Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2139/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Cavid Əsədovun, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə dair” 2(001)-482/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 3273,6 ABŞ dolları əsas borc, 3075,06 ABŞ dolları faiz borcu, 2029,86 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.06.2018-ci il tarixdən, 17.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% ilə hesablanmış 522,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8901,03 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 14 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 % dərəcəsi ilə 25 ay müddətinə 12750 ABŞ dolları kredit götürmüşdür. 26.05.2015-ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti 14.05.2018-ci il tarixədək müəyyən edilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 14 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 17 iyun 2020-ci il tarixədək Cavabdeh1 banka 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3273,16 ABŞ dolları əsas borc, 3075,06 ABŞ dolları faiz borcu, 2029,86 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14 iyun 2018-ci il tarixdən, 17 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 522,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 8901,03 ABŞ dolları borcu yaranmışdır. 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdehlər tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 aprel 2014-cü il tarixli, 2-MZ2-2-0-210-14 saylı saylı kredit müqaviləsi üzrə 3273,16 (üç min iki yüz yetmiş üç dollar, on altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi., iddianın digər borc məbləğinin tutulması hissəsində və zamin Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbi təmin edilməyən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi üçün borclu Cavabdeh1 03 dekabr 2019-cu il tarixdə bildiriş göndərilərək banka dəvət edilmişdir. Lakin borclunun vaxtında banka gəlməməsi səbəbindən və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icra müddəti 31 dekabr 2019-cu il tarixdə bitdiyindən kredit borcunun qalıq məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında faiz və cərimə borclarının silinməsi banklara məcburi deyil, tövsiyə edilmişdir. Həmçinin, hazırkı iş üzrə cavabdeh Süleymanov Nəsir Rafayıl oğlu ilə güzəştli şərtlər ilə yeni müqavilənin bağlanmaması bankın təqsirindən deyil cavabdehin banka dəvət edilməsinə baxmayaraq, onun banka gəlməməsi səbəbindən Fərmanın icrası qeyri mümkün olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin, bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklərin yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbləri məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olumalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Həmçinin, məhkəmə zaminlərə münasibətdə mülki qanunvericiliyin müddəalarını düzgün tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, borcun Cavabdeh2 oğlundan müştərək qaydada tutulmasına dair hissələrdə iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Süleymanov Nəsir Rafayıl oğlu və Cavabdeh2 oğlu arasında bağlanan 14.04.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə 26 may 2015-ci il tarixli, No2-MZ2-2-0-210-14 saylı əlavədən görünür ki, kreditin müddəti artırılmaqla 49 ay, kreditin bağlanma tarixinin 14 may 2018-ci il tarixi hesab edilməsi və müqavilənin faiz dərəcəsinin azaldılmaqla 26 % müəyyən edilməsinə razılıq verilmişdir. Əlavə saziş Bank, Süleymanov Nəsir Rafayıl oğlu və Cavabdeh2 oğlu arasında bağlanmışdır. Saziş əsasında verilən 2-MZ2-2-0-210-14 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, 7558,82 ABŞ dolları məbləğində kreditin 26 % dərəcəsi ilə, 36 ay müddətinə, aylıq ödəniş ilk ay 552,01 ABŞ dolları, qalan aylar 304,55 ABŞ dolları olaraq müəyən edilmişdir. İlkin ödəniş tarixi 14 iyun 2015-ci il, sonuncu ödəniş tarixi 14 may 2018-ci il olaraq müəyyən edilmişdir. Bank isə iddia ilə 15 iyul 2020-ci il tarixinə məhkəməyə müraciət etmişdir. Yəni 2 ildən sonra iddia verilmişdir. Müqavilə üzrə öhdəliyin icrası vaxtı 14 may 2018-ci il tarixdə başa çatdığı halda İddiaçı ASC tərəfindən bir il müddətində zamin Cavabdeh2 qarşı heç bir tələb irəli sürülmədiyindən, onun zaminliyinə xitam verilmədir. Zaminə qarşı iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbi təmin edilməməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin apellyasiya şikayətini qəbul etmədiklərini bildirdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduqlarını bildirdilər. Cavabdeh1 həmçinin bildirdi ki, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar nə şifahi, nə də yazılı qaydada xəbərdar olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasda iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, İddiaçı ASC-nın apellyasiya şikayəti isə təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın Cavabdeh2 oğluna qarşı təmin olunmuş və iddianın təmin olunmamış hissələrində qanuniliyi və əsaslılığı yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 və zamin olan digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 14.04.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi 24 ay müddətinə, illik 28 % ödənilmək şərtilə 12750 ABŞ dolları vəsaiti əhatə etmişdir. Daha sonra tərəflər arasında kredit və zaminlik müqaviləsinə 26 may 2015-ci il tarixli əlavə imzalanmış, kredit müqaviləsi üzrə faiz dərəcəsi 28 % dərəcəsindən 26 % dərəcəsinə endirilmiş, kreditin müddəti 49 ay hesab edilməklə, bağlanma tarixi 14 may 2018-ci il olaraq müəyyən edilmişdir. Odur ki, tərəflər arasında kredit müqaviləsindən və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının kompensasiya və restrukturizasiya hissəsi ilə bağlı təsir dairəsinə düşdüyündən məhkəmə iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab etmişdir. Kredit müqaviləsinə əlavə olan 26 may 2015-ci il tarixli saziş bir tərəfdən bank, digər tərəfdən borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmışdır. Yəni zamin Cavabdeh2 kredit müqaviləsinin müddətinin uzadılmasından və faiz dərəcəsinin dəyişməsindən məlumatı olmuşdur. Odur ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Kredit müqaviləsinə əlavə olaraq bağlanmış saziş müqavilə üzrə faiz dərəcəsini azaltsa da, kredit müqaviləsinin müddətini uzadaraq zaminlərin məsuliyyətinin artmasına gətirib çıxartmışdır, lakin həmin saziş bağlanarkən Cavabdeh3 razılığı alınmalı olduğu halda onun razılığı alınmamışdır, belə olduğu zaman məhkəmə o qənaətə gəlmişdir ki, Cavabdeh3 münasibətdə zaminliyə xitam verilməlidir. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə Cavabdeh1 və zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 14 aprel 2014-cü il tarixli, №2-MZ2-2-0-210-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank bu müqavilə ilə müştəriyə bank hesabı açır, bu müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərir, borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 28 % , aylıq ödəniş 699,83 dollar olmaqla 12750 dollar məbləğində kredit verməyi, borcalan isə həmmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada krediti hesablanacaq faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Zaminlər isə bank qarşısında borcalanın müqavilə ilə nəzərdə tutulmuş öhdəliyinin icra edilməsi üçün cavabdehlik daşıyırlar. Müqavilə üzrə kreditin verilmə tarixi 14.04.2014-cü il, kreditin ödənilməsinin bitməsi tarixi isə 14 aprel 2016-cı il olaraq müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 26 may 2015-ci il tarixli, №2-MZ2-2-0-210-14 saylı, 14.04.2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavədən görünür ki, kreditin müddəti artırılmaqla 49 ay, kreditin bağlanma tarixinin 14 may 2018-ci il tarixi hesab edilməsi və müqavilənin faiz dərəcəsinin azaldılmaqla 26 % müəyyən edilməsinə razılıq verilmişdir. Əlavə saziş Bank ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmışdır. İş materiallarında olan 14 aprel 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Rəfail oğluna 14 aprel 2014-cü il tarixində 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyun 2020-ci il tarixinə 3273,16 ABŞ dolları əsas, 3075,06 dolları faiz borcu, 2029,86 ABŞ dolları cərimə borcu, əldən çıxmış fayda üçün 522,95 ABŞ dolları əldən çıxmış fayda olmaqla banka olan borcu 8378,08 ABŞ dolları məbləğində hesablanmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 yanvar 2016-cı il tarixli, 2(001)-1605/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 06.01.2016-cı il tarixə hesablanmış 7558 ABŞ dolları əsas borc, 2532 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 10090 ABŞ dolları borc (manatın ödəniş gününə olan məzənnəsi ilə ) və ödənilmiş 20 manat dövlət rüsumunun tələbkar "xxxx" İKB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(001)-1876/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 7558 ABŞ dolları əsas borc, 2532 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10090 ABŞ dolları borc və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh3lə iddiaçı "xxxx" İKB ASC arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli, 2(103)-6517/2019 saylı qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəmənin 12 aprel 2021-ci il tarixli, 2(001)-482/2021 saylı, 12 aprel 2021-ci il tarixli sorğusuna verilən cavabda qeyd edilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən bank ilə Cavabdeh1 arasında bağlanan 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ ölkə başçısının 28 fevral 2019-cu il tarixli, 551 nömrəli fərmanının təsiri çərçivəsinə düşmüşdür. Fərmanın qüvvəyə mindiyi günə Cavabdeh1 01 mart 2019-cu il tarixinə kredit müqaviləsi üzrə 7097,62 ABŞ dolları vaxtı keçmiş kredit borcu yaranmışdır. Fərmanın tələbləri baxımından Cavabdeh1 7382,46 manat kompensasiya hesablanmışdır. Hesablanmış kompensasiya məbləği Fərmanın 2-ci hissəsinə əsasən ilk növbədə borclunun vaxtı keçmiş kredit borclarına proporsional qaydada yönəldilməli olduğundan, həmin məbləğin 6501,58 manat hissəsi hazırki müqavilə üzrə borca, qalan hissəsi isə digər kredit borcuna hesablanmışdır. Nəticədə hazırda sözügedən müqavilə üzrə qalıq qalan 5564,37 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 9/3636 saylı ekspert rəyindən görünür ki, 2-MZ2-2-0-210-14 saylı, 14.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 17 iyun 2020-ci il tarixinə (maliyyə arayışının verildiyi tarixə) 3273,16 ABŞ dolları əsas borc, 3075,06 ABŞ dolları faiz borcu yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmaqla hesab edir ki, məhkəmə iddia tələbinin yalnız əsas borcun Cavabdeh1 tutulması, iddianın zamin Cavabdeh3 münasibətdə təmin edilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, işdə olan sübutlar əsasında müəyyən edilir ki, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh hesab edilməlidir. Cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz. Əsas borc məbləği isə həm iddia tələbində, həm ekspert rəyində, həm də kompensasiya məbləği çıxıldıqdan sonra müəyyən edilən 3273.16 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Həmçinin, 14 aprel 2014-cü il tarixli müqavilədən sonra 26 may 2015-ci il tarixdə kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında 1 saziş bağlanmışdır. Həmin sazişlərlə kreditin müddəti uzadılmışdır. Lakin saziş (kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlanarkən Cavabdeh3 razılığı alınmamışdır, belə olan halda isə ona münasibətdə zaminliyə xitam verilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin(faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Həmin qaydaların 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 14 aprel 2014-cü il tarixli, 2-MZ2-2-0-210-14 saylı saylı kredit müqaviləsi üzrə 3273,16 (üç min iki yüz yetmiş üç dollar, on altı sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə gəldiyi nəticə doğru deyildir, bu səbəbdən də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Belə ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında imzalanmış 14 aprel 2014-cü il tarixli müqavilədən sonra 26 may 2015-ci il tarixində həmin kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında əlavə saziş bağlanmışdır. Həmin saziş əsasında ilkin ödəniş tarixi 14 iyun 2015-ci il, sonuncu ödəniş tarixi 14 may 2018-ci il olaraq müəyyən edilmişdir. Bank isə iddia ilə məhkəməyə 15 iyul 2020-ci il tarixində müraciət etmişdir. Yəni, iddia tələbi 2 ildən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hallara münasibətdə qeyd edir ki, şikayətdə sadalanan hallar qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətində restrukturizasiya ilə bağlı Cavabdeh1 bildiriş göndərilərək müqavilə bağlamaq üçün onun banka dəvət edildiyi qeyd edilsə də, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmış olsa da, müvafiq müqavilənin bağlanmaması vətəndaşların fərmanın imkanından istifadə etmək imkanlarını məhdudlaşdıra bilməz. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)- 482/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 qarşı təmin edilməsin. İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)-482/2022 saylı qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2139/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2139/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver