Məhkəmə qərarları › İş №2(103)-2089/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2089/2020

17.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2089/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 olğu və Cavabdeh2 qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7567/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılması, ASC-yə təhvil verilməsi və cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixlı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası təmin edilmiş, Nafiyev İlqar Zöhrab oğlundan İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli İK 1452-05 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 141120 manat, faiz borcu qismində 15523.20 manat, dəbbə pulu qismində 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 158673.20 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın Nafiyev İlqar Zöhrab oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən, yaşayış sahəsi 29.01 kv.m olan, 37 saylı evin 2 otaqlı 51 saylı mənzilinə, X2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, yaşayış sahəsi 60,67 kv.m olan, 82A saylı 3 otaqlı 9 saylı mənzilinə və Cavabdeh1 məxsus olan Bakı şəhəri Xətai rayonu, Neapol küçəsində yerləşən, yaşayış sahəsi 58.82 kv.m 2 olan, 7Q saylı evin 2 otaqlı 23 saylı mənzilinə yönəldilməsi, Nafiyev İlqar Zöhrab oğluna məxsus olan mənzilin ilkin satış qiymətinin 64400 manat, X3 məxsus olan mənzilin ilkin satış qiymətinin 115000 manat və Cavabdeh1 məxsus olan mənzilin ilkin satış qiymətinin isə 61000 manat məbləğində müəyyən edilməsi, mənzillərin açıq hərracdan satılması, həmin mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Nafiyev İlqar Zöhrab oğlunun İddiaçı ASC-yə olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2(103)-503/2016 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi, faiz və dəbbə borcunun tutulması hissəsində dəyişdirilərək, Nafiyev İlqar Zöhrab oğlundan İddiaçı ASC-nin xeyrinə əsas borc qismində 141120 manat, faiz borcu qismində 8749.44 manat, dəbbə pulu qismində 564.56 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, Nafiyev İlqar Zöhrab oğluna məxsus olan mənzilin ilkin satış qiymətinin 55000 manat, X3 məxsus olan mənzilin ilkin satış qiymətinin 128000 manat və Cavabdeh1 məxsus olan mənzilin ilkin satış qiymətinin isə 60000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Əmlak Xətai rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuş, Bank tərəfindən mənzilin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017 il tarixli Çıxarışa (Seriya RX 1066041, Reyestr nömrəsi-**********26- 05101-093008, Qeydiyyat nömrəsi **********) əsasən mənzil mülkiyyət hüququ əsasında bankın adına rəsmiləşdirilmişdir. Bank tərəfindən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7567/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 Q ünvanında yerləşən 23 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 Q ünvanında yerləşən 23 saylı mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Onun və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur. Məhkəmə tərəfindən işə baxılarkən onun iştirakı təmin edilməmiş, çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Bank ilə aralarında razılıq əldə olunmuşdur ki, borc tərəfindən hissə-hissə ödənilməklə mənzil geri qaytarılacaqdır, şifahi razılaşma məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, borcun ödənilməsi ilə bağlı Cavabdeh1la hər hansı razılıq əldə olunmamışdır, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarına əsasən, iddiaçının Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın Cavabdeh1 məxsus olan hazırki mübahisəli mənzilə və digər cavabdehlərə məxsus əmlaklara yönəldilməsi barədə iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2796/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, borcun tutulması və tutmanın Cavabdeh1 məxsus ipoteka predmeti olan hazırki mübahisəli mənzilə və digər cavabdehlərə məxsus əmlaklara yönəldilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin qətnaməsi faiz və dəbbə borcun tutulması və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli Müqavilə əsasında iddiaçı hazırki mübahisəli mənzili əldə etmiş və onun mülkiyyət hüquqları xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla bu barədə ******* saylı Çıxarış (qeydiyyat nömrəsi **********) verilmişdir. Hazırda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı hüquqları artıq mövcud olmadığından iddiaçı hazırki iddianı qaldırmışdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbi əsaslıdır. İş materiallarından mübahisəsiz olaraq müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və sonradan açıq hərrac nəticəsində onun mülkiyyətçisi dəyişmişdir.Həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Bank hazırda mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları artıq mövcud deyil. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan cavabdehlərin həmin mənzilə dair mülkiyyət hüquqları itirilmişdir. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququ qeydiyyata alınmaqla Cavabdeh1 həmin əmlaka mülkiyyət hüququna dair qeyd yazısı ləğv edildiyindən cavabdehlərin mənzilə istifadə hüquqları da saxlanıla bilməz. Məhz bu səbəblə kollegiya hesab edir ki, iddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə mənzilə dair hər hansı hüquqları mövcud olmadığından onların mənzili boşaldaraq iddiaçıya təhvil verməməsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələblərini haqlı olaraq təmin etmişdir. Apellyatorun, məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyi və çəkişmə prinsipinin pozulduğu mənasına gələn arqumentləri isə iş materialları ilə təkzib olunur. İş materiallarından aydın olur ki, cavadehlərin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bankla borcun hissə-hissə ödənilməsi və mənzilin geri qaytarılması barədə şifahi razılığın əldə edilməsinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh şifahi şəkildə belə bir razılıq olduğunu apellyasiya şikayətində qeyd etmiş, həmçinin birinci instansiya məhkəməsinə də iddia ərizəsinə ünvanladığı etirazda da bu razılığın olduğunu qeyd etmiş, lakin belə bir razılığın olması işin hallarından müəyyən edilmir, həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi hər hansı razılığın olmasını qeyd etməmiş, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında da iddiaçının nümayəndəsi belə bir şifahi razılığın olmadığını qeyd etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmənin qənaəti isə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7567/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar