Məhkəmə qərarları › İş №2(103)-2081/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2081/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2081/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin iddiası, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «pul tələbi, vurulmuş ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İlkin iddia üzrə Cavabdeh1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2460/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2360/2021 nömrəli 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə “Mercedes-Benz” GL450 minik markalı, 90- HZ-514 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh2 geri qaytarılması qət edilmişdir.

2. Məhkəmə-trasoloji ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 3/1121 saylı rəyi ilə müəyyən edilir ki, təqdim edilmiş “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər üzərində olmuş təkər disklərin dəyişdirilməsinə uyğun gəlir. Təqdim edilmiş “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucuların qaynaq üsulla kəsilərək dəyişdirilməsinə uyğun gəlir. Müvafiq elmi metodika olmadığından təqdim edilmiş “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucuların kəsilmə tarixini müəyyən etmək mümkün deyildir.

3. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 9/5821 saylı rəyi ilə müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, normal vəziyyətdə orta bazar qiyməti təxminən 23500,00 manat olmuş 2006-cı il buraxılışlı “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 14100,00 (23500-40%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir.

4. Qüsur aktına əsasən “Mercedes-Benz” GL 450 minik markalı, 90- HZ-514 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri - səsboğan borusu və sağ katalizator komplektinin qiyməti 4698,79 manat, sol katalizatorun qiyməti 5378,34 manat, R19 zavod istehsalı təkər diskinin 1 komplektinin qiyməti 997,50 manat olmaqla (997,50 x 4 ədəd), 3990 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5000 (beş min) manatın və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manatın müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiada göstərilir ki, Cavabdeh2 “Mercedes-Benz” GL450 minik markalı, Ban № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə digər Cavabdeh1 faktiki sahibliyinə verib. Bununla əlaqədar, Cavabdeh2 Cavabdeh1 həmin avtomobillə bağlı bütün hərəkətləri etməyə səlahiyyət (idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) etibarnamə verib. Cavabdeh1 isə nəqliyyat vasitəsini satışının təşkil edilməsi məqsədilə iş üzrə digər Cavabdeh3 təhvil verib. Sonuncu avtomobili Bakı şəhəri Binəqədi rayon ərazisində rəhbərlik etdiyi avtosalona yerləşdirmiş və avtomobilin satılması məqsədilə internetdə elan yerləşdirib. Avtomobilin satılması barədə internetdə yerləşdirilmiş elan vasitəsilə xəbərdar olub Bakı şəhərinə gəlmiş və Cavabdeh3 ilə razılıq əldə edərək avtomobili 24.500 manata sonuncudan almışdır. Bununla əlaqədar, Cavabdeh2 ona 05 fevral 2021-ci il tarixdə etibarnamə verib. Cavabdeh2 09 mart 2021-ci il tarixdə ona verdiyi etibarnaməni ləğv edib. Cavabdeh2 ilə danışdıqda sonuncu ona avtomobil üçün ödədiyi pulun Cavabdeh1 tərəfindən ona ödənilməməsini bildirib. Yaranmış vəziyyətlə bağlı avtomobil salonunun sahibi Cavabdeh3 məlumat vermiş və etibarnamənin bərpa edilməsi və ya ondan aldığı pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh3 bir neçə gün müddətinə bu məsələni həll edəcəyinə söz versə də, həll etməmişdir. Cavabdeh3 verdiyi pulların geri qaytarılmasını tələb etmiş, eyni zamanda pul qaytarıldığı vaxt avtomobili geri qaytaracağını sonuncuya bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh3 onu Bakı şəhərinə dəvət edərək 19.500 manatı qaytarmış, qalan 5000 manatı isə bir neçə günə qaytaracağına söz vermişdir. Lakin Cavabdeh3 bugünədək 5000 manatı qaytarmamışdır. Cavabdeh3 deməsinə görə, ondan aldığı 24.500 manatı Cavabdeh1, sonuncu isə Cavabdeh2 verib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)-2360/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və ona qarşı iddia tələbləri qismən təmin edilərək 2007-ci il buraxılışlı, “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan alınaraq Cavabdeh2 qaytarılması qət edilsə də, ona 5000 manat pulun qaytarılması məsələsi həll edilməmişdir.

7. Cavabdeh2 İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə vurduğu maddi ziyana görə 7033 (yeddi min otuz üç) manatın və ödənilmiş dövlət rüsumuna görə 91 (doxsan bir) manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddiada göstərilir ki, özünə məxsus olan 2007-ci il buraxılışlı, “Mercedes- Benz” GL450 minik markalı, Ban № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə ilə ilk iddia üzrə digər Cavabdeh1 vermişdir. Sonradan ona məxsus olan avtomobil ilk iddia üzrə üçüncü Cavabdeh3 tərəfindən ilk iddia üzrə İddiaçı faktiki olaraq satılmışdır. Avtomobilini cavabdehlərdən geri tələb etsə də qaytarmadılar. Nəticədə avtomobilin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)- 2360/2021 saylı qətnaməsinə əsasən onun cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı əmlakın geri qaytarılması və vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbləri qismən təmin edilərək “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq ona geri qaytarılması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır və 11 may 2022-ci il tarixdə yekun icra tədbiri həyata keçirilməklə 2263 saylı akt tərtib edilməklə həmin avtomobil ona qaytarılmışdır. Avtomobili götürüb evakuator vasitəsilə Bakıya gətirən kimi 18 may 2022-ci il tarixdə onu “Mercedes-Benz” rəsmi dileri olan "xxxx" MMC-də müayinə etdirmişdir. Məlum oldu ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı avtomobilin ona qaytarılacağını bildiyi üçün onun zavod istehsalı olan disklərini dəyişərək, üzərində “istismarı qadağandır” möhürü vurulmuş çatlı disklər qoymuş, həmçinin avtomobilin səsboğan borusunu qaynaq vasitəsilə kəsərək sağ və sol katalizatorlarını çıxarmışdır. Avtomobilin normal aşınması ilə bağlı olan və baxımsızlıqla bağlı xərclərini tələb etmir. Lakin avtomobilin ona qaytarılması ilə bağlı icra prosesi ərəfəsində bu cür ziyan vuran hərəkətləri nəticəsində ona dəymiş zərəri İddiaçı tələb edir. Qeyd edilən qanunazidd əməllər təqdim etdiyi sənədlər və fotoşəkillərlə tam təsdiqini tapır. Həmin sənədlərdən göründüyü kimi səsboğan borusu və sağ katalizator komplektinin qiyməti 4698,79 manat, sol katalizatorun qiyməti 5378,34 manat, R19 zavod istehsalı təkər diskinin 1 komplektinin qiyməti 4 əd x 997,50 manat olmaqla, 3990 manat təşkil edir. Qeyd edilənlərdən həmin ehtiyat hissələrinin yenilərinin ümumi dəyərinin 14.067,13 manat təşkil etməsi müəyyən olunur. Həmin ehtiyat hissələri üçün aşınma (amortizasiya) faizi tətbiq etməklə hətta yarı qiyməti götürülsə ona dəyən ziyan 7033 manat təşkil edir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2460/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə ilkin iddia tələbinin qismən təmin edilərək Cavabdeh3 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat tutularaq İddiaçı ödənilməsi; ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi; Cavabdeh2 İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh2 aid edilməsi; məhkəmə trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri cəmi 160 (bir yüz altmış) manat Cavabdeh2 tutulması və VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 həmin avtomobili 19.500 manata satmaq istəmiş, bunun üçün qohumu Cavabdeh1 etibarnamə vermiş, sonuncu da öz növbəsində avtomobili satması üçün digər Cavabdeh3 təhvil vermişdir. Cavabdeh3 da avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazindəki avtosalonuna apararaq internet resurslarında elan yerləşdirmişdir. İddiaçı həmin avtomobilin satılmasından elan vasitəsi ilə məlumat əldə etmiş və Cavabdeh3 ilə aralarındakı razılığa əsasən sonuncuya 24.500 manat pul ödəyərək “MercedesBenz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. Bundan sonra avtomobilin sahibi Cavabdeh2 tərəfindən avtomobilə dair İddiaçı etibarnamə verilmişdir. Avtomobilin satışından əldə edilmiş 19.500 manat, yəni Cavabdeh2 satış üçün müəyyən etdiyi məbləğ sonuncuya ödənilmədiyindən, o, İddiaçı və Cavabdeh1 qarşı əmlakın geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırda İddiaçı avtomobil sahibliyindən alındığından avtomobilin alınması üçün ödədiyi 24.500 manatın 5000 manatını (19.500 manatın Cavabdeh3 tərəfindən İddiaçı qaytarılması işin mübahisəsiz halıdır) cavabdehlərdən tələb edir. Avtomobilin alınması ilə bağlı razılaşma Cavabdeh3 ilə İddiaçı arasında olduğundan və sonuncu tərəfindən avtomobilin satış qiyməti olaraq 24.500 manat Cavabdeh3 verildiyindən, hazırda isə avtomobil İddiaçı alınaraq Cavabdeh2 qaytarıldığından, avtomobilin satışından əldə edilmiş 5000 manatın (24.500-19.500) Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə iddia tələbini digər cavabdehlərə münasibətdə isə əsassız hesab edir Belə ki, yuxarıda qeyd edildiyi kimi, avtomobilin mülkiyyətçisi Cavabdeh2 olsa da, sonuncu avtomobilin satılması üçün Cavabdeh1 etibarnamə vermiş, o, da öz növbəsində avtomobili satması üçün digər Cavabdeh3 təhvil vermişdir. Avtomobilin satılması ilə bağlı danışıqlar və pulun ödənilməsi Cavabdeh3 ilə İddiaçı arasında olmuşdur. Cavabdeh2 avtomobilin pulunun ona ödənilməməsi səbəbindən Cavabdeh1 və İddiaçı qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsinə əsasən avtomobil sahibliyinə qaytarılmışdır. Cavabdeh1 isə Cavabdeh3 ilə İddiaçı arasında olan razılaşmada iştirak etməmiş, İddiaçı avtomobilin pulunu Cavabdeh3 verdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddiaçının iddia tələbinin əsasını “Mercedes-Benz” GL450 minik markalı, 90- HZ-514 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın ödənilməsi təşkil edir. Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırkı mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə, qarşılıqlı iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 7033 manat məbləğində ziyanın vurulmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin məhz ilk iddiaçı tərəfindən vurulduğunu (avtomobilə zərərin onun məhz İddiaçı istifadəsində olan zaman dəyməsi, avtomobilin sonuncudan təhvil alınan zaman avtomobilin vəziyyətini özündə əks etdirən akt və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız qarşılıqlı iddiaçının izahatı mövcuddur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə qarşılıqlı iddiaçı öz izahatında bildirdiyi kimi, “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7033 manat məbləğində zərər vurulduğunu qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Eyni zamanda, ekspert rəyinə əsasən “Mercedes-Benz” GL450 minik markalı, 90- HZ514 dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucuların kəsilmə tarixini müəyyən etmək mümkün olmamışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən delikt törədilməsi məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Qarşılıqlı iddianın təmin edilməsinin maddi əsası birbaşa prosessual əsasa söykəndiyindən - sübutetmə ilə bağlı olduğundan həmin dəlilləri məhkəmənin nəzərinə çatdırırlar. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə olan halda, qarşılıqlı iddianın sübuta yetirilməməsi barədə gəlinən nəticə istinad edilən prosessual hüquq normalarının pozuntusudur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddiasının əsasını sübuta yetirmiş, cavabdeh isə öz etirazını «avtomobilə tərəfindən heç bir ziyan vurulmamışdır» sübuta yetirə bilməmişdir. Belə ki, avtomobil satışa qoyulan zaman fotoşəkillərdən onun vəziyyəti müəyyəndir, sonradan qarşılıqlı iddia üzrə cavabdehin sahibliyindəki müddətdə qeyd edilən zərər qəsdən yetirilmişdir. Əksini sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə qoyulmalı idi.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 Cavabdeh2 mövqeyini müdafiə etdi.

15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə Cavabdeh3 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Əvvəla, qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) həmin hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları qarşılıqlı iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. Ancaq qarşılıqlı iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik qarşılıqlı iddia üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından qarşılıqlı iddia haqlı sayılmır.

25. Əvvəla, maddi zərər vurulması üçün qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və qarşılıqlı iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İşdən bəlli olur ki, Cavabdeh2 İddiaçı qarşı mübahisə predmeti olmuş atomobilin geri qaytarılmasını tələb edərkən maddi və mənəvi ziyan əvəzi də tələb etmiş, lakin həmin hissələrdə iddiası rədd edilmişdir. Cavabdeh2 hazırki iddiasının əsası fərqlidir, yəni avtomobil məhkəmə qətnaməsinin icrası ilə əlaqədar ona qaytarılarkən aşkar etdiyi qüsura görə bu iddianı irəli sürdüyünü bəyan edir. 26.Apellyasiya baxışı zamanı Cavabdeh2 faktiki olaraq tələbinin bir hissəsinin, yəni təkər disklərinin İddiaçı tərəfindən dəyişdirilmədiyini etiraf etdi, başqa sözlə avtomobilin sonuncuya satılanadək avtosalonda disklərin dəyişdirildiyini bildirdi. Demək ki, disklərlə bağlı İddiaçı qarşı yönələn tələb əvvəlcədən yanlış olmuşdur. Ona görə də, nəqədərki, qarşılıqlı iddiaçı tələbinin bu hissəsi üzrə iddiasının əsassızlığını özü etiraf və qəbul edir, deməli şikayətin bu hissə ilə bağlı dəlillərinə hüquqi qiymt verilməsinə də zərurət aradan qalxmış olur. 27.Qarşılıqlı iddianın digər hissəsi olan avtomobilin səsboğucularının qaynaq üsulla kəsilərək dəyişdirilməsinə gəldikdə isə bu hissədə də şikayətin dəlilləri əsassızdır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən tələbin bu hissəsi üzrə də düzgün nəticəyə gəlinmişdir. Məhkəmə tələbin bu hissəsi üzrə xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığına görə iş üzrə öz təşəbbüsü ilə ekspertiza təyin etmiş və ekspertiza rəyi ilə də səsboğucuların kəsilmə tarixinin müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Əslində qarşılıqlı iddanın əsası kimi istinad etdiyi halları sübut etmək yükü Cavabdeh2 üzərinə düşür, lakin o, bu barədə məhkəməyə heç bir mötbər sübut təqdim etməyib. Əksinə məhkəmə özü ekspertiza təyin edib bu halın (səsboğucuların İddiaçı tərəfindən qaynaq üsulla kəsilərək dəyişdirilməsinin) həqiqi olub-olmamasını müəyyənləşdirməyə cəhd etsə də yenə də qarşılıqlı iddianın bu hissəsinin əsaslı olduğu öz təsdiqini tapmamışdır. Bu cür vəziyyətdə necə qənaətə gəlmək olar ki, səsboğucuların qaynaq üsulla kəsilməsi məhz avtomobilin İddiaçı sahibliyində olduğu zaman baş vermişdir. Əlbətdə ki, bu ritorik sual olsa da qarşılıqlı iddiaçı iddiasının bu hissəsinin əsaslı və keçərli olması üçün məhkəməyə mötəbər sübutlar təqdim etmək vəzifəsinin olduğunu bilməli idi. Bu hadisənin məhz avtomobilin İddiaçı istifadəsində və sahibliyində olduğu dövrdə baş verməsi də inandırıcı və ağlabatan deyildir. Ona görə də qarşılıqlı iddiaçının deliktə görə məsuliyyət daşımalı olduğunu ehtimal etdiyi qarşılıqlı iddia üzrə cavabdehə qarşı bu cür iddia irəli sürməsi yanlış olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür qarşılıqlı iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda alqı-satqı münasibətləri, hüquqdan sui-istifadə etmə, zərərvurmadan irəli gələn öhdəliklər institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2460/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2460/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar