Məhkəmə qərarları › İş №2(103)-2112/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2112/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2112/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Vəkil nümayəndəsi və vəkili X3, Cavabdeh1 nümayəndəsi və vəkili X4 iştirakları ilə Vəkil Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin ləğv edilməsi və borcun ödənilməsi” tələblərinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Vəkil və İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit və xx xxxx 2018-ci il tarixli zaminlikmüqaviləsinin ləğv olunması, cavabdehlərdən müştərək qaydada 27 300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, “HOVA” markalı **-TD-*** dövlət nömrə nişanlı yük avtomobili 2014-cü ildən İddiaçı mülkiyyətində olmuş, o, avtomobili icarəyə verərək qazanc əldə etmək məqsədilə almış, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət Azərbaycandan kənarda yaşadığından avtomobili normal bir insana icarəyə verməsini və avtomobilə nəzarət etməsini qohumu Yaşar Vəliyevdən istəmiş, Yaşar avtomobili 2015-ci ildə tanış olduğu Cavabdeh1 göstərmiş, sonuncu, avtomobilə baxdıqdan sonra götürüb işlətmək istədiyini, ayda 750 manat icarə haqqı verəcəyini və avtomobilə lazım olan bütün ehtiyyat hissələrini özünün təmin edəcəyini bildirmiş, aralarında razılaşma olduğundan Yaşar avtomobilin açarlarını Abbasa vermiş, səhərisi gün etibarnamə vermək barədə razılaşmış, lakin Abbas səhərisi gün gəlməmiş, həmin vaxtdan etibarən avtomobil Abbasda qalmış, sentyabr və oktyabr aylarında Abbas cəmi 500 manat icarə haqqı vermiş və qalan pulu növbəti ayda ödəyəcəyinə söz vermiş, lakin sonradan telefon zənglərinə cavab verməmiş, dəfələrlə zəngdən sonra cavab verərək avtomobili qaytaracağını bildirsə də, avtomobili qaytarmamışdır. Avtomobil icarəyə verilərkən sazişlək vəziyyətdə olmuş, Abbas da avtomobili saz vəziyyətdə icarəyə qəbul etmişdir. X8 rayonunda verildiyindən Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, Abbasın avtomobili icarəyə götürərək icarə haqqını ödəmədiyi, avtomobili yararsız hala salmaqla qaytarmadığı və küllü miqdarda ziyan vurmaqla dələduzluq etdiyi bildirilərək barəsində müvafiq tədbir görülməsi xahiş olunmuş, Cavabdeh1 polisə dəvət edilmiş və izahatı alınmış, müxtəlif yalanlar uyduraraq avtomobili nasaz vəziyyətə qəbul etdiyini, 3 ay işlətdikdən sonra avtomobilin sıradan çıxdığını, avtomobili təmir etdirməyə maddi imkanının olmadığını və avtomobili onlara təqdim edə biləcəyini göstərmişdir. Masallı rayon Polis İdarəsinin İB-də xx.xx.2017-ci il tarixdə “cinayət işinin başlanmasının rədd olunması” barədə qərar çıxarılmış, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Lakin bundan sonra da Cavabdeh1 40 000 manata aldığı “HOVA” markalı **-TD-*** dövlət nömrə nişanlı yük avtomobilini ona qaytarmamış, avtomobilin tam yararsız vəziyyətdə olduğunu bildirmiş, avtomobilin olduğu yeri belə onlara göstərməmişdir. Yenidən Masallı rayon Polis İdarəsinə, Prokurorluğa şikayətlər etdikdən sonra Cavabdeh1 onlarla görüşərək avtomobilin harada olduğunu bilmədiyini, hazırda pulunun olmadığını, lakin kredit müqaviləsi bağlamaqla avtomobilin pulunu hissə-hissə olmaqla ödəyə biləcəyini, avtomobilin qiymətinin 30 000 manat olduğunu və bu məbləğdə müqavilə bağlamağa hazır olduğunu bildirmişdir. Məcburiyyət qarşısında qaldıqlarından Abbasın təklifi ilə razılaşmış, Abbas ilkin olaraq 2700 manat pul ödəmiş və onun təklifi ilə qalan məbləğlə bağlı yaxın qohumu Vəkil və Cavabdeh1 arasında 27 300 manat pul barəsində xx xxxx 2018-ci il tarixində notarial qaydada təsdiq edilməklə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Vəkil Cavabdeh1 27 300 manat məbləğində pulu borc verir, borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə aybaay 500 manat, sonuncu ay isə 300 manat olmaqla qaytarmağı öhdəsinə götürür. Eləcə də, kredit müqaviləsinin vaxtında icra olunması üçün Vəkil ilə Cavabdeh1 yaxını Cavabdeh2 arasında xx xxxx 2018-ci il tarixində notarial qaydada təsdiq edilməklə zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilələrin bağlandığı vaxtdan 1 il vaxt keçməsinə baxmayaraq, cavabdehlər öhdəliklərini icra etməmiş, həmin vaxtdan bu günə kimi bir manat da olsun pul ödəməmişdir. Birinci instansiya məhkəməsindəki icraat zamanı İddiaçı ərizə verərək iddia tələbindən imtina etdiyini bildirdiyindən məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata ona münasibətdə xitam verilmiş, eyni tarixli qətnamə ilə isə Vəkil iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, İddiaçı adlı şəxsi tanımamış, bütün münasibətləri Zeynəbin qohumu X5 ilə olmuş, sonuncu ilə arasında Zeynəbin mülkiyyətindəki “Hova” markalı avtomobili icarəyə götürməsi barədə razılaşma əldə edilmiş, lakin bir-neçə aydan sonra razılaşmaları polulmuş, İddiaçı onun barəsində şikayətlərindən sonra Zeynəbə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məqsədilə Yaşarın qızı Nailə ilə borc müqaviləsi bağlanmış, əslində isə Nailədən hər hansı borc almamışdır. Başqa sözlə, kredit müqaviləsi yalan əqddir və borc münasibətlərini rəsmiləşdirmək üçün deyil, İddiaçı dəymiş ziyanın ödənilməsi üçün bağlanmışdır. Beləliklə iddia tələbi əslində İddiaçı dəymiş ziyanın ödənilməsi ilə əlaqədardır, o isə iddia tələbindən imtina etdiyindən işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş tərəfə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh2şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır; Cavabdeh1 isə apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız özünə aid hissədə mübahisələndirdiyi aydın olmuşdur. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları bu konekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş və cavabdehin mübahisələndirmədiyi halına görə o, İddiaçı mülkiyyətindəki avtomobili icarəyə götürmək barədə sonuncunun tapşırığı ilə hərəkət edən Yaşar Vəliyevlə razılığa gəlmiş, avtomobil ona təhvil verilmiş, sonradan avtomobili qaytara bilmədiyindən İddiaçı dəymiş ziyan 30 000 manat qiymətləndirilərək həmin məbləğdən 2700 manatını ödəmiş, qalan 27 500 manatın ödənilməsi ilə bağlı isə Vəkil və onun arasında xx xxxx 2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavbadeh, qeyd olunan məbləği ayda 500 manat (sonuncu ay 300 manat) olmaqla xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehəqarşı tələbi sonuncunun onunla bağladığı və borcun etirafı mahiyyətində olan notarial təsdiqli müqavilədən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh1, əslində iddiaçıdan borc almadığı və müqavilənin formal olaraq bağlandığı arqumentləri ilə əlaqədar kollegiya qeyd edir ki, tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamış və ümumiyyətlə belə bir tələb irəli sürülməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 münasibətdə ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2992/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar