Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-211/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, Cavabdehiştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli, 2(004)- 4404/2011 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X2 banka olan 0 ABŞ dolları əsas, 3158 ABŞ dolları cari faiz, 2015.73 ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 5174.60 ABŞ dolları məbləğində borcunun, əsas borc məbləği ödənilən günədək hesablanan faizlərin və bank tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli, 2(004)- 4404/11 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3158 (üç min yüz əlli səkkiz) ABŞ dolları 87 sent cari faiz, 200 (iki yüz) ABŞ dolları gecikdirməyə görə cərimə, cəmi 3358 (üç min üç yüz əlli səkkiz) ABŞ dolları 87 sent (Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu məbləğində pulun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2011-ci il tarixli 2(004)-4404/2011 saylı qətnaməsinin ləğv edilməsini və bankın iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında 09.04.2008-ci il tarixində 183/08 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında bankdan 5000 (beş min) ABŞ dolları məbləğində kredit əldə etmişdir. Həmin krediti tam şəkildə kassadan götürüb anası X5 rəfiqəsi X3 vermişdir. Kredit müqaviləsinin təminatı olaraq müqavilənin 19.1-ci bəndində də göstərilən 185 qram qızıl-zinət əşyaları girov olaraq banka elə Gülnarə Məmmədova tərəfindən təqdim edilmişdir. Həmin qızıllar bankla aralarında olan razılığa əsasən borcunun əvəzi olaraq satılmış və borc tamamilə sıfırlanmışdır. Girova qoyduğu qızıl-zinət əşyalarının dəyəri götürdüyü kredit məbləğindən 2 dəfə yuxarı qiymətədir. Buna baxmayaraq məhkəmə bununla bağlı hər hansı bir araşdırma aparmadan qanunsuz və əsassız qətnamə qəbul edərək ədalət məhkəməsinə olan inamlarını sarsıtmışdır. Həmin krediti tam ödədiyinə sübut olaraq "xxxx" ASC tərəfindən verilmiş 19.05.2010-cu il tarixli çıxarışları göstərmək olar. Lakin Yasamal Rayon Məhkəməsi bunların heç birini nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 09.04.2008-ci il tarixli 183/08 USD saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə illik 30 faiz olmaqla 5000 ABŞ dolları məbləğində kredit ayırmışdır. Müqaviləyə əsasən cavabdeh əsas və faiz məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilədə borcun ödənilməsinin gecikdirilməsinə görə cərimə hesablanması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı iddia tələbində qeyd olunan və maliyyə arayışlarında göstərilən borc məbləğlərinin tutulmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445-ci maddələrini tətbiq etməklə cari faiz borcunun tutulması ilə bağlı əsaslı nəticəyə gəlsə də tutulan borcun məbləği ilə bağlı yanlışlığa yol vermişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 24.12.2019-cu il tarixli 23066 saylı ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 09.04.2008-ci il tarixli, 183/08 USD kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-yə olan borcu 09 oktyabr 2009-cu il tarixə əsas borc üzrə - 5000 ABŞ dolları, faiz borcu üzrə - 2249 ABŞ dolları təşkil edir. Rəydə həmçinin qeyd edilir ki, 09.04.2008-ci il tarixli, 183/08 USD saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı borc məbləği ilə bağlı tərəflər arasında mübahisə yarandığından, eyni zamanda məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Kollegiya qeyd edir ki, 09.04.2008-ci il tarixli 183/08 USD saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən 3158,87 ABŞ dolları cari faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 2249 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 09.04.2008-ci il tarixli 183/08 USD saylı kredit müqaviləsi üzrə faiz borc məbləğinin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 2249 ABŞ dolları cari faiz borcu tutulmalıdır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən 200 ABŞ dolları gecikməyə görə cərimə məbləğini tutmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, cavabdeh X1 2249 ABŞ dolları cari faiz borcu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4404/11 saylı 23 avqust 2011-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - faiz borcunun tutulması, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh X1 2249 ABŞ dolları faiz borcu, cəmi 2449 ABŞ dolları tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-211/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-211/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver