Məhkəmə qərarları › İş №2(103)-2128/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2128/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2128/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrisinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3566/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 2761 (iki min yeddi yüz altmış bir) manat məbləğində pulun İddiaçı1, 224 (iki yüz iyirmi dörd) manat məbləğində pulun İddiaçı2 ödənilməsi, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumunun onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslanırılmışdır ki, cinayət işinin rədd edilməsi haqqında qərardan da göründüyü kimi, hadisə nəticəsində ona, yəni İddiaçı1 məxsus Ford Transit markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə 7385 manat, atasına, yəni İddiaçı2 məxsus Qaz-3302 yük markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 600 manat maddi ziyan dəymişdir. Ona məxsus avtomobillərə ümumiyyətlə 7985 manat maddi ziyan dəymiş, həmin maddi ziyanın 5000 manat məbləği sığorta tərəfindən onlara ödənilmişdir. Belə ki, sığorta tərəfindən 4624 manat Ford Transit markalı avtomobilə görə, 376 manat isə Qazel markalı avtomobilə görə ödənilmişdir. Lakin qalan maddi ziyan isə bu günə qədər cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdehlə bu məsələni öz aralarında, məhkəmədənkənar həll etmək istəsə də, cavabdeh ona məxsus telefonlara cavab verməmiş və beləliklə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.. Yasamal Rayon Məhkəməsinin 2(004)-3566/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, Cavabdeh “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 2761 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2791 (iki min yeddi yüz doxsan bir manat) manat pulun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 224 manat pulun tutularaq İddiaçı2 ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

2. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, onun tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş və iddiaçılara maddi zərər dəymişdir. Lakin bütün maddi zərər sığorta şirkəti tərəfindən qarşılanmış, nəqliyyat vasitələri təmir olunmuşdur. İddiaçı hüquqdan sui-istifadə edərək yenidən iddia qaldırmış, guya sığorta ona vurulan zərəri tamolaraq qarşılanmışdır. İş materiallarındakı ekspert rəyi də iddiaçıların marağı naminə tərtib edilmiş qüsur aktını notarius kimi təsdiq etmiş, əlavə ekspertiza tədqiqatı aparmamışdır. Bundan əlavə, mübahisəli nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində olmuş, lakin həmin nəqliyyat vasitəsi ümumiyyətlə üçüncü şəxs kimi işə cəlb edilməmişdir. Digər tərəfdən ona yalnız yol vərəqəsi verilmiş, halbuki yol vərəqəsinin heç bir hüquqi statusu yoxdur. İcarə müqaviləsi, etibarnamə və digər etibarlı sənədlər tərtib edilməli idi. Qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsinin sahibi mülki hüquqi məsuliyyət daşımalıdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

3. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

4. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

5. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli minik avtomobili üçün yol vərəqəsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ "xxxx" MMC tərəfindən xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək X2 verilmişdir.

6. xx.xx.2021-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində cavabdeh X3 idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobillə Zarağan kəndi ərazisində hərəkətdə olarkən ehtiyatsızlıqdan avtomobili yoldan çıxararaq yolun sağ kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı və “Qaz-3302” yük markalı, 47- BC-446 dövlət qeydiyyat nişanlı avtomobilə vurması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və qeyd edilən nəqliyyat vasitələri zədələnərək sahiblərinə maddi ziyan dəymişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, qeyd olunan hadisəni törətmiş Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir.

7. Həmçinin Qəbələ şəhər fərdi avtomobillərə texniki xidmət stansiyası tərəfindən təqdim olunmuş ziyan aktlarına əsasən “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, “Qaz-3302” yük markalı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi üşün 600 manat və “Ford Transit” yük markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi üşün 7385 manat vəsait tələb olunur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 3566/2021 nömrəli qərardadı, ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. xx.xx.2021- ci il tarixli 9/4238 saylı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş ekspert rəyinə əsasən “Ford Transit” yük markalı, **-OV-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 6085 manat və “Qaz-3302” yük markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 280 manat müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı Tətbiq edilən prosessual hüquq normaları:

11. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

12. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. İddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla sübuta yetirilmiş, həmin hadisə nəticəsində iddiaçıların əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçıların əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçılara ödənilməmişdir. Bu səbəbdən iddiaçılar vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır

15. Cavabdeh apellyasiya şikayətində onun tərəfindən yol-nəqliyyat hadisəsi törədilməsi və cavabdehlərə maddi zərər dəyməsini qəbul edir, lakin bütün maddi zərərin sığorta şirkəti tərəfindən qarşılanmasını, nəqliyyat vasitələrinin təmir olunmasını qeyd edir, iş materiallarındakı ekspert rəyinin iddiaçıların marağı naminə tərtib edilmiş qüsur aktına uyğun olmasını, əlavə ekspertiza tədqiqatı aparılmadığını bildirir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh iddiaçılara dəymiş zərərin ödənilməsi ilə bağlı sübut, yaxud iddiaçıların avtomobilinə dəymiş maddi ziyanla bağlı ekspert rəyini şübhə altına sala biləcək sübut təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, mübahisəli nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində olmuş, lakin həmin nəqliyyat vasitəsi ümumiyyətlə üçüncü şəxs kimi işə cəlb edilməmiş, digər tərəfdən ona yalnız yol vərəqəsi verilmiş, halbuki yol vərəqəsinin heç bir hüquqi statusu yoxdur. İcarə müqaviləsi, etibarnamə və digər etibarlı sənədlər tərtib edilməli idi. Qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsinin sahibi mülki hüquqi məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci madəsinə əsasən, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxlər daşıyırlar. Hazırkı halda cavabdeh yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik etdiyindən vurulmuş zərərə görə məsuliyyət daşıyır, apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır.

17. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə:

18. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-3566/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh X1 özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar