Məhkəmə qərarları › İş №2(103)-2113/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2113/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2113/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulan ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vurulan ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5006/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulan ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş mənəvi ziyana görə 10000 manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5006/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi (hakim Anar İbadzadə) ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.

3. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulması ilə bağlı heç bir qanunsuz hərəkət və hərəkətsizlik edilmədiyi halda dövlət büdcəsindən iddiaçının xeyrinə 3000 manatın tutulması əsassızdır. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili M.Quliyev ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, telefonla əlaqə saxlanılan zaman məhkəmə iclasının təxirə salınması, yaxud işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli 1(102)-912/2022 saylı Qərarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli hökmü ilə İddiaçı müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, iş üzrə 779 manat məbləğində ekspertiza xərcinin dövlət büdcəsinə aid edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməsi hökm edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının göstərilən qərarı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

11. İddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində (xx.xx.2018-xx.xx.2019) qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, hüquqları məhdudlaşdırılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

14. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

16. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

17. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

18. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd edir.

37. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Belə ki,“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

40. Həmin Məcəllənin 1114.3-cü maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.

41. Göründüyü kimi cavabdehin onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili açıq-aşkar əsassızdır. Nəticə:

42. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5006/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar