Məhkəmə qərarları › İş №2(103)-2119/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2119/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2119/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, e-2(008)- 1762/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" ASC ilə cavabdeh X əlilzadə Misirə Hacı qızı arasında kredit müqavilələri bağlanmış, lakin cavabdeh müqavilələrdən biri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu ödəniş qrafiki üzrə ödəməmişdir. Kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər icra olunmadığı üçün iddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9383.79 manat məbləğində əsas bоrc, 457.94 manat faiz borcu оlmaqla, cəmi 9841.73 (doqquz min səkkiz yüz qırx bir manat yetmiş üç qəpik) manat, 109804-763699/6 nömrəli kredit müqaviləsi üzrə 4709.86 manat məbləğində əsas bоrc, 559.14 manat faiz borcu оlmaqla, cəmi 5269 (beş min iki yüz altmış doqquz) manat olmaqla, hər iki müqavilə üzrə 15110.73 manat borcun və 135.73 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 sentyabr 2022-ci il tariхli, 101804-763699/7 nömrəli istehlak krеditi müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 11700 (on bir min yeddi yüz) manat, eləcə də 16 may 2022 il tariхli, 109804- 763699/6 nömrəli istehlak krеditi müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditlərin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Bununla da 25 dekabr 2023-cü il tarixinə cavabdehin 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9383.79 manat məbləğində əsas bоrc və 457.94 manat faiz borcu оlmaqla, cəmi 9841.73 manat, 109804- 763699/6 nömrəli kredit müqaviləsi üzrə 4709.86 manat məbləğində əsas bоrc və 559.14 manat faiz borcu оlmaqla, cəmi 5269 manat kredit bоrcu yaranmışdır.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 08 sentyabr 2022 il tariхli, 101804- 763699/7 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli rəyinə əsasən cavabdehin 25 dekabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) sözügedən kredit müqaviləsi üzrə 9208.11 manat əsas, 127.89 manat faiz borcu yaranmışdır.

5. Daha sonra birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 08 sentyabr 2022 il tariхli, 101804-763699/7 nömrəli, eləcə də 16 may 2022 il tariхli, 109804- 763699/6 nömrəli kredit müqavilələri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli rəyinə əsasən cavabdehin 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 25 dekabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) iddiaçıya 9208.11 manat əsas, 127.89 manat faiz borcu, 109804- 763699/6 nömrəli kredit müqaviləsi üzrə isə sözügedən tarixə 4768.85 manat əsas, 145.71 manat faiz borcu yaranmışdır.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Mirzəliyev 2(008)-1762/2024 nömrəli iş üzrə) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 101804-763699/7 nömrəli kredit müqaviləsi üzrə 9208.11 manat məbləğində əsas bоrc və 127.89 manat faiz borcu оlmaqla, cəmi 9336 manat, 109804-763699/6 nömrəli kredit müqaviləsi üzrə 4709.86 manat məbləğində əsas bоrc və 145.71 manat faiz borcu оlmaqla, cəmi 4855.57 manat, hər iki müqavilə üzrə cəmi 14191.57 manat borc pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi və ekspertiza xərci olaraq 100 manat məbləğində pulun tərəflərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Daha sonra birinci istansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli əlavə qətnaməsi ilə Cavabdeh 130 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o kredit müqavilələri üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir. 10.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən hər ay ödəniş həyata keçirilməsinə baxmayaraq hər iki kredit müqaviləsi üzrə iş məhkəməyə təqdim edilmişdir. Bankın “daxili” qaydalarına əsasən bir kredit müqaviləsi gecikmədədirsə, bu zaman digər müqavilə üzrə iş də məhkəməyə göndərilməlidir. Cavabdeh qeyd etmişdir ki, hər ay ödənişini həyata keçirdiyi böyük məbləğdə kredit üzrə işinin məhkəməyə verilməsi digər müqavilə üzrə borcunun bağlamasına mane olmuşdur. Cavabdeh isə hər ay şişirdilmiş faizləri zamanında ödədiyini bildirmişdir. Vətəndaşların, istehlakçıların hüquqlarını bu formada pozulması və daxili qaydalara əsasən bu formada məhkəməyə verilməsi müsbət hal deyil. Onun birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək bankın ünvanına göndərdiyi məktubun çatdırılma qəbzində onun əvəzinə başqasının saxta imza çəkdiyini bildirməsinə baxmayaraq, ərizəsi nəzərə alınmamışdır. Bundan başqa, hər ay etdiyi ödənişlər ekspert rəyində nəzərə alınmamışdır. Ekspert rəyi ilə qətiyyətlə razı deyil. Sonuncu məhkəmə iclasında isə iddiaçı tərəfindən təxir ərizəsini gördüyü üçün məhkəmə iclasında iştirak etməmiş, yuxarıda qeyd olunan qaranlıq məqamlara aydınlıq gətirə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər (iddiaçı və cavabdeh) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Madd’ 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

20. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

21. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

24. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edildiyi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Belə ki, kollegiya tərəfindən iş materialları hərtərəfli araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 08 sentyabr 2022 il tariхdə 101804-763699/7 nömrəli istehlak krеditi müqaviləsi bağlanmış və cavabdehə 48 ay müddətinə, illik 20% dərəcəsi olmaqla 11700 manat məbləğində kredit verilmişdir. Daha sonra 16 may 2022 il tariхində sonuncular arasında 109804-763699/6 nömrəli başqa istehlak krеditi müqaviləsi bağlanmış və cavabdehə 48 ay müddətinə, illik 20% dərəcəsi olmaqla 6000 manat məbləğində krеdit vеrilmişdir. Sonradan iddiaçı cavabdehin öhdəliklərini yerinə yetirmədiyi üçün borcunun yarandığını iddia etmiş və məhkəməyə müraciət etmişdir. 34.Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi əsası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi 25 dekabr 2025-ci il tarixli maliyyə arayışlarında cavabdehin sözügedən tarixə iddiaçıya kredit borclarının yarandığı, habelə bu borcların gecikmədə olması ( 08 sentyabr 2022 il tariхli, 101804-763699/7 nömrəli istehlak krеditi müqaviləsi-42 gün və 16 may 2022 il tariхli 109804-763699/6 nömrəli istehlak kredit müqaviləsi-131 gün) qeyd edilmişdir. Birinci instansiya məhkəməsi də bu halın araşdırılması üçün haqlı olaraq müxtəlif tarixlərdə məhkəmə-mühasibatlıq ekspertizaları təyin etmiş və keçirilmiş ekspertizalar nəticəsində iddiaçı tərəfindən cavabdehdən tələb olunan borcun mövcudluğu öz təsdiqini tapmışdır.

35. Bu məqamda vurğulanmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də kredit müqaviləsidir. Məcəllənin kredit müqaviləsinin anlayışına aydınlıq gətirən 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

36. İşin mübahisəsiz halıdır ki, iddiaçı və cavabdeh öz iradələrini bəyan etməklə müqavilə bağlamış, iddiaçı cavabdehə qaytarması şərtilə kredit borcu vermiş, nəticədə, cavabdehin iddiaçı qarşısında müəyyən öhdəlikləri yaranmışdır. Yaranmış bu öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi faktı isə məhkəmələr tərəfindən müəyyən edilmişdir. Belə olan halda, icra edilməmiş öhdəliklər nəticəsində yaranmış borcun cavabdehdən tutulması birinci instansiya məhkəməsi tərəfindən verilən ədalətli və qanuni qərar olmuşdur.

37. Buna baxmayaraq, cavabdeh formal mülahizələrə əsaslanaraq apellyasiya şikayəti vermişdir. Bu kimi formal dəlillərdən biri ekspert rəyləri ilə razılaşmaması, kredit müqaviləsi üzrə borcun düzgün hesablanmaması və ödənişlərin nəzərə alınmamasıdır. İddiaçı şikayətində sözügedən dəlilləri göstərsə də, bu halları əsaslandıra və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, iş materiallarından görünür ki, birinci istansiya məhkəməsi tərəfindən 101804-763699/7 nömrəli müqaviləsi üzrə iki dəfə, 109804-76399/6 nömrəli kredit müqaviləsi üzrə bir dəfə ekspertiza keçirilmiş və məhkəmə müvafiq ekspertiza rəyləri əsasında qərar qəbul etmişdir. Eyni zamanda, işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və s.) görünür ki, kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Həmçinin, işdə olan hesabdan çıxarışdan da görünür ki, cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları nəzərə alınmaqla, qalıq borc müəyyən edilmişdir. 38.Belə olan halda məhkəmə kollegiyası hər hansı əsas olmadığını (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.), eləcə də icraatın əsassız uzadılması və ləngidilməsi ilə nəticələ biləcəyini nəzərə alaraq, əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir və bildirir ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanmaqla iddiaçıdan ümumilikdə 14191.57 manat borc pul tutmaqda haqlı olmuşdur.

39. Bundan başqa, cavabdeh şikayətində hər ay ödənişlərini həyata keçirdiyi kredit müqaviləsi ilə bağlı məhkəməyə müraciət edilməsinin digər müqavilə üzrə ödənişlərini ödəməyinə maneə olduğunu və bununla da bir istehlakçı olaraq hüququnun pozulduğunu bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materialındakı maliyyə arayışlarından cavabdehin hər iki kredit müqaviləsini icra etmədiyi, cədvəl üzrə ödənişləri gecikdirdiyi müəyyən edilir. Bunun əksini sübut edən faktlar cavabdeh tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, bir müqavilə üzrə ödənişlər həyata keçirilmədiyində mövcud olan kredit müqavilələri üzrə ödənişlərin məhkəmə qaydasında tələb edilməsi bankın hüququdur. Odur ki bu dəlil də əsassızdır. 40.Cavabdehin pretenziya məktubunu özünün almaması və qaimələrdəki imzanın ona məxsus olmaması ilə bağlı dəlilə gəldikdə isə kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qaimələrdən cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana sürətli poçt xidməti ilə çatdırılma olduğu məlum olur. Lakin cavabdeh bu halı təkzib edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmiş (sözügedən ünvanda özü və ailə üzvlərinin faktiki olaraq yaşamadıqlarını təsdiq edən sənəd və s.) sadəcə formal mülahizə olaraq irəli sürmüşdür. 41.Cavabdeh apellyasiya şikayətində dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin işdə olan sübutlarda (hesabdan çıxarış və s.) göstərilənlərdən daha artıq ödənişlərinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

42. Şikayətin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

43. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.

44. İşin hallarına əsasən cavabdeh müqavilə şərtlərini pozmuş, ödənişləri müəyyən olunmuş qaydada həyata keçirməmişdir. Bu faktlar iş materialları və ekspertizalar əsasında təsdiq olunmuşdur. Belə olan halda isə iddiaçı kredit borcunu vaxtından əvvəl tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 45.Odur ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, formal mülahizələrə istinad etdiyi və şikayətinin dəlillərini əsaslandıra bilmədiyi üçün apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 47.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 dekabr 2024-ci il tarixli, e-2(008)- 1762/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar