Məhkəmə qərarları › İş №2(103)-2140/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2140/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2140/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(003)-2087/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc kimi 10800 manat məbləğində və əldən çıxmış fayda kimi 1620 manat, cəmi 12420 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 30 iyun 2017-ci ildən başlayaraq iddiaçı öz qonşuları ilə birlikdə hər ay hərəyə 50 manat pul qoymaqla hər dəfə bir nəfər 2000 manat pul götürmüşdür. Cavabdeh birinci və ikinci ayların pulu olan 4000 manat pulu götürüb sonrakı aylarda pul verməmiş və aradan çıxmışdır. Buna görə də sonrakı aylarda qaynanası İddiaçı onun əvəzinə pul qoymağa məcbur olmuşdur. Bu məqsədlə İddiaçı bankdan kredit götürmüş və banka 10800 manat borcu yaranmışdır. Buna görə də iddiaçı cavabdehdən həmin 10800 manat pulu və 3 il ərzində pul vəsaitindən faydalanmağa görə 1620 manat pulu tələb edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(003)- 2087/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş materiallarında olan cavabdeh tərəfindən yazılmış qəbzə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 fevral 2020-ci il tarixli qərarında göstərilənlərə və şahid ifadələrinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu, iş materiallarında olan qəbzin onun tərəfindən yazılmadığını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və onun vəkilinin, habelə cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(003)-2087/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, cavabdeh 2017-ci ilin iyul ayında 4000 manat pul götürdüyünü, ayda 200 manat verə biləcəyini, hamısı 10800 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 29 iyun 2021-ci il tarixli 4/852 nömrəli rəyi ilə yuxarıda qeyd olunan qəbzdəki yazıların və imzanın Cavabdeh tərəfindən icra olunduğu təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə bir yerdə işləmişdir. Cavabdehi keçmiş qaynanası olan iddiaçının yanına gedib-gələndə görmüşdür. O, iddiaçı və cavabdehlə və digər şəxslərlə lotereya oynamışdır. İddiaçı onların yanında 3500 manat pulu götürüb cavabdehə vermişdir. Digər şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə eyni firmada işləmiş, bir yerdə lotereya oynamışlar. Cavabdehə birinci nömrə vermişlər. İddiaçı onların yanında pulu cavabdehə vermişdir. Cavabdeh iddiaçının qızının həyat yoldaşı idi. Onlar bir il lotereya oynamış, bu müddət ərzində cavabdehin yerinə aylıq pulu iddiaçı vermişdir. Digər şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə bir yerdə işləmişdir. O, digər şahidlərin ifadələrindəki xüsusatları təsdiq etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 fevral 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində aparılmış araşdırma zamanı Cavabdeh 2017-ci ildə qaynanası İddiaçı və digər şəxslərlə birlikdə lotereya oynayarkən ona 1500 manat pul verildiyini, həmin pulu ayda 200 manat olmaqla 4 ay ərzində hissə-hissə Gülarəyə qaytardığını, qalan pulu qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, aparılmış araşdırma zamanı Cavabdeh 2017-ci ildə keçmiş qaynanası İddiaçı və qeyriləri ilə birlikdə lotereya oynamaqla 4000 manat pulu borc kimi götürməsi, onun borcunun İddiaçı tərəfindən qaytarılması sübuta yetirilmişdir. Cavabdeh borclu olması barədə qəbzi yazmadığını bildirsə də, məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə qəbzin onun tərəfindən yazılıb imzalanması təsdiq olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Kollegiya hesab edir ki, Cavabdeh İddiaçı 4000 manat məbləğində pul borclu olması iş materialları ilə sübuta yetirildiyindən, iddia həmin hissədə təmin edilməlidir. İddiaçı cavabdehin borcunu ödəmək üçün bankdan kredit götürüb 10800 manat məbləğində borclu olmasını göstərsə də, kollegiya hesab edir ki, iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən cavabdehin ona məxsus pul vəsaitindən faydalandığına görə 1620 manat məbləğində pul ödəməli olmasını da sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 126 manat pul Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia qismən təmin olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 32 faizi, yəni 14,4 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli 2(003)- 2087/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul tutulub İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 32 faizi, yəni 14,4 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci qismində 126 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar