Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2119/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4727/2022 saylı 17 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 saylı kredit müqaviləsinə əsasən bank borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 16,5% olmaqla 16.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.
2. Bank ilə Cavabdeh1 arasında bağlanmış 11 iyun 2021-ci il tarixli 101804-537578/3 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
4. Əmək qabiliyyətinin olmaması vərəqələri və digər tibbi sənədlərdən müəyyən edilir ki, Cavabdeh2 xəstəliyi ilə əlaqədar 2022-ci ildə müxtəlif vaxtlarda əmək qabiliyyətini müvəqqəti itirmişdir.
5. Cavabdeh2 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədrinə ünvanlanmış müraciətdə banka xəstəliyi ilə əlaqədar olaraq borcun ödənilməsi qabiliyyətinin olmaması bildirilmiş və kredit müqaviləsi üzrə bütün faizlərin və cərimələrin silinməsi, yerdə qalan məbləğin isə restrukturizasiya edilməsi xahiş edilmişdir.
6. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanlanmış 26 aprel 2022-ci il tarixli ərizə ilə Cavabdeh2 öz xahişi ilə həmin tarixdən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14.378,59 manat məbləğində əsas borc və 2.283,73 manat məbləğində faiz borcu olmaqla, cəmi 16.662,32 manat məbləğində borcun və 140,39 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, borcalan ilə bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 16.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh1 arasında 11 iyun 2021 il tarixli, 101804- 537578/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
9. Cavabdeh2 iddiaya etiraz göndərərək bildirmişdir ki, o, iddiaçının 2018-ci ildən etibarən daimi və loyal müştərisidir. Hər zaman ona bank tərəfindən ayrılmış istehlak krediti üzrə ödənişləri vaxtı-vaxtında və məsuliyyətlə yerinə yetirmişdir. Əminliklə qeyd edə bilər ki, heç bir ciddi və uzunmüddətli gecikmələri olmamış və bankın daxili sistemində müsbət və yüksək reytinqli müştəri kimi qeydiyyatda olmuşdur. Lakin, 2021-ci ilin dekabr ayından etibarən onun səhhətimdə ciddi problemlər başladığı üçün, habelə bunun nəticəsi olaraq əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyinə görə 2022-ci il yanvar ayının 24-dən etibarən xəstəlik məzuniyyətinə çıxmaq məcburiyyətində qalmışdır. İşdə keçirdiyi stress və həyəcan nəticəsində artıq stend olan ürəyində işemik xəstəlik və gərginlik stenokardiyası daha da dərinləşmiş və ümumi vəziyyəti daha da ağırlaşmışdır. Nəticədə onda tənginəfəslik, sinədə göynəmə, kürəkdə ağrılar və tərləmələr müşahidə olunmuşdur. Bundan başqa, ürəyin aritmiyası və qan təzyiqinin qalxıb-düşməsi vəziyyətini biraz da pisləşdirmişdir. Bir neçə dəfə vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq onun üçün təcili-tibbi yardım çağırılmışdır. Sadalanan neqativ tibbi proseslərin nəticəsi olaraq, səhhətinin pisləşməsi onun ürəyi üzərində mini əməliyyat, yəni koronar anqioqrafiyanın keçməsi ilə nəticələnmişdir. Daha sonra isə, ambulator müalicədən stasionar müalicəyə transfer olunaraq bir neçə dəfə xəstəxana rejimində yatmışdır. 2022-ci yanvarın sonundan əmək qabiliyyətini itirməyinə və əmək haqqının 60% qədərini almağına baxmayaraq, o, yaranmış belə çətin və ağır durumda bacardığı qədər, yəni imkan daxilində yanvardan etibarən bir neçə dəfə hissə-hissə ödənişlər etmişdir. İddiaçıdan başqa digər bank və bank olmayan kredit təşkilatlarına kreditləri var və səhhəti ilə əlaqədar olaraq maliyyə vəziyyətinin ağır olması səbəbindən ödənişləri tam həcmdə etmək imkanı olmamış və bunu ona dəfələrlə zəng edən iddiaçının əməkdaşlarına bildirmişdir. Ödənişləri tam həcmdə və vaxtı-vaxtında ödəməməyi üçün üzürlü səbəbləri olmuşdur. Bu səbəblər səhhətində olan ciddi problemləri və bunun nəticəsi olaraq əmək qabiliyyətinin itirilməsi, əmək haqqının 60% qədərini almağı, dərmən və müalicə xərclərinin və məsrəflərinin yüksək olması, habelə himayəsində iki azyaşlı övladlarının və işləməyən yoldaşının olmasıdır. Səhhətinin getdikcə pisləşməsi ona gətirib çıxartmışdır ki, o, aprel ayının sonundan işdən ayrılmalı olmuş və müalicələrini davam etdirmək məcburiyyətində qalmışdır. Hətta, may ayının sonunda vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, o, təcili tibbi yardım vasitəsi ilə Ə.D. Məlikov adina 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. O, 26 aprel 2022-ci il tarixindən bugünədək işsizdir və ödəniş etmək üçün heç bir imkanı yoxdur. Bundan başqa, onun müalicə və digər tibbi prosedurlarına və dərmanlarına xeyli xərcləri və məsrəfləri çıxır. Bu cür ağır şərtlər altında ödəniş etmək qabiliyyətində deyil. Lakin, bu o demək deyil ki, o, ödəniş etmək fikirində deyil və yaxud ödənişlər üzrə öhdəliklərini qəsdən və üzürsüz səbəb olmadan icra etmir və ya onları bilərəkdən icra etməkdən boyun qaçırır. Əksinə, o, məsələyə məsuliyyətli və vicdanlı yanaşaraq, habelə qanunverciliyin tələblərinə riayət edərək, iddiaçıya rəsmi məktubla müraciət etmişdir. Banka pis vəziyyətdə və çətin durumda olduğunu izah edərək xahiş etmişdir ki, ona müəyyən güzəşt və kompromislər olunsun. Bundan başqa, ona dəfələrlə zəng edən bank əməkdaşlarına vəziyyəti barədə və ödəmə qabiliyyətinin olmaması haqda mütəmadi olaraq məlumat verirdi. Lakin, əfsuslar olsun ki, iddiaçı onun məktubuna heç bir rəsmi cavab yazmamış və zərrə qədər belə güzəştə getməmişdir. İndi onun səhhətində müsbət vəziyyət yaransa da, o, hal-hazırda işsiz olduğu üçün borcu ödəmək üçün imkanları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə müvafiq olaraq, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Yuxarda ətrafli izah etdiyi kimi, onun gecikmələri ondan asılı olmayan, onun təqsiri olmadan və üzürlü səbəblər nəticəsində baş vermişdir. Üzrlu səbələrinə dair bütün zəruri sənədlər mövcuddur. Bir neçə ay səhhəti ilə məşğul olduğu üçün və müalicələrinə diqqət yetirdiyi üçün aktiv iş axtarışı ilə məşğul ola bilməmişdir. Lakin, son bir ay ərzində səhhətində pozitiv dəyişikliklər müşahidə olunduğu üçün və özünü daha yaxşı hiss etdiyi üçün aktiv iş axtarışına başlamışdır. Artıq bir neçə yerdən müsahibələrə dəvət almış və çox umid edir və intervyuda iştirak etdiyi şirkətlərdən müsbət cavab gözləyir. Yeni işə başladığı təqdirdə, növbəti ayın maaşını alan kimi imkan dairəsində kredit ödənişlərini bərpa etmək niyyətindədir, çünki onun borcu ödəməmək, borcdan qəsdən yayınmaq və yaxud üzürlü səbəb olmadan borcu ödəməmək, habelə borcu ümumiyyətlə ödəməkdən imtina etmək kimi fikir və niyyətləri qətiyyən yoxdur və ola da bilməz. O, borcunun olduğunu inkar etmir və onu ödəmək fikri var, lakin indiki vəziyyətdə və məbləğdə ödəmək imkanı yoxdur, imkanı yaranan kimi ödənişlərini, imkan dairəsində bərpa etmək niyyətindədir. Yuxarda qeyd olunanlardan başqa, ona qarşı irəli sürülmüş iddiaya etiraz olaraq bankın onunla imzaladığı krediti müqaviləsində yol verdiyi qanun pozuntularını diqqətə çatdırmaq istəyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. İddiaçı isə onunla bağladığı kredit müqaviləsinə müvafiq olaraq və ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən faizləri ayda bir dəfə tutur. Bu mövcud qanunvericiliyə ziddir. Belə ki, həmin maddəyə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu maddədən belə nəticəyə gəlmək olur ki, iddiaçı qanunu pozmuşdur, çünki faizlər ilin sonunda deyil, əksinə hər ay tutulmuşdur. Bundan başqa, aralarında bağlanmış kredit müqaviləsinə əsasən borcun bir il başa çatanadək qaytarılması şərti və yaxud öhdəliyi mövcud deyildir, əksinə kredit borcu 36 ay müddətinə qaytarılması təmin edilməlidir. Başqa sözlə, kredit borcunun bir il bitənədək qaytarılması kredit müqaviləsində şərtləşdirilməyib. Bundan başqa, borcun faizlər ilə bir vaxtda ödənilməsi və eyni zamanda qaytarılması tələbini mövcud qanunvericilik nəzərdə tutmur, əgər borc bir il başa çatanadək qaytarılmalı deyilsə. Beləliklə, iddiaçının əsas borc ilə faizi eyni zamanda tələb etməsi qanunsuz və əsassızdır, çünki Mülki Məcəllədə borcluya qarşı bu cür tələb mövcud deyil. Bu səbəbdən, bankın onunla bağladığı kredit müqaviləsi və ona zamin duran şəxslə bağlanmış zaminlik müqaviləsi qanunsuz və etibarsızdır. Bundan başqa, bankın kredit müqaviləsində təqdim etdiyi ödənişin silinməsi ardıcıllığı, yəni gecikdirilmiş borc üzrə ödənişdən, ilk növbədə, cərimə faizlərinin, sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması qanunsuzdur. Beləliklə, onunla iddiaçı arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli istehlak krediti müqaviləsinin 4.1, 4.4, 4.5 və 8.3-cü maddələri, habelə iddiaçının ona təqdim etdiyi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli Azerbaycan Respublikasının qanunvericiliyinə, yəni Mülki Məcəlləyə ziddir. Bu isə o deməkdir ki, sözügedən kredit müqaviləsi etibarsız və qanunsuzdur. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən yol verilmiş yuxardaki qanun pozuntuları yalnız borcalanın hüquq və mənafeyini deyil, həmçinin zamin duran şəxsin hüquqlarını və haqqlarını pozduğu üçün, zaminlik müqaviləsi də etibarsız və qanunsuzdur. Bundan başqa, bankla arasında olan kredit müqaviləsinin 5- ci maddəsində bankın hüquq və öhdəlikləri barədə müddəalar öz əksini tapsa da, borcalanın yalnız öhdəlikləri barədə bəndlər mövcuddur. Bu o deməkdir ki, bank qəsdən borcalanın hüquqları haqqında müddəaları müqaviləyə daxil etməmişdir. Bunu borcalanın hüquqlarının məhdudlaşdırılması və qanunla qorunan mənafeyi əlehinə olan hal kimi qiymətləndirir, çünki bununla ədalət prinsipi və tərəflərin bərabər hüquqlara malik olma prinsipi pozulmuşdur. Yekun olaraq bu onu deməyə əsas verir ki, iddiaçı Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 741 və 440.2-ci maddələrini pozaraq həm borcalanı, həm də zamin duran şəxsi aldatmış və onların etibarından sui-istifadə etmiş və hüquqlarını pozmuşdur. Həmçinin, bank yol verdiyi qanun pozuntuları ilə borcalanı və zamini ağır duruma salmış və vəziyyətlərinin pisləşməsinə səbəb olmuşdur. Habelə, bank borcalanın rəsmi məktubunu, üzürlü səbəblərini ispat edən tibbi sənədlərini, həkim rəylərini və digər sübütları nəzərə almamaqla və kompromisə getməməklə Mülki Məcəllənin 445.5-ci maddəsini lazımınca diqqətə almamış, vəziyyəti ədalətli və zəruri formada təhlil etməmiş və illərlə müştərisi olmuş şəxsin məsələsini ümumiyyətlə lazimi səviyyədə araşdırmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı həmin maddənin tələblərini pozmuşdur. Qeyd etmək lazımdır ki, sözügedən kredit müqaviləsinin müəyyən müddəalarının icrası məqsədəmüvafiq deyil, çünki sözügedən müqavilə bəndləri (4.1, 4.4, 4.5 və 8.3) qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının tərtib etdiyi kredit və zaminlik müqavilələrində, habelə kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə nömrə 1-də əksini tapmış ödəniş cədvəlində (kredit müqaviləsinin 4.1-ci maddəsi) qanun pozuntularına yol verdiyi üçün həmin müqavilələrin (kredit və zaminlik) və kredit müqaviləsinə 1 saylı əlavədə öz əksini tapmış ödəniş cədvəlinin ləğv olunması və borcalanla Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olan və qanunvericiliyin tələblərini pozmayan yeni kredit müqaviləsi bağlanmalı və qanunvericiliyə uyğun yeni ödəniş cədvəli təklif olunmalıdır. Göstərilənlərə əsasən onunla iddiaçı arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli istehlak krediti müqaviləsinin qanunsuz və etibarsız elan edilməsi, kredit müqaviləsinin qanunsuz olması səbəbindən, zaminin zaminlikdən imtinasını qəbul edərək zaminlik müqaviləsinin etibarsız və qanunsuz elan edilməsi, kredit müqaviləsinin 1 nömrəli əlavəsində əks olunmuş ödəniş cədvəlinin etibarsız və qanunsuz elan olunması, Azərbaycan Respublikasının qanunverciliyini pozmayan onunla bank arasında yeni istehlak krediti müqaviləsinin, habelə qanunvericiliyə uyğun yeni ödəniş cədvəlinin tərtib edilməsi və tərəflər tərəfindən imzalanması, bankın 2021-ci il iyul ayından qanunvericiliyə zidd olaraq ondan tutduğu aylıq faizlərin qanunsuz və etibarsız elan edilməsi, habelə həmin faizlərin əsas borca yönəldilməsi, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinə müvafiq olaraq iş üzrə məhkəmə-mühasibatlıq (maliyyə) ekspertizasının təşkil olunması və keçirilməsi, yuxarda qeyd etdiyi üzürlü və obyektiv səbəblərdən irəli gələn, habelə ondan asılı olmayan və onun təqsiri olmadan baş vermiş bu prosesləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə müvafiq olaraq təfsir edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı daha bir etiraz göndərərək göstərmişdir ki, iddiaçı onunla bağladığı kredit müqaviləsinin 13.3 maddəsini, həmçinin Azərbaycan Respublikasının qanunverciliyini pozmuşdur.
10. İddiaçının təqdim etdiyi 29 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 11 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 29 iyun 2022-ci il tarixə banka 14.378,59 manat əsas və 2.283,73 manat faiz borcu olmaqla, cəmi 16.662,32 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 170 gün təşkil edir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 9/6127 nömrəli rəyinə əsasən Cavabdeh2 11 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə 29 iyun 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 15.529,18 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 14.378,59 manat, faiz borcu 1.150,59 manat.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2022-ci il tarixli 2(001)-4727/2022 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia qismən təmin edilmiş, 11 iyun 2021-ci il tarixli, 101804- 537578/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 14.378,59 manat məbləğində əsas borc, 1.150,59 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 15.529,18 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 130 manatın iddiaçının xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində vəsaitin 140 manatının müştərək qaydada cavabdehlərdən, 10 manatının isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, digər cavabdeh isə zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
14. Məhkəmə göstərmişdir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərini tənzimləyən qanunvericiliyin müddəalarından və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında olan hüquqi mövqedən göründüyü kimi, kredit müqaviləsində əsas borcun və faizlərin qaytarılması müddəti müəyyənləşdirilə bilər. Yəni, hazırki iş üzrə tərəflər arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli kredit müqaviləsində əsas borcun və faizlərin hər ay hissəhissə qaytarılması müddəalarının olması qanunvericiliyin tələblərinə zidd deyil. O da qeyd edilməlidir ki, Cavabdeh2 bu şərtlərə əməl edərək bir müddət kredit ödənişlərini (əsas və faiz borcunu) həyata keçirmişdir.
15. Bundan başqa, Cavabdeh2 ondan asılı olmayan səbələrə görə (xəstəliyi, işsiz olduğu və s.) kredit müqaviləsi üzrə öhdəliklərini icra etmək qabiliyyətinin olmaması zamin Cavabdeh1 həmin öhdəlikləri icra etmək vəzifəsindən azad etməmişdir və zamin öhdəliklərini icra etdiyi təqdirdə müqavilə üzrə icranın gecikməsi yaranmayacaqdı. Belə ki, zamin kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 2.5, 385.1, 386.1, 390.1, 427.3, 442, 443.1, 472.1, 472.2, 739.1, 739.2, 743-cü maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ASC ilə arasında bağlanmış 11 iyun 2021-ci il tarixli, 101804-537578/3 nömrəli istehlak krediti müqaviləsinin qanunsuz və etibarsız elan edilməsi, kredit müqaviləsinin qanunsuz olması səbəbindən, zaminlik müqaviləsinin həmçinin etibarsız və qanunsuz elan edilməsi, kredit Müqaviləsinin 1 nömrəli Əlavəsində əks olunmuş ödəniş cədvəlinin etibarsız və qanunsuz elan olunması, onunla bank arasında yeni istehlak krediti müqaviləsinin habelə qanunvericiliyə uyğun yeni ödəniş cədvəlinin tərtib edilməsinə və tərəflər tərəfindən imzalanması, Bankın 2021-ci il iyul ayından qanunvericiliyə zidd olaraq ondan tutduğu aylıq faizlərin qanunsuz və etibarsız elan edilməsinə habelə həmin faizlərin əsas borca yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apelyasiya şikayətində göstərilmişdir ki, ASC isə bağladığı Kredit Müqaviləsinə müvafiq olaraq və ona təqdim etdiyi ödəniş cədvəlinə əsasən borc üzrə faizləri ayda bir dəfə tutur. Bu mövcud qanunvericiliyə ziddir. Bank qanunu pozmuşdur, çünki faizlər ilin sonunda deyil, əksinə hər ay tutulmuşdur. Bundan başqa, bağlanmış kredit müqaviləsinə əsasən borcun bir il başa çatanadək qaytarılması şərti və yaxud öhdəliyi mövcud deyildir, əksinə kredit borcunun 36 ay müddətinə qaytarılması təmin edilməlidir. Başqa sözlə desək, kredit borcunun bir il bitənədək qaytarılması kredit müqaviləsində şərtləşdirilməyib. Bundan başqa, borcun faizlər ilə bir vaxtda ödənilməsi və eyni zamanda qaytarılması tələbini mövcud qanunvericilik nəzərdə tutmur, əgər borc bir il başa çatanadək qaytarılmalı deyilsə. Beləliklə, Bankın əsas borc ilə faizi eyni zamanda tələb etməsi qanunsuz və əsassızdır çünki Mülki Məcəllədə borcluya qarşı bu cür tələb mövcud deyil. Bu səbəbdən, ASC-in onunla bağladığı kredit müqaviləsi və zamin duran şəxslə bağlanmış zaminlik müqaviləsi qanunsuz və etibarsızdır. Bundan başqa, bankın kredit müqaviləsində təqdim etdiyi ödənişin silinməsi ardıcıllığı, yəni gecikdirilmiş borc üzrə ödənişdən, ilk növbədə, cərimə faizlərinin, sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması qanunsuzdur. Ekspertin rəyi haqlı olduğunu göstərsə də məhkəmə-mühasibatlıq ekspertizanın xərcləri üzrə 140 manat olan hissəsinin ödənilməsi öhdəliyini onun və zamin duran atasının üzərinə qoyulması barədə qətnamə çıxmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcini, səhhətində ciddi problemlər olduğunu, ürəyinin işemik xəstəliyi, stenokardiya və ürəkdəki aritmiya vəziyyətinin biraz da pisləşdiyini göstərərək, iclasın başqa tarixə keçirilməsini xahiş etmişdir. Əlavə edilmiş arayış fevral ayına aid olduğu üçün və hazırda xəstə olmasını, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini göstərən sənəd olmadığı üçün işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğu üçün qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
39. İddiaçı Cavabdeh2la bağlanmış kredit müqaviləsinə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
40. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
41. Cavabdeh2 birinci instansiya məhkəməsində xəstələnməsi ilə əlaqədar üzrlü səbəbdən ödənişləri edə bilmədiyini göstərmişdir.
42. Apelyasiya şikayətini isə hər iki müqavilənin etibarsızlığı ilə əsaslandırmışdır.
43. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın rədd edilməsi və qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
44. Cavabdeh üzrlü səbəbdən ödənişləri edə bilməməsi kimi dəlillərinə əsasən hər hansı güzəşt edilməsi barədə banka müraciət edə bilər və hər hansı güzəşt etmək və ya etməmək bankın hüququdur.
45. Digər tərəfdən birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, borclunun üzrlü səbəbdən öhdəliyini icra edə bilməməsi halında həmin öhdəliyi onun icrası üçün birgə məsuliyyət daşıyan zamin icra edə bilər.
46. Ekspertiza xərcinin daha çox hissəsinin ondan tutulması ilə bağlı cavabdehin qeyd etdiyinə münasibətdə isə Kollegiya bildirir ki, məhkəmə haqlı olaraq təmin edilmiş tələbə mütənasib olaraq eksertiza xərcini göstərilən şəkildə tutmuşdur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4727/2022 saylı iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.