Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2096/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2297/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 1493.30 manat əsas, 295.74 manat faiz, 30.70 manat cərimə olmaqla cəmi 1819.74 (min səkkiz yüz on doqquz manat yetmiş dörd qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ««xxxx» Kommersiya Bankı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 1493.30 manat əsas, 295.74 manat faiz, 30.70 manat cərimə olmaqla cəmi 1819.74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərtilə 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş üddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 1493.30 manat əsas, 295.74 manat faiz, 30.70 manat cərimə, cəmi 1819.74 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını dəqiq araşdırmamış iş üzrə ekspertiza keçirilməsi vacibliyini nəzərə almamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 500 manat məbləğində kredit limiti ayrılmışdır. Lakin iddiaçı əsas borc olaraq 1493.30 manat borc istəmişdir. Belə bir sual yaranır: 500 manat kredit verildiyi təqdirdə necə olur ki, 1493.30manat əsas borc tələb olunur? Qanunvericiliyə tələblərinə əsasən kredit üzrə faizlər və cərimələr əsas borca görə hesablanır. Əsas borc heç bir halda müqavilədə göstərilən məbləğdən artıq ola bilməz. Yalnız və yalnız azala bilər. Göründüyü kimi məhkəmə bu nüansları araşdırmamışdır. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin, şikayəti qəbul etməyərək rədd edilməsini xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli il tarixli qətnaməsi cavabdehdən 295.74 manat faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş «xxxx» Kommersiya Bankı ASC ilə Cavabdeh аrаsındа bаğlаnmış xx xxxxxx 2014-cü il tarixli 2594tksSTB/14 №-likredit xətti və bank hesabı müqaviləsindən görünür ki, həmin müqаviləyə əsаsən, bank, Cavabdeh, 84 аy müddətinə illik 30 % ödəmək şərtilə 500 manatməbləğində krеdit vеrməyi və bоrcаlаn isə həmin krеditdən istifаdə еtməyi və hesablanmışfаizi ilə birlikdə krеditvеrənə qаytаrmаğı öhdəsinə götürmüşdür. İşdə olan «xxxx» Kommersiya Bankı ASC-nin xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 1493.3 manat əsas, 295.74 manat faiz, 30.7 manat cərimə olmaqla cəmi 1819.74 manat borcu vardır. xx xxxx 2020-ci il tarixli bildirişə əsasən iddiaçı tərəfindən cavabdehə banka olan bütün borc məbləğini 3 iş günü müddətində ödəmək təklif olunmuş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Kollegiyanın iclasında iddiaçının səlahiyyətli nümayəndəsi izahatında göstərmişdir ki, müqavilənin şərtlərində var ki, kreditverən pulun məbləğini artıra bilər. Cavabdehin telefon nömrəsinə SMS göndərilir ki, kartın limiti artırılıb, Cavabdeh də pulu kartdan çıxartmaqla öz növbəsində razılığını bildirmiş olur. Vətəndaşın xəbəri olur balansının artırılmasını, bu barədə ona SMS göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilədə nəzərdə tutulmayan 500 manat balansının artırılması cavabdehin rəsmi razılığı əsasında baş verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Kollegiya hesab edir ki, məhkəmənin cavabdehin balansına 500 manat əlavə edilməsi, nəticədə 295.74 manat faiz borcunun tutulması qanunun tələblərinə uyğun olmadığından qətnamə həmin hissədə əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəfələr arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin balansına onun xəbəri və razılığı olmadan artıq yüklənmiş pula görə, cavabdehdən 295.74 manat faiz borcunun tutulmasını qət etməklə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi həmin nəticəyə işin yuxarıda göstərilən hallarını qanunun tələblərinə müvafiq surətdə qiymətləndirmədən gəldiyindən kollegiya hesab edir ki, qətnamə həmin hisədə ləğv edilməli, iddia tələbi cavabdehdən 295.74 manat faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli il tarixli qətnaməsi cavabdehdən 295.74 manat faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2096/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2096/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver