Məhkəmə qərarları › İş №2(103)-2063/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2063/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2063/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı, Bakı şəhəri 9 saylı notariat ofisi və X17 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla, “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(005)-1345/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Muradov Seymur 02 may 2019-cu il tarixdə özünə məxsus “Kia Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili Əhməd Əzimovun vasitəsi ilə DİN BDYPİdə alqı-satqı müqaviləsi əsasında Elman Şərifova satmışdır. Həmin vaxt avtomobilə aid AD seriyalı 429504 nömrəli qeydiyyat şəhadətnaməsi təhvil alınmadan E.Şərifovun adına 511226 nömrəli qeydiyyat şəhadətnaməsi verildikdən sonra sonuncu mülkiyyətində olan həmin avtomobilin Əhməd Əzimov tərəfindən satılması barədə razılığa gələrək həmi şəxsin işlədiyi, Nərimanov rayonu Z.Bünyadov prospektində yerləşən “057 CARS” avtosalonuna qoymuşdur. Əhməd Əzimov qeyd olunan avtomobili əvvəlki AD seriyalı 492524 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında sərəncam vermək hüququ da daxil olan etibarnamə ilə Cavabdeh1 satmış, sonuncu isə onu Cavabdeh2, o isə öz növbəsində sərəncam vermək hüququnu da ehtiva edən etibarnamə ilə İddiaçı satmışdır. Sonuncu və onun qardaşı Aqil Hüseynov qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar BDYPİ-nin Qİİ-də olarkən avtomaşına aid iki qeydiyyat şəhadətnaməsinin olmasını aşkar etmişdir. Daha sonra Elman Şərifov məhkəməyə müraciət edərək, avtomobilin Əhməd Əzimov, Cavabdeh1 və Aqil Hüseynovdan alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə avtomobilin X9 alınaraq iddiaçı X5 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X9 tutularaq iddiaçı X5 verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4816/2021 saylı qətnaməsi ilə 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh X1 alınaraq iddiaçı X5 geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 manat pulun X1 tutularaq iddiaçı X5 verilməsi, X1 100 manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq X5 verilməsi, iddianın cavabdeh X18 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6794/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli avtomobil X1 alınaraq iddiaçı X5 təhvil verilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 16600 manat pulun tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı, Bakı şəhəri 9 saylı notariat ofisi və X17 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 21 notariat ofisinin notariusundan müştərək qaydada əsassız varlanma kimi əldə edilmiş, ümumilikdə zərər olaraq İddiaçı vurulmuş 16600 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və qardaşı Aqil Sumqayıt şəhərində avtomobil salonu işlədirlər. İşlətdikləri salon nəqliyyat vasitələrinin alqı-satqısı da daxil olmaqla digər xidmətlər həyata keçirir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 16.600 manata “Kia” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşını alıb, salonda yerləşdirdi. xx.xx.2019-cu il tarixdə həmin avtomaşının alqı-satqı ilə əlaqədar BDYPİ-in Sumqayıt şəhərində yerləşən regional şöbəsinə getdikdə avtomaşının xx.xx.2019-cu il tarixdə X11 adına rəsmləşdirilməsi məlum olmuşdur. İşin faktiki hallarının araşdırılması Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X2, icraatında olan 399-C-19 №-li materialı üzrə xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilmasi barədə qərarla aşağıdakıları müəyyən etmişdir: xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş Seymur Muradov özünə məxsus “Kia Optima” markalı **-SR- *** dövlət qeydiyyat nişanlı avtomobili “Seyid” adı ilə tanınan Ağcabədi rayon sakini Əhməd Əzimovun vasitəsi ilə DİN BDYPİ-də alqı-satqı müqaviləsi əsasında Yasamal RPİnin Növbətçi hissəsinin polis nəfəri, sürücüsü Elman Şərifova satmışdır. Həmin vaxt avtomobilə aid AD serialı 429504 nömrəli qeydiyyat şəhadətnaməsi BDYPİ-nin aidiyyəti əməkdaşları tərəfindən təhvil alınmadan vətəndaş Elman Şərifovun adına yeni AD seriali 511226 nömrəli qeydiyyat şəhadətnaməsi verildikdən sonra sonuncu mülkiyyətində olan həmin avtomobilin Əhməd Əzimov tərəfindən satılması barədə razılığa gələrək onu həmin şəxsin işlədiyi, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “057 CARS” avtosalonuna qoymuşdur. Əhməd Əzimov qeyd olunan avtomobili əvvəlki AD serialı 492524 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında sərəncam vermə hüququ da daxil olan etibarnamə ilə Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə sabiq əməliyyat müvəkkili Cavabdeh1 satmış, sonuncu isə onu xx.xx.2019-cu il tarixdə eyni hüquqlu etibarnamə ilə Nizami rayonu, Q.Qarayev prospekti ev 86, mənzil 31-də qeydiyyatda olan Cavabdeh2, o isə öz növbəsində xx.xx.2019-cu il tarixdə sərəncam vermək hüququ daxil olan etibarnamə ilə vətəndaş Aqil Hüseynovun qardaşı İddiaçı satmışdır. Aqil Hüseynov qeydiyyat hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar BDYPİ nın Qİİ-də olarkən avtomaşına aid iki qeydiyyat şəhadətnaməsinin olmasını aşkar etmiş, bununla əlaqədar Cavabdeh2la əlaqə saxlayarkən sonuncu avtomaşının Cavabdeh1 məxsus olduğunu bildirmişdir. X16 RPİ 18ci PŞ-nin CA üzrə sabiq əməliyyat müvəkkili Cavabdeh1la görüşərək həmin avtomobilə aid iki qeydiyyat şəhadətnaməsinin olması və müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə satılmasını bildirmişdir. X25 İdarəsindən təqdim edilmiş “Kia” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2019-cu il tarixdə alqı-satqı əsasında X3 adına rəsmiləşdirilməsi təsdiqini tapmışdır. 9 saylı notariat ofisinə verilmiş sorğu əsasında alınmış cavabdan da göründüyü kimi xx.xx.2019-ci il tarixdə qeyd edilən ofisdə nəqliyyat vasitəsinin mülkiyyətcisi elektron məlumat sistemində yoxlanılmadan Nərimanov RPİ 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Cavabdeh1 tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına etibarnamə verimiş, sonuncu isə bir gün sonra 21 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən xx.xx.2019 tarixdə 16.600 manata “Kia” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşını İddiaçı etibarnamə əsasında satmışdır. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi 9 saylı və 21 saylı notariat ofisinin notariusları tərəfindən üzərlərinə düşən vəzifəni yerinə yetirməmiş “Notariat haqqında” Qanunun 40 maddəsinin Notariat hərəkətlərini aparmaqdan imtina edilməsi əsaslarının tələblərini pozmuş bununla da İddiaçı 16600 manat maddi və mənəvi zərər dəymişdir. “Notariat haqqında qanunun 11-ci maddəsinin tələbi Notariusun maddi məsuliyyətini müəyyən edərək qeyd edir ki, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Bununla əlaqədar olaraq inzibati orqana Baş Notariat İdarəsinə və Bakı Şəhər 21 notariat ofisinin notariusuna edilmiş müraciətlə xx.xx.2023 tarixli, 05\E-12-13 saylı cavab məktubunda məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə baxış iclasında ifadə vermiş şahid X19 bildirmişdir ki, İddiaçı 10 ildir tanıyır. Onun ailə sürücüsü olmuşdur. Nemətlə avtomobil alqı-satqısı edən zaman yanlarında olub. Avtomobili 17 minə danışıblar. 400 manat rüsuma çıxıldıqdan sonra 600 manatı Elgiz Nemətə verdikdən sonra Cavabdeh2 demişdir ki, notarius tanışı var tez yola salacaq. Onlar da həmin notariusa getdilər. Çıxdıqdan sonra Elgiz 16 mini yanında sayaraq Nemətə vermişdir. Məhkəmə baxış iclasında ifadə vermiş X13 bildirmişdir ki, iddiaçının qardaşıdır. 07 may 2019-cu il tarixdə etibarnamə ilə **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobili 21 saylı notariat ofisində 16600 manat pulu verdikdən sonra sərəncam vermək hüququ da daxil olan etibarnamə ilə İddiaçı adına almışlar. Qeydiyyat hərəkətlərinin həyata keçirilməsi üçün BDYPİ–nin Qİİ-də olarkən avtomaşına aid 2 qeydiyyat şəhadətnaməsinin olmasını aşkar etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(005)- 1345/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 16200 (on altı min iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və mülki iş üzrə ödənilmiş 140 manat dövlət rüsumunun Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və Bakı şəhəri 21 saylı Notariat Ofisinin əməllərində göstərilən, əsassız varlanmaya xas olan əlamətlər müəyyən edilmir. Belə ki, iddiaçının pul vəsaitini Cavabdeh2 təhvil verdiyi, bunun müqabilində avtonəqliyyat vasitəsini sərəncam hüququnu da ehtiva edən etibarnamə verdiyi həm tərəflərin izahatı, həm də müki işin materialları ilə təsdiq edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi yalnız Cavabdeh2 münasibətdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən 16600 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhz həmin məbləğdə pulun ödənilməsi barədə konkret və mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbi Cavabdeh2 mülki işin materiallarında olan, izahatında etiraf edilmiş 16200 manat məbləğ həddində təmin edilməlidir. Məhkəmə baxışı zamanı eyni zamanda cavabdehlərin hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 və Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu barədə xüsusi qərar çıxarılması ilə bağlı vəsatət də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2, 139.2, 166.1, 362.1, 362.5, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq pulun sadəcə Cavabdeh2 ödənilməsini nəzərə almış, həmin pulun həm də Cavabdeh1 ödənilməsini araşdırmamışdır. Belə olan halda digər cavabdeh faktiki pul almış olsa da məsuliyyətdən kənar qalmışdır. Halbuki, həmin avtomobilin Ruslana məxsus olmasını iddiaçı da məhkəməyə bildirmişdir. Eyni zamanda məhkəmə cavabdehdən 16600 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhz həmin məbləğdə pulun ödənilməsi barədə konkret və mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbi Cavabdeh2 mülki işin materiallarında olan, izahatında etiraf edilmiş 16200 manat məbləğ həddində təmin edilməlidir. Lakin Cavabdeh2 prosesdə iştirakı təmin edilməmiş, onun izahatı alınmamışdır. Göründüyü kimi məhkəmə cavabdehin iştirakını təmin etməməklə onun sübutlar təqdim etməsi imkanını məhdudlaşdırmış və yalnız iddiaçının dəlillərinə əsaslanan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi-vəkili iştirak edərək apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Lakin məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxil edilmişdir. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.5. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilmiş dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, “X28” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli AD429504 nömrəli şəhadətnamə ilə X6 mülkiyyəti kimi qeydə alınmış, nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə Cavabdeh1 adına etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə X6 adından qeydiyyatdan çıxarılaraq həmin tarixdə alqı-satqı müqaviləsi əsasında X3 adına AD511226 nömrəli şəhadətnamə verilmişdir. Nəqliyyat vasitəsinə sərəncam hüququna dair xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixədək etibarnamə, xx.xx.2019-cu il tarixdə isə İddiaçı adına nəqliyyat vasitəsinə sərəncam hüququna dair xx.xx.2020-ci il tarixədək etibarnamə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda qeyd olunur ki, X10 məxsus olan “X28” markalı, 99SR886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AD 429504 seriyalı qeydiyyat şəhadətnaməsinin naməlum şəraitdə itirilməsi barədə DYP-nin şəxsi heyəti təlimatlandırılmışdır. Arayış göstərilən avtomobil sahibinə yeni dublikat qeydiyyat şəhadətnaməsinin verilməsi məqsədilə AR DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinə təqdim etmək üçün verilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 6794/2021 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi ilə müəyyən edilmişdir ki, 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil X6 mülkiyyətində olmuş, sonradan alğısatqı müqaviləsi əsasında həmin avtomobilə dair X5 xx.xx.2019-cu il tarixli şəhadətnamə verilmişdir. Hazırda avtomobilin mülkiyyətçisi X7r və həmin avtomobilə görə X14, Cavabdeh2 Cəlil oğlunun, İddiaçı adlarına etibarnamələr verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən X5 xx.xx.2019-cu il tarixli, 113 saylı məktubun görünür ki, 99SR886 qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsinə dair xx.xx.2019-cu il tarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş ünvan 3 ünvanında qeydiyyatda olan X18 verdiyi etibarnamə E.Şərifovun xx.xx.2019-cu il tarixli, 8İ-6558 reyestrli ərizəsinə əsasən həmin tarixdə ləğv edilmişdir, bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, sonuncu dəfə nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair etibarnamə verilmiş İddiaçı hazırki iddiasında ona iddiası üzrə cavabdehlər tərəfindən 16600 manat məbləğində ziyan vurulmasına dair iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmənin iddianın Cavabdeh2 münasibətdə qismən təmin etməklə ondan 16200 (on altı min iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi nəticəsini isə İddiaçı mübahisələndirməmişdir. Cavabdehin qeyd olunan nəqliyyat vasitəsinin Cavabdeh1 məxsus olmasını, eyni zamanda birinci instansiya məhkəməsinin avtomobilə görə verilmiş pulun məhz Cavabdeh1 ödənilməsini araşdırmamasına dair apellyasiya şikayətinin dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, 99SR886 qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil ayrı-ayrı vaxtlarda həmin nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair Cavabdeh1, Cavabdeh2 adına sərəncam hüququna dair etibarnamə verilmiş, hazırda X5 məxsus olmaqla avtomobilin ona iddiaçının qardaşı X13 tərəfindən qaytarılmalı olmasına dair qətnamə qüvvədədir. Hətta qeyd edilən qətnamə üzrə 2(103)-4816/2021 saylı mülki işin materialları apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilərkən qətnamənin icra olunması və mübahisə predmeti olmuş avtomaşının X4 X5 qaytarılması müəyyən olunmuşdur ( 2(103)-4816/2021 saylı mülki iş, cild 2, səhifə 52). Həmçinin müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb edilən və tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X2, icraatında olan 399-C-19 №-li materialı üzrə Cavabdeh2 izahatından görünür ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Atası avtomaşın alveri ilə məşğul olduğu üçün o da bu sahə ilə maraqlanmış və 18 yaşından etibarən atasının işlədiyi “Dədəmin” avtosalonunda işləyir. Cavabdeh1 da təxminən 2019-cu ilin aprel ayında avtomaşın alqısatqısı zamanı tanıyıb. Həmin vaxt o özünə məxsus “Niva” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınını satmaq istəyirdi. Həmin ərəfədə bacanağı Səddamın dostu olan Ruslanla birlikdə onların məhləsində idilər. Ondan avtomaşını ilə bağlı şoruşdular, o da satmaq istədiyini dedi. Ruslan kənara çəkilib kiminləsə telefonda danışdı və daha sonra onun yanına gəlib avtomaşını verməyini istəyib. Bunun qarşılığında Ruslan ona 11800 manat pulu ən geci 10 gün müddətində qaytaracağını bildirdi. O, Ruslandan ilkin ödəniş istədikdən sonra Ruslan 2-3 günə 3-5 min gətirib verəcəyini dedi. O da Ruslanla razılaşıb və səhəri gün avtomaşını Ruslana verib. Ruslan ondan etibarnamə verməyini istəyib, qohumuna satacağını bildirib. O da bildirib ki, kimə satmaq istəsə ona birdəfəlik etibarnamə verər. Ruslanda da “narahat olma özüm həll edəcəm” deyib. O da Ruslana inanıb etibarnamə verib və Ruslan onun avtomaşınını götürüb gedir. Bunun üzərindən 2-3 gün keçir, avtomaşın alverçilərinin səhifəsində “Niva” markalı maşınının satışa qoyulduğunu görüb, dərhal Ruslanla əlaqə saxlayıb. Ruslan deyib ki, “narahat olma uşaqlar çəkib qoyub, 2-3 günə gətirib pulunu verəcəm”. 15-20 gün keçir, lakin Ruslandan heç bir xəbər çıxmır, ondan qaçmağa başlayır. 2019-cu ilin may ayının əvvəlində Ruslan qırmızı rəngli, “KİA Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xəzər Universitetinin yanında onunla görüşməyə gəlir. O, ya maşını qaytarmağını, ya da pul verməyini istəyib. Ruslan da “KİA Optima” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomaşını göstərib bildirdi ki, bu maşını satıb pul çıxarda və pulunu versin. Səhəri gün o Ruslana dedi ki, lizinqə salaq, lakin Ruslan razı olmayıb bildirdi ki, maşının sahibi gəlməlidi, amma qoca kişi olduğu üçün gələ bilməyəcək. Daha sonra dedi ki, “götür maşını sat öz pulunu götür, qalan pulu isə mənə verərsən.” O da razılaşıb. xx.xx.2019-cu il tarixdə Ruslanla birlikdə 9 saylı notariusa gedib, orada Ruslan ona etibarnamə verib. Həmin gün o, avtomaşının şəkillərini paylaşıb. xx.xx.2019-cu il tarixdə “calaqçı” dediyikləri Cavid adlı şəxs ona zəng edib və avtomaşına müştəri olduğunu deyib. Həmin gün İddiaçı və X13 ilə görüşüb, razılaşaraq 21 saylı notariat ofisinə gediblər. Orada o, İddiaçı etibarnamə verib. Aqil Hüseynov da 16200 manat pulu sayıb ona verib. Onlar ayrıldıqdan sonra Ruslana zəng vurub özünə düşən 12800 manat pulu götürdüyünü və “calaqçılar” da çıxdıqdan sonra ona 2500 manat pul qaldığını deyib. Həmin pulu da Ruslan Hüseynov gəlib ondan götürüb. Sonradan Cavid ona zəng edib ki, avtomaşının iki qeydiyyat şəhadətnaməsi olub. Ardınca da Aqil də zəng edib eyni şeyi dedi. O isə bundan xəbəri olmadığını bildirib. Bundan 4-5 gün sonra Ruslan onu Nərimanov 18-ci PŞ-nin qarşısına çağırdı. Ora getdikdə Aqil, Elgiz, Ruslan və “Seyid” adlı şəxslərin orada olduqlarını görüb. Orada olan söhbətləri tam olaraq anlamayıb. Lakin sonunda orada Ruslan, “Seyid” və Aqil arasında razılaşma oldu və oradan ayrıldılar. Göründüyü kimi, Cavabdeh2 iddiaçının qardaşı X1 qardaşı İddiaçı etibarnamə verildikdən sonra 16200 manat pulu almasını konkret olaraq göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin son iclasında iddiaçı onun adına Cavabdeh2 tərəfindən etibarnamə verildikdən sonra sonuncuya qardaşı X4 verdiyi pulun onun özünə məxsus olmasını göstərmiş, lakin həmin məbləğin 16200 manat deyil, 16600 manat olmasını təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından müəyyən edildiyi kimi Cavabdeh2 avtomobilə görə iddiaçıya məxsus 16200 manat pulu sonuncunun qardaşından götürmüş, qanuni qüvvəsin almış məhkəmə aktın icra olunaraq avtomaşın X5 qaytarılmış, lakin qeyd olunanların fonunda Cavabdeh2 həmin məbləği iddiaçı tərəfə qaytarmayaraq iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 16200 (on altı min iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində həmin avtomobilə görə verilmiş pul vəsaitinin ona ödənilməməsini təkzib etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin hesab edir ki, qeyd olunan avtomobilin Cavabdeh1 məxsus olması, iddiaçı tərəfindən avtomobilə görə ödənilmiş pul vəsaitinin iddiaçı tərəfindən məhz ona da verilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən avtomobilə görə ödənilmiş pul vəsaitindən onun tərəfindən məhz Cavabdeh1 prokurorluqda verdiyi izahatında göstərdiyi kimi 12800 manat verilməsi barədə apellyasiya şikayətinə heç bir sübut növü təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 onun tərəfindən avtomobilə görə ödənilmiş pul vəsaitindən prokurorluqda verdiyi izahatında göstərdiyi kimi 12800 manat verilməsi barədə mötəbər və tutarlı sübutları olduğu təqdirdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2(005)- 1345/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar