Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2118/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə (üçüncü şəxs: X9) qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh həkim Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında iddiaçının burnu üzərində septoplastika və xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzində burun çəpər əyriliyinin aradan götürülməsi kimi tibbi əməliyyatlar icra olunmuşdur. Sol burun borusundakı sinexiya X2 xx.xx.2022-ci il tarixdə müvafiq tibbi əməliyyat ilə götürülmüşdür. İddiaçı Cavabdeh1 tərəfindən aparılmış əməliyyatların uğursuz icra olunduğunu bildirərək əməliyyata və müalicəyə çəkilmiş xərcin ödənilməsini tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumilikdə 5600 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X14lə danışıb şifahi razılıqlarına görə 1000 ( bir min) manat qarşılığında xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında burun üzərində septoplastika (burun görünüşündəki nöqsanların estetik üsulla düzəldilməsi üçün) və burun çəpər əyriliyinin aradan götürülməsi tibbi əməliyyatı icra olunmalı idi. Qeyd olunan tarixdə, yəni xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında əməliyyat olunmağı üçün X14lə görüşmüşlər. Həmin vaxt Fuad Nəbiyevin yanında bir nəfər də xanım var idi. Lakin o, həmin xanımı tanımır və əvvəl də görməmişdir. xx.xx.2019-cu il tarixdə "HP Güven" klinikasında burun üzərində septoplastika və burun çəpər əyriliyinin aradan götürülməsi tibbi əməliyyatı icra olunmuş, lakin əməliyyat uğursuz nəticə vermişdir. Belə ki, əməliyyatdan sonra nəfəs alıb-verməyi daha da çətinləşmiş və burnunun üzərində döyənəklər yaranmışdır. Bu barədə X14ə müraciət etmiş və X14 bildirmişdir ki, bunlar həkim nöqsanıdır və təkrar əməliyyat olmalıdır. Lakin növbəti əməliyyat üçün əvvəlki əməliyyatın üzərindən azı 6 (altı) ay keçməli olduğunu bildirmişdir. O, birinci əməliyyatdan 6 (altı) ay keçdikdən sonar təkrar X14ə müraciət etmişdir. Bu dəfə də X14 bildirmişdir ki, onu əməliyyat edən həkim hazırkı iddia ərizəsində cavabdeh olaraq göstərilmiş Cavabdeh1 olmuşdur. Yəni, "HP Güven" klinikasında əməliyyat olduğu gün X14in yanında gördüyü xanım olmuşdur. X14 Cavabdeh1 mobil telefon nömrəsini vermiş və təkrar əməliyyat üçün cavabdehə müraciət etməli olduğumu bildirmişdir. O, cavabdehlə telefonda danışmış və Cavabdeh1 onu işlədiyi X1 qəbul etmişdir. Cavabdeh1 burnundakı nöqsanları aradan qaldırmaq üçün xx.xx.2020-ci il tarixə "Vitamed" Tibb Mərkəzində əməliyyat üçün gün təyin etmiş və yalnız 300 (üç yüz) manat klinika xərclərini ödəməyinin onun üzərinə düşdüyünü bildirmişdir. Cavabdeh bunu da bildirmişdir ki, əməliyyatı başqa bir həkimlə (həkim Elnarə Əkbərova) birlikdə icra edəcək. Qeyd olunan tarixdə, yəni xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzində cavabdeh həkim Cavabdeh1 onu qəbul etmiş və sözügedən tibbi əməliyyat icra olunmuşdur. O, həmin gecəni klinikada qalmış və növbəti gün evə buraxılmışdır. xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzindən buraxılarkən ona verilən epikrizdə həkim olaraq Elnarə Əkbərova göstərilmişdir. Bir neçə gün sonra nəticə olaraq müəyyən oldu ki, xx.xx.2020-ci il tarixdə "Vitamed" Tibb Mərkəzində Cavabdeh1 tərəfindən icra olunmuş növbəti əməliyyat da uğursuz nəticə vermişdir. Belə ki, burnunun estetik görünüşü daha da pisləşmiş və sol burun borusunda sinexiya yaranmışdır. O, əməliyyatın nöqsanları barədə cavabdehə məlumat vermiş və cavabdehdən əməliyyata xərclədiyi pulu və əlavə olaraq da təzminat ödəməli olduğunu bildirmişdir. Cavabdeh əməliyyatı həkim Elnarə Əkbərova icra etdiyini bildirərək tələbini icra etməkdən boyun qaçırmışdır. Hadisəyə ümumi qaydada baxılıb hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmiş və həkim Elnarə Əkbərovaya qarşı "dəymiş ziyanın əvəzi olaraq pul tələbinə dair" iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Prokurorluq və məhkəmə araşdırması zamanı müvafiq aktlarla müəyyən oldu ki, epikrizlər başqalarının adına rəsmiləşdirilməsinə baxmayaraq xx.xx.2019-cu il tarixə "HP Güvən" klinikasında burun üzərində septoplastika və burun çəpər əyriliyinin aradan götürülməsi tibbi əməliyyatı və həmin əməliyyatdan qalan nöqsanların aradan qaldırılması üçün növbəti dəfə xx.xx.2020-ci il tarixdə "Vitamed" tibb mərkəzində icra olunmuş tibbi əməliyyatlar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Prokurorluq araşdırması zamanı tibbi əməliyyatların icrasında və əməliyyatdan sonrakı hərəkətlərdə cinayət əməli müəyyən edilməmişdir. Həkim Cavabdeh1 tibbi əməliyyatlarından qalan nöqsan, yəni sol burun borusundakı sinexiya X2 xx.xx.2022-ci il tarixdə müvafiq tibbi əməliyyat ilə götürülmüşdür. Lakin burnumun üzərindəki nöqsanlar qalmaqdadır. Belə ki, əvvəlki əməliyyatdan qalmış estetik nöqsanların götürülməsi üçün təkrar estetik əməliyyat olmalıdır. Təkrar olduğu üçün icra olunmalı əməliyyata 4000 (dörd min) manat pul tələb olunur. Həmin pulu ödəməyə onun maddi imkanı çatmır. Həkimlərlə şifahi razılaşmalarına əsasən burnunun estetik görünüşü düzəlməli və burun çəpər əyriliyi aradan götürülməli idi. O, ilkin əməliyyata 1000 (min) manat, növbəti təkrar əməliyyata isə 300 (üç yüz) manat və ümumi olaraq 300 (üç yüz) manat pul dərmanlara sərf etmişdir. Həkimlərlə şifahi razılaşmalarına əsasən əməliyyatdan sonra burnunun görünüşündə və ya digər funksiyalarında problem müəyyən olunsa xərclədiyi pullar və dəymiş ziyana görədə əlavə pul vəsaiti ona geri ödənilməli idi. Göründüyü kimi, cavabdeh həkim Cavabdeh1 burnundakı problemləri həll etmək əvəzinə burnunun görünüşünü daha da pisləşdirmişdir. Həmçinin, burunun öz funksiyasının pozulmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, tibbi əməliyyata sərf etdiyi 1600 manat və mənəvi zərər, həmçinin yenidən zəruri olan əməliyyatı keçirtməyi üçün tələb olunan 4000 manat pul cavabdehdən alınaraq ona verilməlidir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva, iş № 2(007)-2791/2022) iddia təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının üzərində icra edilmiş əməliyyatların taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, iddiaçı məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1115, 1118.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)-2691/2021 saylı məhkəmə işinin həmin məhkəmə işi üzrə cavabdeh Elnarə Əkbərovaya aidiyyəti olmadığı üçün, yəni iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyinə görə təmin olmunmamışdır. Həmin məhkəmə işi ilə hazırki məhkəmə işinin eyni predmet üzrə olması iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Bundan başqa, məhkəmənin istinad etdiyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 504/KEŞ saylı ekspert rəyi cinayət mövqeyində olan sullara cavab vermişdir və tibbi əməliyyat qanunsuz yolla aparılmadığına görə cinayət işi başlanmamışdır. Əgər ekspert rəyinə istinad edilirsə, o zaman həmin rəy üzrə plastik-rekonstruktiv əməliyyatlar aparan professor Vaqif Qələndərovun müayinəsinə diqqət olunmalıdır. Həmin müayinənin nəticəsi belə olmuşdur ki, “istəyimə əsasən təkrar “septoplastika” əməliyyatı oluna bilərəm”. O da qeyd olunduğu kimi, Cavabdeh1 tibbi əməliyyatlarından narazı qaldığına görə sağlamlığı və görünüşü üçün təkrar əməliyyat olmaq istəyir. Cavabdeh1 burnu üzrərindəki ikinci əməliyyatından sonra ixtisaslaşmış tibb müəssisələrində aparılmış müayinələrin nəticələri də göstərir ki, Cavabdeh1 onun burnu üzərində apardığı tibbi əməliyyat uğursuz və fəsadlı nəticə vermişdir. Bununla belə məhkəmə özü də vizual baxış zamanı burnu üzərindəki döyənəkləri aşkar formada görə bilər. Bunun üçün xüsusi biliyə ehtiyac yoxdur. Cavabdehlə razılaşması burnunun estetik görünüşünün düzəlməsi və burun çəpər əyriliyinin aradan götürülməsi olduğuna görə burnu üzərindəki döyənəklər cavabdehin öz vədinə əməl etmədiyinin faktıdır. Cavabdeh1 tərəfindən yazılmış reseptləri məhkəmə iclasına aparıb, məhkəməyə təqdim etmək istəyib, lakin məhkəmə ehtiyac olmadığı üçün qəbul etməyib. Həmin reseptlər üzrə alınmış dərmanların qəbuluna bilavasitə Cavabdeh1 tərəfindən nəzarət edilib. “Septoplastika” tibbi əməliyyatlar üçün qiymət cədvəli tərtib olunmamışdır. Bu barədə həkimlər tərəfindən əvvəlcədən harasa təqdim olunması üçün faktura verilmir. “TƏBİB” X12in xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən də görünür ki, “septoplastika” əməliyyatı Agentliyin Xidmətlər Zərfinə daxil deyil. Buna və yuxarıda göstərilən digər səbəblərə görə “septoplastika” tibbi əməliyyatının qiyməti barədə ödəniş olunmadan əməliyyatın qiyməti göstərilmiş sənəd əldə edilməsi mümkün deyil. Təkrar əməliyyat olmağı zəruri olsa da, buna maddi imkanı çatmır. Həmçinin özü LOR həkimi olan Cavabdeh1 təkrar “septoplastika” tibbi əməlliyyatının həkimlər tərəfindən 4000 manata icra edilməsinə etiraz bildirməmişdir, bunun şirirdilmiş qiymət olmasını deməmişdir. Odur ki, hamıya bəlli olan halların əsaslandırılmasına, sübuta ehtiyacı yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur;
18. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
19. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.
26. Maddə 59. Tibb və əczaçılıq işçilər öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Hazırkı iş üzrə iddiaçı Cavabdeh1 onun burnu üzərində apardığı tibbi əməliyyatın uğursuz və fəsadlı nəticə verdiyinə istinad edərək əməliyyat və müalicəyə çəkilmiş xərclərin ödənilməsini tələb edir.
32. Cavabdeh1 isə yerinə yetirilmiş tibbi əməliyyatların səhiyyə sistemində qüvvədə olan mövcud təlimatlara uyğun olmasının ekspert rəyi ilə müəyyən olunduğunu əsas gətirərək iddiaya etiraz etmişdir.
33. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2691/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X6 və “Vitamed” Tibb Mərkəzinə qarşı tibbi əməliyyata görə ödənilmiş 1600 manat məbləğində pulun və çəkdiyi əziyyətin təzminatı olaraq 3000 manat məbləğində pulun X4 və "Vitamed” Tibbi Mərkəzindən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
34. Sözügedən qətnamə ilə iddia rədd olunarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X12 504/KEŞ saylı ekspert rəyinə istinad olunmuşdur. Həmin rəylə aşağıdakılar müəyyən edilmişdir: - İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur; - “HB Güvən” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2019-cu il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Septum duriasiyası, burnun deformasiyası, konxo hipertrofiyası” diaqnozu düzgün təyin edilmişdir; - Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2019-cu il tarixdə İddiaçı üzərində “Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2019-cu il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. “Vitamed” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpəri əyriliyi” diaqnozu təyin edilmiş və üzərində “Septoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı üzərində icra edilmiş əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir; - İddiaçı aparılmış müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur; - İddiaçı göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur; - Tibbi manipulyasiyalar zamanı sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır; - İddiaçı mütəxəssis müayinəsi zamanı onda icra edilmiş cərrahiyyə əməliyyatından sonra hazırki dövrdə burun sümüyünün yonulduğu, lakin kosmetik deformasiya yaratmadığı müəyyən edilmişdir. Bu cür əməliyyatlarda xəstə icra edilmiş cərrahiyyə əməliyyatının nəticəsindən kosmetik olaraq narazı olduğu zaman üzün sefolometrik ölçülərinə uyğun olaraq korreksiya edilə bilər; - İddiaçı göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur.
35. Göründüyü kimi, keçirilmiş ekspertiza zamanı iddiaçının üzərində aparılmış bütün əməliyyatların (diaqnoz, müayinə, müalicə, cərrahi müdaxilə) düzgünlüyü yoxlanılmış və istər “HB Güvən” Klinikasında xx.xx.2019-cu il tarixdə, istərsə də “Vitamed” Klinikasında xx.xx.2020-ci il tarixdə aparılmış əməliyyatların (“Rinoseptoplastika. Bilateral alt konxa qismi kiçildilməsi” və “Burun çəpəri əyriliyi”) diaqnoza uyğun düzgün təyin edildiyi, icra edilmiş əməliyyatların taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi müəyyən olunmuşdur.
36. İddiaçı məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən edilmiş həmin halları təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
37. Məhkəmə qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
42. Məhkəmə araşdırması zamanı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
43. Məhkəmə həmçinin qeyd edir ki, Binəqədi rayon prokurorluğunun müstəntiqi 1 dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilir ki, İddiaçı burun əməliyyatının uğursuz olması ilə bağlı şikayət etmiş, Fuad Nəbiyev və Cavabdeh1 ona vurduqları 4600 manat maddi ziyanın, yəni 1600 manat ödədiyi əməliyyat pulun və 3000 manat isə mənəvi ziyanın ödəmələrini tələb etmişdir. İddiaçı müayinəsi, hər iki əməliyyatı və müalicəsi düzgün aparılmışdır. Material üzrə Cavabdeh1 və Fuad Nəbiyevin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-134/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi, 1 dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır.
44. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbində 300 manat məbləğində vəsaiti dərmanlara sərf edildiyini göstərsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, həmçinin onun üzərində icra edilmiş əməliyyatların nöqsanlarının aradan qaldırılması üçün təkrar əməliyyat edilməsini olduğunu və bunun üçün də 4000 manat pul tələb olunduğunu qeyd etsə də, tələb olunan məbləğ əsaslandırılmamışdır.
45. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq iddianı əsassız saymış və rədd etmişdir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və apellyasiya şikayətinin iddia ərizəsi ilə eyni məzmun daşıyan dəlillərini əsassız sayır.
47. Məhkəmə kollegiyası bununla yanaşı birinci instansiya məhkəməsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin başqa iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilən faktların hazırkı işdə preyudisiallıq keyfiyyəti daşıması barədəki qənaəti ilə razılaşmır və qeyd edir ki, həmin işdəki cavabdehlərlə hazırkı işdəki cavabdehlər eyni şəxslər olmadığından, yəni işdə iştirak edən şəxslərin tərkibi eyni olmadığından həmin qətnamə ilə müəyyən edilən faktların hazırkı işdə preyudisiallığı qəbul edilə bilməz.
48. Lakin preyudisiallıqla bağlı hal məhkəmənin gəldiyi ümumi nəticəyə təsir etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.