Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2134/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2020 saylı, 19 iyun 2020-ci il il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 07.12.2015-ci il tarixli, İK № 1588-05 saylı kredit müqaviləsinə əsasən 10512,13 ABŞ dolları məbləğində əsas borc, 1582,28 ABŞ dolları məbləğində faiz borcu, 8527,06 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 20621,47 ABŞ dolları məbləğində pul vəsaitinin, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Cavabdeh tutulması, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli İK №1588-05 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20% faiz olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh arasında bağlanmış 07 dekabr 2015-ci il tarixli, İK №1588-05 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.05.2013-cü il tarixdə qeydiyyata alınmış seriya RX № 0168800, Reyestr nömrəsi **********27-05101-093002, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.6-cı bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 30000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, 07 dekabr 2015-ci il tarixli İK № 1588-05 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 07 oktyabr 2019-cu il tarixinədək əsas və faiz borcunu tam ödəməli olduğu halda, əsas borcundan 4487,87 manat, faiz borcundan 7471,99 manat ödəniş etmişdir. Cavabdeh qıznın banka əsas borcundan 10512,13 manat, faiz borcundan 1582,28 manat, cərimə faizindən 8527,06 manat olmaqla, cəmi 20621,47 manat ödənilməmiş borcu qalmışdır.Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. İddiaçı ASC 17 dekabr 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 07.12.2015-ci il tarixli İK № 1588-05 saylı kredit müqaviləsinə əsasən 10512,13 ABŞ dolları məbləğində əsas borc, 1582,17 ABŞ dolları məbləğində faiz borcu, 3737,65 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15831,95 ABŞ dolları məbləğində pul vəsaitinin, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına borcun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2020 saylı, 19 iyun 2020-ci il il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 07.12.2015-ci il tarixli İK 1588- 05 saylı kredit müqaviləsinə əsasən 10343,53 (on min üç yüz qırx üç dollar əlli üç sent) ABŞ dolları məbləğində əsas borc, 1582,17 (bir min beş yüz səksən iki dollar on yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12225,70 (on iki min iki yüz iyirmi beş dollar yetmiş sent) ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla), bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bankdan 15000 (on beş min) manat kredit götürmüş, faiz ilə birlikdə cəmi borcu 20068 manat olmuşdur. Həmin pulu vaxtlı vatında ödəmiş, heç bir gecikmə olmamışdır. 07 dekabr 2015-ci il tarixdən 07 oktyabr 2019-cu il tarixə kmi 19515 manat ödəmişdir. Onun banka əsas borcu 1553 manat qalıb. Bank isə ödədiyini nəzərə almamışdır. Bundan əlavə o, krediti manatla götürmüş, bank isə ABŞ dolları ilə götürüldüyünü qeyd etmişdir. Bank məhkəməyə verdiyi iddia ərizəsində manatla yazıb. Əgər bank ABŞ dolları ilə kredit vermişdirsə nə üçün iddia ərizəsində yazıb ki, 07.12.2015-ci il tarixli müqaviləyə əsasən illik faiz dərəcəsi 20 faiz olmaqla 15000 manat məbləğində kredit verilməsini qeyd etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan bankın nümayənəsinin ifadəsini müdafiə edərək qətnaməni bankın xeyrinə vermişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apelyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, bilavasitə qanunun tələbi olmasına baxmayaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmişdir; halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar qətnamənin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apelyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış 07.12.2015-ci il tarixli, İK № 1588- 05 saylı kredit müqaviləsindən görünür ki, illik faiz dərəcəsi 20% faiz olmaqla 36 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh arasında bağlanmış 07.12.2015-ci il tarixli, İK № 1588- 05 saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən 3 otaqlı mənzili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahədən ibarət 3 otaqlı mənzil Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən verilmiş 17 dekabr 2019-cu il tarixli, 902 saylı maliyyə arayışından görünür ki, Cavabdeh banka 10512,13 ABŞ dolları əsas, 1582,17 ABŞ dolları faiz və 3737,65 ABŞ dolları cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş 16 may 2019-cu il tarixdə bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2050 saylı, 05.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 07.12.2015-ci il tarixli, İK № 1588-05 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 05.11.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu 10343,53 ABŞ dolları məbləğində əsas və 1731,85 ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 26.08.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07.12.2015-ci il tarixli, İK № 1588-05 kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, bank üzərinə düşən öhdəlikləri tam icra edərək, Cavabdeh 15000 ABŞ dolları məbləğində kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 36 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 20 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas, faiz və cərimə üzrə borcu yaranmışdır. Məhkəmə kollegiyası iddia tələbinin əsas borc hissəsində qeyd edir ki, iddiaçı cavabdehdən əsas borc kimi 10512,13 ABŞ dolları məbləğində pul vəsaiti və 1582,17 ABŞ dolları məbləğində faiz borcu tələb etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2050 saylı, 05.03.2020-ci il tarixli ekspert rəyində əsas borclunun iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixə 10343,53 ABŞ dolları məbləğində əsas borc 1731,85 ABŞ dolları məbləğində faiz borcu olduğu göstərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsas borca aid hissədə ekspert rəyinə uyğun olaraq 10343,53 ABŞ dolları məbləğində qismən təmin edilməli, faiz borcu isə tələb həcmində yəni 1582,17 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 463.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı tərəfindən 3737,65 ABŞ dolları məbləğində cərimə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası işin hallarını, əsas və faiz borcun məbləğinə nisbətdə dəbbə pulu məbləğinin yüksək olduğunu nəzərə alaraq, 300 ABŞ dolları həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Kollegiya iddianın, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən 3 otaqlı mənzilə yönəldilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən “Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.” Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən “Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.” Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.” “İpoteka” Haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən “İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.” Həmin Qanunun 10.1, 10.2 və 10.4-cü maddələrinə əsasən “İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.” Həmin Qanunun 11.1 və 11.2-ci maddəsinə əsasən “Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.” Həmin Qanunun 33-cü maddəsinə əsasən “Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 15.07.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Göründüyü kimi, girov və ipoteka hüququ ikili xarakter daşıyır və bir tərəfdən girov saxlayanda əşya hüququ yaradır, digər tərəfdən borclunun əsas öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir.” Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən 3 otaqlı mənzilə yönəldilməli, həmin əmlak hərracda satılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə apelyasiya icraatı zamanı iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin “xxxx” MMC tərəfindən verilmiş 11 aprel 2021-ci il tarixli, MB-14/0481 saylı məktubdan görünür ki, Cavabdeh mənzilə baxış keçirilməsinə şərait yaratmaqdan imtina etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh mənzilə mütəxəssislər tərəfindın baxış keçirilməsinə şərait yaratmaqdan imtina etdiyindən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən 3 otaqlı mənzilnin likvid qiymətinin tərəflər arasında bağlanmış 07.12.2015-ci il tarixli, İK № 1588-05 saylı ipoteka müqaviləsində göstərilən qiymətə, yəni 30000 manat (otuz min) manat məbləğində müəyyənləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaka yönəldilməli, həmin əklak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. Kollegiya apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İddiaçı ASC 17.12.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyindən həmin tələb əsasında işə baxılmalıdır. Həmçinin iş materiallarından da görünür ki, tərəflər arasında 07.12.2015-ci il tarixli, İK № 1588- 05 saylı kredit müqaviləsi manatla deyil, məhz ABŞ dolları ilə valyutası ilə bağlanmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC bildirişin qeydiyyata alınması üçün 31 (otuz bir) manat məbləğində, iddia ərizəsinin verilməsi üçün isə 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatlarının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, bildirişin qeydiyyata alınması üçün 31 (otuz bir) manat məbləğində və iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh tutulmalı və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2020 saylı, 19 iyun 2020-ci il il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07.12.2015-ci il tarixli İK 1588-05 saylı kredit müqaviləsinə əsasən 10343,53 (on min üç yüz qırx üç dollar əlli üç sent) ABŞ dolları məbləğində əsas borc, 1582,17 (bir min beş yüz səksən iki dollar on yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12225,70 (on iki min iki yüz iyirmi beş dollar yetmiş sent) ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla), bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməli, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilin hərracdan likvid qiyməti 30000 (otuz min) manat müəyyən edilməli, həmin mənzil açıq hərracda satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2020 saylı, 19 iyun 2020-ci il il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07.12.2015-ci il tarixli İK 1588-05 saylı kredit müqaviləsinə əsasən 10343,53 (on min üç yüz qırx üç dollar əlli üç sent) ABŞ dolları məbləğində əsas borc, 1582,17 (bir min beş yüz səksən iki dollar on yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 300 (üç yüz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12225,70 (on iki min iki yüz iyirmi beş dollar yetmiş sent) ABŞ dolları məbləğində pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla), bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilsin. Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 59.79 kv.m ümumi, 47.07 kv.m yaşayış, 12.72 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilin hərracdan likvid qiyməti 30000 (otuz min) manat müəyyən edilsin. Həmin mənzil açıq hərracda satılsın və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2134/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2134/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver