Məhkəmə qərarları › İş №2(103)-2077/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2077/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2077/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 3068/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Qaz paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, AKX-02200xx/xx-2020 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

2. Cavabdehin adına olan abonent saldosundan (abonent kodu **********00001) görünür ki, 2023-cü ilin aprel ayında akt əsasında 1555,20 manat borc yazılmaqla, ümumi borc 1564,92 manat təşkil edir.

3. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, həmin tarixdə iddiaçının ünvanına quraşdırılmış G-4 seriyalı **********7 nörməli mexaniki sayğac yenisi ilə dəyişdirilmişdir. Sayğacın çıxarılmas səbəbi – qaz buraxması səbəbindən əvəzlənməsi olmuşdur.

4. Təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, həmin tarixdə cavabdehin əməkdaşları tərəfindən cavabdehin ünvanına quraşdırılmış sayğaca baxış keçirmişlər və baxış nəticəsində Azəriqaz İB-nin M-2- 2/3-5 rəyinə əsasən **********7 sayğacın hesablanma mexanizmi keçən qazın sərfiyyatının qeyd etməməsi müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, yuxarıda qeyd olunan akt əsasında itirilmiş qazın həcmi 12960 m3 müəyyən edilmişdir.

5. İddiaçı İB-nin qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-4296-1 nömrəli aktının surətindən görünür ki, cavabdehin ünvanına quraşdırılmış **********7 nömrəli sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdəyə birləşən hissədən kənar təsir nəticəsində əzilməsi, hesablama mexanizminin dişli çarxlarının üzərində əzik-cızıq izlərinin olması, bununla da sayğacın istismara yararsız olması müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 1564,92 manat məbləğində zərərin və ödənilmiş 35,65 manat dövlət rüsumunun əvəzini, ümumilikdə 1600,57 manat pulun məcburi qaydada tutularaq İddiaçı İBnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixli AKX-220049 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ərazisində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı Smart qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacına baxış keçirilərkən onun məqsədli şəkildə sayğacına müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1555,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin cavabdeh tərəfindən istifadə edilmiş ödənilməmiş 9,72 manat məbləğində qaz sərfiyyatı borcu vardır. Cavabdehin borcu hazırda abonent saldosu üzrə ümumi 1564,92 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 3068/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh istifadə edilmiş qaza görə 9,72 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 5 manat, cəmi 14,72 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 30,65 manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. (hakim X2)

9. Birinci instansiya məhkəməsinin hakimi belə qənaətə gəlmişdir ki, cavabdehin ünvanına quraşdırılmış sayğaca müdaxilə edilməsi, həmin müdaxilənin onun təqsiri nəticəsində baş verməsi, həmçinin bu halın hansı müddətdə baş verməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının abonent hesabına borcun hesablanması əsassız olmuşdur. Bundan başqa abonent saldosundan görünür ki, hazırda cavabdehin iddiaçıya təbii qazın sərfiyyatına görə 9,72 manat (1564,92 manat ümumi borcdan – akt əsasında hesablanmış 1555,20 manat) ödənilməmiş borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü, 21-ci, maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cü maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə olaraq onlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Təqdim olunmuş sübutlara –,yəni aktlara hərtərəfli və tam baxılmayıb və məhkəmə sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, ilkin1 iddia üzrə cavabdehin və ya abonentin iki il ərzində 189 manat debitor borcunun olduğunu və birlik tərəfindən tərtib olunmuş aktların əsassız olduğu qənaətinə gəlmişdir. Əslində abonentin iki il ərzində 189 manatlıq təbii qaz istehlak etməsi məhkəmədə şübhə yaratmalı idi və bundan da məlum olur ki məhkəməyə təqdim olunmuş sübutlar tam obyektiv və hərtərəfli araşdırılmamışdır. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Tam əsaslı olaraq verdiklərini iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq tam təmin etmədiyini öz qərarında bildirməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı öz nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3” 6.5-ci bənd. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. İddiaçı tərəfindən qətnamə iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini xahiş edildiyindən, qətnamə o hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, hazırkı işdə əməlin baş verib-vermədiyi, cavabdehin hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, sayğaca kənar müdaxilə edilməklə qaz itkisinin baş verməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz İddiaçı İB-nin üzərinə düşür.

25. İçin faktiki hallarına əsasən iddiaçının ünvanına quraşdırılmış mexaniki sayğac xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmiş və əvəzlənməsinə səbəb isə sayğacın qaz buraxması olmuşdur. Daha sonra isə həmin sayğaca yoxlama keçirilmiş və yararsız olduğu müəyyən edilmiş və bu səbəbdən təbii X3nın pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt əsasında cavabdehin abonent hesabına 1555,20 manat məbləğində borc hesablanmışdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat təqdim etməlidir. Qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Cavabdehin adına olan abonent saldosundan görünür ki, sözügedən aktın tərtib edildiyi tarixədək cavabdehin ünvanında olan sayğac tərəfindən istifadə edilmiş təbii qazın sərfiyyatı hər ay qeydə almışdır. Bu hallar abonent saldosunda öz əksini tapmışdır.

26. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 13-cü maddəsinin 6-cı və 8-1-ci hissəllərinin tələbinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmalı, eləcə də istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda qazın verilməsi dayandırılmalıdır. Lakin cavabdehin ünvanına quraşdırılmış sayğaca müdaxilə edilməsi, həmin müdaxilənin onun təqsiri nəticəsində baş verməsi, həmçinin bu halın hansı müddətdə baş verməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

27. Hazırda isə iş materialları ilə cavabdehin iddiaçıya təbii qazın sərfiyyatına görə 9,72 manat (1564,92 manat ümumi borcdan – akt əsasında hesablanmış 1555,20 manat) ödənilməmiş borcu qaldığı təsdiq edilir.

28. Mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

29. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

30. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli ilk aktdan sonra qaz paylayıcısının qeyriqanuni qoşulma yolu ilə əldə edilmiş qaz sərfiyyatının olduğu halda, qarşısının alınması üçün tədbirlər görməməsi cavabdehin kənar xətdən uzun müddət qeyri-qanuni istifadə etməsinə zəmin yaratdığından həmin akt əsasında hesablanmış ziyan məbləğləri əsassız olmaqla həmin hissələrdə iddia təmin edilə bilməz.

32. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-3068/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-3068/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar