müqaviləni sonradan bəyəndiyini vurğulamaqla, müqaviləni məhz İddiaçı3 ilə bağlanmış müqavilə kimi qəbul etmiş, həmçinin “müqavilənin mənzilə aid hissəsinin etibarsız sayılması, həmin əqdin digər hissələrinin də (bütövlükdə) etibarsız hesab edilməsi və Cavabdeh MTK-nın İddiaçı3 qarşısındakı öhdəlikdən azad olması üçün əsas deyil” nəticəsinə gəlmişdir. İşin müəyyən edilən digər halına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə 25 iyul 2019-cu il tarixdə ölmüş təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ölümü ilə bağlı ona cəza təyin edilməmiş, hökmlə müəyyən olunmuşdur ki, X8 Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri seçilməklə faktiki olaraq öldüyü 25 iyul 2019-cu il tarixədək həmin vəzifədə işləməklə kooperativin 23 iyun 2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 4 ünvanında sədri olduğu MTK tərəfindən inşa edilən 1 girişli 16 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 112,2 kvadratmetr sahəsi olan 16 nömrəli mənzili 05 may 2014-cü il tarixdə MTK-nın ünvan 5 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında X4 adına sənədləşdirilməklə X10 95 370 manata satmasına baxmayaraq, özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2016-cı ilin yanvar ayında əvvəlcədən tanıdığı X2 mənzilin boş olduğunu, münasib qiymətə sata biləcəyini yalan vəd verib almasını təklif etməklə sonuncunun razılığını alaraq Əkrəm Hidayətovu aldadaraq 88 000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb öz ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və ya aldatma yolu ilə Əkrəm Hidayətovun əmlakını külli miqdarda ələ keçirib dələduzluq etmişdir. İşin mübahisələndirilməyən halına görə X5 İddiaçı3 atasıdır və sonuncu, işin yuxarıda qeyd olunan hallarına istinad etməklə müvafiq iddia tələblərini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi İddiaçı3 “maddi ziyanın ödənilməsi” tələbinin təmin edilməməli olması ilə bağlı qənaətini belə əsaslandırmışdır ki, onun tərəfindən ödənilmiş pay haqqı MTK-nın rəhbəri tərəfindən ələ keçirilərək ona qarşı dələduzluq edilmiş, beləliklə də Cavabdeh MTK-nın hüquqi şəxs olaraq İddiaçı3 qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi, habelə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 82.4-cü maddəsinə görə isə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, İddiaçı3 “maddi ziyanın ödənilməsi” tələbini əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə qismən uzlaşmaqdadır və həmin tələb mənzilin alınmasına görə onun adından MTK-na (onun rəhbərinə) ödənilmiş 88 000 manat həddində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, İddiaçı3 ilə 15.03.2016-cı il tarixli müqaviləni bağlayan Elmira Şirinova Cavabdeh MTK-nın sədri qismində çıxış etmiş, sonuncu, məhz kooperativin fəaliyyəti ilə əlaqədar və kooperativin adından öhdəlik götürmüşdür; Mülki Məcəllənin 110-3.1-ci maddəsinə görə isə, Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Həmçinin nəzərə alınmalıdır ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə 15 mart 2016-cı il tarixli müqavilənin məhz İddiaçı3 ilə bağlanmış müqavilə olduğu təsbit edilmiş, müqavilənin mənzilə aid hissəsinin etibarsız sayılmasının, həmin əqdin digər hissələrinin də (bütövlükdə) etibarsız hesab edilməsi və Cavabdeh MTK-nın İddiaçı3 qarşısındakı öhdəlikdən azad olması üçün əsas olmadığı nəticəsinə gəlinmişdir. Kollegiya onu da qeyd edir ki, İddiaçı3 ona 100 000 manat maddi zərərin dəyməsini iddia etsə də, bununla bağlı sübut təqdim etməmişdir; hansı ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı3 mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə kollegiya əsaslı hesab edir; belə ki, o, iddiasının bu hissəsini konkret faktlarla sübuta yetirməmiş, ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verərkən İddiaçı3 ödədiyi dövlət rüsumunun məbləği də cavabdeh MTK-dan tutularaq ona ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7653/2021 saylı iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh MTK-dan maddi zərərin əvəzi kimi 100 000 manatın tutularaq İddiaçı3 ödənilməsi” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan maddi zərərin əvəzi qismində 88 000 (səksən səkkiz min) manat alınaraq İddiaçı3 ödənilsin. Sözügedən iddia tələbi qalan hissədə təmin olunmasın və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MTK-dan dövlət rüsumuna görə 15 (on beş) manat tutularaq İddiaçı3 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2062/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2062/2022
03.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver