Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2136/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(007)-1487/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx.xx.2022-ci il tarixli, CL-EE000165759 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, illik 19.9 faizlə, 5800 manat kredit verilmişdir. Borclu qeyd olunan məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 759 saylı arayışdan görünür ki, İddiaçı ona bank tərəfindən verilmiş 5800 manat kredit borcunu tam şəkildə ödəmişdir və xx.xx.2023-cü il tarixdə onun bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. İddiaçı iddia edir ki, bankdan götürdüyü 5800 manat pulu cavabdehə verib. Hazırda iddiaçı həmin pul məbləğini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 5800 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin yanvar ayının sonlarında tanış olmuşdur. Sonra aralarında yaxın münasibət yaranmışdır. Cavabdeh onların yaxın münasibətlərindən istifadə edərək ondan 5000 (beş min) manat məbləğində borc istəmişdir. Lakin o, bildirmişdir ki, o qədər pulu yoxdur. Buna cavab olaraq Cavabdeh ona bankdan kredit götürməyini və həmin pulu özü ödəyəcəyini bildirmişdir. Eyni zamanda demişdir ki, ona borc pul verməsə, Lerik rayonuna qayıtmalı olacaq və onlar bir daha görüşməyəcəklər. Daha sonra o, Azərbaycan Beynəlxalq Bankından 5800 (beş min səkkiz yüz) manat məbləğində pul götürmüş və buna dair xx.xx.2022-ci il tarixli CL-EE000165759 saylı kredit müqaviləsi bağlamışdır. Bundan sonra götürdüyü 5000 (beş min) manatı kartından onun kartına yollamış, 800 (səkkiz yüz) manatı isə nağd şəkildə vermişdir. O, cavabdehdən pulunun ona qaytarılmasını tələb etdikdə onu hər dəfə aldatmış və axırıncı dəfə ondan pulu istədikdə ona bildirmişdir ki, “sənə veriləcək pulum yoxdur”. Odur ki, Cavabdeh borc öhdəliyini icra etmədiyindən o, pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(007)- 1487/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı tələb üzrə İddiaçı "xxxx" ASC-dən kredit götürdüyü 5.800 manat pul vəsaitini Cavabdeh verdiyini göstərsə də, buna dair sübutunu təqdim etməmişdir. Həmçinin, iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən cavabdehə iddiaçının hesabından pul vəsaitinin göndərilib-göndərilməməsini müəyyən etmək məqsədilə "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavab olaraq, cavabdehin kart hesabında belə əməliyyatın aşkar olunmadığı qeyd edilmişdir. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi həmin dəlillər iddianı əsaslı edəcək mötəbər sübut qismində qəbul edilə bilməz, ümumilikdə isə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sorğusuna cavab olaraq: "xxxx" ASC-dən verilmiş 18 sentyabr 2023-cü il tarxli, 6-2-41/2-25273/2023 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddətdə İddiaçı məxsus 5167-5141-0716-8450 saylı plastik kartdan “ABB Mobile” mobil tətbiqi ilə on əməliyyat nəticəsində 11 (on bir) manat, 251.25 (iki yüz əlli bir manat, 25 qəpik) manat, 151 (yüz əlli bir) manat, 502.50 (beş yüz iki manat, 50 qəpik) manat, 3 (üç) manat, 251.25 (iki yüz əlli bir manat, 25 qəpik) manat, 502.50 (beş yüz iki manat, 50 qəpik) manat, 251.25 (iki yüz əlli bir manat, 25 qəpik) manat, 3015 (üç min on beş) manat və 61 (altmış bir) manat olmaqla mümumilikdə 4999.75 (dörd min doqquz yüz doxsan doqquz manat, 75 qəpik) manat məbləğində pul vəsaiti cavabdehə məxsus "xxxx"ASC-dəki 4182-4957-0078-8593 saylı plastik karta köçürülmüş, (4972 manat köçürülmüş, 27.75 manat xidmət haqqına silinmişdir), 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti isə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə aid 1750 saylı bankomatdan nağdlaşdırılaraq məxaric edilmişdir. Lakin məhkəmə "xxxx" ASC tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarxli, 6-2-41/2-25273/2023 nömrəli məktubda qeyd edilənləri nəzərə almamış və qətnamə qəbul edərkən sübutların qiymətləndirilməsində bu faktlara dair heç bir münasibət bildirməmişdir. Bundan əlavə məhkəməyə 03 noyabr 2023-cü il taridə ərizə ilə müraciət olunmuş, “ABB Mobile” mobil tətbiqi üzərindən cavadehə məxsus "xxxx" ASC-dəki 4182-4957-0078-8593 saylı plastik karata pul vəsatitinin köçürülməsini təsdiq edən “Skrinşot” görüntülər təqdim edilmişdir. Lakin məhkəmə bu sübutları da araşdırmamış, fakta dair münasibət bildirməmiş və qətnamədə bu barədə qeyd edilməmişdir. Göründüyü kimi cavabdehə tərəfindən bir ay müddətinə verilmiş borc doqquz aydan sonra da geri qaytarılmamışdır. Lakin məhkəmə pulun cavabdehin hesabına köçrülməsinə dair "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddəti əhatə edən bank hesabından verilmiş çıxarışı və digər sübutları nəzərə almamışdır. Ona görə də öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi əlavə maddi və mənəvi zərərə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında qeyri-rəsmi münasibətlər olmuş, hazırda iddiaçı Cavabdeh onun xeyrinə 5800 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi çıxış etdiyi halları sübut edə bilməmişdir. Həmçinin, iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən cavabdehə iddiaçının hesabından pul vəsaitinin göndərilib-göndərilməməsini müəyyən etmək məqsədilə "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavab olaraq, cavabdehin kart hesabında belə əməliyyatın aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında yoxladığı birinci instansiya məhkəməsinin qətnaməsi üzrə qəbul edilmiş mövqe ilə razılaşmır və qeyd edir ki, cavabdeh tərəfin Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-də vermiş olduğu izahatından da görünür ki, iddiaçı tərəfindən ona hədiyyələr alınmış, həmçinin iddiaçı tərəfindən borc verilmiş, lakin borcun müəyyən bir hissəsi qaytarılmışdır. Bununla yanaşı işin apellyasiya instansiyasında araşdırılması zamanı məlum olmuşdur ki, "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə İddiaçı məxsus 5167- 5141-0716-8450 saylı plastik kartdan "ABB Mobile" mobil tətbiqi ilə on əməliyyat nəticəsində 11 (on bir) manat, 251.25 (iki yüz əlli bir manat, 25 qəpik) manat, 151 (yüz əlli bir) manat, 502.50 (beş yüz iki manat, 50 qəpik) manat, 3 (üç) manat, 251.25 (iki yüz əlli bir manat, 25 qəpik) manat, 502.50 (beş yüz iki manat, 50 qəpik) manat, 251.25 (iki yüz əlli bir manat, 25 qəpik) manat, 3015 (üç min on beş) manat və 61 (altmış bir) manat olmaqla, ümumilikdə 4999.75 (dörd min doqquz yüz doxsan doqquz manat, 75 qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə məxsus 4182-4957-0078-8593 saylı plastik karta köçürülmüş (4972 manat köçürülmüş, 27.75 manat xidmət haqqına silinişdir), 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti isə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə aid 1750 saylı bankomatdan nağdlaşdırılaraq məxaric edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçının "xxxx" Bankdan 5800 manat kredit alması və həmin puldan 5000 manatın cavabdehin kartına köçürülməsi işin mübahisəsiz halıdır. "xxxx" ASC tərəfindən göndərilmiş məktubda cavabdehə məxsus hesaba 5000 manat köçürülməməsi qeyd edilsə də, pulun köçürülmə faktını cavabdeh birinci instansiya məhkəməsinin iclasında təsdiq etmişdir. ( i.v 34-35) Cavabdeh iddiaçıya 4000 manat qaytarmasını göstərsə də, iddiaçı izahatında ona 4400 manat qaytarılmasını təsdiq etmişdir. ( i.v 86) İddiaçı tərəf həmin vəsaitin 4400 manat hissəsinin cavabdeh tərəfindən ona qaytarılmasını hazırki iddianın predmeti ilə bağlı olmadığını, əvvəlki yəni, 2022-ci ilin noyabr ayında “Ekspress” Bankdan aldığı borc məbləği olması ilə əsaslandırmışdır. Eyni mövqeyi apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi təsdiq etmişdir. Lakin bu hal ilə bağlı heç bir sübut növü təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin 2022-ci ilin noyabr ayında “Ekspress” Bankdan aldığı 4400 manat borcu qaytarması barədə iddia ərizəsində heç nə göstərməmişdir. Həmçinin iddiaçı aldığı 5800 manat kreditin 800 manatını cavabdehə borc kimi əlbəəl verməsini göstərsə də, 800 manatın cavabdehə verilməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli məktubunda isə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti isə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə aid 1750 saylı bankomatdan nağdlaşdırılaraq məxaric edilməsi göstərilsə də həmin vəsaitin məhz cavabdehə verilməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" ASC tərəfindən göndərilmiş məktubda cavabdehə məxsus hesaba iddiaçı tərəfindən hər hansı vəsaitin gəlmədiyi qeyd edilsə də iddiaçıya məxsus hesabdan məhz cavabdehin hesabına müəyyən vaxtlarda 5000 (4999,75) manat vəsait göndərilməsi işin qeyd olunan halları ilə öz təsdiqini tapır. Həmçinin cavabdehin vermiş olduğu izahatlarla məbləği qeyd edilməsə də ümumilikdə onun iddiaçıdan borc pul alması faktı təsdiq edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı borcun bir hissəsini qaytarmasını polis araşdırması zamanı izahatında qeyd etmişdir. lakin birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddiaçıdan aldığı borcu tam qaytardığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları müəyyən edilir ki, cavabdeh tərəf iddiaçıdan 5000 manat alması iş materiallarında olan bank sənədləri öz təsdiqini tapmışdır. Cavabdeh həmin vəsaitin 4400 manatı qaytarması da təsdiqini tapsa da, 600 manat hissəsini qaytarması sübut olunmur. Belə olan haldı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 600 manata münasibətdə iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Qanunvericiliyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilən xüsusatlar isə birinci instansiyası məhkəməsi tərəfindən məntiqi ardıcıllıqla qiymətləndirilməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən məqamlar lazımınca araşdırılmamış, iş üzrə sübutlar MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməmiş, mübahisə üzrə dəyərləndirmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə, qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Halbuki sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 4400 və 800 manat pulun iddiaçıya ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən sübuta yetirilmir. Belə olan halda, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən – Cavabdeh iddiaçının xeyrinə 600 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş 78 manat dövlət rüsumundan 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 48 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(007)- 1487/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan 48 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə İddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə