Məhkəmə qərarları › İş №2(103)-2093/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2093/2023

19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2093/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3723/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli 2(003)-1190/2020 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməlidir.

2. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya prosesini davam etdirmək mümkün olmamışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikası 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Vəkil ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh arxiv məlumatına görə xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərində 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmuş, diaqnozu – “orta dərəcəli rekurent depressiv pozuntu”dur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1190/2020 saylı qətnaməsi lə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1999-cu ilin iyul ayında nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 28 iyul 2000-ci il təvəllüdlü X4, 06 iyul 2001-ci il təvəllüdlü X6 və 03 fevral 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə münasibətlər pisləşdiyi üçün tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2(003)-322/2016 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmaqla, birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 117 manat olmaqla ümumilikdə 351 manat alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Ödənilən aliment uşaqların sağlamlığına, təhsilinə, dünya görüşünün artırılmasına xərclənən məsrəfləri ödəmədiyi üçün “tutulan aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2020 tarixli 2(003)- 1190/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 03 fevral 2011-ci 11 təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq 160 manat müəyyən edilmişdir. Bildirir ki, hər il ölkə üzrə bir uşaqın saxlanılması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla təmzinlənir. Hal-hazırda 2022-ci il üçün bir uşaq üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Bundan başqa uşaqların böyüdükcə sosial qayğılarının və xərclərinin artması da nəzərə alınmalıdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3723/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbinin təmin edilməsi, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1190/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 112.1-ci maddələrinə və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun gəlmir. Bununla yanaşı bildirirəm ki, məhkəmə işdə olan subutları düzgün qiymətləndirməmişdir. Belə ki, cavbdehin xəstəliyinə dair işdə olan subutlar nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

“Uşaq Hüquqları haqqında” Konvensiyasının

11. Maddə 3 sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

12. Maddə 13 uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. Maddə 19 valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

14. Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar;

15. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

10. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

11. Həmin Qərarın 8.8-ci bəndinə əsasən aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununlada onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, hazırki iddia tələbinin əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

21. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

22. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş alimentin miqdarının uşaqların artan tələbatlarının ödənilməsində kifayət etməməsi səbəbi ilə əsaslanmaqla tələb edir. İddiaya etiraz və apellyasiya şikayətinin yeganə dəlili isə iş üzrə cavabdehin ruhi xəstə olması və maddi imkanının pis olmasından ibarətdir.

23. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən edilmiş alimentin tutulma tarixindən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

24. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.

25. Eyni zamanda qeyd edilməlidir ki, uşağın valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin maddi imkanın pis olması səbəbi isə onun övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar və cavabdehdən tələb olunan 193 manat pul məbləği 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu əhatə etsə də həmin məbləğ heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə, iddia tələbinə etirazın əsasını təşkil edən halları nəzərə alınmaqla cavabdehin öz uşağının artan tələbatlarının qarşılanmasında iştirak etməsindən azad olunmasını uşağın üstün mənafelərinə uyğun hesab etmir.

26. Qeyd edilənləri nəzərə almaqla məhkəmə haqlı olaraq hesab etmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1190/2020 saylı iş üzrə xx.xx.2020-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 193 manatadək artırılmalıdır.

27. Alimentin tutulma müddəti ilə bağlı da məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.

28. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir.

29. Kollegiya həmçinin onu qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş xəstəlik vərəqələri yalnız 2016-2018-ci il tarixlərə təsadüf edir. Kollegiya hesab edir ki, həmin sənədlər cavabdehin əmək qabiliyyətini olmaması və onun hazırkı halda ruhi xəstə olması üçün yetərli dəlil kimi qəbul edilə bilməz.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3723/2022 saylı 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar