Məhkəmə qərarları › İş №2(103)-2101/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2101/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2101/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, xxxxxxxxxx qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qəbul etdiyi 2(001)-7579/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10800 ABŞ dolları və 5400 manat pulun onun xeyrinə tutularaq alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2018-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən 12600 ABŞ dolları və 5600 manat xx.xx.2018-ci tarixinədək tam həcmdə geri qaytarılması şərti ilə borc verilmişdir. Bundan sonra 500 ABŞ dolları, müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixdə 2000 ABŞ dolları ödənilmiş, qalıq borc isə 10000 ABŞ dolları və 5000 manat hesablanmışdır. Lakin müqavilədə göstərilən müddət bitdikdən və dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Cavabdeh iddiaçıya 10000 ABŞ dolları və 5000 manat pulu qanunsuz saxlamaq və onu qaytarmaqdan boyun qaçırdığına görə 800 ABŞ dolları və 400 manat zərər vurmuşdur və bu zərər də iddiaçıya ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7579/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddiası qismən təmin edilmiş, 10000 (on min) ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 5000 (beş min) manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2018-ci il tarixli borc müqaviləsi saxta müqavilədir. Belə ki, həmin müqavilənin birinci səhifəsi iddiaçı tərəfindən dəyişdirilmişdir. Müqavilə ilə qəbz arasında ziddiyyətlər vardır. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçıya olan borcunu etiraf edir. Müqavilənin saxta olması ilə bağlı cavabdeh bildirmişdi ki, əslində iddiaçıya olan borcun 6000 ABŞ dolları hissəsi ona aid deyil, bu barədə iddiaçı başqa şəxslə müqavilə bağlamış və onun 6000 ABŞ dolları borcu həmin şəxslə bağlanan müqavilə əsasında əvəzləşdirilmişdir. Buna görə də borcunun qalan hissəsinin ödənilməsindən imtina etmir. Bununla bağlı cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, cavabdehin iddiaçıya qalan borcu həmin müqavilənin arxasında aparılan qeydlə də etiraf olunmuşdur, cavabdehin iddiaçıya olan 6000 ABŞ dolları ilə bağlı hər hansı şəxslə iddiaçı əvəzləşdirmə aparmamış, iddiaçı başqa şəxslərlə də müqavilə bağlamaqda azaddır. Odur ki, cavabdeh iddiaçıya olan borcunu etiraf edir və həmin borcu da tam olaraq ödəməlidir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkiliapellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissələrdə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12600 ABŞ dolları və 5000 manat məbləğində borc vermiş, müqavilənin 2.2.1-ci bəndinə əsasən borcalan həmin məbləği xx.xx.2018-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin arxa hissəsində əlyazma ilə xx.xx.2018-ci il tarixdə borcalan tərəfindən borcverənə 500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 2000 ABŞ dolları qaytarıldığı, qalıq borcun 10000 ABŞ dolları və 5000 manat təşkil etdiyi qeyd olunmuşdur. Həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası həmin hissədə təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissələrdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun öhdəliyini tam icra etməsi ilə bağlı cavabdeh nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etmədiyindən cavabdehdən iddiaçının xeyrinə 10000 ABŞ dolları (onun Azərbaycan manatına olan məzənnəsi ilə manatla) və 5000 manat pulun tutulması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O ki qaldı cavabdehin “iddiaçıya olan borcunun 6000 ABŞ dolları hissəsinin başqa şəxslə əvəzləşdirilməsi və buna görə də həmin borcun onun tərəfindən ödənilməli olmaması” ilə bağlı dəlilinə, bu barədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 431 və 522-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, öhdəliyin başqa şəxsə verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilənin bağlanması şərt olduğundan və hazırki işdə də belə bir müqavilənin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən onun qeyd olunan dəlili əsassızdır və təmin oluna bilməz. Cavabdehin “tərəflər arasında bağlanmış müqavilənin saxta olması” barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin əslinə baxış keçirilən zaman onda hər hansı saxtakarlığın edilməsi ilə bağlı şübhələr yaranmadığından, əksinə cavabdeh iddiaçıya olan borcunu etiraf etdiyindən həmin müqavilə mötəbər sübut kimi qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir ki, bununla da üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7579/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar