Məhkəmə qərarları › İş №2(103)-208/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-208/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-208/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 noyabr 2020-ci il tarixli qətnamədən (İş № 2(004)-4617/2020), iddiaçı Cavabdehlər İddiaçı və Bakı Şəhəri 14 saylı Notariat Kontoruna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2021-ci il tarixli qətnamədən (İş № 2(001)-1021/2021) Cavabdeh verdiyi apellyasiya şikayətlərinə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birinci iş barədə məlumat: İddiaçı Cavabdeh iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 31.05.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 14 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-575 № altında qeydə alınmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 57.000 manat məbləğindən pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (1 manat komissiya xərci daxil olmaqla) əvəzinin – 31 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tanışı olan Cavabdeh 2018-ci ilin may ayında İddiaçı müraciət edərək ona 57.000 manat məbləğində pulun 1 il müddətinə borc verməsini xahiş etmiş və sonuncu, aralarında olan münasibətləri nəzərə alaraq borc verməkdən imtina etməmişdir. Aralarında olan razılığa əsasən onlar 31.05.2018-ci il tarixdə 14-cü Notariat Kontoruna gedərək borcun verilməsi ilə bağlı “Kredit müqaviləsi” bağlamış və İddiaçı 57.000 manatı Cavabdeh faizsiz olaraq, 31.05.2019-cu il tarixədək qaytarmaq şərti ilə vermişdir. Buna baxmayaraq Cavabdeh qeyd edilən müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcunu indiyə kimi qaytarmamışdır, baxmayaraq İddiaçı borcun qaytarılmasını ondan dəfələrlə tələb etmişdir. Borcun qaytarılmadığını görən İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün (1 manat komissiya xərci daxil olmaqla) 31 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.11.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçı ona qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı borcu 2017-ci ildə 5 faizlə ilə Cavabdeh vermiş, sonuncu isə aldığı borcu 2018-ci ildə İddiaçı qaytarsa da, faizləri ödəyə bilməmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək Cavabdeh ona qarşı dələduzluq edərək pulunun mənimsəməsi barədə şikayətlər etməyə başlamış və Cavabdeh məcburiyyət qarşısında qalaraq İddiaçı ilə 31.05.2018-ci il tarixdə “Kredit müqaviləsi” bağlamışdır. Həqiqətdə isə həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh borc verilməmişdir. İkinci iş barədə məlumat: İddiaçı Cavabdehlər İddiaçı və 14 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında 31.05.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 14 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Bu iddia tələbinin əsasları Cavabdeh Yasamal Rayon Məhkəməsi tərəfindən birinci iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinin əsasları ilə eyni olduğundan Məhkəmə onları bir daha təsvir etməyə lüzum görmür). İddiaçı iddia tələbinə qarşı yazılı etirazı ondan ibarət olmuşdur ki, onunla Cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” etibarsız deyil. O, müqavilənin bağlanması ilə bağlı Cavabdeh təsir göstərməmiş, Cavabdeh öz iradəsinə uyğun olaraq müqavilə bağlamış, hətta borc aldığını etiraf etmiş, lakin borcun qaytarılmasını bildirmiş, borcun qaytarılmasını bildirsə də, bu hal sübuta yetmir. Borcun qaytarılması ilə bağlı “Kredit müqaviləsində” nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq Cavabdeh ondan aldığı borcu qaytarmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, “Kredit müqaviləsi” 31.05.2018-ci il tarixdə bağlanmış, lakin Cavabdeh müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddianı 30.10.2020-ci il tarixdə irəli sürmüş, bununla da, Cavabdeh müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş 1 illik (kəsici) müddəti ötürmüşdür ki, bu halın özü iddia tələbinin rədd edilməsi üçün əsasdır. İşə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.09.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiasının təmin edilməsini xahiş etmişdir. (Bu apellyasiya şikayətinin əsasları birinci iş üzrə verilmiş apellyasiya şikayətinin əsasları ilə eyni olduğundan Məhkəmə onları bir daha təsvir etməyə lüzum görmür). İşlərin bir icraatda birləşdirilməsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən Cavabdeh verdiyi apellyasiya şikayətlərinə əsasən Məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı məlumat: İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş apellyator və ikinci iş üzrə cavabdeh olan Notariat Kontorunun nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, hər iki iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və hər iki iş üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələrinin əsaslarına və məzmunlarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayətləri təmin edilməməli, hər iki iş üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 31.05.2018-ci il tarixdə bağlanmış və həmin tarixdə 14 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, reyestrdə 3M-575 № altında qeydə alınmış “Kredit müqaviləsinin” məzmunundan görünür ki, həmin müqavilə o məqsədlə bağlanmışdır ki, İddiaçı 57.000 manat məbləğində pulu faizsiz olaraq Cavabdeh borc verir, Cavabdeh həmin borcu 31.05.2019-cu il tarixədək İddiaçı qaytarmaq barədə üzərinə öhdəlik götürür. İddiaçı bildirir ki, onunla Cavabdeh arşında bağlanmış “Kredit müqaviləsi” etibarsız deyil. O, müqavilənin bağlanması ilə bağlı Cavabdeh təsir göstərməmiş, Cavabdeh öz iradəsinə uyğun olaraq müqavilə bağlamış, hətta borc aldığını etiraf etmiş, lakin borcun qaytarılmasını bildirmiş, borcun qaytarılmasını bildirsə də, bu hal sübuta yetmir. Borcun qaytarılması ilə bağlı “Kredit müqaviləsində” nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq Cavabdeh ondan aldığı borcu qaytarmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, “Kredit müqaviləsi” 31.05.2018-ci il tarixdə bağlanmış, lakin Cavabdeh müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddianı 30.10.2020-ci il tarixdə irəli sürmüş, bununla da, Cavabdeh müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş 1 illik (kəsici) müddəti ötürmüşdür ki, bu halın özü iddia tələbinin rədd edilməsi üçün əsasdır. Cavabdeh isə bildirir ki, İddiaçı borcu 2017-ci ildə 5 faizlə ilə ona vermişdir. O, aldığı borcu 2018-ci ildə İddiaçı qaytarsa da, faizləri ödəyə bilməmişdir. Bundan sonra İddiaçı onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətlə müraciət edərək pulunun mənimsəməsini bildirmiş və o, məcburiyyət qarşısında qalaraq İddiaçı ilə 31.05.2018-ci il tarixdə “Kredit müqaviləsi” bağlamışdır. Həqiqətdə isə həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh borc verilməmişdir. Buna görə də, müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə 30.08.2021-ci il tarixli, ***-*******21 saylı müşayiət məktubu ilə təqdim edilmiş materialdan görünür ki, İddiaçı BMCMİ-yə Cavabdeh ona qarşı dələduzluq etməsi barədə müraciəti olmuşdur. BMCMİ tərəfindən aparılmış araşdırma zamanı İddiaçı verdiyi izahatda Cavabdeh 57.000 manat məbləğində pulu borc verdiyini, borcun qaytarılmadığını bildirmişdir. Cavabdeh isə izahatında İddiaçı 2018-ci ilin may ayında aylıq 5 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 50.000 manat məbləğində pulu borc aldığını və bu məbləğin müqabilində cavabdehə 19 ay ərzində hər ay faiz qismində 2.500 manat, cəmi 47.500 manat məbləğində pul ödədiyini, ondan eyni faiz dərəcəsi ilə borc aldığı 16.000 manat məbləğində pula görə isə 12 ay ərzində, hər ay 800 manat ödəməklə cəmi 9.600 manat məbləğində pul ödədiyini, ümumilikdə ötən dövr ərzində cavabdehdən 66.000 manat məbləğində pulu faiz ödəmək şərti ilə borc aldığını və faiz kimi bu məbləğin 57.100 manat hissəsini qaytardığını, hazırda cavabdehə cəmi 8.900 manat məbləğində borcunun qaldığını qeyd etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı ilk növbədə Cavabdeh İddiaçı 14 saylı Notariat Kontoruna qarşı irəli sürdüyü “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi” barədə iddiasının əsaslı olub-olmamasına, ikinci növbədə isə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının əsaslı olubolmamasına qiymət verilməlidir. Cavabdeh iddiasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3 və 340.1-ci maddələri ilə əsaslandırmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Həmin Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən hüquq normalarının tələblərindən Cavabdeh iddiasına yanaşdıqda müəyyən edilir ki, “borclu” olan Cavabdeh ilə “kreditor” olan İddiaçı arasında 31.05.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi üçün Cavabdeh sübut etməlidir ki, o, həmin müqaviləni görünüş üçün bağlamışdır və müqavilə uydurma əqdir. Cavabdeh bu halları sübuta yetirə bilmir. Əksinə, o, “birinci iş” üzrə qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayətində, “ikinci işin” icraatının başlanması üçün əsas olmuş iddia ərizəsində və BMCMİ-yə verdiyi izahatında İddiaçı borc aldığını etiraf etmişdir. Belə olan halda müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında 31.05.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” uydurma əqd deyil və görünüş üçün bağlanmamışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır (maddə 404.3.). Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4.). Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (maddə 404.5.). Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Binəqədi Rayon Məhkəməsi Cavabdeh iddiasının əsassız olması barədə qənaətinə gəlməkdə və bu səbəbdən həmin iddianı təmin etməməkdə haqlı olmuşdur. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı yuxarıda qeyd edilən “Kredit müqaviləsinə” əsaslanaraq həmin müqavilə üzrə Cavabdeh ondan aldığı və 31.05.2019-cu il tarixədək qaytarmalı olan borcun ödənilməsi məqsədi ilə 57.000 manat məbləğindən pulun Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir. İddiaçı iddia tələbini Mülki Məcəllənin 443.1, 445.2.1 və 739.1-ci maddələri ilə əsaslandırmışdır. Bu iddiaya etiraz edən Cavabdeh yuxarıda artıq qeyd edildiyi kimi, İddiaçı borc aldığını etiraf etmiş və borcun onun tərəfindən qaytarıldığını bildirir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı borc aldığını etiraf etdiyindən İddiaçı onun tərəfindən Cavabdeh borcun verilməsi faktını sübut etmək yükündən azaddır. Belə olan halda Cavabdeh borcun onun tərəfindən qaytarılması faktını sübut etmək yükünü daşıyır. Lakin o, bu halı təsdiq edə biləcək sübutları Məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, Məhkəmə, MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərindən çıxış edərək hesab edir ki, Cavabdeh mövqeyi əsassızıdır; Cavabdeh İddiaçı aldığı borcu qaytarmamışdır. İşin qeyd edilən hallarını nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsi İddiaçı iddiasının əsaslı olması barədə qənaətinə gəlməkdə və bu səbəbdən həmin iddianı təmin etməkdə haqlı olmuşdur. Həmin qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə gəldikləri nəticələr qanuni, əsaslı və işin hallarına uyğundur. Cavabdeh hər iki iş üzrə qəbul edilmiş qətnamələrdən verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamələrin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2021-ci il tarixli qətnamə və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 noyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumları onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar