Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2086/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(007)-3954/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli, 2(007)- 2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində aliment olmaqla, cəmi 525 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi əsasında cavabdeh aylıq qazancının yarısı miqdarında, yəni 210- 220 manat həddində aliment ödəyir. Cavabdeh məhkəmənin müəyyən etdiyi aliment məbləğindən başqa heç bir məbləğdə ödəniş etmir. Hazırkı vaxtadək birgə nikahdan olan uşaqlarnın təlabatları artdığından, o, təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin aylıq qazancı və digər gəlirləri mövcud olduğundan ondan tutulacaq alimentin məbləği artırılaraq, hər ay hər uşağa sabit pul məbləğində 175 manat aliment tutulması müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(007)- 3954/2021 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2, 15 oktyabr 2010-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması qət olunmuşdur. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq cavabdehin gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsini göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın tam təmin olunması) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Qeyd edilməlidir ki, tərəflər arasında 17 aprel 2007-ci il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan üç yetkinlik yaşına çatmayan uşaqların olması, nikahlarının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsi ilə pozulması, uşaqların iddiaçının yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, nikah pozulan zamanı cavabdehdən yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması qət olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin olunmayan hissədə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. İşdə olan sübutlardan (məhkəmə qərarı və s.) göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırki tələbində məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, hər bir uşaq üçün hər ay sabit pul miqdarında 175 manat müəyyən olunmasını xahiş etmişdir. AM-in 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İşin hallarından göründüyü kimi, alimentin ilk dəfə müəyyən olunmasından sonra müəyyən müddət keçmiş (təqribən 4 il), uşaqların təlabatları və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri artmışdır. Eyni zamanda, işdə olan 27.10.2021-ci il tarixli elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri yoxdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Göründüyü kimi, hazırki vaxtda alimentin miqdarının dəyişdiriliməsi zərurəti mövcuddur, lakin iddaçının tələb etdiyi məbləğ (hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbəlğində) yüksəkdir. Cavabdeh alimentin miqdarının birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən (hər uşaq üçün 140 manat) daha artıq təyin olunması istiqamətində məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, apellyasiya şikayətinin dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(007)-3954/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(007)- 3954/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2086/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2086/2022
15.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver