Məhkəmə qərarları › İş №2(103)-2138/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2138/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2138/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(010)-356/2025 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 yanvar 2025-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən “Toyota Prius” markalı, **- SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada, naturada qaytarılması mümkün olmadığı halda avtomobilin dəyəri olan 13.500 manat, cavabdehin kartına göndərdiyi 430 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat məbləğində pulun və vəkilə çəkilmiş xərcin əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan 7.550 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95,5 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən onun məhkəmə tərəfindən icraata qəbul olunaraq ilk iddia tələbi ilə birlikdə baxılması qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, qarşılıqlı iddia cavabdehə qaytarılmalıdır. Cavabdehin həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin birinci məhkəmə iclasında indiyə kimi birtərəfli mövqe və cavabdehə qarşı qərəz göstərməsi aşıq-aşkar ortadadır. Qeyd olunan avtomobil ilə bağlı ödəniş qəbzlərinin hamısını əldə etmək, şahidin məhkəmə iclasında iştirakının təmini məsələləri xeyli vaxt almış, Rayon Məhkəməsi isə çəkişmə prinsipini pozaraq ədalətsiz qərardad qəbul etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırmasının ədalətli olub-olmamasını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilibedilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (məsələn: “Elsholz Almaniyaya qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2000-ci il tarixli, “Blucher Çex Respublikasına qarşı” iş üzrə xx.xx.2005-ci il tarixli, “Van de Hurk Hollandiya qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli qərarlar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (8.1, və 9.3-cü maddələr). Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 155.1-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-in 154.1-ci maddəsinə görə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 155.2-ci maddəsinə görə, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. MPM-in 155.3-cü maddəsinə görə, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Göründüyü kimi cavabdehin ilk iddia ilə birlikdə iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində baxılmaq üçün iddiaçıya iddia verilməsinin ümumi qaydaları əsasında qarşılıqlı iddia vermək hüququ mövcuddur, bu müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı işdən isə görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qəbul edilmişdir. Bu isə o deməkdir ki, cavabdeh üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddətinin axımı məhz həmin tarixdə başlamış və 20 gün sonra artıq bitmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixdə hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmış hesab edilir. Cavabdehin qərardaddan verdiyi şikayətin məzmunundan görünür ki, cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün sənədləri əldə etməsinin zaman aldığını, bununla belə məhkəmənin hazırlıq iclasında verə bildiyi qarşılıqlı iddia ərizəsini geri qaytarmasının qanunsuz olduğunu, mülki məhkəmə icraatında çəkişmə prinsipini pozduğunu hesab etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, qarşılıqlı iddianın yuxarıda qeyd edilmiş müddət keçdikdən sonra verilməsi qanunla istisna edilməsə də, bunun üçün xüsusi hallar (onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlmiş olması və ya cavabdehin qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırması) müəyyən edilmişdir. Hazırkı iş üzrə qanunla müəyyən edilmiş müddətdən sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edən cavabdeh isə bu hallardan hər hansı birinə istinad etməmiş, bununla bağlı heç bir dəlili olmamışdır. Şikayətdə də yalnız ümumi şəkildə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün sübutların toplanmasının vaxt apardığına istinad edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi və heç bir sübutla təsdiqlənməyən bu hal qarşılıqlı iddia ərizəsinin iki ay yarım müddətə gecikmə ilə verilməsini əsaslandırmaq və məhkəmənin qarşılıqlı iddianın vaxtında verilməməsinin cavabdehdən asılı olmayan səbəbdən baş verməsi nəticəsinə gəlməsi üçün kifayət hesab edilə bilməz. Digər tərəfdən, şikayətdə qarşılıqlı iddia ərizəsinin hazırlıq iclasında verilməsinə baxmayaraq, ərizənin icraata qəbul edilməməsinin qanunsuz olması (şikayətçiyə görə məhkəmənin ona qarşı qərəzinin sübutu olması) barədə qeyd edilənlərin isə ümumiyyətlə əhəmiyyəti yoxdur. Ona görə ki, yuxarıda da istinad edildiyi kimi, mülki prosessual qanunvericilik qarşılıqlı iddianın verilməsi müddətini məhkəmənin hazırlıq, yaxud baxış iclası mərhələsinə yox, iddia ərizəsinin alındığı gündən hesablanan konkret prosessual müddətə (20 gün) bağlamışdır ki, hazırkı işdə də cavabdehin bu müddəti ötürdüyü aşkardır. Belə olan halda Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi MPM-in 154.1-ci və 155.2-ci maddələrinin tələbləri pozulmaqla verildiyindən Rayon Məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı geri qaytarmışdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, şikayət əsassızdır. Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırda müzakirə edilən nəticəsi qanuni və əsaslı olmuşdur. Şikayətin təmin edilməsi, qərardadın isə ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə də, apellyasiyanın nəticələrini nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 yanvar 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar