Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-209/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2018-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X2 və cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh arasında bağlanmış 100.LN.2004.280813.0001 №-li, 28.08.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 99.845,78 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.084,01 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 3.909,73 manat, cəmi isə 115.839,52 manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcun ödənilməsi məqsədi ilə 59.980 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056,18 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.050 manat, cəmi isə 67.086,18 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə 20 ünvanda yerləşən 0,84773 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə (bundan sonra – qeyri-yaşayış sahəsi), yönəldilməsi; həmin əmlakın açıq hərracdan satılması; əmlakın satışından əldə oluna biləcək pul vəsaitinin cavabdehin kredit borcunun ödənilməsinə yönəldilməsi; həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borcun cavabdehdən ümumi qaydada tutulması, açıq hərracdan satıldığı halda qeyriyaşayış sahəsinin boşaldılması; cavabdehin həmin əmlakdan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.05.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iş üzrə tərəflər arasında 28.08.2013-cü il tarixdə bağlanmış 100.LN.2004.280813.0001 №-li “Kredit müqaviləsi” üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 99.845 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.084,01 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.000 manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li “Kredit müqaviləsi” üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 59.980 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056,13 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulmasını, borcun ödənişinin ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satışı hesabına həyata keçirilməsini, iddianın qalan hissədə təmin edilməməsini, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Rayon Məhkəməsi cavabdehi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırmamış, onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bundan başqa, cavabdehin Banka olan faiz borcu düzgün hesablanmamış, həmin məbləğ süni şəkildə şişirdilmişdir. Ona görə də hazırki mübahisənin ədalətli həlli məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və bundan sonra iddiaçının iddia tələbinə hüquqi qiymət verilməlidir. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Rayon Məhkəməsinin qətnaməsi birmənalı olaraq ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Rayon Məhkəməsi məhkəmə baxışında cavabdehin iştirakını qanuna müvafiq qaydada təmin etməmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. İşdən görünür ki, MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdeh tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. Lakin cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmamasını nəzərə almamış Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (maddə 387.2.2.). Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq qeyd edir ki, iddiaçı Bankın cavabdehə qarşı irəli sürdüyü tələb onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 100.LN.2004.280813.0001 №-li, 28.08.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən cavabdehə kreditdən istifadəyə görə illik 6% dərəcəsi ilə, 60 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi” üzrə cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan qeyri-yaşayış sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə tərəflər arasında 28.08.2013-cü il tarixdə 100.CL.280813.00001 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. Bundan başqa, iş üzrə tərəflər arasında 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 6% dərəcəsi ilə, 60 ay müddətinə 60.000 manat məbləğində kredit verilmişdir. “Kredit müqaviləsi” üzrə cavabdehin öhdəliyinin təminatı kimi 28.08.2013-cü il tarixdə 100.CL.280813.00001 №-li “İpoteka müqaviləsi” çıxış etmişdir. Cavabdeh, hər iki “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə öhdəlik götürsə də öhdəliyi icra etməmiş və nəticədə, onun, Banka 28.08.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 99.845,78 manat əsas borcu, 12.084,01 manat faiz borcu; 01.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 59.980 manat əsas borcu, 6.056,18 manat faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə tətbiq edilmişdir ki, bu cərimənin məblğəi 28.08.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 3.909,73 manat, 01.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə isə 1.050 manat təşkil edir. Bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Cavabdehin apellyasiya şikayətində iddia tələbinə qarşı qeyd etdiyi dəlili ondan ibarətdir ki, “Kredit müqavilələri” üzrə faiz borcu düzgün hesablanmamış, məbləğ süni şəkildə şişirdilmişdir. İşə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə, bu halı mübahisələndirmir. Belə olan halda müəyyən edilir ki, cavabdehin hər iki “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmidiər. İşin müəyyən edilmiş bu halı ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehin Banka 28.08.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 99.845,78 manat əsas borcu, 12.084,01 manat faiz borcu; 01.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 59.980 manat əsas borcu, 6.056,18 manat faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank cavabdehə 28.08.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 3.909,73 manat, 01.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə isə 1.050 manat cərimə (dəbbə) tətbiq etmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Bankın ondan tutulmasını xahiş etdiyi əsas və cərimə borcunun məbləğlərin toxunmayaraq, yalın faiz borcunun məbləğinin şişirdildiyini bildirir və həmin borcun düzgün müəyyən edilməsi məqsəd ilə iş üzrə yenidən müvafiq ekspertiza təyin edilməsini xahiş edir. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehdən tutulması tələb olunan borcun məbləğinin araşdırılması üçün Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 05.03.2018-ci il tarixli 2413 nömrəli rəydən görünür ki, cavabdehin 28.08.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə 24.02.2017-ci il tarixə (iddia verilən tarixə) Banka olan borcu 105.755,99 manat məbləğində müəyyən edilir ki, bu məbləğin 99.845,78 manatı əsas borc məbləği, 5.910,21 manatı isə faiz borc məbləğidir. Qeyd edilən “Kredit müqaviləsi” üzrə 05.03.2018-ci il tarixə (rəy verilən tarixə) cavabdehin Banka olan borcu cəmi borcu 111.929,79 manat məbləğində müəyyən edilir ki, bu məbləğin 99.845,78 manatı əsas borc məbləği, 12.084.01 manatı isə faiz borc məbləğidir. Sözügedən rəydən daha sonra görünür ki, cavabdehin 01.12.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə 24.02.2017-ci il tarixə (iddia verilən tarixə) Banka olan borcu 62.327,42 manat məbləğində müəyyən edilir ki, bu məbləğin 59.980 manatı əsas borc məbləği, 2.347,42 manatı isə faiz borc məbləğidir. Qeyd edilən “Kredit müqaviləsi” üzrə 05.03.2018-ci il tarixə (rəy verilən tarixə) cavabdehin Banka olan borcu cəmi borcu 66.036,18 manat məbləğində müəyyən edilir ki, bu məbləğin 59.980 manatı əsas borc məbləği, 6.056,18 manatı isə faiz borc məbləğidir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, 28.08.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 99.845 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.084,01 manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li “Kredit müqaviləsi” üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 59.980 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056,13 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə Bankın tələbi qeyd edilən həcmdə təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin cavabdeh faiz borcunun məbləğinin şişirdilməsini təsdiq edən hər hansı sübutu (məsələn adi riyazi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən də Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, iş üzrə əlavə və ya təkrar məhkəmə-mühasibatlıq ekspetizasının təyin edilməli olması barədə cavabdehin dəlili əsassızdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasının tələblərinə əsasən Məhkəmə hesab edir ki, Bank tərəfindən hər iki “Kredit müqaviləsi” üzrə tutulması tələb olunan cərimə məbləğləri azaldılmalı, cavabdehdən Bankın xeyrinə 28.08.2013-cü il tarixli müqavilə üzrə 1.000 manat, 01.12.2014-cü il tarixli müqavilə üzrə isə 500 manat məbləğində cərimə (dəbbə) tutulmalıdır. İddiaçı Bank ilə cavabdeh arasında bağlanmış 28.08.2013-cü il tarixli “İpoteka müqaviləsindən” görünür ki, cavabdeh hər iki “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı kimi özünə məxsus qeyri-yaşayış sahəsini və həmin əmlakın yerləşdiyi torpaq sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Hazırda iddiaçı Bank cavabdehə qarşı irəli sürdüyü iddia ərizəsində yalnız qeyri-yaşayış sahəsinin açıq hərracdan satışı yolu ilə cavabdehin Banka olan borcunun qarşılanmasını xahiş edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, ipoteka və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, Bank tələbin ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. "xxxx" MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 15/ƏK №-li 20.07.2019-cu il tarixli rəyə əsasən, 0.84773 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi əlavə tikililər də nəzərə alınmaqla, 1.340,0 kv.m təşkil edən quşçuluq damları, digər köməkçi tikililər, ümumilikdə əmlak kompleksinin və torpaq sahəsinin ümumi real bazar qiyməti 465.000 manat (o cümlədən torpaq sahəsinin 2019-cu ilin may ayına olan real bazar dəyəri 275.000 manat civarında, həmin torpaq sahəsində inşa edilmiş quşçuluq damları və digər tikililərin 2019-cu ilin iyun ayına olan real bazar dəyəri 190.000 manat) müəyyən edilmişdir. Həmin rəylə razılaşmayan iddiaçı tərəf Məhkəməyə "xxxx" Konsaltiq Şirkəti tərəfindən verilmiş 141902 AGB №-li, 13.10.2014-cü il tarixli hesabatını təqdim etmişdir. Həmin hesabata görə, mübahisəli əmlak kompleksinin bazar dəyəri 100.000 manat, əmlakın yerləşdiyi torpaq sahəsinin dəyəri 200.000 manat müəyyən edilmiş, qiymətləndirilmə yalnız əmlak kompleksinin reyestrdə qeydə alınmış göstəriciləri üzrə aparılmışdır. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağı bir-birindən fərqli iki rəyin mövcudluğunu nəzərə alan Məhkəmə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən Məhkəməyə təqdim edilmiş 14.02.2020-ci il tarixli, 282M №-li rəydən görünür ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin rəy verilən tarixə bazar dəyəri – 230.000 manat təşkil edir. Apellyasiya baxışı zamanı iddiaçı tərəf qeyd edilən rəylə razı olduğunu, cavabdeh tərəf isə rəyə etiraz edərək, qeyri-yaşayış sahəsinin dəyərinin daha yüksək olduğunu bildirmişlər. Yuxarıda qeyd edilən MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərindən çıxış edən Məkəmə qeyd edir ki, cavabdeh qeyri-yaşayış sahəsinin dəyərinin 230.000 manatdan da yuxarı olmasını təsdiq edən hər hansı sübutu, o cümlədən alternativ rəyi Məhkəməyə təqdim etməmişdir. Odur ki, göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilməlidir. Beləliklə də, işin göstərilən hallarını və MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan, habelə MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətinə əsaslanan Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2018-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.08.2013-cü il tarixdə bağlanmış 100.LN.2004.280813.0001 №-li “Kredit müqaviləsi” üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 99.845 (doxsan doqquz min səkkiz yüz qırx beş) manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 12.084 (on iki min səksən dörd) manat 01 (bir qəpik), ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.000 (min) manat; 01.12.2014-cü il tarixdə bağlanmış 100.LN.2004.011214.00001 №-li “Kredit müqaviləsi” üzrə əsas kredit borcun ödənilməsi məqsədi ilə 59.980 (əlli doqquz min doqquz yüz səksən) manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 6.056 (altı min əlli altı) manat 13 (on üç) qəpik, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 500 (beş yüz) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə - Cavabdeh məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci Sahə 20 ünvanda yerləşən 0,84773 ha torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə yönəldilsin. Qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat müəyyən edilsin. Qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh borcu ödənilsin. İddian qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının xərci cavabdehə aid edilsin. Bu məqsədlə Cavabdeh 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-209/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-209/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver