Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2121/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı borc verən, Cavabdeh1 borcalan, dogər Cavabdeh2 zamindir. 29.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 12.740 ABŞ dolları məbləğində kredit verib. Kredit 24 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 26 faiz müəyyən edilib. Eyni tarixdə iddiaçı digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanıb, o, borcalanın öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürüb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 10.596,63 ABŞ dolları, faiz borcu kimi 6.205,03 ABŞ dolları, cərimə borcu kimi 12.184,57 ABŞ dolları, kredit müqavilsinin bitdiyi tarixdən 24.06.2019-cu il tarixədək borcun qaytarılmasının gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz borcu kimi 949,75 ABŞ dolları, cəmi 29.935,98 ABŞ dolları məbləğində pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 10.596,63 ABŞ dolları, faiz borcu kimi 5.309,20 ABŞ dolları, cərimə borcu kimi 400 ABŞ dolları, cəmi 16.305,83 ABŞ dolları, dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılıb. Əsas borca aid hissədə tələb tam təmin olunduğuna görə qətnamənin əsas borca aid hissəsi yoxlanılmır. Belə ki, məhkəmə-mühasibat ekspertizasının rəyi ilə əsas borcun məbləğinin 10.597,79 ABŞ dolları olduğu müəyyən edilib, bu, iddiaçının tələb etdiyi əsas borcun məbləğindən (10.596,63 ABŞ dollarından) 1,16 ABŞ dolları çox olduğuna görə birinci instansiya məhkəməsi iddia həddində 10.596,63 ABŞ dollarının tutulmasını qət edib Faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı fərqli əsasla hesablanmış 2 faiz borcu tələb edir: 1) kredit müddəti üçün kredit müqaviləsində göstərilən faiz dərəcəsi hesablanmış faiz borcu kimi 6.205,03 ABŞ dolları; 2) kredit müddəti bitdiyi tarixdən 24.06.2019-cu il tarixədək borcun qaytarılmasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış faiz borcu kimi 949,75 ABŞ dolları. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi ilə faiz borcunun məbləğinin 29.10.2017-ci il tarixə (kredit müddətinin sonuna) 4.433,41 ABŞ dolları, 24.06.2019-cu il tarixə (iddia ərizəsində göstərilən tarixə) 5.309,20 ABŞ dolları olduğu müəyyən edilib. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçının hər 2 əsasla (yəni kredit müddəti üçün 26 faizlə və kredit müddətindən sonra 5 faizlə) hesabladığı faiz borcu ekspert rəyində göstərilən 5.309,20 ABŞ dolları həddində müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsində göstərilən faiz dərəcəsi (26 faiz) kredit müddətindən sonrakı dövrün faiz dərəcəsindən (5 faizdən) çoxdur. Əslində birinci instansiya məhkəməsi kredit müddəti üçün 26 faizlə hesablanmış faiz borcunu, kredit müddətindən sonrakı müddət üçün 5 faizlə hesablanmış faiz borcunu tutmalı idi. Lakin məhkəmə həm kredit müddəti üçün, həm də kredit müddətindən sonrakı müddət üçün 26 faizlə hesablanmış faiz borcunun tutulmasını qət edib. Bununla da məhkəmə iddianın əsasında iddiaçının xeyrinə kənara çıxıb. Ona görə də qətnamənin faiz borcuna aid hissəsi iddiaçının apellyasiya şikayəti əsasında ləğv edilə və ya dəyişdirilə bilməz. Cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.Belə ki, öhdəliyin pozulmasına, yəni borcun vaxtında qaytarılmamasına görə bank borcluya 12.184,57 ABŞ dolları cərimə (dəbbə pulu) hesablayıb. Bu, əsas borcun məbləğindən də artıqdır. Birinci instansiya məhkəməsi cəriməni tənasübsüz surətdə yüksək hesab edib. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmışdır. Həmin maddədə daha sonra qeyd olunub ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin məbləğinin 400 ABŞ dolları müəyyən edilməsi qeyd olunan maddənin göstərişə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2121/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2121/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver