Məhkəmə qərarları › İş №2(103)-208/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-208/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-208/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: dəymiş maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-58/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 07 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 24.01.2002-ci il tarixli Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və X2 notarial təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətiçisi İddiaçı Cəbrail qızıdır.

2. Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamənin notarial təsdiq edilmiş surətinə əsasən ünvan 1 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsinin Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan ərazidə yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanması məqsədi ilə Cavabdeh MMC-yə həvalə edilməsi qərara alınmışdır.

4. “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 265 saylı rəyinə görə ünvan 1 ünvanında yerləşmiş və hazırda sökülmüş qeyri-yaşayış sahəsinin 1 kv.m-nin həmin vaxta icarə (kirayə) haqqının dəyəri 14 manat, ümumilikdə icarəyə (kirayə) haqqının dəyəri isə 4509 manat məbləğində müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sökülmüş xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, lahiyədə nəzərdə tutulmuş qaydada üç tərəfə çıxışı olan 400 kv.m təmirli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, 2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondisioner, dəyəri 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanılması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 322,1 kv.m qeyriyaşayış sahəsi xx.xx.2001-ci il tarixli, 000387 nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin bir hissəsini aptek kimi özü işlətmiş, qalan hissəsini isə icarəyə verməklə gəlir əldə etmişdir. 322,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi tam təmirli vəziyyətdə olmuşdur. 2020-ci ilin mart ayında cavabdeh şirkət tərəfindən qeyri-yaşayış sahəsinin üzərində olan yaşayış evlərini sökərkən mülkiyyətində olan əmlaka ciddi ziyan vurmuşdur. Artıq qeyri-yaşayış sahəsinin qapı və pəncərələri sökülərək tam yararsız hala düşmüşdür. Cavabdeh şirkətin rəhbərlərindən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağı tələb etsə də, nəticəsi olmamışdır.

7. “X4 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, YD-122 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322.1 kv.m olan qeyri-yaşayış sahəsinin qiymətləndirmə tarixinə hər 1 kv.m üçün icarə haqqının bazar dəyəri 10,54 manat, ümumilikdə isə 3400 manat məbləğində müəyyən edilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(005)- 58/2022 nömrəli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia qismən təmin edilmiş, Cavabdeh MMC tərəfindən sökülmüş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, 2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hər ay kirayə haqqı əvəzinə 3954,5 manat məbləğində pulun İddiaçı Cavabdeh MMC tərəfindən ödənilməsi, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapının, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatorunun, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Aristonun, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondisionerin, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducunun, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducunun, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyfin və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun İddiaçı verilməsinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, C.Hacəbəyli küçəsi 2 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Bununla belə cavabdeh həmin ərazidə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınsa da, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacəbəyli küçəsi 2 ünvanında yerləşən əmlaka dair İddiaçı ilə razılaşmadan, müqavilə bağlamadan, əmlakın dəyərini bazar qiymətinə uyğun ədalətli şəkildə qabaqcadan ödəmədən, mülkiyyətində olan əmlakı dağıtmaqla bağlamış və yararsız vəziyyətə salmışdır. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində əmlak yararsız vəziyətə salınmışdır. Cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymiş, əmlakı bərpası mümkünsüz olan vəziyyətə gətirilmişdir. Tərəflər arasında sökülmüş əmlakın əvəzində daha artıq sahəsi olan və inşa ediləcək hündürmərtəbəli binanın birinci mərtəbəsinin hansı hissəsində əmlakın verilməsinə dair razılaşma və ya müqavilə olmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi istifadədə olmuş, yəni təmirli və kommunal təminatlı olmuşdur. Odur ki, cavabdeh tərəfindən sökülmüş iddiaçıya məxsus qeyri-yaşayış sahəsi 322,1 kv.m olduğundan və həmin sökülmüş əmlakın əvəzinə eyni həcmdə və mütənasib olan təmirli əmlakın verilməsi daha ədalətlidir.

10. Məhkəmə iddianın “2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin ödənilməsi” hissəsində qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacəbəyli küçəsi 2 ünvanında yerləşmiş və hazırda sökülmüş qeyri-yaşayış sahəsinin 1 kv.m-nin icarə (kirayə) haqqının dəyəri “X1” MMC-nin xx.xx.2021-ci il tarixli, 265 saylı rəyində 4509 manat məbləğində və “X4 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, YD-122 nömrəli rəyində isə 3400 manat məbləğində müəyyən edilmişdir. Odur ki, rəylərdə göstərilən məbləğlərin orta məxrəclərinin hesablanmasını yəni, (4509 manat + 3400 manat) : 2= 3954,5 manat məbləğində pulun 2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hesablanmaqla iddiaçıya cavabdeh tərəfindən ödənilməsini məqbul hesab edir.

11. Məhkəmə göstərmişdir ki, iddia tələbi “qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondisioner, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun cavabdehdən alınaraq ona verilməsi” hissəsində əsaslı olduğundan, iddia həmin hissədə tam təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 178.1, 1096, 1097.1, 1115, Mülki Prosessual Məcəllənin 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

14. İddiaçı apellyasiya şikayətində qətnamənin “Cavabdeh MMC tərəfindən sökülmüş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi” hissəsində ləğv edərək həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh əvvəlcə mübahisələndirilən əmlakı sökmədiklərini bildirsə də, sonradan mübahisələndirilən binanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarına əsasən söküldüyünü bildirmişdir. Cavabdehdən qərarının icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti Başçısının həmin ərazidəki torpaq sahəsində yenidən qurma işlərinin aparması məqsədi ilə vermiş olduğu Sərəncamı təqdim etmələrini xahiş etsə də, cavabdeh həmin sərəncamı təqdim etməmişdir. Göstərilən qərarın icrası ilə əlaqədar hüquqi və fiziki şəxslərə ərazidə yerləşən torpaq sahələrində mövcud olan yaşayış və ya qeyriyaşayış sahələrinin sökülməsi ilə əlaqədar mülkiyətçilərə və ya faktiki sahiblərə mövcud sahədən 20-30 faiz artıq sahələrin verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh eyni binada olan qeyri-yaşayış sahələrini sökərkən mülkiyyətçilərə faktiki sahənin 30 faizinədək əlavə sahələrin verilməsi ilə razılaşaraq müqavilələr bağlamışdır.

15. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi, kirayə haqqının tutulması və əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində dəqiq araşdırma aparmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, əşyalar iddiaçı şəxsin özü tərəfindən tikinti aparıldığı üçün daşınmışdır, belə ki, iddiaçı özü 166 yükdaşıma xidmətinə müraciət edərək əmlakların daşınmasını təmin etmişdir. Mübahisələndirilən əmlak əvvəllər köhnə tipli olmaqla aptek kimi işləyib və əldə etdikləri məlumata əsasən 700 manata icarəyə verilmiş, belə olan halda məhkəmə tərəfindən təyin olunan kirayə məbləği nə bazar qiymətlərinə, nə reallığa, nə də qanunuyğun deyildir. Kirayə haqqının məbləği, eləcədə cavabdehdə olmayan və iddiaçın özü tərəfindən daşınması təşkil edilən əşyalara görə MMC məsuliyyət daşımamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı

17. İddiaçının nümayəndəsi-vəkili məlumat ünvanlayaraq, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə iddiaçıya münasibətdə əvəzləşdirilən sahənin ölçüsü, cavabdehə münasibətdə isə kirayə haqqı və əmlakların dəyərinin tutulması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

35. Göründüyü kimi iddiaçı ünvan 1 ünvanında yerləşən 322,1 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.

36. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, Ceyhun Hacıbəyli, Ü.Bünyadzadə və C.Zeynalov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0.92 ha torpaq sahəsi Cavabdeh MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır.

37. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi onunla müqavilə bağlanılmadan, dəyəri ədalətli şəkildə qabaqcadan ödənilmədən, onun razılığı olmadan cavabdeh tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində yararsız vəziyyətə salınmışdır.

38. Cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində qeyri-yaşayış sahəsi tam yararsız vəziyətə salınmış, nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuş, iddiaçının öz əmlakı barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır.

39. İddiaçı tələbində cavabdeh tərəfindən sökülmüş xüsusi mülkiyyətində olan ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, lahiyədə nəzərdə tutulmuş qaydada üç tərəfə çıxışı olan 400 kv.m təmirli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb etmiş, məhkəmə isə eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin verilməsi qənaətinə gəlmişdir.

40. İddiaçı apellyasiya şikayətində bu hissəni mübahisələndirmişdir.

41. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslıdır.

42. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

43. Kollegiya hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində əlavə 20% olmaqla, ümumilikdə 386,52 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir.

44. Daha sonra iddiaçı 2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin ödənilməsini tələb etmiş, məhkəmə isə rəylərdə göstərilən məbləğlərin orta məxrəclərini hesablamaqla 3954,5 manat məbləğində pulun ödənilməsi qəanətinə gəlmişdi.

45. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili bununla bağlı olmuş və göstərilmişdir ki, əldə etdikləri məlumata əsasən iddiaçı obyekti 700 manata icarəyə vermişdir, məhkəmə tərəfindən təyin olunan kirayə məbləği nə bazar qiymətlərinə, nə reallığa, nə də qanuna uyğun deyildir.

46. Qeyd olunan dəlilin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4263-9/4469 nömrəli 27 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi və ona yaxın ərazilərdə yerləşən təmirli qeyri-yaşayış sahələrinin 1 kv.m-nin hazırda mövcud olan orta bazar qiyməti təqribən 5530,0 manat, təmirsiz qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta bazar qiyməti təqribən 3842,0 manat məbləğində müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 322,1 kv.m qeyriyaşayış sahəsinin və oxşar şəraitli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 4500,0 manat müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edimiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.

47. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 3954,5 manat məbləğində pulun tutulması müəyyən edilsə də, ekspertiza nəticəsində oxşar şəraitli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 4500,0 manat olduğu müəyyən edilmişdir.

48. Belə olan halda cavabdehin kirayə məbləğinin real olmaması barədə dəlilləri əsassız olmaqla, məhkəmənin qənaəti qanuni və əsaslı hesab edilir.

49. Cavabdehin apellyasiya şikayətinin digər dəlili əmlaklara bağlıdır, göstərilmişdir ki, əşyalar iddiaçı şəxsin özü tərəfindən tikinti aparıldığı üçün daşınmışdır.

50. İddia tələbində göstərilən əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı Kollegiya tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4263-9/4469 nömrəli 27 noyabr 2023-cü il tarixli ekspert rəyində həmin suala cavab verilməmiş və ekspert tərəfindən əşyaların dəyəri ilə bağlı qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır.

51. Bu səbəbdən Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında göstərilmişdir ki, iş materiallarında həmin əşyalar barədə (markası, modeli, ölçüləri və sair) kifayət qədər məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır.

52. Göründüyü kimi iddiaçı tələbində ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondisioner, dəyəri 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanılması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunu tələb etmiş, cavabdeh isə həmin əmlakların iddiaçının özü tərəfindən aparıldığını iddia etmişdir.

53. Əmlakların dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilsə də, tədqiqat aparılması üçün əmlaklar təqdim edilməmiş, həmçinin iddiaçı tərəfindən əmlaklara dair kifayət qədər ətraflı məlumat (əmlakların markası, modeli, ölçüləri və s.) təqdim edilmədiyindən tədqiqat aparılması mümkün olmamışdır.

54. Göründüyü kimi iddiaçının tələbi bu hissədə qeyri-müəyyən olmaqla, tələbinin əsasını təşkil edən halları sübut edə bilməmişdir.

55. Ona görə də bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(005)- 58/2022 nömrəli qətnaməsi qismən – ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində eyni sahəli və təmirli qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapının, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatorunun, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Aristonun, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondisionerin, dəyəti 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanması üçün soyuducunun, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducunun, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyfin və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun İddiaçı verilməsinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması hissələrində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, Cavabdeh MMC tərəfindən sökülmüş İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 322,1 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 386,52 kv.m təmirli qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. İddia tələbi qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca Ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “Mitsubişi” markalı kondisioner, dəyəri 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanılması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun cavabdehdən alınaraq ona verilməsi hissəsində rədd edilsin. Qətnamə qalan (2020-ci ilin mart ayından əmlakın iddiaçıya təhvil verilən günədək hər ay kirayə haqqı əvəzinə 3954,5 manat məbləğində pul cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi) hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar