Məhkəmə qərarları › İş №2(103)-2124/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2124/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2124/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)-242/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 24, mənzil 5-də qeydiyyatda olan və yaşayan Cavabdeh alqı satqı müqaviləsi üzrə 630 (altı yüz otuz) manat əsas borc, 315 (üç yüz on beş) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli 7 saylı alqısatqı müqaviləsinə əsasən sahibkar İddiaçı ilə 12 ay müddətinə kredit üsulu ilə qiyməti 680 (altı yüz səksən) manat məbləğində LC32LJ57OU televizor satılmışdır. Borclu Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozaraq aldığı 680 manat məbləğində televizorun əsas borcundan cəmi xx.xx.2018-ci il tarixdə 50 (əlli) manat ödəyərək, qalan 630 (altı yüz otuz) manat borcu ödəməkdən boyun qaçırır. Halbuki həmin müqavilənin ödəniş müddəti xx.xx.2019- cu il tarixdə bitib. Borcluya dədələrlə müraciət etməyinə baxmayaraq kreditlə aldığı televizordan istifadə etdiyinə görə əsas qalmış 630 manat borc və müqavilədən irəli gələn öhdəliklər lazımı qaydada icra edilməmiş, tələbkara olduğu borcu könüllü ödənilməsi üçün təklif verməmişdir. Hal-hazırda xx.xx.2019-cu il tarixə olan hesablanmara görə alqı-satqı müqaviləsiüzrə 630 manat məbləğində əsas borc və 315 manat hesablanmış faiz məbləği təşkil edir. Yaranmış mübahisəni məhkəmədən kənar qaydada borclu ilə tələbkar həll edilməsinə cəhd etsədə, aparılmış danışıqlar heç bir fayda verməmişdir (pretenziya qaydasında həll olunma) və tələbi məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etməsinə üstünlük verilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)- 242/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 630 (altı yüz otuz) manat əsas borc, 50 (əlli) manat cərimə, cəmi 680 (altı yüz səksən) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-242/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini Cavabdeh 630(altı yüz otuz) manat məbləğində əsas borc, hesablanmış 315 ( üç yüz on beş ) cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətmamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(094)-242/2020 saylı qətnaməsini əsassız hesab edir. Belə ki, xx.xx.2018-ci il tarixli 7 saylı alqı-satqı müqaviləsinin 8.1-ci maddəsinə əsasən Cərimələrinin ödənilməsi Alıcını öhdəliklərdən azad etmir. Alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 2(iki) % cərimə ödəyir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lakin hakim iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək dəbbə pulunun tələb edilməsini heç bir faktla və ya sübutla əsaslandırmamışdır. Əlavə olaraq xx.xx.2018ci il tarixli 7 saylı alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən alıcı satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutıılan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər gün üçün 2 (iki) faiz cərimə ödəyir. xx.xx.2018-ci il tarixli 7 saylı alqı-satqı müqaviləsi üzrə Qasımov X1 Akif Vəli oğlunun xeyrinə 12 ay ərzində hər ay 56 (əlli altı) manat ödəməlidir. Lakin bu günə kimi Cavabdeh cəmi 50 (əlli) manat ödəmişdir. Beləliklə, xx.xx.2018-ci ildən başlayaraq qeyd olunan müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Aylıq ödənişləri üzrə ay ərzində hesablanmış cəriməni 11 aya vuranda ( 56*2%*30)*l 1=369,6 (üç yüz altmış doqquz manat altmış qəpik) manat təşkil edir. Eyni zamanda müqaviləyə əsasən cərimə borcu borc ödənilənədək hesablanır. İddiaçı isə cavabdehin maddi vəziyyətini nəzərə alaraq və cərimə yükünü azaldaraq iddia ərizəsində müqavilənin qüvvədə olduğu müddət ərzində hesablanmış cərimə borcundan 315 ( üç yüz on beş ) manat məbləğindən cərimə borcu tələb etmidşir. Buna baxmayaraq Pirallahı Rayon Məhkəməsi işin hallarını araşdırmadan iddia ərizəsində qeyd olunun cərimə borcundan cəmi 50 (əlli) manat cərimə borcunu təmin etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 7 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilədən göründüyü kimi, İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh bir ədəd ümumi qiyməti 680 manatdəyərində olan LC32LJ57OU televizor almışdır. İş materiallarında olan alqı-satqı müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 680 (altı yüz səksən) manat borcundan 50 (əlli) manat ödəniş etmiş və 630 (altı yüz otuz) manat borcu qalmışdır. İş materiallarında olan bildirişin surətindən göründüyü kimi, Cavabdeh borcun ödənilməsi təklif olunmuşdur. İşdə olan dövlət rüsumunun ödənilməsi haqqında məlumata əsasən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xeyrinə cavabdehdən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 630 manat məbləğində əsas borc tutulmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı xx xxxxxx 2018-ci il tarixli, 7 nömrəli alqı-satqı müqaviləsinə əsasən ona 315 manat məbləğində dəbbə pulu (cərimə) hesablanmışdır. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bu Məcəllənin 467-ci maddəsində isə göstərilib ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 7 nömrəli alqı-satqı müqaviləsinə əsasən 630 manat məbləğində əsas borcu olduğu halda ona hesablanmış 315 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir, xx.xx.2018-ci il tarixli, 7 nömrəli alqı-satqı müqaviləsinə əsasən dəbbə pulu 50 manatdək azaldılmalı və iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Mülki Məcəllənin 21-ci maddəsində göstərilib ki, hüquqi pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər başa düşülür. Beləliklə məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 630 (altı yüz otuz) manat əsas borc, 50 (əlli) manat cərimə, cəmi 680 (altı yüz səksən) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)- 242/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar