Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2097/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “kredit borcunun silinməsi tələbi barədə” qarşılıqlı iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinin – Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbləri barədə məlumat
1. İddiaçı Bankın ləğvedicisi olan Fond Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2008ci il tarixdə bağlanmış 032 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 39.064,28 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 97.706,74 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 635,31 manat olmaqla, cəmi 137.406,33 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 428 manat məbləğində pulun cavabdehdən iddiaçı Bankın xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan və cavabdehə məxsus daşınmaz əmlaka – Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının “B” blokunda yerləşən 58 nömrəli mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun ödənilməsi; həmin vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən ümumi qaydada tutulması; ipoteka predmeti olan mənzil hərracdan satıldığı halda mənzilin boşaldılaraq, mənzilin alacaq şəxsə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2008-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bankdan illik 15 faiz dərəcəsi ilə 141.550 manat məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsinin” və müqavilənin tərkib hissəsi olan “Ödəniş qrafikinin” şərtlərinə görə kredit borcu, ona hesablanmış faizlə birlikdə 180 ay müddətində hissə-hissə və aybaay Banka ödənilməli idi. “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdeh, özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq cavabdehlə Bank arasında xx.xx.2008-ci il tarixli, 032/1 saylı “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd edilənlərə baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, Banka olan borcun bir hissəsini ödəmiş, qalan borcu isə ödəməmişdir. Nəticədə cavabdehin iddiaçı Banka 39.064,28 manat əsas borcu, 97.706,74 manat əsas kredit borcuna hesablanmış faiz borcu, 635,31 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 137.406,33 manat borcu yaranmışdır. Bank, borcun ödənilməsi barədə borcalana yazılı və şifahi qaydada dəfələrlə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 428 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh öz növbəsində iddiaçı Banka qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixli, 032 saylı “Kredit müqaviləsi” üzrə 39.064,28 manat əsas, 97.706,74 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 635,31 manat faiz borcu olmaqla, cəmi 137.406,33 manat kredit borcunun silinməsi, 428 manat dövlət rüsumunun əvəzinin Bankdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “Kredit müqaviləsi” üzrə cavabdeh tərəfindən götürülmüş kredit öhdəlikləri tam yerinə yetirilmiş, o, Banka olan borcunu 2014cü ilin dekabr ayında tam ödəmişdir. Borcun tam həcmdə ödənilməsi ilə bağlı Bank tərəfindən ona X4 sədrinin imzası ilə xx.xx.2014-cü il tarixli arayış verilmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı Bank qarşısında öhdəliyinin olması sübuta yetmədiyindən ondan iddiaçı Bankın xeyrinə pul tutula, tutma isə mənzilə yönəldilə bilməz. Cavabdehin iddiaçı Banka borcunun olmaması sübuta yetdiyindən ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
8. İlk iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, işi obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. Fondunun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apelyasiya şikayətinin, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. Cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh həmin müqavilə əsasən Bankdan 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 141.550 manat məbləğində pulu borc almışdır.
13. Müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, kreditor olan Bank borcalana alınan yaşayış sahəsinin dəyərinin 100 % hissəsini ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyərinin ödənilməsi üçün 141.550 manat məbləğində kredit verir.
14. İddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 032/1 saylı “İpoteka müqaviləsindən” görünür ki, cavabdeh, həmin “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
15. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” görünür ki, cavabdehin həmin “Kredit müqaviləsinə” əsasən Banka xx.xx.2023-cü il tarixə 39.064,28 manat əsas borcu, 97.706,74 manat əsas kredit borcuna hesablanmış faiz borcu, 635,31 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış olmaqla, cəmi 137.406,33 manat məbləğində borcu vardır.
16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.).
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. İddiaçı Bank bildirir ki, cavabdeh xx.xx.2008-ci il tarixli “Kredit müqaviləsi” üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Banka yuxarıda qeyd edilən məbləğlərdə borcu yaranmışdır. Cavabdeh isə həmin müqavilə üzrə öhdəliyini tam icra etdiyini, Banka borcu qalmadığını bildirir. Belə olan halda, xx.xx.2008-ci il tarixli “Kredit müqaviləsi” əsasında iddiaçı Banka borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
19. Hər iki tələbə birlikdə hüquqi qiymət verən Məhkəmə qeyd edir ki, cavabdeh “Kredit müqaviləsi” üzrə borcunun olmamasını, onu tam ödədiyini iddia edir və bu dəlilini təsdiq edəcək Bank tərəfindən xx.xx.2014-cü il tarixdə ona verilmiş 11/h612 nömrəli arayışı sübut kimi təqdim etmişdir. X4 sədrinin imzaladığı həmin arayışda qeyd edilir ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh iddiaçı Bankdan götürdüyü 141.550 manat məbləğində kredit öhdəliklərini tam yerinə yetirmiş və həmin müqavilə üzrə Banka heç bir borcu qalmamışdır.
20. Digər tərəfdən, iddiaçı Bank tərəfindən təqdim edilmiş “Hesabdan çıxarış” məlumatlarına əsasən müəyyən olunur ki, cavabdehin son qalıq borcu kimi 0,58 manat qalması qeyd olunmuşdur. Həmçinin, “Hesabdan çıxarış” məlumatlarından görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2015-ci il tarixdə ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, sonuncu ödəniş tarixindən sonra keçən uzun müddət ərzində nə Bank, nə də ki Bankın ləğvedicisi cavabdehə qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər.
21. Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə o başa düşülür ki, öhdəlik pozulmuş olsun, yəni öhdəlik ümumiyyətlə icra edilməmiş olsun və ya lazımınca icra edilməsin, yəni vaxtında icra edilməsin, qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmiş olsun.
22. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən öhdəliyin tam icra olunaraq başa çatması müəyyən edilmişdir. Öhdəliyin lazımınca icra edilməsi isə öhdəliyə xitamına səbəb olan hüquqi nəticədir.
23. Mülki Məcəllənin tələblərinə görə, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1.). Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir (maddə 529.2.).
24. Belə olan halda, iddiaçı Bank cavabdehin borcunun olmamasını təsdiq edən yuxarıda qeyd edilən sübutu (arayışı) şübhə altına ala biləcək hər hansı digər sübut təqdim edilməmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı iddiaçı Bankın iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı vermiş olduğu vəsatəti də əsassız hesab edilərək rədd edilmiş, iş üzrə ekspertiza təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Çünki cavabdehin “Kredit müqaviləsi” üzrə öhdəliyini yerinə yetirməməsi halı iş materialları ilə təsdiqini tapmır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı Bankın “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutulması barədə” tələbi Mülki Məcəllənin 441 və 442-ci maddələrinin tələbləri baxımından əsaslı hesab edilə bilməz və Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur.
25. Məhkəmə həmçinin qeyd edir ki, mənzil üzərində ipoteka yüklülüyünə əsas olmuş öhdəlik mövcud olmadığından və “Kredit müqaviləsi” üzrə borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin olunduğundan ilk iddianın “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi” hissəsi də əsassız olduğundan təmin edilə bilməz. Qanunvercilikdə də ipotekaya xitam vermənin əsaslarından biri kimi, öhdəliyin tam icra olunması göstərilmişdir. Həmçinin də, Mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla cavabdehə bu barədə Dövlət reyestrindən Çıxarışın verilməsi də iddianın əsassız olduğunu bir daha təsdiq edir.
26. Qeyd edilənlərə əsasən cavabdehin Bank, eləcə də iddiaçı qarşısında heç bir öhdəliyinin mövcud olmadığını nəzərə almış Rayon Məhkəməsi qalıq borcun ödənilməsi barədə ilk iddianın rədd edilməsi, borcun silinməsi barədə qarşılıqlı iddianın isə təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal mülahizə xarakteri daşıyır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil edə bilməz. f) apelyasiya baxışının nəticəsi
27. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçının özünə aid edilməlidir.
31. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
32. İddiaçı Bankın apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı Bank MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinin – Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.