Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2125/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclər tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)-313/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul miqdarında aliment və əlavə xərclər olaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxx 2011-ci təvəllüdlü oğlu X3 və xx xxxx 2013-cü il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırda 272 manat alimentlə iki uşağı saxlamaq çox çətindir, övladları Vaqif və X9 Həşimov adına idman kompleksində MMA və kinboks idman növü, yeddi illik musiqi dərsləri (fortopianino) və məktəb dərsləri üzrə əlavə hazırlıq kursları ilə məşğul olurlar. Ona görə də əlavə xərclər tələb olunur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(094)- 313/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-614/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək xx xxxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, iddiaçı bundan 3 ay əvvəl eyni tələblə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğunu sübut etməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-614/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 71/71-03 nömrəli xx.xx.2020-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş arayışadan görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdən 9 saylı DDOdə yerləşən yeməkxanada aşpaz peşəsində işləyir və orta aylıq əmək haqqı 437,50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında aktlara əsasən Cavabdeh sağ gözünün zəif görür, gözündə çəplik, ümumilikdə mürəkəb hiperoufrofin, asbiqmafizim oxlar Hm 6,OD və Hm2,OD.Yüksək ambliopiya OS, zəif dərəcəli hiperoufrofin vardır Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-230/2018 saylı xx xxx 2018-ci il tarixli qətnamə ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası rədd olunmuşdur. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-149/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası rədd olunmuşdur. Birinci instansiya məhkəməsi tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların minimum maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu, həmçinin 2020-ci ildə müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 150 manat (cəmi 300 manat) alimentin tutulması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan Kollegiya qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, 2017-ci ildə 136,60 manat, 2018-ci ildə 154 manat, 2019-cu ildə160 manat, 2020-ci ildə 170 manat olmuş, 2021-ci il üçün isə 175 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, belə ki, Pirallahı Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda bir uşağın saxlanması üçün 136 manat vəsait yetərli sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “X5” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “X5” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Bu baxımdan kollegiya, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 150 manat (cəmi 300 manat) sabit pul məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-313/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2125/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2125/2021
08.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver