Məhkəmə qərarları › İş №2(103)-2064/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2064/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2064/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” (İddiaçı” İKB) ASC-nin nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” (İddiaçı” İKB) ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-458/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” (İddiaçı” İKB) ASC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 08.10.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə 24.339,61 manat əsas borcun, 10.211,32 manat faiz borcunun, 2.457,12 manat cərimə borcu, olmaqla cəmi 37.008,05 manat borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 2 otaqlı, 45.43 kv.m ümumi, 33.13 kv.m yaşayış, 12.3 kv.m yardımçı sahədən ibarət 2/10 nömrəli evin 31 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun “xxxx” ASC-yə (İddiaçı İKB) ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08.10.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 25% hesablanmaqla 35.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən, 2 otaqlı, 45.43 kv.m ümumi, 33.13 kv.m yaşayış, 12.3 kv.m yardımçı sahədən ibarət 2/10 nömrəli evin 31 nömrəli mənzilinə dair İpoteka Müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka 29.08.2019-cu il tarixinə 37.008,05 manat borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək Cavabdeh1 08.10.2014-cü il tarixli, 21-G-1-0-465-14 saylı kredit müqaviləsinə əsasən 24.339,61 manat əsas borc, 10.079,90 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 34.919,51 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-yə (İddiaçı İKB ASC) ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10 ünvanında yerləşən ümumi sahəsi 45.43 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 73.000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı “xxxx” ASC-yə (İddiaçı İKB ASC) ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10 ünvanında yerləşən ümumi sahəsi 45.43 kv.m olan 2 otaqlı 31 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və Cavabdeh3 çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə “xxxx” ASC-yə (İddiaçı İKB ASC) təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat ekspertiza xərcin 50%-i, yəni 60 manatının iddiaçı “xxxx” ASC-dən, qalan 50%-i yəni 60 manatının Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işin faktiki hallarına uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini məhkəmə iclaslarında iştirakının təmin edilmədiyi, faiz və cərimə borcunun düzgün hesablanmadığı, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehdən yalnız faiz və cərimə (dəbbə) borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissələrlə əlaqədar apellyasiya şikayəti vermişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 08.10.2014-cü il tarixli, 21-G-1-0-465-14 saylı İstehlak krediti müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 25% olmaqla, 35.000 manat kredit verilmiş, sonuncu həmin məbləği 08.11.2014-cü il tarixdən 08.10.2019-cu il tarixədək hər ay 1027.30 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08.10.2014-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 45.43 kv.m ümumi, 33.13 kv.m yaşayış, 12.3 kv.m yardımçı sahədən ibarət olan 2 otaqlı mənzil 70.000 manat məbləğində qiymətləndirilərək, İddiaçı İKB-də mülkiyyətçi tərəfindən ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.10.2014-cü il tarixli, RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olan (05.08.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış) Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10, 31 nömrəli mənzil 60 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 26.09.2014-cü il tarixli arayışın surətindən görünür ki, digər cavabdehlər X3, Cavabdeh4 və Cavabdeh3 Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, cavabdehə ödənilməmiş borcun əvəzi olaraq, könüllü şəkildə, notarial qaydada razılaşma əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi təklif edilmiş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin digər xəbərdarlıq məktubu ilə 5 gün müddətinə borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə 24.07.2019cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10, 31 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair məlumat göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13.11.2019-cu il tarixli, 27743 nömrəli ekspert rəyinə əsasən, 08.10.2014-cü il tarixli, 21-G-1-0-465-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 29.08.2019-cu il tarixə İddiaçı İKB-yə (xxxx ASC) 24.339,61 manat əsas, 10.079,90 manat faiz borcu təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 17.06.2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 1-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 45.43 kv.m ümumi, 33.13 kv.m yaşayış və 12.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı, 31 nömrəli mənzilin satış (likvid) qiyməti 73.000 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddiaçının tələb etdiyi cəriməni də azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, apelyatorun faiz borcunun yenidən müəyyən edilməsi ilə bağlı dəlilini əsassız hesab edir; çünki tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi faiz məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi borc məbləğlərini iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən etmiş, həmin ekspert rəyi ilə razılaşmamaq üçün isə əsas olmamışdır. Kollegiya apelyatorun cərimə borcunun yenidən müəyyən edilməsi ilə bağlı dəlilinə də qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 500 manat müəyyən etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıfdır ki, cərimə pulunun tutulmasına dair tərəflər müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Birinci instansiya məhkəməsi tərəfindən işə iştirakları olmadan baxılması barədə apellyasiya şikayətinin dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehlərin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğu aydın olur; məlumatlı olduqları məhkəmə iclasına getməmələrinin məsuliyyətini isə cavabdehlər özləri daşıyırlar və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qətnamənin yoxlanılan digər hissəsi, yəni “ipoteka predmetinin ilkin satış qiymətinin 73 000 manat müəyyənləşdirilməsi” ilə bağlı hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmetinin ilkin satış qiyməti 73000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Əmlakın qiymətinin daha yüksək olması ilə bağlı apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); həmin dəlilini yoxlanılması məqsədilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, X2 tərəfindən verilmiş 03 may 2021-ci il tarixli rəydə, Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 1-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan 45.43 kv.m ümumi, 33.13 kv.m yaşayış və 12.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı, 31 nömrəli mənzilin satış (likvid) qiyməti 69 345 manat, orta bazar dəyəri isə 77 050 manat təşkil edir. Bu baxımdan kollegiyanın qənaətinə görə apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-458/2020 saylı, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar