Məhkəmə qərarları › İş №2(103)-2120/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2120/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2120/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin məbləğinin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-500/2024 nömrəli 11 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X13 doğulmuşdur. Ucar Rayon Məhkəməsinin 2(063)-397/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış nikah pozulmuş, 09 avqust 2014-cü ildə doğulmuş X6 ananın yanında qalması müəyyən edilmiş, Cavabdeh 23 iyul 2020-ci ildən başlayaraq 09 avqust 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulub X3 verilməsi qət edilmişdir.

2. xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnaməyə əsasən X14 və X4 arasında 22 may 2023-cü il tarixdə nikah bağlanmışdır.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2136/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7363/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Nikah haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Şükürov X10 Əfsanə Kamil qızı ilə nikaha daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə X7 doğulmuşdur.

5. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə görə Cavabdeh "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən kuryer vəzifəsində işləməklə 350 manat əmək haqqı alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan anadan olmuş X13 üçün məhkəmə qaydası ilə müəyyən olunmuş əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin artırılaraq 2023-cü il tarixə müəyyən olunmuş 220 manat həddinə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, uşaq böyüdükcə onun təlabatı da artır. Hazırda uşaq məktəbə gedir. 2020-ci ildən bu günə qədər dövlət dəfələrlə əmək haqqını, pensiyanı, sosial müavinəti qaldırılsa da, cavabdeh uşağın saxlanılması üçün 100 manatdan əlavə aliment ödəməmişdir. Əlavə olaraq heç bir köməklik etməmişdir. Uşağı saxlamaqda, onun təlabatını ödəməkdə təkbaşına çox əziyyət çəkir. Uşağın tam təminatını ödəmək üçün valideynlərinin köməkliyi sayəsində saxlayır. Nikahları pozulduqdan sonra xx.xx.2023-cü ildə X15 ilə rəsmi ailə həyatı qurmuşdur. 2023-cü ilin yanvar ayından uşaqlar üçün minimum yaşayış həddi dövlət tərəfindən 220 manat müəyyən olunduğu halda əmək haqqının 1/4 hissəsində alimentin tutulması uşağın saxlanılması üçün kifayət etmir. 100 manatla uşağın saxlanılması qeyri-mümkündür.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-500/2024 nömrəli 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 2(063)- 397/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilmiş, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 33,56 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə Cavabdeh öz ifadələrinə görə indiyə kimi o, hər ay 107 manat məbləğində aliment ödəyir və hal-hazırda işsizdir. Onun işsiz olması uşağı saxlamaqdan azad edən hal deyil. Həmçinin, cavabdeh öz ifadələrində onun başqa bir uşağının dünyaya gəldiyini qeyd etsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, 2023-cü ildə uşaqlar üçün yaşayış minimum kimi 220 manat olaraq müəyyən edilmiş, cari 2024-cü il üçün isə həmin məbləğ 235 manat kimi müəyyən edilir.

10. Məhkəmə qeyd etmişdir ki, 107 manat bu baxımdan az bir məbləğdir, uşağın isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. İddiaçı 220 manat məbləğində aliment tələb etmiş və məhkəmə onu uşağın maraqlarına uyğun hesab etmişdir. Bütün bunları nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 75.5, 76, 78-ci maddələri, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 112, 119.2, 124.1-ci maddələri, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, iddaçı onun maddi vəziyyətinin yaxşılaşması barədə sübutlar təqdim etməyib. O, iddiaçıya hər ay 107 manat aliment ödəyir, həmçinin uşaqla ünsiyyət zamanı uşağa geyim və ərzaq məhsulları alır. Uşaqla ünsiyyət Ucar rayonunda baş tutduğundan Bakıdan rayona və əks istiqamətə qayıtmaq üçün xeyli xərc çəkir. İddiaçı ərə gedib və uşağı ata-anasının yanında saxlayıb, uşaq hədsiz dərəcədə baxımsız vəziyyətdə yaşayır. Nikaha daxil olmuş və dekabr ayında övladının doğulması gözlənilir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. İddiaçı teleqram ünvanlayaraq, apellyasiya şikayəti ona göndərilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat, 2022-ci ildə 195 manat, 2023-cü ildə 220 manat, 2024-üçün isə 235 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır.

31. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, cavabdehin öz ifadələrinə görə indiyə kimi o, hər ay 107 manat məbləğində aliment ödəyir. Hazırda bir uşağın saxlanması üçün 107 manat vəsait yetərli sayıla bilməz.

32. Göründüyü kimi qətnamə ilə nəzərdə tutulmuş aliment məbləği müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün alimentin məbləğinin yüksək olması, hazırda əmək haqqının aşağı olması, yeni ailə həyatı qurması və övladının olması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən, o cümlədən aliment öhdəliyindən azad etmir.

34. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.

35. Kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, işin konkret hallarını əsas götürərək, cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin sabit pul məbləğində 220 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir.

36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-500/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar