Məhkəmə qərarları › İş №2(103)-2063/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2063/2025

12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2063/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Hakimlər Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.036,6 manat məbləğində ziyanın tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1426/20245 saylı, xx.xx.2025- ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı2 qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə cavabdehlə şifahi müqavilə bağlamışdır. Bu müqavilə əsasında cavabdeh ona məxsus Xəzər r-nu, Buzovna qəs., 798C saylı sahədə 1 mərtəbəli ev tikməli idi. Ona görə o, cavabdehə 14700 manat pul ödəmişdir. Lakin, evi təmir etmək istərkən müəyyən etmişdir ki, cavabdeh X2 tərəfindən keyfiyyətsiz materialdan istifadə olunmuşdur və bunun nəticəsində ona ziyan dəymişdir. Ziyanın məbləğini müəyyən etmək üçün “Caspian Valuation” qiymətləndirmə şirkətinə müraciət etmiş, onların mütəxəssisləri tərəfindən xx.xx.2024-cü ildə CVN/S 03- 070/24 saylı rəy tərtib olunmuş və həmin rəydə ona dəymiş ziyanın məbləği 10.036.6 manat müəyyən olunmuşdur. Ona görə də həmin məbləği cavabdehdən tələb edir. Əvvəllər belə bir iddia ilə məhkəməyə müraciət etməyib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-98/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının Cavabdeh qarşı maddi ziyann ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3080/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 qızının Cavabdeh qarşı borc tələbinə dair iddia tələbi təmin edilməmişdir. Aydın olur ki, iddiaçının hazırkı iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən hazırda pulun məbləği fərqli şəkildə qeyd edilsə də, tərəflər arasında yaranan mübahisənin predmetinin eyni olduğu aydın şəkildə müəyyən edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni iddianın yolverilməzliyi əsası ilə icraata qəbul etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar