Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2135/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “əsas borcun və gecikdirilmiş vaxta görə illik 5% hesablanmaqla pul məbləğinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əsas borcun və gecikdirilmiş vaxta görə illik 5% hesablanmaqla pul məbləğinin ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1726/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2019-cu il tarixli, kredit müqaviləsinə əsasən "borc verən” İddiaçı "borc alan” Cavabdeh 58000 manat pulu borc verməyi, borcalan isə bu krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür.
2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişə əsasən, kredit borcunu 21 gün ərzində ödəməyəcəyi halda öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir.
3. xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 39000 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat, cəmi 39025 manat pul tutulmalıdır.
4. Bakı Şəhəri 9 saylı notariat ofisinin notariusu Sadıqov Rəşadət tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanmış məktuba əsasən xx.xx.2022-ci il tarixli 8İ/1092 reyestr nömrəli icra qeydi icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 58000 manat borcun 19000 manatlıq hissəsinin ödənildiyini, qalan 39000 manat əsas borcun, həmin borcun vaxtında ödənilməməsinə görə illik 5 faiz hesablanmaqla, 5887 manat məbləğində pulun, həmçinin iddiaçının notariat ofisində xərclərlə bağlı ödədiyi 600 manat olmaqla, ümumilikdə 45400 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixində 58.000 manat məlbəğində kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi bağlanandan sonra dəfələrlə cavabdehə xəbərdarlıq etsə də o bu günə kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hər dəfə İddiaçı bununla əlaqədar vaxt istəsə də sözünə əməl etməmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində İddiaçı xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh 3 ilə yaxındır ki, İddiaçı olan borcunu qaytarmır. Buna görə də ona əlavə olaraq həmin 58000 manat pulun 15 faizini, yəni 8700 manatı da ödəməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixi qərardadı ilə mülki iş üzrə icraata müəyyən hissədə - əsas borcun ödənilməsi hissəsində xitam verilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1726/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 5850 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, dövlət rüsumunun əvəzi olaraq 78,5 manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X1)
9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kredit müqaviləsində borcun qaytarılmasının son tarixi xx.xx.2019-cu il qeyd edilmiş və iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Odur ki, məhkəmə iddiaçının 3 il üçün gecikdirilmiş vaxt üçün faizin hesablanması hissəsində iddia tələbini əsaslı hesab edir və 5850 manat (39000 x 5% / 360 gün x 1080 gün=5850) məbləğində pulun ödənilməsi hissəsində iddianın təmin edilməsi qənaətinə gəlir. Məhkəmə notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı tərəfindən xərclərin əvəzi olaraq ödənilmiş 600 manat məbləğində tutulması hissəsi ilə bağlı qeyd edir ki, qüvvədə olan mülki qanunvericilikdə bu qəbildən olan əqdlər bağlanarkən xərclərin hansı tərəfin çəkməli olması birbaşa tənzimlənməmişdir, bu tərəflərin qarşılıqlı razılığı ilə həll olunan məsələdir. Digər tərəfədn iddiaçı həmin xərcləri onun tərəfindən ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu hissədə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 443-ci, 445-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, "Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında olan borc məbləği verilmiş torpaq sahəsinə əsasən ödənilmişdir. Həmin torpaq sahəsindən istifadə edərək gəlir qazanc əldə edə bilər və nəticə tələb edilən məbləğdən yüksək məbləğ əldə edə bilər. Göründüyü kimi iddiaçı əlavə olaraq heç bir maddi zərərə məruz qalmamışdır. Məhkəmə prosesi zamanı bu amillər araşdırılmamış və onun məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəməyə sübutlar təqdim etmək hüquqndan məhrum edilmişdir. Torpaq sahəsi iddiaçıya təklif edilərkən natamam olması barədə heç bir irad bildirməmişdir, bu daşınmaz əmlakı əldə etməkdə maraqlı olmuşdur. Torpaq sahəsindən qazanc əldə edəcəyi realdır və icranın gecikdirilməsi nəticəsində heç bir maddi zərərlə üzləşməyəcəyini sübuta yetirir. Kredit müqaviləsi üzrə borcun qalıb-qalmaması iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq sübut edilməmişdir, məhkəmə yalnız tərəfin təqdim etdiyi maliyyə arayışı ilə kifayətlənmişdir. Məhkəmənin nəticəsi işin hallarına uyğun olmamış və səhv nəticəyə gəlmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirilməsi sayılır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
e) Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdeh tərəfindən qətnamə iddianın təmin edilən edilən hissənin ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
22. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, kredit məbləği 2019-cu ilin fevral ayından 2019-cu ilin sentyabr ayınadək qaytarmaq şərti ilə verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur.
23. Bununla belə, tərəflər öz aralarında borc məbləğinin xx.xx.2019-cu il tarixdə qaytarılmasını razılaşdırsalar da, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Bununla da iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçının daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, cavabdehin gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur.
24. Məhkəmə kollegiyası hazırda müqavilə üzrə qalan borc məbləğinin 39000 manat təşkil etdiyini, bu məbləğin xx.xx.2019-cu il tarixdə ödənilməli olduğunu, ödənilməməsi səbəbindən cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və hazırki iddianın xx.xx.2023-cü il tarixdə qaldırıldığını nəzərə alıb belə qənaətə gəlir ki, yaranmış borc məbləğinə illik 5 faiz xx.xx.2019-cu - xx.xx.2023-cü il tarixləri əhatə edən 3 illik müddət üzrə hesablanmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, həmin dövr üçün də ödənilməli olan faiz məbləği (39000 x 5% / 360 gün x 1080 gün=5850) 5850 manat təşkil etməsinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgündür.
26. Kollegiya həmçinin qeyd edir ki, qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı ilə aralarında olan borc məbləğinin verilmiş torpaq sahəsinə əsasən ödənildiyini, həmin torpaq sahəsindən istifadə edərək gəlir, qazanc əldə edə edilə biləcəyini qeyd etsə də, apellyasiya şikayəti üzrə mülki işə məhkəmədə baxılmasının yeri vaxtı barədə SMSbildiriş və elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, apellyasiya şikayətini müdafiə etməməklə məhkəmə iclasında iştirak etməyə cəhd etməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, torpaq sahəsinin verilməsi borc məbləğinin tam ödənilmiş hesab edilməsi təsdiqini tapmamış, o cümlədən həmin torpaq sahəsindən qazanc əldə edə edilə biləcəyi əsaslarına istinad etməsi formal əsaslar olmaqla mübahisələndirilən hissədə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.
27. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1726/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.