Məhkəmə qərarları › İş №2(103)-2108/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2108/2023

14.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2108/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “liftdən istifadəyə maneənin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 668-ci məhəllə, 23 №-li çoxmənzilli binanın 2-ci girişindəki liftlə (sərnişin lifti ilə) bağlıdır. Bina 19 mərtəbəli, 2 girişlidir, "xxxx" MTK-nın idarəçiliyindədir. Binanın 2-ci girişdə 2 lift var. Onlardan biri yük lifti, digəri isə sərnişin liftidir. Yük lifti köhnə, sərnişin lifti isə yenidir. Sərnişin lifti də əvvəl köhnə olub. 2022-ci ildə o, yenisi ilə əvəz edilib. Yeni lift cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən quraşdırılıb. Bunu təsdiq edən sənədlər cavabdehin özü tərəfindən məhkəməyə tqdim olunub (iş v. 83,93, məktub və protokol). İddiaçı həmin binanın 2-ci girişində yerləşən 110 №-li mənzilin mülkiyyətçisidir (iş v. 36, reyestr çıxarışı). Cavabdehin həmin binada mənzil mülkiyyətçisi olması barədə sənəd məhkəməyə təqdim olunmayıb. İddiaçı bildirir ki, cavabdeh binada sahə mülkiyyətçilərindən biridir, eyni zamanda 2 il bundan əvvələ qədər "xxxx" MTK-nın (binanın idarəçiliyini həyata keçirən MTK-nın) rəhbəri olub. Cavabdeh tərəf bu məlumatın həqiqliyini təkzib etməyib. Yeni liftə (sərnişin liftinə) kartla işləyən kilid quraşdırılıb (iş v. 9-13, foto). Kilid cavabdeh tərəfindən quraşdırılıb. Bu məlumatı iddiaçı məhkəməyə verib, cavabdeh tərəf məlumatın həqiqiliyini təkzib etməyib. Kartı olmayan şəxslərin, o cümlədən iddiaçının və onun ailə üzvlərinin yeni liftdən (sərnişin liftindən) istifadəsinə imkan verilmir. Onlar köhnə liftdən (yük liftindən) istifadə etməyə məcbur olublar. Bu səbəbdən hazırkı mübahisə yaranıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, yeni liftə (sərnişin liftinə) tətbiq edilmiş kilid sistemi ləğv edilsin və liftdən digər şəxslərin istifadəsinə cavabdehin yaratmış olduğu bütün maneə və qadağalar qanunsuz hesab edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, yeni liftdən binanın digər sahə mülkiyyətçilərinin istifadəsinə cavabdeh tərəfindən yaradılmış bütün qadağa və maneələr qanunsuz hesab edilsin, cavabdehin həmin liftə tətbiq etdiyi kilid sistemi qanunsuz hesab edilsin və kilid sisteminin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya icraatı zamanı "xxxx" MTK cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır. MTK məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apellyasiya icraatı zamanı həmin binada yaşayan sakinlərin bir hissəsi şahid qismində dindirilmişdir. Qətnamənin yoxlanılması: Tərəflərin izahatından və şahidlərin ifadəsindən müəyyən olunur ki, yeni lift (sərnişin lifti) cavabdehin təşəbbüsü ilə quraşdırılıb. Yaşayış binasındakı sahə mülkiyyətçilərinin bir hissəsi yeni liftin quraşdırılması üçün pul ödəyib, bir hissəsi isə ödəməyib. Pul ödəyən şəxslərə liftdən istifadə üçün kart verilib, pul ödəməyən şəxslərə isə kart verilməyib, ona görə də kartı olmayan mülkiyyətçilər və onların ailə üzvləri yeni liftdən istifadə edə bilmirlər. Pul ödəyən şəxslər şahid qismində dindirilərkən bildiriblər ki, hər biri 1.000 manat ödəyib. Lakin liftin əldə edilməsi və quraşdırılması üçün ümumilikdə nə qədər xərc çəkilməsi barədə sübut (ödəniş sənədi və s.) məhkəməyə təqdim edilməyib. İddiaçı məhz bu hala istinad edərək bildirir ki, hər hansı sübut (ödəniş sənəd və s.) təqdim edilmədən sakinlərdən pul tələb edilməsi, tələb edilən pulu ödəməyən sakinlərin liftdən istifadəsinə maneə yaradılması qanunsuzdur. Məhkəmə qeyd edir ki, yeni liftin kimin təşəbbüsü və ya kimin maliyyə vəsaiti ilə quraşdırılmasından asılı olmayaraq, liftdən digər şəxslərin (binada yaşayan və ya orada yaşamayan, lakin binaya gələn şəxslərin) istifadəsinə maneə yaradılması Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, lift ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Oxşar məzmunlu göstəriş Mülki Məcəllənin 231.1.3-cü maddəsində də müəyyən olunub. Hər hansı şəxsin, o cümlədən sahə mülkiyyətçilərindən birinin və ya bir neçəsinin öz təşəbbüsü və maliyyə vəsaiti ilə yeni lift quraşdırması liftin həmin şəxslərin mülkiyyətinə keçməsi ilə nəticələnmir. Belə halda da lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti sayılır. Yeni lift üçün maliyyə vəsaiti sərf etmiş şəxs Mülki Məcəllənin 1087- 1090-cı maddələrində müəyyən edilmiş əsaslar olduğu təqdirdə “özgə işlərini tapşırıqsız aparan şəxs” hesab oluna bilər və o, çəkdiyi xərcin əvəzinin (öz payından artıq olan hissənin əvəzinin) ödənilməsini müvafiq sübutlar təqdim etməklə digər sahə mülkiyyətçilərindən tələb edə bilər. Beləliklə, lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olduğuna görə cavabdeh tərəfindən liftə kilid sisteminin tətbiqi iddiaçının (sahə mülkiyyətçisinin) mülkyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Lakin qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməyib. Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə, belə halda şikayətin dəlillərindən asılı olmayaraq qətnamə ləğv olunur. Bu hal apellyasiya şikayətinin dəlillərindən birini təşkil etdiyinə görə, qətnamənin ləğv edilməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş sayılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 668-ci məhəllə, 23 №-li çoxmənzilli binanın 2-ci girişindəki liftə tətbiq edilmiş kilid sistemi Cavabdeh tərəfindən və onun öz hesabına ləğv edilsin. Həmin liftdən digər şəxslərin istifadəsinə maneə yaradılması Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar