Məhkəmə qərarları › İş №2(103)-2068/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2068/2020

18.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2068/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı və Cavabdeh Şahbaz oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4708/2019 saylı mülki iş üzrə qəbul etdiyi 23 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Şahbaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh Şahbaz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şahbaz oğlundan 23 avqust 2010-cu il təvəllüdlü X5 və 10 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli 2(011)-4708/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Şahbaz oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh Şahbaz oğlu apellyasiya şikayətini müdafiə etdi, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər 12 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 23 avqust 2010-cu il təvəllüdlü X7 və 10 oktyabr 2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. İmişli Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(036)-2870/2015 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 23 avqust 2010-cu il təvəllüdlü X5 və 10 oktyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh Şahbaz oğlundan hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, o, işləmir, yenidən nikaha daxil olub və həmin nikahdan da bir azyaşlı uşağı vardır. Bundan başqa ikinci həyat yoldaşının digər övladı da onun himayəsindədir. Bununla yanaşı o, hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəməyə razıdır. Məhkəmə iclasında iddiaçı cavabdehin dəlilləri ilə bağlı bildirdi ki, o, alimentin hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Məhkəmə kollegiyasınin mövqeyi aşağıdakılardan ibarətdir. Alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, İmişli Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(036)-2870/2015 saylı qətnaməsi qəbul edilərkən X5 5 yaşı və X2 2 yaşı olmuş, hazırda isə onların müvafiq olaraq 10 və 7 yaşları var və onlar orta məktəbdə təhsil almağa başlamışlar. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olur. Həmçinin alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş, yəni uşağın saxlanılması üçün tələb olunan məbləğ kifayət qədər artmışdır. Lakin kollegiya hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmçinin Ailə Məcəlləsinin 56.1-ci maddəsində təsbit olunmuşdur ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan kollegiya hesab edir ki, alimentin məbləği müəyyən edilərkən hər iki valideynin maddi vəziyyəti nəzərə alınmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh İmişli rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmış və işsizlik müavinəti almamışdır. Eyni zamanda tərəflərin işləməsi və aylıq qazancı barədə hər hansı sübut yoxdur. Beləliklə, tərəflər arasında alimentin ödənilməsi barədə sazişin olmadığını, ilk olaraq alimentin sabit pul məbləğində müəyyən edildiyini, hər iki valideynin maddi vəziyyətini, uşaqların saxlanılması vəzifəsinin hər iki valideynə aid olduğunu, həmçinin hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, yaşayış minimumu haqqında qanunun tələblərini, uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini, o cümlədən cavabdehin hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment ödəməyə razı olduğunu, iddiaçının isə hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat aliment ödənilməsinə razı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(036)-2870/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Şahbaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4708/2019 saylı mülki iş üzrə qəbul etdiyi 23 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 26 noyabr 2015-ci il tarixli 2(036)-2870/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilsin və 23 avqust 2010-cu il təvəllüdlü X5 və 10 oktyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh Şahbaz oğlundan İddiaçı xeyrinə hər uşağa görə hər ay 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar