Məhkəmə qərarları › İş №2(103)-2114/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2114/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2114/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-4410/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx xxxxxx 2005-ci il təvəllüdlü X4, xx xxxx 2008-ci il təvəllüdlü X1 və xx xxxxxxxx 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qazancının və ya digər gəlirlərinin 1/2 hissəsi miqdarında, habelə hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4410/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, alimentin miqdarının müəyyənləşdirilməsi barədə qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun əmək haqqı 455 manatdır. İddiaçı isə 3 saylı şəhər poliklinikasında tibb bacısı işləyir və 450 manat əmək haqqı alır. Digər gəlir yeri yoxdur, maddi vəziyyəti ağırdır. Aldığı əmək haqqının məbləği onun özünün zəruri ehtiyaclarını belə ödəmir. Uşaqları saxlamaq isə hər iki valideynin borcudur. Əmək haqqının ½ hissəsindən əlavə 330 manat sabit pul məbləğində aliment ödəmək iqtidarında deyil. Bu məbləğdə alimentin tutulması gələcəkdə aliment ödəməkdə çətinliklərə və onun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-4410/2020 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan sübutlardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(004)-4897/2019 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.1999-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və ya digər gəlirlərinin 1/2 hissəsi miqdarda alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin qazancının və ya digər gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutulmalı olmasına dair gəldiyi nəticədə haqlı olsa da, sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən cavabdehin maddi imkanını və həmin alimenti ödəmək iqtidarında olub-olmamasını araşdırmamışdır. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş “Nigar” istehsalat kommersiya firmasının xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən həmin firmada usta vəzifəsində işləyir və 455 manat əmək haqqı alır. İddiaçı tərəfindən cavabdehin qazancı və gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, aylıq qazancı 455 manat olan cavabdehin qazancının ½ hissəsindən (455:2=227,5 manat) əlavə, hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment tutulması ədalətli deyil. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan qazancının və ya digər gəlirlərinin ½ hissəsi miqdarında aliment olduğu kimi saxlanmaqla sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşaq üçün 50 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh oğlunun apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)- 4410/2020 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan sabit pul məbləğində aliment hissəsində dəyişdirilsin. xx xxxxxx 2005-ci il təvəllüdlü X6, xx xxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin cavabdehin qazancının və ya digər gəlirlərinin ½ hissəsində tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar