Məhkəmə qərarları › İş №2(103)-2083/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2083/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2083/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: vurulmuş əsas zərərin naturada, digər hissələrdə isə kompensasiya şəklində ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X3 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş əsas zərərin naturada, digər hissələrdə isə kompensasiya şəklində ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(005)-22/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 10.03.2016-cı il tarixli Texniki pasporta əsasən Bakı şəhəri Nərimanov rayonu 1956-cı məhəllə Əliyar Əliyev küçəsi 19 saylı bınanın arxasında sağdan 2 saylı sahəsi 20,4 kv.m olan qaraj İddiaçı qanuni istifadəsində olmuşdur.

2. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyr-iyaşayış binalarının sökülüb, yerində çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-nə həvalə edilmişdir. Eyni zamanda sərəncama əsasən tikinti işləri başa çatanadək qeyd edilən mənzillərin sahiblərinin hər ay kirayə haqlarının ödənilməklə başqa mənzillərə köçürülməsi, tikinti işləri başa çatdıqdan sonra tam təmirli mənzillərlə təmin olunması Cavabdeh MMC-nin üzərinə öhdəlik kimi qoyulmuşdur.

3. İddiaçıya məxsus qaraj 19 may 2018-ci il tarixdə sökülmüşdür.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Cavabdeh MMC-nə ünvanlandığı xx.xx.2018-ci il tarixli, xx/xx-03185 nömrəli məktubda göstərilmişdir ki, ünvan 1 ünvanda yaşayan bir qrup sakinin ünvan 2ə mülkiyyətlərində olan qarajların "Sizin Mənzil” MMC tərəfindən sökülüb dağıdılması və ərazidə söküntü və tikinti işlərinin icazə sənədlərinin olmadan aparılması tikinti ünvanda yaşayan Vüsal və İddiaçılar, Emil Novruzov, Afət Allahverdiyeva, Faık Əliyev, Eldar Quluyev, Əflan Məmmədov. Böyükxanım Əliyeva mülkiyyətlərində olan Ə. Əliyev küçəsi, 1956-cı məhəllədə yerləşən qarajlarının ərazisində Cavabdeh MMC tərəfindən söküntü işləri aparılarkən onlara məxsus olan qarajların sökülərək yararsız hala salınması barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladıqları müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Müəyyən edilmişdir ki, Nərimancv Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli sərəncamı ilə rayonun Ə. Əliyev küçəsi, 22 ünvanda yerləşən ərazidə yeni çox mərtəbəli yaşayış binalarının tikintisi üçün 2.27 ha torpaq sahəsi “Sizin Mənzil" MMC-nin daimi istifadəyə verilmişdir. Həmin sərəncamın 2.6-cı bəndinə əsasən rayonun Ə. Əliyev küçəsi, 22 ünvanda yerləşən yaşayış və qeyriyaşayış binalarının sökülməsindən əvvəl sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi " Sizin Mənzil” MMCnə həvalə edilmişdir. Lakin Sizin şirkət Şəhərsalma və Tikinti Məcəlləsinin, tikintiyə dair normativ sənədlərin və Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamının 2.6 və 3-cü bəndlərinin tələblərini pozaraq ərazdə yaşayan sakinlər tam köçürülmədən tikinti quraşdırmaişlərinə başlamışdır ki. bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Odur ki, qeyd edilən ünvanda yaşayan sakinlərin köçürülməsi təmin edilsin və tikintisinə başlanılan çox mərtəbəli yaşayış binalarının tikinti layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırılması cavabdehə tapşırılır. Əks təqdirdə cavabdehə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəkdir.

5. Azərbaycan Respublika Ali Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2-1(102)1312/2022 saylı qərarı ilə qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən 2.000 manat tutularaq, 1.000 manat Nümayəndə, 1.000 manat İddiaçı ödənilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə bir neçə ərizə ilə məhkəməyə müraciət edərək, nəticə etibarı ilə: 1) qeyri-yaşayış binası – qarajın qanunsuz sökülməsi ilə bağlı ona vurulmuş zərərin əvəzinin naturada, yəni Cavabdeh MMC tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Əliyar Əliyev küçəsinə bitişik hissəsindəki ikimərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə birbaşa çıxışı və minimum 4 metr enində cəbhəsi (sökülən əmlakının girişinə uyğun olaraq) olan 50 kv.m təmirli qeyri-yaşayış sahəsinin verilməsi və ya hazırkı tariflərə uyğun olaraq dəyərinin ödənilməsi; 2) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin; 3) söküntü zamanı obyektdə olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat məbləğində vəsaitin; 4) məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə çəkilmiş xərcə görə 2.010 manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin; 5) vurulmuş mənəvi zərərə görə 10.000 manat vəsaitin; 6) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1000 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülmüş, ona məxsus qeyri-yaşayış binasının altında olan ümumi torpaq sahəsi texniki pasporta əsasən 20.4 kv.m təşkil edirdi. Başqa sözlə, qeyri-yaşayış binasının tutduğu torpaq sahəsi təbii olaraq obyektin texniki ölçülərindən 31% daha böyük idi (15.6 + 31% » 20.4). İşdə olan MKİS tərəfindən verilmiş arayışdan, eskiz layihədən və Sərəncamın ləğvi ilə əlaqədar inzibati iş üzrə məhkəmənin təyin etdiyi ekspert rəyindən isə görünür ki, sözügedən qeyri-yaşayış binasının (qarajın) faktiki sahəsi söküntü aparılmadan öncə 25.4 kv.m olmuşdur. Müvafiq olaraq həmin obyektin altında yerləşən ümumi torpaq sahəsi isə 25.4 + 31% » 33 kv.m təşkil edirdi. Cavabdeh isə hazırda qeyri-qanuni zəbt etdiyi həmin 33 kv.m torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi tikmişdir. Başqa sözlə, Cavabdeh MMC üçün önəmli olan söküləcək obyekt yox, əslində onun altındakı faktiki ümumi torpaq sahəsidir. Mülkiyyətində olan qeyri-yaşayış binasını sökməklə cavabdeh şəxsi istifadəsində olan 33 kv.m torpaq sahəsini qanunsuz ələ keçirmişdir. Əlavə olaraq nəzərə alınmalıdır ki, həmin ərazidə söküntü və tikintiquraşdırma işlərinin aparılmasının hüquqi əsası kimi, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı çıxış edir. Preambulaya əsasən, həmin Qərar sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən, bu məqsədlə, tikinti şirkətləri tərəfindən “... söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Qərarda fiziki şəxslərin yalnız mülkiyyətində deyil, habelə istifadəsində olan torpaq sahələrinin əvəzləşdirilməsi də müəyyənləşdirilmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Nəzərə alsaq ki, bu söküntü işləri dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak sayıla bilməz, tamamilə kommersiya, varlanmaq məqsədi ilə həyata keçirilir, deməli əmlak sahibinin maraqları, tələbləri faiz dərəcəsində daha çox nəzərə alınmalıdır və yalnız onun razılığı ilə həyata keçirilə bilər. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndində mülkiyyət hüququnun mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğu təsbit edilmişdir. Göründüyü kimi, başqasının (cavabdehin) onun əmlakının dəyəri, neçə faiz əlavəsi ilə əvəzləşməli olduğu, nə qədər kirayə haqqı ödənəcəyi ilə bağlı sərəncam vermək, bir sözlə özünə sərf edəcək şəkildə mülkiyyət sahibinə dəyər diqtə etməsi yolverilməzdir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin Qərarının icrası istiqamətində tikintiquraşdırma işləri üzrə artıq bir neçə “pilot” layihələri işlənmiş və təhvil verilmişdir. Hər bir layihənin nəticəsi olaraq da layihənin əsas məqsədinə nail olmaq üçün analoji təcrübədə sakinlərin sahib olduqları, sökülmüş yaşayış və qeyri-yaşayış sahələri qarşılıqlı razılıq əsasında təxminən 40- 70% əlavə olmaq şərti ilə müxtəlif faiz dərəcələrində daha geniş sahələrlə əvəzləşdirilmişdir. Deməli, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə ona vurulmuş zərəri cavabdehin qanunsuz əldə etdiyi 33 kv.m torpaq sahəsinin qeyd edilən Fərmanın və Nazirlər Kabinetinin Qərarının tələblərinə və şəxsi əmlakı barədə müstəqil sərəncam vermək hüququna uyğun olaraq, əmlakının dövlət ehtiyacı olmadan, kommersiya məqsədi ilə əldə edildiyini də nəzərə alınaraq ortalama 50 faiz miqdarında ağlabatan dərəcədə artırmaqla (33 + 50% = 50), yəni 50 kv.m olaraq naturada tələb etməkdə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-315/2021 saylı Qərarı ilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsinə aid hissədə ləğv edilmişdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasını faktiki olaraq qanunsuz sökməklə əsassız varlanmışdır. Odur ki, qanunsuz söküntü zamanı hələ tikinti altı sahə nəzərə alınmadan obyektin faktiki ölçüsünün 25.4 kv.m olmasını və söküntü yerində ikimərtəbəli qeyriyaşayış sahəsinin tikilməsini (1-ci mərtəbə 25.4 kv.m + 2-ci mərtəbə 25.4 kv.m) nəzərə almaqla, iddiaçı tərəfindən 50 kv.m qeyri-yaşayış sahəsinin (əsassız varlanma nəticəsində əldə edilmiş) tələb edilməsi qanuni və əsaslıdır. MMC-nin inzibati məhkəməyə verdiyi etirazda NK-nin məlum qərarına uyğun olaraq sakinlərə 300-500 AZN icarə haqqının verilməsi və mövcud sahədən minimum 20% artıq yeni sahələrinin verilməli olduğunu özü etiraf edib (aralarında bağladıqları Müqavilədə də bu öz əksini tapmışdır). Hətta Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il 98 nömrəli Sərəncamının 2.6-cı bəndində belə Sizin Mənzil MMC-yə sakinlərlə qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi təmin olunsun tapşırığı verilib. Məhkəməyə təqdim olunmuş, söküntüdən əvvəlki foto şəkillərdən də sübüt olunur ki, həmin ərazidəki qeyri-yaşayış sahələri maşınların təmiri ilə bağlı kommersiya obyektləri kimi fəalliyyət göstərməkdə idi. Onun qeyri-yaşayış sahəsinin yerində inşa olunmuş ikimərtəbəli qeyri-yaşayış sahəsi hazırda tam hazırdır və kimlərsə həmin yerdə eyni fəaliyyət növü üzrə "AvtoTəkər" adı altında kommersiya fəaliyyəti ilə məşğul olmaqdadır. Bu da o deməkdir ki, həmin ərazidə yerləşən qeyri-yaşayış sahələri standart qaraj deyildilər və hətta 5 il bundan əvvəl də indiki fəaliyyət növünə uyğun olaraq, ölçülərinə və yoldan uzaqlıqlarına görə minimum 500 azn-dən başlayan aylıq icarə haqları ilə biznes obyektləri kimi fəaliyyət göstərirdilər. Bütün bu sadalalanları, həmin ərazidəki qeyri-yaşayış sahələrinin icarə haqlarını və əmlakı barədə müstəqil sənəncam vermək hüququnun olduğunu da nəzərə alaraq, ən minimumdan belə hesablansa, əldən çıxmış faydanın (icarə haqqının) ilk il üçün aylıq 500 azn-dən, sonrakı illər üçünsə real inflyasiya da nəzərə alınmaqla və biznes qaydalarına uyğun olaraq ildə bir dəfə icarə haqqının artım hüququ da nəzərə alınmaqla, yəni hər il icarə haqqı məntiqlə 100 azn artmaqla, növbəti illərdə uyğun olaraq 600, 700, 800, 900, ... azn kimi hesablanmasını ağlabatan edir. Yəni qeyri-yaşayış obyekti naturada ona təhvil verilənə qədər 1-ci il üçün aylıq 500 azn məbləğində (12 x 500 = 6000 azn), 2- ci il üçün 600 azn (12 x 600 = 7200 azn), 3-cü il üçün 700 azn (12 x 700 = 8400 azn), 4-cü il üçün 800 azn (12 x 800 = 9600 azn), 5-ci il üçünsə 900 azn (12 x 900 = 10.800 azn) məbləğində kirayə haqqının əvəzi olaraq kompensasiya ödənilməsinə dair iddia tələbi irəli sürməkdə haqlıdır (təhvil verilmə gecikdiyi halda növbəti illərdə də hər ilə 100 azn kirayə haqqı qalxmaqla).

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(005)- 22/2022 nömrəli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı ünvan 3 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, mənəvi zərərin əvəzi olaraq 1.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi, qalan hissələrdə iddianın təmin olunmaması qət edilmişdir.

9. Məhkəmə göstərmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlak cavabdeh tərəfindən onun razılığı olmadan sökülmüşdür. Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə 19 saylı binanın arxasında sağdan 2 saylı qaraj İddiaçı adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmaqla, tikinti altı sahəsi 20.4 kv.m təşkil etmişdir. Sökülmüş tikili Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllə qarajlar sırasında 2 nömrəli qarajdır və təyinatı avtomaşınların saxlanılması üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin qarajın sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də sökülmüş qarajın əvəzində inşa edilmiş binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən iddiaçıya sökülmüş qarajının əvəzində ünvan 4 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsi Cavabdeh MMC-yə həvalə edilməlidir.

10. Məhkəmə belə qənaətə gəlmişir ki, iddiaçının əmlakı cavabdeh tərəfindən onun razılığı olmadan söküldüyündən, ona mənəvi zərər dəymiş bu məbləgi məhkəmə 1.000 manat müəyyən edir və həmin məbləgin onun xeyrinə tutulması qənaətinə gəlir.

11. Digər iddia tələbləri ilə bağlı iddiaçı məhkəməyə sübutlar təqdim etmədiyindən məhkəmə həmin hissələrin təmin olunmaması qənaətinə gəlmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Mülki Məcəllənin 16.1, 152.6, 560.1, 560.2, 385.1, 442, 425, Mənzil Məcəlləsinin 5.3, 18, 152.1, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, MPM-nin 14.2, 217.3, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsinin naturada ona qaytarılmasını və məhz sökülmüş qarajın yerləşdiyi yerdə təhvil verilməsini haqlı olaraq tələb etmişdir. Belə ki, sökülmüş əmlakın əsas yola birbaşa çıxışı olmuş, yəni “ana” yolla eyni səviyyədə yerləşmiş, eyni zamanda heç də birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi “təyinatı avtomaşınların saxlanılması” olmamışdır. Həmin qaraj dörd tərəfi bağlı, daşdan inşa edilmiş, saxlanc yeri və kommersiya məqsədləri üçün istifadəyə tam yararlı olmuşdur. Başqa sözlə, qarajın istifadə təyinatı geniş olduğundan, onun maraqlarına tam uyğun olmuşdur. Lakin hazırki halda birinci instansiya məhkəməsinin tələbinə uyğun olaraq ona verilməli olan əmlakın yaşayış binasının birinci mərtəbəsində yerləşməli olması barədə qeydi etməməsi, gələcəkdə həmin qətnamənin icrasını mümkünsüz edəcəkdir. Belə ki, yeni inşa edilən tikililərdə qaraj anlayışı olmur, həmin tikililərdə yeraltı dayanacaqlar olur ki, onlar da yol səviyyəsindən yaxşı halda 8 metr dərində (aşağıda) yerləşir, dörd bir ətrafı təhlükəsizlik baxımından açıq olur və yuxarıda qeyd edildiyi kimi istifadə funksionallığına görə onun maraqlarına uyğun deyildir. Qardaşına məxsus qeyriyaşayış sahəsi də eyni cavabdeh tərəfindən eyni formada sökülmüş, məhkəmənin müvafiq qətnaməsi ilə hazırki qətnaməyə oxşar məhkəmə aktı qəbul edilmiş, yəni ona da yeraltı dayanacaqda “qaraj” verilməsi öhdəliyi hazırki cavabdehin üzərinə qoyulmuş, lakin həmin qətnamə üzrə icra sənədi icrası mümkün olmayan sənəd kimi geri qaytarılmışdır və yekun qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilərək icraata götürülmüşdür. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il, 86 nömrəli qərarında və Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il, 98 nömrəli Sərəncamının 2.6-cı bəndində belə “Sizin Mənzil MMC”-yə sakinlərlə qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi təmin olunsun göstərişi verilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş, söküntüdən əvvəlki foto şəkillərdən də sübüt olunur ki, həmin ərazidəki qeyri-yaşayış sahələri maşınların təmiri ilə bağlı kommersiya obyektləri kimi fəalliyyət göstərməkdə idi. Ona məxsus qeyriyaşayış sahəsinin yerində inşa olunmuş ikimərtəbəli qeyri-yaşayış sahəsi hazırda tam hazırdır və həmin yerdə eyni fəaliyyət növü üzrə "AvtoTəkər" adı altında kommersiya fəaliyyəti ilə məşğul olmaqdadır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi.

17. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (İddiaçı ünvan 3 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi) hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, mənəvi zərərə aid hissədə dəyişdirilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

29. 10.03.2016-cı il tarixli Texniki pasporta əsasən Bakı şəhəri Nərimanov rayonu 1956-cı məhəllə Əliyar Əliyev küçəsi 19 saylı bınanın arxasında sağdan 2 saylı sahəsi 20,4 kv.m olan qaraj İddiaçı qanuni istifadəsində olmuşdur.

30. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyr-iyaşayış binalarının sökülüb, yerində çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikilməsi Cavabdeh MMC-nə həvalə edilmişdir. Eyni zamanda sərəncama əsasən tikinti işləri başa çatanadək qeyd edilən mənzillərin sahiblərinin hər ay kirayə haqlarının ödənilməklə başqa mənzillərə köçürülməsi, tikinti işləri başa çatdıqdan sonra tam təmirli mənzillərlə təmin olunması Cavabdeh MMC-nin üzərinə öhdəlik kimi qoyulmuşdur.

31. İddiaçıya məxsus qaraj 19 may 2018-ci il tarixdə sökülmüşdür.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2-1(102)-1312/2022 nömrəli qərarından müəyyən edilir ki, İddiaçı və Nümayəndə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli sərəncamını mübahisələndirmişlər və qeyd edilən qərarla qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən 2000 manat tutularaq, 1000 manat iddiaçı Nümayəndə, 1000 manat İddiaçı ödənilməsi qərara alınmışdır.

33. Həmin qərarla müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın qərarına əsasən iddiaçıların razılığı alınmadan və hər hansı kompensasiya ödənilmədən onların qanuni istifadəsində olan qarajlar sökülmüş, bununla da iddiaçıların əmlak hüquqlarına qanunsuz müdaxilə olunmuşdur.

34. İddiaçı hazırki iddiasında həmin qeyri-yaşayış binası – qarajın qanunsuz sökülməsi ilə bağlı bir neçə tələb irəli sürmüşdür: 1) qeyri-yaşayış binası – qarajın qanunsuz sökülməsi ilə bağlı ona vurulmuş zərərin əvəzinin naturada, yəni Cavabdeh MMC tərəfindən tikintisi həyata keçirilən çoxmərtəbəli yaşayış kompleksinin Əliyar Əliyev küçəsinə bitişik hissəsindəki ikimərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindən həmin küçəyə birbaşa çıxışı və minimum 4 metr enində cəbhəsi (sökülən əmlakının girişinə uyğun olaraq) olan 50 kv.m təmirli qeyri-yaşayış sahəsinin verilməsi və ya hazırkı tariflərə uyğun olaraq dəyərinin ödənilməsi; 2) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin; 3) söküntü zamanı obyektdə olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat məbləğində vəsaitin; 4) əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1000 manat məbləğində vəsaitin; 5) məhkəmə məsrəflərinə, o cümlədən vəkil xidmətlərinə çəkilmiş xərcə görə 2.010 manat, qiymətləndirmə şirkətindən verilmiş arayışa görə 100 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin; 6) vurulmuş mənəvi zərərə görə 10.000 manat vəsaitin ödənilməsi.

35. Birinci tələbə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya sökülmüş qarajının əvəzində ünvan 3 ünvan 1956-cı məhəllədə) inşası başa çatan binalardan hər hansı birində sahəsi 20,4 kv.m-dən az olmayan qaraj verilməsi Cavabdeh MMC-yə həvalə edilməlidir.

36. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır, bu hissədə qətnamə ləğv edilməli, iddiaçının tələbi bu hissədə qismən əsaslı olmaqla, qismən təmin edilməlidir.

37. Belə ki, texniki pasporta əsasən iddiaçının qanuni istifadəsində olmuş qarajın cavabdeh tərəfindən iddiaçının razılığı olmadan sökülməsi işin mübahisəsiz halıdır.

38. İddiaçı da hazırda qarajın qanunsuz sökülməsi nəticəsində vurulmuş zərərinin əvəzinin naturada və ya dəyərinin ödənilməsini tələb etmişdir.

39. Qanunvericiliyin tələbinə əsasən də zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

40. Kollegiya qeyd edir ki, hazırki halda zərərin əvəzinin naturada ödənilməsi mümkün deyildir, belə ki, cavabdeh tərəfindən tikilmiş binalarda yerüst qarajlar nəzərdə tutulmamış, yeraltı parklanma yerləri nəzərdə tutulmuşdur. İddiaçı özü də yeraltı parklanma yerinin verilməsi ilə razı deyildir.

41. Belə olan halda naturada ödəmək mümkün olmadığından, vurulmuş zərərin əvəzi olaraq dəyəri ödənilməlidir.

42. İddiaçı tələbində 50 kv.m qeyri-yaşayış sahəsinin və ya dəyərinin ödənilməsini tələb etmişdir.

43. 30 saylı MKİS-in texniki tərəfindən tərtib edilmiş sxemdə qarajın sahəsi 25.4 kv.m göstərilmişdir.

44. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən qarajın ümumi sahəsi 15,6 kv.m təşkil edir. Yoxlamaölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, qaraj 8,1 kv.m genişləndirilmiş, faktiki 23,7 kv.m təşkil edir.

45. 10.03.2016-cı il tarixli Texniki pasportda qarajın plan üzrə sahəsi 15,6 kv.m, faktiki isə tikinti altı sahəsi 20,4 kv.m göstərilmişdir.

46. Göründüyü kimi müvafiq dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəd kimi Texniki Pasporta əsasən qarajın sahəsi 20,4 kv.m təşkil edir. Bu isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

47. Kollegiya da rəsmi sənəd olaraq texniki pasporta istinadən, qarajın sahəsinin müvafiq olaraq 20,4 kv.m götürülməsini əsaslı hesab edir.

48. İddiaçı yuxarıda adı çəkilən inzibati iş üzrə əldə edilmiş mütəxəssis rəyinə və yerquruluşu planına istinad etsə də, Kollegiya qeyd edir ki, həmin plan sxem xx.xx.2021-ci il tarixdə, yəni mübahisəli qarajın sökülməsindən 3 il sonra tərtib edilmişdir və planda göstərilmişdir ki, “İddiaçı istifadəsində olması iddia olunan qarajın şərti yerləşmə sxemi”, yəni aydındır ki, həmin plan sxem iddiaçının göstərdiyi koordinatlar əsasında tərtib edilmişdir.

49. Bundan başqa iddiaçı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad edərək, əmlakının dövlət ehtiyacı olmadan, kommersiya məqsədi ilə əldə edildiyini də nəzərə alınaraq ortalama 50 faiz miqdarında ağlabatan dərəcədə artırmaqla (33 + 50% = 50), yəni 50 kv.m tələb etmişdir.

50. Kollegiya iddiaçının bu əsaslandırmasını düzgün hesab etmir və qeyd edir ki, “Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

51. İstinad edilən 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi ilə nəticəsində müəyyən müddət əmlakından məhrum olduğu üçün ödənilən kompensasiyanı nəzərdə tutmuşdur.

52. Yuxarıda qeyd edilən inzibati iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2-1(102)-1312/2022 nömrəli qərarında həmçinin göstərilmişdir ki, kompensasiyanın məbləği müəyyən edilərkən qarajların və onların yerləşdiyi torpaq sahələrinin yalnız istifadə hüququ əsasında iddiaçılara məxsus olduğu, qanunvericiliyə əsasən həmin torpaq sahələrinin onlara müvəqqəti istifadəyə verildiyi və orada əsaslı tikintiyə yol verilmədiyi, bununla bağlı risklərin iddiaçıların məsuliyyət sferasına aid olduğu nəzərə alınmalıdır.

53. Sökülən qaraj və yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur.

54. Qeyd olunanlara əsasən Kollegiya vurulmuş zərərin dəyərinin müəyyənləşdirilməsi üçün sökülmüş qarajın sahəsinin mötəbər sənəd olan texniki pasporta uyğun olaraq 20,4 kv.m götürülməsini qanuni və əsaslı hesab edir.

55. Qeyri-yaşayış binası – qarajın söküldüyü vaxt və sökülməsə idi hazırda dəyərinin müəyyən edilməsi məqsədilə Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 10/2622-9/2790 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllədə yerləşən qarajın hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 39600 manat (20,4x1941) məbləğində, 2018-ci ilə nəzərən isə 25800 manat (39600-35%) olduğu müəyyən olunur.

56. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən qanunsuz sökülmüş qarajın sahəsi 20,4 kv.m olduğundan, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 39.596,4 manat (20,4x1941) məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir.

57. İddiaçının digər tələbləri - əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin sökülməsindən etibarən hazırkı vaxtadək (5 il üçün) 42.000 manat məbləğində vəsaitin; söküntü zamanı obyektdə olan qiymətli əşyalarının talan olunması ilə bağlı vurulmuş 33.830 manat məbləğində vəsaitin; əldən çıxmış faydaya görə və ya kirayə haqqı olaraq obyektin qanunsuz sökülməsindən keçən 5 ildən sonrakı müddət üçün qətnamənin icrasınadak hər ay 1000 manat məbləğində vəsaitin ödənilməsi hissəsində Kollegiya hesab edir ki, məhkəmə bu hissələrdə məhkəməyə sübutlar təqdim edilmədiyindən rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

58. İddiaçı bu hissələrdə tələbini təsdiq edən mötəbər sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Ona görə də bu hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Mənəvi zərər hissəsində Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və hesab edir ki, mənəvi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməlidir.

60. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır.

61. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

62. Şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır.

63. Qarajın qanunsuz sökülməsi mübahisəsiz haldır.

64. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır.

65. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

66. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

67. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görürür ki, İddiaçı tərəfindən 2000 manat hüquqi xidmətə, 10 manat marka ödənişi olmaqla, cəmi 2010 manat ödənilmişdir.

68. Kollegiya hesab edir ki, göstərilən normanın tələbinə uyğun olaraq vəkil xidmətinə görə iddiaçı tərəfindən ödənilmiş 2010 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir.

69. Keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-22/2022 nömrəli iş üzrə 28 dekabr 2022-ci il tarixli qətnaməsi qismən – qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş zərərin ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Sökülmüş qeyri-yaşayış sahəsinin dəyəri olaraq 39.596,40 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin və Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı olan mənəvi zərərin məbləği 3000 manat müəyyən edilsin. Vəkil xidmətlərinə çəkilmiş xərcə görə 2010 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar