Məhkəmə qərarları › İş №2(103)-2127/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2127/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2127/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-237/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək taydada İddiaçı ASC-nin xeyrinə 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 24934.02 manat əsas borc, 4229.93 manat faiz borcu, kredit müqaviləsi üzrə 21.06.2019cu il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1116.75 manat olmaqla ümumilikdə cəmi 30280.70 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı "xxxx" ASC iddia ərizəsinə əlavə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 24934.02 manat əsas, 2079.93 manat faiz və kredit müqaviləsi üzrə 21.06.2019-cu il tarixdən 06.10.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1607,70 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28621.65 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 21 oktyabr 2014- cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 21 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 21 dekabr 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 14934,01 USD Mərkəzi Bankın 21.12.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 26246.52 AZN təşkil edir, kreditin müddəti 21.06.2019-cu il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il mayın 14-dək Cavabdeh1 banka 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24934.02 manat əsas borc, 4229,93 manat faiz borcu, kredit müqaviləsi üzrə 21.06.2019-cu il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1116,75 manat olmaqla ümumilikdə cəmi 30280,70 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-237/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 24934,02 manat əsas borc, 2079,93 manat faiz borcu və kredit müqaviləsi üzrə 21.06.2019-cu il tarixdən 06.10.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1607,70 manat məbləğində əldən çıxmış fayda borcu, cəmi 28621,65 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir (Hakim Əkrəm Qəhrəmanov). Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC PAİHTD-3832 10 iyun 2020-ci il tarixli iddia ərizəsində qeyd etdiyi kimi, onun tərəfindən 21 oktyabr 2014-cü il tarixdə illik 28 faiz olmaqla 24 ay müddətinə 23-M-1-0-756-14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən tərəfimdən 19000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit öhdəliyi vaxtı vaxtında ödənilmişdir. Lakin sonradan Respublikada baş vermiş devalvasiya və iqtisadi böhran nəticələrində, cavabdehin maddi vəziyyəti ağırlaşmış və götürdüyü kredit ABŞ dolları idi, həmin devalvasiya vaxtı da ABŞ dolları manata nisbətən iki qat bahalaşmışdır. Respublikada bütün alış verişlər və əmək haqqılar ölkənin manatı ilə həyata keçirdi. Bu halda isə ABŞ dolları qalxdığı üçün artıq cavabdeh tam ödəniş olmasa da qismən ödəmişdir. Beləliklə cavabdeh tərəfindən kredit müqaviləsi bitən tarixinədək ümumi ABŞ dolları ilə 13257 ABŞ dolları ödənilmişdir. Sonradan kredit müqaviləsinin vaxtı başa çatdıqda iddiaçı ilə buna baxmayaraq ki, kredit müqaviləsinin vaxtı başa çatmışdır, yeni kredit müqaviləsinin əvəzinə və yaxud məhkəməyə verilməsinin əvəzinə, vaxtı bitmiş kredit müqaviləsi üçün 1 saylı əlavə bağlanmışdır. 1 saylı əlavə bağlanandan sonra cavabdeh tərəfindən əlavə olaraq manatla 10710 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə ümumilikdə cavabdeh tərəfindən 33246,9 manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmişlər. Cavabdeh1 14.10.2021-ci il tarixində məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin, cavabdeh səhhətində problem olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materialarına əlavə edilmiş "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli 23-M-1-0-756-14 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 28 % olmaqla 19000 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materialarına əlavə edilmiş 21.12.2016-cı il tarixli 21 oktyabr 2014-cü il tarixli 23- M-1-0-756- 14 saylı kredit müqaviləsinə əlavə sazişdən görünür ki, 57 ay müddətinə kreditin qalıq məbləği 14934.01 USD Mərkəzi Bankın 21.12.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 26246.52 AZN olmaqla, kreditin müddəti 21.06.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş 14.05.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 21.12.2016-cı il tarixə banka 24934,02 manat məbləğində əsas borcu, 4229,93 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 (beş) faizlə hesablanmış1116.75 manat ələdən çıxmış fayda borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, iddiaçının xeyrinə 29434,02 manat məbləğində əsas borc, 2079,93 manat faiz borcu və illik 5% faizlə hesablanmış 1607,70 manat məbləğində əldən çıxmış fayda borcunun tutulması qənaətinə gəlmişdir. Bu məbləği müəyyən edərkən məhkəmə iş materiallarında olan 14.05.2020-ci il tarixli maliyyə arayışına (i.v. 12) əsaslanmışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən, borc məbləğinin hesablanması xüsusi bilik tələb etdiyindən, həmçinin cavabdeh apellyasiya şikayətində ekspertizanın keçirilməli olmasını qeyd etdiyindən kollegiya məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini zəruri hesab etmişdir. Belə ki, 2(103)-2127/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspertin 07.07.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 banka olan borcu əsas kredit borcu üzrə 24.934.02 manat, faiz borcu üzrə 5.711.97 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd edilən ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən onun sübut kimi istifadə edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Cavabdehin banka ödənilmiş 33.246.9 manat məbləğində vəsaitin məhkəmə tərəfindən nəzərə alınmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmənin qərardadında ekspert qarşısında qoyulan sualda borc məbləği hesablanarkən ödənilmiş məbləğlərin də nəzərə alınması qeyd edilmişdir. Belə olan təqdirdə, ödənilmiş məbləğlərin məhkəmə tərəfindən nəzərə alınmamasına dair cavbdehin apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa, cavabdeh 33.246.9 manat məbləğində vəsaitin banka ödənilməsini apellyasiya şikayətində qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Odur ki, cavabdehin 33.246.9 mnata məbləğində vəsaiti banka ödəməsinə dair dəlili mülahizə xarakteri daşıyır. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və ekspert rəyinə əsasən qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq qeyd edir ki, borclu (cavabdeh) müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, bununla da həm tərəflər arasında olan müqavilənin, həm də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Nəticədə, Cavabdeh1 banka 21.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 24.934.02 manat əsas borc, 2079.93 manat faiz borcu və kredit müqaviləsi üzrə 21.06.2019-cu il tarixdən 06.10.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1607.70 manat məbləğində əldən çıxmış fayda borcu olmaqla, ümumilikdə cəmi 28621.65 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-237/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar