Məhkəmə qərarları › İş №2(103)-2095/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2095/2020

10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2095/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı2ağa oğlunun nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2ağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindənverilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2ağa oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus «BMW 523» markalı, Az **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 4510 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə Salyan şosesi ilə idarə etdiyi “BMW 523” markalı Az **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus “Hyundai” markalı Az **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qəza zamanı təqsirkar tərəf “Hyundai” markalı avtomobili idarə edən şəxs olmuşdur. Belə ki, Səbail rayonu Salyan şosesində avtoyuyucu işləyən Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixdə saat 08:55 radələrində, avtoyuyucunun qarşısında “Hyundai Azera” markalı Az **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr qaydalarını pozmuş, yəni sağdan sola hərəkət etmiş, nəticədə soldan düzünə hərəkət edən “VAZ-2107” markalı Az **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, eyni anda arxadan gələn iddiaçının idarə etdiyi “BMW 523” markalı, Az **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai” markalı avtomobillə toqquşmuş, alınmış zərbədən iddiaçının idarə etdiyi avtomobil istiqamətini dəyişərək yolun sağında dayanmış “Daewoo Tiko” markalı Az **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə DİN-in Dövlət X8 qeydiyyata alınmış, hadisə ilə bağlı 248686 nömrəli protokol tərtib edilmiş və həmin tarixdə Cavabdeh2 80 manat cərimə olunması qərara alınmışdır. Hadisə nəticəsində iddiaçının idarə etdiyi avtomobilə 4510 manat maddi zərər dəymişdir. Avtomobilə dəymiş zərər sığortası olmadığından Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməli idi. Lakin cavabdehlər ödəniş etməkdən imtina edirlər. Yol nəqliyyat hadisəsi baş verən zaman “Hyundai” markalı Az **-SX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 məxsus olduğundan, digər cavabdeh isə həmin avtomobili idarəetmə hüququ olmadan idarə etdiyindən hesab edir ki, qanunla hər iki cavabdeh müştərək qaydada mülki məsuliyyət daşıyırlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 2858/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermiş, qətnamənin ona aid hissədə ləğv edilərək iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclasında Cavabdeh1 iştirakını təmin etməmişdir. Məhkəmənin özünün də qətnamədə qeyd etdiyi kimi mülkiyyətində olan “Hyundai Azera” markalı, Az **- SX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən iş üzrə digər Cavabdeh2 avtoyuma məntəqəsində ondan istifadə edilməsi üçün deyil, yuyulması üçün verilmişdir. Belə olan halda açıq-aşkar aydın olur ki, yol nəqliyyat hadisəsi baş verən vaxt avtomobil iş üzrə digər Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxmış, Cavabdeh2 mülkiyyətində olan avtomobilə hüquqa zidd yiyələnmişdir. Bundan əlavə Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis kapitanı X4 xx xxxxxx 2016cı il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarında qeyd edilir ki, “BMW-523” markalı Az **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 tədqiq olunan şəraitdə “BMW-523” markalı avtomobil ilə “Hyundai Azera” markalı avtomobil arasındakı toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Sahib Quliyev apelyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, yol nəqliyyat hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən, hadisənin baş verməsində İddiaçı1 da təqsirli olmuş, yəni hadisənin qarşısını almağa onun texniki imkanı olmuşdur. İstintaq zamanı dindirilmiş hadisə şahidlərindən birinin ifadəsinə görə, hadisə zamanı “BMW-523” markalı avtomobilin sürücüsü VAZ-2107 markalı avtomobilin sürücüsü ilə bir-birini ötmək üçün yarışırmış. Bundan əlavə, qüsur aktına əsasən “BMW-523” markalı Az **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4510 manat ziyan dəyməsi müəyyən olunsa da, cinayət işi üzrə keçirilmiş və daha mötəbər sübut olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən həmin avtomobilə 3455 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Qeyd olunan xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ramiz Musayev apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(009)-2858/2019 saylı qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh1 qarşı hissədə rədd edilməlidir. Mülki iş materiallarında olan sübutlardan görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixdə 08:55 radələrində “Hyundai Azera” markalı, Az **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan şosesində manevr qaydalarını pozmuş, yəni soldan sağa manevr etmiş, nəticədə soldan düzünə hərəkət edən “VAZ-2107” markalı Az **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, eyni anda arxadan gələn “BMW 523” markalı, Az **-LH-*** dövlət qeydiyyat nişanlı maşın “Hyundai Azera” markalı maşına dəymiş, alınmış zərbədən “BMW 523” markalı maşın istiqamətini dəyişərək yolun sağında dayanmış “Daewoo Tiko” markalı Az **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı sürücünün etibarnaməsi olmamışdır.Hadisə nəticəsində İddiaçı1 maddi zərər vurulmuşdur. Həmin xətaya görə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Qüsur aktına əsasən, “BMW 523” markalı, Az **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4510 manat təşkil edir. Bakı şəhəri Səbail RPİ-nin müstəntiqinin xx.xx.2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, istintaqla müəyyən edilmişdir ki, Cavabdeh2 “Hyundai Azera” markalı, Az **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə avtoyuma xidmətləri göstərən zaman avtomobili yuduqdan sonra digər qaraja qurutmaq üçün yerləşdirən zaman avtomobili hərəkətə gətirərək qarajdan kənara sürmüş, nəticədə məlum yol nəqliyyat hadisəsi baş vermişdir. İstintaq orqanı belə qərara gəlmişdir ki, Cavabdeh2 hərəkətlərində talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 185ci maddəsinin tərkibi olmadığına görə barəsində cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, yüksək təhlükə mənbəyinin sahibi olan Cavabdeh1 avtomobilin onun sahibliyindən Cavabdeh2 tərəfindən hüquqa zidd götürülməsində təqsirli olmamışdır. Buna görə də iddia ona qarşı hissədə rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 iştirakının təmin olunmaması ilə bağlı apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin rabitə xidməti tərəfindən həmin bildirişlər “bina sökülüb” qeydi yazılmaqla geri qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyinə və qətnamənin yalnız ona qarşı hissədə ləğv edilməsi xahiş olunduğuna görə məhkəmə kollegiyası qətnaməni yalnız Cavabdeh1 apelyasiya şikayəti çərçivəsində və Cavabdeh1 münasibətdə yoxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 2858/2019 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilsin, iddia tələbi Cavabdeh1 qarşı hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb Cavabdeh1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar