Məhkəmə qərarları › İş №2(103)-2099/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2099/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2099/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(004)-1942/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh 10000 manat məbləğində borc verilmişdir. Cavabdeh borcu 20 ay müddətinə hər ay 500 manat ödənilməklə xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. 2.İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra olunmadığını bildiriərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10000 manat borcun və 120 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-cı il tarixdə iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmetini təşkil edən 1.1-ci bəndinə görə İddiaçı Cavabdeh 10000 manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinin məzmunundan görünür ki, “Borc alan” (Cavabdeh-cavabdeh) krediti 20 ay ərzində, yəni xx.xx.2023-cü il tarixinədək hər ay 500 manat olmaqla “Borc verənə” (İddiaçı-iddiaçı) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlanıldığı tarixdən bu günə kimi cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik icra olunmamış, ümumiyyətlə pul vəsaiti bu günədək qaytarılmamışdır. Borcun ödənişi barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və xx.xx.2023-cü il tarixdə pretenziya məktubunun göndərilməsinə baxmayaraq, bu günədək pretenziyaya cavab verilməmiş və borcun ödənilməsi istiqamətində heç bir müsbət nəticəəldə edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdehin sözü gedən müqavilə şərtlərini pozması iddiaçıya maddi cəhətdən əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 may 2023-cü il tarixli, 2(004)-1942/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Təhminə Xəlilova) iddia təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10000 (on min) manat borc və 120 (yüz iyirmi) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. 6.İş materiallarında olan İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh 10000 manat məbləğində borc verilmişdir. 7.Müqavilədən görünür ki, cavabdeh borcu 20 ay müddətinə hər ay 500 manat ödənilməklə xx.xx.2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. 8.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia təmin olunmalıdır. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 740.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 10.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, qeyd olunan qətnaməni xx.xx.2023-cü il tarixdə almış və həmin tarixədək qeyd olunan mülki iş, habelə iddia tələbi ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə qərarı əsasında xx.xx.2023-cü il tarixdə icra məmuru onu icra şöbəsinə dəvət edərkən məlumatı olmuş və həmin tarixdə qətanməni məhkəməyə yaxınlaşıb rəsmi qaydada almışdır. Qeyd olunanlar yalandır, həmin kredit müqaviləsi üzrə iddiaçıya cavabdeh tərəfindən 8000 manat pul qaytarılmışdır. Lakin, Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən qeyd olunan mülki işin baxılma vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmadığı üçün məhkəmə prosesinə qatıla bilməmişdir. Məhkəmə qətnaməsində cavabdeh tərəfin lazımi qaydada xəbərdar edildiyi qeyd edilsədə rəsmi olaraq ona yazılı və ya şıfahi qaydada heç bir məlumat verilməmişdir. Belə ki, mülki işin materiallarında məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayda ona məlumat verilməsi ilə bağlı heç bir təsdiqləyici sübut mövcud deyildir. Buna görə də məhkəmə yalnız iddiaçı tərəfin nümayəndəsinin əsassız mülahizələri ilə kifayətlənərək mülki işi ətraflı araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 13.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh ona olan borcundan bir qəpik belə ödəməmişdir. İcra mərhələsində dəfələrlə söz verməsinə baxmayaraq, pulu ödəməmişdir. İndi isə sadəcə olaraq vaxt udmaq istəyir. 14.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə vəsatət təqdim edərək Xəzər Rayon Məhkəməsinin icraatında olan 1(003)-27/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə saat 14.30-a təyin edilmiş məhkəmə baxış iclasında iştirakı ilə bağlı hazırki mülki iş üzrə xx.xx.2024-cü il tarixdə saat 15.00-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, qeyd olunanların nəzərə alınmasını, məhkəmə baxış iclasının onun iştirakı ilə keçirilməsini təmin etmək məqsədi ilə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən əldə olunmuş çıxarışdan və çağırış vərəqəsinin kötüyünün surətindən göründüyü kimi hazırki mülki iş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsinin və vəkilinin elektron kabinetinə yerləşdirildiyi halda, Xəzər Rayon Məhkəməsinin icraatında olan 1(003)-27/2024 saylı cinayət işi üzrə məhkəmə iclasını vaxtı və yeri haqqında məlumat daha sonra, yəni 01 mart 2023-cü il tarixdə Vəkil2 tərəfindən çağırış vərəqəsinin kötüyününə imza edilməklə və xx.xx.2023-cü il tarixdə göndərilmiş SMS bildiriş vasitəsilə xəbərdar edilmişdir. Yəni, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində olan 1(003)- 27/2024 saylı cinayət işindən əvvəl məlumatlı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, hazrıkı məhkəmə iclasının vaxtı və yeri barədə daha əvvəl məlumatlandırılmış cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasının təxirə salınması barədə vəsatəti əsaslı hesab edilə bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 16.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 19.Maddə 739.2 maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 20.Maddə 740.1.Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 21.Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 22.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 23.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 24.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 27.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10000 manat borcu yaranmışdır. 32.Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 33.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 34.Cavabdehin apellyasiya şikayəti üzrə əsas dəlili ondan ibarətdir ki, ona məhkəmə iclasları barədə lazimi qaydada malumat verilməmişdir. 35.Bununla bağlı apellyatorun dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS arayışında və xx.xx.2021-ci il tarixli kredit müqaviləsində cavabdehin ünvanı kimi göstərilən ünvan 1anına göndərilmiş məhkəmə bildirişləri “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. 36.MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 37.MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 38.Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnaməni cavabdehin məlum olan ünvanına göndərmiş, işdə ünvan dəyişikliyi ilə bağlı məlumat olmamışdır. Belə olan halda isə, yəni hətta cavabdeh artıq həmin ünvanda yaşamasa da, məhkəmə aktı rəsmi qaydada verilmiş hesab edilir. 39.Bundan başqa, iş materiallarında olan çıxarışdan (i/v-11, 24) görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat həmçinin cavabdehin kredit müqaviləsində qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə SMS Bildiriş vasitəsi ilə göndərilmiş və çatdırılmışdır. 40.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmaması barədə dəlilləri əsassız hesab edir. 41.Həmçinin, cavabdeh 8000 manat pul qaytarıldığını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. 42.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 43.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 44.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 56.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsininiş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsininapellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(004)-1942/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Məmməd Məmmədov Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar