Məhkəmə qərarları › İş №2(103)-2130/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2130/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2130/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1000/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 1000/2020 saylı qərardadı ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı həmin qərardadından şikayət vermiş, şikayət Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1000/2020 saylı qərardadı ilə qaytarılmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması ilə çıxarılması, şikayətin əsassız olaraq qaytarılması, prosessual müddətin keçməməsi və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunması xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qərardadın nəticə hissəsinin elan olunması onun tam mətni barədə məlumat vermir. Qərardad təqdim olunduqdan sonra qanunla müəyyən olunmuş 10 gün ərzində şikayət vermişlər. Qərardaddan şikayət vermə müddətinin elan tarixindən hesablanması düz deyildir, çünkü qərardadın mətni tam olaraq elan olunmamışdır. Belə olan halda, yəni iddianın hansı əsasla baxılmamış saxlanılması məlum olmadığı halda ondan necə şikayət yazmaq olar. Qərardad tam formada təqdim olunduqdan sonra ondan şikayət vermişlər. Hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmamış, nəticədə ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. X6 Məhkəməsi «X2rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Birinci instansiya məhkəməsi icraatın şikayəti qaytararkən belə qənaətə gəlmişdir ki, baxılmamış saxlanma barədə qərardad məhkəmə iclasında iddiaçının nümayəndəsinə elan edilmiş, buna baxmayaraq o, şikayəti 10 gün müddət keçdikdən sonra vermiş və ötürülmüş müddətin bərpasına dair ərizəsini şikayətə əlavə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, iddianın baxılmamış saxlanıldığı məhkəmə qərardadının hansı tarixdə iddiaçıya rəsmi qaydada təqdim olunması barədə işdə sübut mövcud deyildir (işdə məktub olsa da, onun göndərilməsi və çatdırılması barədə hər hansı sənəd mövcud deyildir). İşdə iştirak edən şəxslərə məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi MPM-in 134-138-ci maddələrində dəqiq tənzimlənmişdir. Belə ki, qeyd edilən hüquq normalarına əsasən, məhkəmə işdə iştirak edən şəxslərə, həmçinin məhkəmə bildirişini, məhkəmə aktlarını rəsmi qaydada verməlidir. Qeyd edilən məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə aktlarının işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim olunması vəzifəsini müəyyən etmişdir. Lakin, birinci instansiya məhkəməsi qərardadın cavabdeh tərəfindən hansı tarixdə alınmasını müəyyən etmədən, prosessual müddətin ötürülməsi nəticəsinə gəlmişdir ki, bu hal da iş materialları ilə təsdiq olunmur. Qərardadın çıxarıldığı tarix isə müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1000/2020 saylı qərardadı ləğv edilərək, mülki iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «borc» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1000/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1000/2020 saylı qərardadı ləğv edilsin, mülki iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar