Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2124/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və apelyatorun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2024-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Borcverən İddiaçı ilə X1 arasında imzalanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 65000 manat məbləğində borc verməyi, borcalan isə krediti xx.xx.2023-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi faizsiz bağlanmışdır. X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X1nun vərəsələridir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 62050.0 manat (altmış iki min əlli) əsas borcun, 3867.5 manat (62050.00x5%:365günx455gün) faiz məbləğinin və ödənilmiş 297.75 manat dövlət rüsumunun, ümumilikdə 65917.5 manat (altmış beş min doqquz yüz on yeddi manat əlli qəpik) məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 65000 manat məbləğində pulun borc verilməsinə dair müqavilə bağlanmış, lakin borc müqaviləsinin bağlanmasından hazırkı dövrədək ona cəmi 2950.00 manat (iki min döqquz yüz əlli) manat qaytarılmışdır. Mərhum ilə borcun qaytarılması ilə bağlı çoxlu danışıqları olmuş və hər dəfə də bildirmişdir ki, borcu yaxın vaxtlarda qaytaracaq. Lakin mərhum vəfat etmiş, onun vərəsələri borcu qaytarmamışlar.
4. Cavabdeh tərəf borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə 1 illik iddia müddətinin keçdiyini əsas gətirərək iddianın rədd olunmasını xahiş etmişlər.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Rüstəmov , iş №2(003)-3043/24) iddia təmin edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı ilə mərhum X4 arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilədə Mülki Məcəllədə müqavilənin etibarlı olması ilə bağlı hər hansı şərt pozulmamışdır. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 385.1, 425.1, 442, 739, 742.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, miras qoyanın hansı həcmdə miras qoyması dəqiqləşdirilmədən iddia təmin edilmişdir. İkinci də miras qoyanın 2 yox, 1 vərəsəsi movcuddur. ddia tələbinin əsasını təşkil edən pul məbləği mərhuma təqdim edilməmişdir. O bilır borc müqaviləsi bağlanması üçün iddiaçı tərəfindən banka təqdim edilmiş, daha sonra da təkrar özü götürmüşdür. Məqsəd mərhumun borc öhdəliyinin yaranması olmuşdur. Cavabdehlər nə müqavilənin bağlandığı zaman, nə də mərhumun ölümündün uzun zaman belə bir müqavilənin olmasından xəbərsiz olmuşlar. İddiaçı niyə belə müqaviləni məhz mərhumun ölümündən xeyli müddət sonra bildirmişdir. Ayrıca məhkəmə iclasında hazırkı müqavilənin etibarszlığı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia verilməsi və icraata qəbul edilməsi bildirilsə də, hakim icraatın dayandırılması barədə vəsatəti rədd etmişdir. Bundan əlavə o, vərəsəlikdən imtina etmişdir. Buna görə də ondan qeyd olunan pul məbləğinin tutulması əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apelyatorun nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İddiaçının nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı qətnamədən apellyasiya şikayətini yalnız Cavabdeh2 vermiş olsa da, məhkəmə kollegiyası qətnamə ilə borcun cavabdehlərdən müştərək tutulduğunu və bu baxımdan mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən işin hallarını düzgün müəyyən etsə də, həmin hallar üzrə faiz borcunun tutulması hissəsində səhvə yol vermişdir.
18. Mülki işin hallarından görünür ki, borc müqaviləsi xx.xx.2023-cü ildə bağlanmış və müqavilənin müddəti xx.xx.2023-cü ildə bitmişdir. xx.xx.2024-cü il tarixdə borclu vəfat etmişdir. Kredit müqaviləsi üzrə borclunun ölməsi səbəbindən kredit borcu uzun müddət ödənilməmiş qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə, yəni müqavilə müddətinin bitməsindən 1 il 3 ay sonra hazırkı iddianı qaldırmış və bütün dövr ərzində əsas borca faizlərin hesablanmasını davam etdirərək borclunun vərəsəsinə qarşı əsas və faiz borcunun ödənilməsi tələbi irəli sürmüşdür.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
20. Qanunun mənasından da göründüyü kimi, mirası qəbul etmiş vərəsə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını əldə edir və onun həmin məqamadək daşıdığı vəzifələrin icraçısı olur.
21. Qanuna görə miras əmlak dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) qanunla (vərəsəlik hüquq normaları ilə) müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Passiv miras qoyanın ölüdüyü məqamadək icra etməyə borclu olduğu öhdəliklərdir, ödəməli olduğu borclardır.
22. Azərbaycan Respublikasının vərəsəlik hüququna görə vərəsələrin miras passivinə münasibətdə məsuliyyəti miras qoyanın ölüdüyü məqamadək icra etməyə borclu olduğu öhdəliklər və ödəməli olduğu borclarla məhdudlaşır.
23. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə kredit müqaviləsi üzrə borclunun ölümündən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və borcalanın vərəsəsinə qarşı belə tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Bu tələb nə qanuna, nə də mülki qanunvericilikdə əks olunmuş vicdanlılıq prinsipinə uyğun hesab edilə bilməz.
24. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı müəyyən etdi ki, borcalanın öldüyü məqamadək, yəni 291 gün üçün ödəməli olduğu faiz borcunun məbləği 3867.5 manat deyil, cəmi 2473,5 manat təşkil edir. Ona görə qətnamə həmin hissədə dəyişdirilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini faiz məbləğinin tutulması hissəsi istisna olmaqla qalan hissədə əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qalan hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin digər hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
26. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi xx.xx.2023-cü il tarixdə X4 pul verdiyini sübut etmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdehlər mirasdan imtina etdiklərini bildirsələr də iş materialları ilə bu fakt təsdiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
27. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.
28. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu qənatə gəlmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
29. Baxılan iş üzrə Cavabdeh2 göstərilən müddətdə vərəsə kimi payından imtina etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, o, mirası qəbul etmiş və sonra onu anasına bağışlamışdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2024-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə illik beş faiz borcuna görə 3867,5 manat pul tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ 2473,5 manat (iki min dörd yüz yetmiş üç manat, 50 qəpik) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.