Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2125/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, iddiaçının törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4.217,45 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 57 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, xx.xx.2022-ci il tarixində təxminən saat 21:00 radələrində özünə məxsus “Ravon Nexia” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospektində, üzü A.Cəlilov küçəsinə doğru, yolun sağ kənar hissəsində saxlamış və avtomobildən üzaqlaşmışdır. Bir müddət sonra avtomobilinə yaxınlaşmış iddiaçı görmüşdür ki, cavabdeh, idarə etdiyi “QAZ 3110” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir neçə avtomobili, o cümlədən ona məxsus avtomobili zədələmiş, bununla da yolnəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ DYPŞ tərəfindən aparılmış araşdırmanın nəticəsi ilə müəyyən edilmişdir ki, cavabdeh, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirlidir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. İddiaçıya məxsus avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri baxış keçirmiş və müəyyən etmişlər ki, avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 5.884 manat məbləğində vəsait tələb olunur. Bununla bağlı olaraq həmin MMC tərəfindən xx.xx.2023cü tarixdə “Qüsur aktları” verilmişdir. "xxxx" ASC Sığorta Şirkəti tərəfindən iddiaçıya 1.666,45 manat məbləğdə pul ödənilmişdir. Sığorta Şirkəti tərəfindən ödənilmiş vəsait avtomobilin təmirinə lazım olan vəsaiti tam bağlamadığından, iddiaçı, ona məxsus avtomobilin təmirinə əlavə olaraq 4.215,45 manat məbləğində xərc çəkmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.215,45 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 57 manat məbləğində dövlət rüsumu manat ödəmişdir. İddiaçı hesab edir ki, bu xərcin əvəzi də cavabdehdən onun xeyrinə tutulmalıdır. b) cavabdehin iddia tələbinə olan mövqeyi barədə məlumat
3. Cavabdeh məhkəmə baxışı zamanı Rayon Məhkəməsinə bildirmişdir ki, iddiaçının ondan tutulmasını tələb etdiyi məbləğ reallığı əks etdirmir, məbləğ şişirdilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 3.311,41 manat və dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 49,46 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddia ərizəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması, həmin hadisə zamanı iddiaçıya məxsus avtomobilin istismara yararsız vəziyyətə düşməsi işin mübahisəsiz halıdır. Buna görə də cavabdeh iddiaçıya vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdehin iddiaçıya vurduğu maddi zərərin əvəzinin ödənilməsinə gəldikdə isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 5.364 manat tələb olunur. Lakin avtomobilin köhnəlmə əmsalı nəzərə alındıqda müəyyən edilir ki, iddiaçıya dəymiş zərər 4.978 manatdır. Sığorta Şirkəti tərəfindən iddiaçıya 1.666,45 manat məbləğdə pulun ödənilməsi nəzərə alındıqda müəyyən edilir ki, cavabdehdən iddiaçının xeyrinə 3.311,41 manat tutulmalı, qalan hissədə isə iddia rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğin şişirdilmişdir, iddiaçıya dəymiş zərər iddia ərizəsində və Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi rəydə göstərilən məbləğdən qat-qat azdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, mülki iş ekspertizada qayıtdıqdan sonra Rayon Məhkəməsi məhkəmə baxışı iclasının vaxtı barədə cavabdehə bildiriş göndərməmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. Apellyasiya baxışı iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi.
10. İddiaçı apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni, habelə qətnamənin məhkəmə xərcləri və məsrəfləri ilə bağlı hissəsini mübahisələndirmir.
12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinin zədələnməsi, hadisə ilə bağlı "xxxx" ASC Sığorta Şirkəti tərəfindən iddiaçıya 1.666,45 manat məbləğdə pul ödənilməsi işin mübahisəsiz halıdır.
16. Cavabdehin iddiaya qarşı apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğin şişirdilmişdir, iddiaçıya dəymiş zərər iddia ərizəsində və Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi rəydə göstərilən məbləğdən qat-qat azdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
17. Apellyasiya şikayətinin bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının cavabdehdən ödənilməsini tələb etdiyi məbləğin şişirdilmiş olub-olmamasını yoxlamaq üçün iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəyi almışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli, 9/4707 saylı rəyindən görünür ki, iddiaçıya məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 5.364 manat tələb olunur. Lakin avtomobilin köhnəlmə əmsalı nəzərə alındıqda müəyyən edilir ki, iddiaçıya dəymiş zərər 4.978 manatdır.
15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddiaçıya dəymiş zərərin iddiaçının bildirdiyi kimi 5.884 manat məbləğində deyil, bir qədər az (avtomobilin köhnəlmə əmsalı nəzərə alınmadan) 5.364 manat olması ekspertiza tərəfindən təsdiq olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi avtomobilin köhnəlmə əmsalını nəzərə almaqla iddiaçıya dəymiş ziyanın 4.978 manat məbləğində olmasını əsas götürmüş və bu zaman onu da nəzərə almışdır ki, hadisə ilə bağlı "xxxx" ASC Sığorta Şirkəti tərəfindən iddiaçıya 1.666,45 manat məbləğdə pul ödənilmişdir. Bunları nəzərə almış Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 3.311,41 manat məbləğində pul tutulmalıdır. Qeyd edilən bu məbləğ ilə razılaşmayan və iddiaçıya dəymiş zərərin qat-qat az olmasını bildirən cavabdeh bu halı təsdiq edə biləcək sübutları (məsələn: avtomobillərin təmiri ilə məşğul olan hər hansı bir müəssisənin mütəxəssislərinin tərtib etdikləri “qüsur aktını” və s.) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Belə olan halda, qəbul edilməlidir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və müzakirə edilən bu nəticəsi əsaslıdır. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili isə əsassızdır.
17. Cavabdehin digər dəlili ondan ibarətdir ki, mülki iş ekspertizada qayıtdıqdan sonra Rayon Məhkəməsi məhkəmə baxışı iclasının vaxtı barədə cavabdehə bildiriş göndərməmişdir.
18. Cavabdehin bu dəlili iş materialları ilə təkzib olunduğu üçün əsassızdır.
19. Belə ki, işdə olan məhkəmə sənədlərindən görünür ki, mülki iş ekspertizada qayıtdıqdan sonra Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının vaxtı barədə cavabdehin adına qeydiyyatda olan mobil telefon nömrəsinə sms-bildiriş göndərmiş və sms-bildirşlər cavabdeh tərəfindən alınmış (iş v. 59, 62), lakin cavabdeh məlumatlı olmasına baxmayaraq məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
20. Belə olan halda, qəbul edilməlidir ki, Rayon Məhkəməsi MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır.
h) apellyasiya baxışının nəticəsi
21. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin hazırki apellyasiya baxışının predmeti olan hissəsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
23. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.