Məhkəmə qərarları › İş №2(103)-2090/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2090/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2090/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı iş üzrə (Açar sözlər: zərərin ödənilməsi, borcun silinməsi) hakimlər X3 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-3499/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Abonentin saldosuna əsasən Cavabdeh aktlar əsasında 4.121,28 manat məbləğində borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4.121,28 manat məbləğində zərərin və 61,22 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4.182,5 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X Azəriqaz iB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində 03-12055 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********1182 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə qeydiyyatsız özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1.296 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 622,08 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1.468,8 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,4 manat, cəmi 4.121,28 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona məxsus ünvana yazılmış 4.121,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Təbii qazdan heç vaxt qeyri-qanuni istifadə etməmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)- 3499/2022 saylı qətnaməsi ilə (hakim R.Xəzri) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh məxsus 1**********1182 saylı abonent hesabına hesablanmış 4.121,28 manat məbləğində borcun silinməsi, 61,21 manat məbləğində dövlət rüsumunun İddiaçındən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. İddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır.

9. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından ilkin iddia iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçının təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, qarşılıqlı iddia üzrə cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 448.2-ci maddələrinı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13, 11.6, 20, 21.1-ci maddlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4”nın 1.3, 1.4, 2.5, 2.12, 3.1.7, 3.4, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən ilkin iddia üzrə İddiaçı İB tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərərləri sübut edir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı İBnin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Bundan əlavə, İddiaçı İB-nin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. İddiaçı İB tərəfindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə cavadehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. O cümlədən məhkəmə qətnaməsi mülahizlərdən İddiaçı İB-yi istifadəçinin sayğacında sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə itirilmiş qazın bərpasına görə zərəri qarşılıqlı iddia üzrə iddiaçıdan tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdeh İddiaçı tərəfindən tələb olunan 4.121,28 manat məbləğində borcun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməklə zərərin hesablanmasına səbəb olmuş “Aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut edə bilmədi” ibarət olmuşdur. Belə ki, cavabdehin qarşılıqlı iddiasının təmin edilməsinə dair hər hansı sübut təqdim edilməyərək və ya təqdim edilməsi tələb olunmasa da nədənsə qarşılıqlı iddianın təmin edilməsinə yönəlik olmuşdur. Yuxarıda qeyd edilən kimi, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Hakim tam əsaslı olaraq verdikləri iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq tam təmin etmədiyini öz qərarında bildirməmişdir. . b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddia üzrə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, o, heç zaman qeyri-qanuni olaraq təbii qazdan istifadə etməmiş, yalnız müqavilə bağladıqdan sonra qazdan istifadə etməyə başlamış və borcunu vaxtıvaxtında ödəmişdir. O, yazmağı bacarmır və işdə olan borcun ödənilməsi ilə bağlı ərizəni o, yazmamış və imzalamamışdır. Həmin ərizədən xəbəri yoxdur.

16. Məhkəmə kollegiyasının qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək bildirdi ki, aktlar onun barəsində tərtib edilsə də, onun tərəfindən qaz xəttinə hər hansı qeyri-qanuni qoşulma olmamışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”: Bənd 1.3 və 1.4. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırki işdə ilkin iddia təmin edilmədiyindən, qarşılıqlı iddia isə təmin edildiyindən və qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işdə olan İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktklarda abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi qeyd edilmiş və itirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir.

25. Həmin aktlardan görünür ki, onlar ilkin iddia üzrə Cavabdeh adına deyil, başqa şəxsin - Zaur Yusifzadənin adına tərtib edilmişdir.

26. Bundan başqa, qeyd olunan aktlar əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərdən görünür ki, həmin tələbnamələrin birində ziyan hesablanarkən iran sobasının maksimal saatlıq qaz sərfiyyatı, digərində isə təndirin maksimal saatlıq qaz sərfiyyatı əsas götürülmüşdür. Bu hal özü-özlüyündə artıq həmin sənədlərin mötəbərliyinə şübhə doğurur.

27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilkin iddia üzrə cavabdehin bildirdiyinə görə, işdə olan borcun qəbul edilməsi ilə bağlı ərizə onun tərəfindən yazılmamış və imzalanmamışdır. Həmin ərizədən ümumiyyətlə xəbəri yoxdur.

28. Göründüyü kimi, yuxarıda qeyd olunan aktlar ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdeh barəsində deyil, digər şəxs barəsində tərtib edilmiş, lakin borcun ödənilməsi cavabdehdən tələb edilmişdir. Yəni, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən həmin borcun qəbul edilməsi də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh bununla bağlı hər hansı ərizə yazmadığını və imzalamadığını bildirmişdir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və buna görə də ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.

30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-3499/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar