Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2101/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qȧrşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 3879/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçı - İddiaçı vurulmuş maddi və mənəvi ziyana görə 50.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2001-ci il tarixdən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən Laçın rayonu F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinə "ana dili və ədəbiyyat müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. Həmin məktəbdə ona qarşı edilən haqsızlıqlarla bağlı son illərdə müxtəlif instansiyalara şikayət ərizəsi yazdıqdan sonra məktəb rəhbərliyi tərəfindən ona qarşı qərəzli mövqe göstərilməyə başlandı. Bunun nəticəsi olaraq, onun işdən qovulmağı və bir daha müəllimlik karyerasına davam edə bilməməyi üçün ona qarşı qanunsuz və əsassız hadisələr qurulmağa başlanmışdır. Belə ki məktəbin riyaziyyat və informatika müəllimi olan X4 onun haqqında Sumqayıt şəhər polis idarəsinə şikayət edərək, guya onun 20.10,2016-cı il tarixdə saat 12:40-da işlədiyi orta məktəbdə onunla mübahisə etdiyini və döyüb xəsarət yetirdiyini bildirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində onun guya X3 qəsdən sağlamlığına yüngül zərər vurmağı barədə əsassız cinayət işi başlanmış və o, əsassız, qanunsuz ittiham əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsi 128-ci maddəsi ilə məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra Sumqayıt şəhər məhkəməsinin 1(060)-111/2017 saylı xx xxxx 2017-ci il tarixli hökmü ilə o, əsassız olaraq saxta ittiham üzrə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsi 128-ci maddəsinə əsaəsn 500 (beş yüz) manat miqarında cərimə cəzasına məhkum edilmişdir. (Eyni vaxtda bildirir ki, barəsində cinayət işi aparılarkən paralel olaraq məhz guya müəllimlik vəzifələrini və intizam qaydalarına riayət etmədiyi üçün cinayət işini də əsas götürməklə məktəb rəhbərliyi xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndi ilə onun əmək müqaviləsinə xitam verilmişdir (həmin məsələ ilə bağlı 2 il sonra məhkəmə qərarı ilə işə bərpa edilmişdir). Həmin hökmdən verdiyi apellyasiya şikayəti təmin olunumamış və Sumqayıt Apellyasiya Məhkəməsi 1(105)- 421/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəmənin onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməyinə dair çıxardığı hökmünü dəyişdirmədən qüvvəsində saxlamışdır. Həmin hökmdən verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və kassasiya instansiyası məhkəməsinin 1(102)-226/2018 saylı xx.xx.2018-ci il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək, iş yeni apellyasiya baxışına təyin edilmişdir. Beləliklə, işə apellyasiya instansiya yenidən baxarkən, iş üzrə obyektiv qərar qəbul edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-259/2018 saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə onun əməlində cinayət hadisəsi olmadığına görə barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan cinayət işi üzrə bəraət hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-612/2019 saytı xx.xx.2019-cu il tarixli qərarı ilə haqqında çıxarılan bəraət hökmü qüvvədə saxlanmışdır. Beləliklə, onun barəsində X4 və digərlərinin yalan şahidliyi əsasında istintaq orqanının əsassız və qanunsuz ittihamı ilə törətmədiyi cinayətə görə əsassız olaraq cinayət mühakimə icraatı açılmışdır. Ümumilikdə 3 il davam edən istintaq və məhkəmə araşdırması nəticəsində o, mənəvi sarsıntı keçirməklə depresiyaya düşmüş, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin "ç” bəndi ilə xitam verilməsi kimi karyerasına ağır zərbə olan əsassız hərəkətlərə məruz qalmış. bununla əlaqədar böyük mənəvi əzaba məruz qalmışdır. Uydurma ittiham nəticəsində ona həm maddi həm də mənəvi zərər dəyib. Yuxarıda qeyd edilənlərə əsasən cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçı - İddiaçı vurulmuş maddi və mənəvi ziyana görə 50.000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3879/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 1.000 (bir min) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 3879/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyini başqa şəxsin cinayətinə görə heç bir məsuliyyət daşımır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda məhkəmə son nəticədə yanlış olaraq Maliyyə Nazirliyini iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirmişdir. Həmçinin, şikayətdə qeyd edilir ki, məhkəmə iddianı qismən təmin edərkən hər hansı faktlar göstərməmiş, hər hansı sübut tədqiq edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(060)-111/2017 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(102)-226/2018 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, işin yeni apellyasiya baxışına təyin edilməsi və kassasıya şikayətinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(105)-259/2018 saylı hökmünün surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməsinə dair xx xxxx 2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı əməlində cinayət hadisəsi olmadığından ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bəraət verilmiş, hökmdən təqsirləndirilən şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hökmdən iş üzrə zərərçəkmiş şəxs X1 nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-612/2019 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli İddiaçı haqqındakı bəraət hökmünün dəyişdirilməməsi, kassasiya protestinin təmin edilməməsi qərara alınmışdır. İşə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı müəyyən etmişdir ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində ittiham hökmü çıxarılması və cəmiyyətdə nüfuzdan salınması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Lakin məhkəmə iddia tələbində göstərilən 50000 manat məbləğin real olmadığı qənaətinə gəlmiş, mənəvi zərərə görə 1000 manat məbləğin tutulmasını ağlabatan və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Həmin Məcəllənin 58.1 və 58.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci madəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin hökmü ilə iddiaçının barəsində olan cinayət işi üzrə ona bəraət verildiyindən qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Bu halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi sonuncuya qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya mənəvi zərərin vurulmasına dair hər hansı faktlara və sübutlara istinad olunmamasına dair dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iki ilə yaxın müddət ərzində polis orqanlarında və müxtəlif instansiya məhkəmələrində cinayət təqibinə məruz qalması zamanı əsəb və stress keçirməsi, mənəvi iztirablara məruz qalması nəticəsində ona mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci madəsinə əsasən iddiaçıya vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3879/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2101/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2101/2021
25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver