Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2074/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nurəddin Kamtayevin, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, cavabdehlər Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş zərərin ödənilməsi tələbinə dair» 2(006)-2814/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bahadur qızından müştərək qaydada 74000 (yetmiş dörd min) manat və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat olmaqla cəmi 74030 (yetmiş dörd min otuz) manat məbləğində pulun alınaraq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və mütəşəkkil dəstənin digər üzvünün qanunsuz əməlləri nəticəsində ona 74.000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmünün surətindən göründüyü kimi, Cavabdeh2 2011-ci ilin may-iyun və 2013-cü ilin sentyabr-dekabr aylarında Bakı şəhərində, tabeçiliyində olan, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X22 və digərləri ilə birlikdə mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirərək hakimiyyətdən və qulluq mövqeyindən müntəzəm olaraq tamah məqsədilə sui-istifadə edib 2011-ci ilin may ayında İddiaçı məxsus, Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı Birliyinin 18.03.2005-ci il tarixli, 34566 saylı müqaviləsinə əsasən qardaşı X7 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 475 b ünvanda yerləşən 0,25 hektar torpaq sahəsinin bir sotu 2000 ABŞ dolları olmaqla cəmi 50000 ABŞ dollarına Fərhad Əliyevin adından barəsində cinayət təqibi davam etdirilən şəxsin qohumu X12 adına Bakı şəhəri 7 saylı notariat kontorunda verilmiş 28.06.2011-ci il tarixli etibarnamə əsasında X1 və qeyd olunan pul vəsaitini barəsində cinayət təqibi davam etdirilən şəxsin qəbul etməsindən sonra, həmin şəxsin vasitəsilə İddiaçılə danışıqlar aparıb bu torpaq sahəsinin qonşuluğunda, 475 e saylı ünvanda yerləşməklə ona məxsus olan və Bakı Şəhəri İcra Hakimiyyəti Bağlar Təsərrüfatı Birliyinin 18.03.2005-ci il tarixli 34567 nömrəli müqaviləsinə əsasən dostu X4 adına rəsmiləşdirilmiş 0,25 hektar torpaq sahəsini 50000 ABŞ dollarına satın almağı razılaşdıraraq, pul vəsaitini alqı-satqı rəsmiləşdirildikdən 10 gün sonra verməyi vəd edib Bakı şəhəri 7 saylı notariat kontorunda Aydın Allahverdiyevin adından barəsində cinayət təqibi davam etdirilən şəxsin qohumu X12 adına verilmiş 30.06.2011-ci il tarixli etibarnamə əsasında faktiki mülkiyyətinə keçirdikdən, daş hasarla torpaq sahəsini əhatəyə aldıqdan sonra, dəstə üzvləri vasitəsilə torpaq sahəsinin sənədlərinin saxta olmasını iddia edərək İddiaçı barəsində cinayət işi başlanacağı, həbs olunacağı, rüsvayedici məlumatların yayılacağı ilə hədələyib torpaq sahəsinin dəyərini təşkil edən 50000 ABŞ dollarını ödəməkdən imtina edib 20.07.2012-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə xüsusi mülkiyyətinə keçirməklə, həmçinin 2013-cü ilin sentyabr ayında İddiaçı məxsus olmaqla atası Ağababa Əliyevin adına rəsmiləşdirilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 475 ünvanda yerləşən 0,25 hektar torpaq sahəsini 30000 manata barəsində cinayət təqibi davam etdirilən şəxsin qohumu X3 qeyd olunan məbləğdə pul vəsaitini qəbul etməsindən sonra, sonuncular vasitəsilə həmin torpaq sahəsinin sənədlərinin saxta olduğunu bəhanə edib İddiaçı barəsində cinayət işi başlanacağı həbs olunacağı, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək ona ödənilmiş 30000 manat pul vəsaitinin 5000 manat hissəsini geri qaytarmağı və həmin torpaq sahələrinin qonşuluğunda yerləşməklə İddiaçı məxsus olmaqla bacısı X6 adına rəsmiləşdirilmiş Mərdəkan qəsəbəsi 475 d saylı, 0,25 hektar torpaq sahəsinin əvəzsiz surətdə onlara verilməsini tələb etmiş, İddiaçı dəstə üzvlərinin səlahiyyətlərinə əsasən hədəni real qəbul edərək Rövşən Abbasova 5000 manatı qaytarması, Nailə Yavərovanın adından Rövşən Abbasovun adına Bakı şəhəri 7 saylı notariat kontorunda verilmiş 18.12.2013-cü il tarixli etibarnamə əsasında Mərdəkan qəsəbəsi 475 d saylı ünvanda yerləşən 30000 manat dəyərində torpaq sahəsini əvəzsiz surətdə onlara verməsi və 21.01.2015-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən dəstə üzvü İlqar Əliyevin həyat yoldaşı Cavabdeh1 Bahadur qızı və vətəndaş X13 mülkiyyətinə rəsmiləşdirilməsi ilə, ümumilikdə özgənin külli miqdar təşkil edən 69000 manat dəyərində 0,50 hektar torpaq sahəsi və 5.000 manat məbləğində pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur (hökmün 11-12-ci vərəqələri). Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 179 və sair maddələri ilə və X23 CM-nin müvafiq maddələri ilə məhkum edilmişlər. Cavabdeh2 və X14 barələrində olan cinayət işi üzrə yuxarıda qeyd olunan epizod üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. İşə birinci instansiya məhkəməsində baxılan zamanı tərəfindən mülki iddia verilməmişdir. Qeyd olunan hökmlə zərərçəkmiş şəxslərə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı hissəsindən göründüyü kimi, onun (İddiaçı) gələcəkdə məhkəmədə mülki iddia irəli sürülməsi hüquqlarının olmasını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2, X18 və X16 məxsus, sonuncunun, eləcə də Cavabdeh1 Bahadur qızının və X5 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 475 b və 475 d saylı torpaq və bağ sahələrinin üzərində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2016-cı il, 16 mart 2016-cı il və 08 fevral 2017-ci il tarixli qərarları ilə qoyulmuş həbs saxlanılmalı və həmin daşınmaz əmlaklar dövlət nəfinə müsadirə edilməməlidir (hökmün 115 və 118-ci vərəqi). Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bahadur qızından müştərək qaydada 74000 manat və dövlət rüsumu kimi ödədiyi 30 manat olmaqla cəmi 74030 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bahadur qızının həyat yoldaşı, ölməsi ilə əlaqədar barəsində cinayət təqibinə xitam verilmiş X8 barələrində olan cinayət işi üzrə hökmün surətindən göründüyü kimi, yuxanda adı çəkilən şəxslərin barəsində o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, məhkəmə Bakı Şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatı Birliyinin müvafiq müqavilələrinə əsasən qardaşı X19, dostu X9, atası Ağababa Əliyev və bacısı X6 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahələrinin təmsil etdiyi şəxs İddiaçı məxsus olmasını müəyyən etmişdir. Həmin torpaq sahələrinin satılması ilə bağlı danışıqlar məhz İddiaçılə aparılmışdır. Ən əsası da həmin torpaq sahəsinin satılmasında iştirak edən Əliyev X2 saxta olduğunu bəhanə edib barəsində cinayət işi başlanacağı, həbs olunacağı, rüsvayedici məlumatların yayılacağı ilə hədə-qorxu gəlinmiş, ona ödənilmiş pul vəsaitinin bir qismi geri tələb olunmuş və pulun bir qisminin də verilməsindən imtina olunmuşdur. Nəticədə Cavabdeh2 və mütəşəkkil dəstənin digər üzvünün qanunsuz əməlləri nəticəsində İddiaçı 74000 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh2 və qeyrilərinin barələrində olan cinayət işi üzrə yuxarıda qeyd olunan epizod üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinə birinci instansiya məhkəməsində baxılan zamanı tərəfindən mülki iddia verilməmişdir. Məhz ona görə də qeyd olunan hökmlə zərərçəkmiş şəxslərə, o cümlədən İddiaçı sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilmişdir. Həmçinin, Bakı Hərbi Məhkəməsinin müvafiq hökmünün əsaslandırıcı hissəsindən göründüyü kimi, İddiaçı gələcəkdə məhkəmədə mülki iddia irəli sürülməsi hüquqlarının olmasını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki. Cavabdeh2, X18 və X16 məxsus, sonuncunun, eləcə də Cavabdeh1 Bahadur qızı və X5 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 475 b və 475 d saylı torpaq və bağ sahələrinin üzərində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2016-cı il, 16 mart 2016-cı il və 08 fevral 2017-ci il tarixli qərarları ilə qoyulmuş həbs saxlanılmalı və həmin daşınmaz əmlaklar dövlət nəfmə müsadirə edilməməlidir. Baxılan mülki işlə bağlı maraqlısı odur ki, əgər İddiaçı zərərçəkmiş şəxs kimi cinayət işinə baxılan zamanı mülki iddia ərizə ilə müraciət etmiş olsa idi (məhkəmənin hökmündən də göründüyü kimi həmin hüququ ona izah edilmişdir), həmin mülki iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul olunmaqla, yekun məhkəmə aktı qəbul olunarkən müzakirə edilməklə təmin və ya rədd edilməsi barədə qərar qəbul olunacağı təqdirdə, hazırkı məhkəmə qərarı ilə həmin şəxsin mülki mühakimə icraatı zamanı onun iddia tələbi irəli sürməsinə subyektiv hüququnun olmaması səbəbi ilə rədd olunması, özlüyündə iki məhkəmə qərarı arasında ziddiyyətlərin olmasına, bir məhkəmənin şəxsin belə hüquqlarının mövcud olmasını təsbit etməsi və bu hüquqlarının olmasının ona izah edilməsi halında, digər məhkəmənin anlaşılmayan səbəbdən həmin şəxsin belə hüquqlarının olmaması qənaətinə gətirib çıxarmışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Mühüm amil olaraq əlavə olaraq qeyd edir ki, müvafiq iddia ərizəsində iddia tələbimizin məhz yuxarıda qeyd olunan cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməsinin tələb edilməsi ilə bağlı olsa da, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(006)-2814/2020 saylı qətnaməsində məhkəmə iddia irəli sürən şəxsin mülkiyyət hüquqlarının mövcudluğunu mübahisələndirərək, belə bir hüququn olmadığı qənaətinə gəlinməklə iddia tələbi rədd edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Cavabdeh1 təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 19.02.2020-ci il tarixli məktubdan görünür ki, 20.12.2015-ci il tarixdə vəfat etmiş X10 qalmış miras əmlakına dair vərəsələrinin ərizəsi əsasında 09.03.2016-cı ildə tərəflərindən vərəsəlik işi açılmış, qanunauyğun olaraq mərhumun arvadı - Cavabdeh1, 10.05.2011-ci il təvəllüdlü həddi buluğa çatmamış oğlu - X26 və qızı - X20 müəyyən olunmuşdur. Bakı Hərbi Məhkəməsinin 30.11.2017-ci il tarixli, 1(093)-84/2017 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 125-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 179.3.1 və 179.3.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 182.3.1 və 182.3.2-ci maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin Məcəllənin 341.2.1 və 341.2.3-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Cavabdeh2 təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının 25 dekabr 2015-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 19.04.2018-ci il tarixli, 1- 1(103)-07 saylı qərarı ilə Bakı Hərbi Məhkəməsinin Cavabdeh2 və X23 haqqındakı 30 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin materiallarından göründüyü kimi iddiaçı ona məxsus olan torpaq sahələrinin Cavabdeh2 və Cavabdeh1 Bahadur qızının mərhum əri X22 tərəfindən qanuna zidd şəkildə, hakimiyyətdən və qulluq mövqeyindən sui-istifadə edərək hədə-qorxu ilə ələ keçirilmiş və bununla da onun hüquq və mənafelərinə əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Lakin işə baxılan zaman İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahələrinin hər hansı hüquqla ona məxsusluğu müəyyən edilməmişdir. Belə ki, iddia ərizəsində sadalanan torpaq sahələrinin Cavabdeh2 və X15 qohumlarının adına rəsmiləşdirilməmişdən əvvəl Ağababa Əliyev, X19, X9 və X11 rəsmi olaraq məxsus olduğu müəyyən edilmiş və bu faktlar işin mübahisələndirilməyən hallarına aiddir. Beləliklə qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, həmin maddənin məzmununa görə vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ yalnız hüquqları pozulmuş şəxsə məxsusdur. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərər görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. Lakin iş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahələrinə dair hər-hansı hüquqa malik olması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin iddiaçının Cavabdeh2 və Cavabdeh1 Bahadur qızının mərhum əri X22 barəsində başlanılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından zərərin tələb edilməsinə dair subyektiv hüququna malik olmasına istinad etdiyi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxan məhkəmə üçün yalnız cinayət tərkibli hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələsində məcburiliyi nəzərə alınaraq, İddiaçı istinad etdiyi Cavabdeh2 və X15 təqsirləndirilmələrinə dair cinayət işləri çərçivəsində zərərçəkmiş şəxs qismində tanınması, mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla ona məxsus olmayan əmlaka cavabdehlər tərəfindən yiyələnməsi nəticəsində dəymiş hər-hansı zərəri tələb etmək hüququna malik olmasına əsas vermir. Nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Hazırkı halda isə, iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(006)- 2814/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2074/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2074/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver