Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2140/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Suraxanı Rayon İcra Hakimiyyəti cəlb edilməklə) “sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-129/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri X1 xx.xx.2003-cü il tarixli, 23 saylı sərəncamı ilə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində (İlovoy) yerləşən 400 m2 torpaq sahəsi vətəndaş Cavabdeh3 Eylas oğlunun istifadəsinə verilmişdir.
2. "xxxx" MMC-nin “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılması”na dair xx.xx.2011-ci il tarixli Hesabat cədvəlinə əsasən Suraxanı bələdiyyəsi ilə bağlanmış 07 saylı, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Sol tərəf, 4-cü keçid ünvanında yerləşən yaşayış evinin mülkiyyətçisi İddiaçı Əlif oğludur.
3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 2848/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz müdaxilənin qadağan edilməsi” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Nümayəndə qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi və s.” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnaməyə əsasən Bakı şəhəri Suraxanı Rayon İcra hakimiyyətinin xx.xx.2018-ci il tarixli 944 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Sol tərəf, 4-cü keçid ünvanında yerləşən torpaq sahəsi “X10 Kompani S.A.” şirkətinin Kontrakt sahəsinin hüdudları daxilində olmaqla, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olan dövlət mülkiyyətinə aid torpaqlardır. Məhkəmə hesab etmişdir ki, mübahisəli torpağa hər iki tərəfin qanuni əsaslarla yaranmış hər hansı hüququ mövcud olmadığı və bu mənada onlar müvafiq subyektiv hüquqa malik olmadıqları üçün başqa şəxslərdən, konkret halda isə, bir-birilərindən həmin torpaq sahəsi üzərində mövcud olmayan hüquqlarına yaranmış maneələrə son qoyulmasını tələb edə bilməzlər.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 140/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri Suraxanı rayonu X6) “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadənin aradan qaldırılması və cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il məktubdan görünür ki, sözügedən torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanmışdır. Faktiki sahəsi 400 m2 təşkil edir, digər şəxsin istifadəsindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır.
5. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısının xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, araşdırma zamanı Cavabdeh1 və İddiaçı təqdim etdiyi video görüntülərə baxış keçirilən zaman X8 balta, Cavabdeh2 isə kuvaltla Quliyev Tapdığa məxsus məxsus hasarı sındıraraq hasarı sökdükləri, daha sonra isə Cavabdeh1 məxsus toraq şahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasında hasar olmadığından Cavabdeh2 İddiaçı aid torpaq sahəsinə keçərək qarşı tərəflə mübahisə etməyə davam etdiyi görsənir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı məxsus hasarı öz başına sökərək məhv etmiş X8 və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir.
6. Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Arxiv Çıxarışından görünür ki, xx.xx.1990-cı il tarixli, 46 nömrəli əmrə əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində Cavabdeh1 0.10 ha torpaq sahəsi ayrılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13533/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən S.Əliyev adına X2 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrinə əsasən ayrılmış 0.10 ha torpaq sahəsinin bölgü sxemi – yerləşmə sxeminin hazırlanaraq iddiaçı Cavabdeh1 verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(103)-1416/2025 nömrəli qərarı ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13533/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərər qismində 1.000 manat pul vəsaitinin ödənilməsi və ya bu mümkün olmadıqda, həmin hasarın bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Nümayəndə ilə birlikdə ünvan 3 ünvanında 4 sot ərazidə inşa etdiyi evdə 2008-ci il tarixdən müvəqqəti qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh1 onunla qonşuluqda yerləşən torpaq sahəsini 2010-cu il tarixdə almış və daha sonra həmin yerdə özü üçün ev tikdirmiş, halhazırda da orada oğlu Faiqlə birlikdə yaşayır. Təxminən 2018-ci il tarixdə Gülnaz ona məxsus torpaq sahəsinin də ona məxsus olduğunu iddia edərək onunla və həyat yoldaşı ilə mübahisə etməyə başlamış, müxtəlif vaxtlarda onların barəsində məhkəməyə müraciət etmişdir. Lakin heç bir məhkəmə torpaq sahəsinin ona məxsus olduğunu təsdiq etməmişdir. Gülnaz bu dəfə başqa şəxsləri işə cəlb edərək həmin şəxslərin vasitəsi ilə belə ki iddiaçı qismində Cavabdeh3 məhkəməyə müraciət etmiş və bu dəfə də məhkəmə iddianı təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:40-da yaşadığı evdə olan zaman həyətdən yüksək şəkildə şaqqıltı, yəni söküntü səsi eşitdikdə o və eləcə də həyat yoldaşı Şüşə həyətə çıxmışdırlar. Həyətə çıxdıqda Faiqin əlində balta ilə, həmin vaxtı ilk dəfə gördüyü, özünü şəhid ailəsi kimi təqdim edən Faiq nə də Gülnazla heç bir münasibəti olmayan, məqsədli şəkildə hay-küy salıb, onları provokasiyaya cəlb etmək üçün oraya gəlmiş Tamella adlı şəxsin isə əlində kuvaltla ona məxsus şifer, dəmir parçaları və taxta parçalarından düzəltdiyi hasarı sökməyə başladıqlarını görmüşdür. Səs-küyə qonşuluqda yaşayan oğlu Ələmdar və onun ailə üzvləri gəldilər. Tamella ilə Faiq onlara söyüşlər söyərək, hədə qorxu gələrək hasarı sökdülər. Hasarın sökülməsi nəticəsində ona 1.000 manat dəyərində məddi ziyan dəymişdir. Əlavə olaraq bildirir ki, həmin vaxtı orada heç bir dava-dalaş baş verməmiş, Faiqə, Tamellaya və eləcə də Gülnaza nə o, nə də ailə üzvlərindən heç kim xəsarət yetirməmişdir. Cavabdeh2 ilk dəfə idi ki, görürdü, onu Faiqlə və eləcə də onun anası Gülnaz məqsədli şəkildə oraya dəvət ediblər ki, Tamella şəhid ailəsi olmasından istifadə edərək özünü Gülnazın qohumu kimi təqdim edərək hasarı sökməkdə köməklik etsin və onlar fürsətdən istifadə edib ona məxsus torpaq sahəsini zəbt etsinlər. Baş vermiş mübahisəni və hasarın necə söküldüyünü nəvəsi Quliyeva Aytən qarşı tərəfdən isə Gülnaz mobil telefonla video görüntüyə almışdır. Hər iki tərəfin çəkdiyi video görüntülər sübut edir ki, adını çəkdiyi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ona məxsus hasarı sökür. Bununla əlaqədar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində araşdırma aparılmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədovun 24 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra isə o, cavabdeh tərəfindən ona dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh özünə məxsus olmayan hasarı sökərək ona 1.000 manat məbləğində ziyan vurmuşdur. Həmin hasarın sökülməsi nəticəsində ona dəymiş 1.000 manat məbləğində ziyan cavabdehlər tərəfindən müştərək qaydada ödənilməli, bu mümkün olmadıqda həmin hasarın bərpa edilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmalıdır.
11. Cavabdeh1 iddiaya qarşı yazılı etiraz verərək göstərmişdir ki, adı gedən torpaq sahəsi ona məxsusdur və bu barədə müvafiq çıxarışı vardır. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin Q-481 nömrəli, xx.xx.2024-cü il tarixli əmri üzrə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli, 263 nömrəli qərarına əsasən X3 işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün 4,8 hektar torpaq fondu ayrılmışdır. Sovxozun əmək kollektivi şurasının və yerli həmkarlar təşkilatının qərarını nəzərə alaraq ona mala baxan 0.10 ha. torpaq sahəsi ayrılmışdır. Və X2 direktorunun imzalı çıxarışı ilə xx.xx.1990-cı il tarixli 46 nömrəli əmrindən çıxarışına əsasən Abşeron rayon İcra hakimiyyətinin xx.xx.1988-ci il tarixli 263 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün ayrılmış həyətyanı torpaq fondundan vətəndaş Cavabdeh1 0.10 hektar torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. Adı gedən torpaq sahəsi və sahədə olan materiallar ona məxsusdur. İş üzrə İddiaçı Füzuli rayonundan məcburi köçkün kimi adı gedən ünvanda sonradan məskunlaşmışdır. Cavabdeh1 illərdi ayaqlarından əziyyət çəkir, hər iki ayağı implant protezdir. İkinci qrup əlildir. Şəhid ailəsidir. O, hər il mütəmadi olaraq xarici ölkəyə müalicəyə gedir. 2021-ci il tarixdə Türkiyə Respublikasından müalicədən qayıtdıqda, İddiaçı tərəfindən onun həyətində olan taxta və şiferlərdən istifadə edərək torpağını çəpərə almışdır. Dəfələrlə ona çəpərin sökülməsini xəbərdarlıq etsə də, o, məhəl verməmişdir. Məcburiyyət qarşısında qalıb, həmin çəpəri sökmüşdür. Hasarın mövcud olduğu torpaq sahəsi ona məxsusdur, hasarı da iddiaçı onun həyətində olan materiallardan quraşdırmışdır. Bu səbəbdən də hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və rədd edilməlidir.
12. Daha sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı yazılı etiraz verərək qeyd etmişlər ki, Cavabdeh1 bundan əvvəl xeyli müddət Apşeron rayonu sovxozunda işləmişdir. Həmin dövrdə Azərbaycan SSRİ Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 nömrəli qərarına əsasən, keçmiş X3 işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evləri tikintisi üçün 4,8 hektar həyatyanı torpaq fondu ayrılmışdır. Sözügedən Sərəncama əsasən, Abşeron rayonu keçmiş S.Əliyev adına Ramana südçülük kompleksi üzrə 09 aprel 1990-cı il tarixli 46 nömrəli sovxoz direktorunun əmrinə əsasən, Cavabdeh1 fərdi yaşayış evi tikdirməsi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsi üçün ayrılmış 0,10 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinə dair Azərbaycan Respublikası “Bakı Torpaq” lahiyə smetra bürosu tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” sənədi tərtib edilmiş və plan və ölçü sxemi sənədləri hazırlanmışdır. İddiaçı- İddiaçı mübahisə olunan torpaq sahəsinə və həmin torpaq sahəsinin kənarına çəkilmiş hasarın tikilməsinə dair heç bir qanuni dövlət sənədləri yoxdur. Belə ki, iddiaçı-İddiaçı əslən Füzuli rayonundan keçmiş məcburi köçkündür və hazırda Füzuli rayon mərkəzi və ətraf kəndlər yenidən qurulur və keçmiş məcburi köçkünlər öz yurdlarına dönüş edirlər. Hesab edirlər ki, iddiaçı da bu tarixi fürsətdən istifadə etməli və öz doğma torpaqlarına qayıtmalı və qanuni dövlət sənədləri ilə Cavabdeh1 məxsus olan torpaq sahəsinə dair onun tərəfindən yaradılan bütün maneələr aradan qaldırılmalı və iddiaçının bu günədək təmənnasız istifadə etdiyi torpaqlar öz sahibinə geri qaytarılmalıdır.
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, sökülmüş hasarın bərpa edilməsi öhdəliyinin müştərək qaydada cavabdehlərin üzərinə qoyulması və ya cavabdehlərə hasarın bərpa edilməsinə törədilmiş maneələrin qanunsuz hesab edilərək qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 129/2025 nömrəli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin hallarından müəyyən edildiyi kimi, tərəflər arasında oxşar mübahisələr uzun müddətdir ki davam edir və onların arasında əvvəllər də torpaq sahəri ilə bağlı məhkəmə mübahisələri olmuşdur. İşə əlavə edilmiş sənədlərdən o da müəyyən edilir ki, mübahisə obyekti olan torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır, iddiaçı həmin ərazidə məcburi köçkün kimi hər hansı hüquqi əsas olmadan məskunlaşmışdır. Yuxarıda istinad edilmiş maddi hüquq normaları ilə torpaq sahəsinə mütləq və ya məhdud əşya hüquqlarının əldə edilmə qaydaları müəyyən edilmişdir. İddiaçının mübahisəli torpaq sahəsinə tələbi həmin ərazidə məcburi köçkün kimi məskunlaşmasına əsaslanır, hansı ki, bu əsas maddi hüquq normaları baxımından qanuni hesab edilə bilməz. Mülki qanunvericiliyin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Lakin, bu müdafiədən istifadə üçün ilk növbədə subyektiv hüququn olması vacibdir. Ona görə ki, qanunda fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsi deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, qanunla qorunan mənafe və maraqlardan nəzərdə tutulur. Beləliklə, iddiaçı həmin torpaq sahəsində heç bir hüquqi əsas olmadan məskunlaşdığına görə, onun hazırkı tələblə çıxış etmək üçün subyektik hüququ yoxdur.
17. Bundan əlavə, İddiaçı mübahisəli torpaq sahəsinə faktiki sahibliyi də Cavabdeh1 Hüsey qızına münasibətdə qanuni hesab edilə bilməz. Belə ki, hazırki iddia tələbində iddiaçı ona məxsus olduğunu qeyd etdiyi torpaq sahəsində inşa edilmiş hasarın cavabdehlər tərəfindən söküldüyünü iddia etməklə həmin hasarın bərpasını tələb etsə də, Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Arxiv Çıxarışından görünür ki, 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrə əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində Cavabdeh1 0.10 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13533/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilməklə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən S.Əliyev adına X2 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrinə əsasən ayrılmış 0.10 ha torpaq sahəsinin bölgü sxemi – yerləşmə sxeminin hazırlanaraq iddiaçı Cavabdeh1 verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd edilən məhkəmə qərarı hələ qanuni qüvvəsini almamışdır, lakin bununla belə qeyd edilən hallar onu deməyə əsas verir ki, həmin torpaq sahəsində iddiaçıdan daha əvvəl məskunlaşan Cavabdeh1 faktiki sahibliyi yuxarıda qeyd edilmiş əsaslara söykənir və bu səbəbdən o İddiaçı münasibətdə qadağan edilmiş özbaşnalığa yol verməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.5, 157.8, 159, 164.1, 166.3, 238.1-ci, Torpaq Məcəlləsinin 4-cü maddənin 1-ci, 2-ci bəndlərinə, 65-ci maddəsinin 2-ci, 6-cı bəndlərinə, 55, 111-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailə üzvləriylə birlikdə 1993-cü də Füzuli rayonundan məcburi köçkün düşmüşdür. İlkin olaraq Zabrat qəsəbəsi ərazisində qohumun evinə gəlmişlər. Təxminən on il həmin ünvanda yaşamışlar və qohumu evi satmaq istədiyi üçün məcbur olub onun evini boşaldıb təhvil vermişlər. Bir müddət Ramana qəsəbəsində yaxınlarının evində yaşamışlar. Daha sonra Ramana Bələdiyyəsinə müraciət etmişlər və Bələdiyyə hazırda yaşadıqları Yeni Ramana qəsəbəsi Mərkəzi küçə, 4-cü keçiddə boş torpaq sahəsini onlara təqdim etmişdir. Onlar bir ay müddətində öz vəsaitləri ilə ailə üzvləriylə birlikdə həmin torpaq sahəsində ev tikib köçüb orada yaşamışlar. 2008-ci ildən isə həmin evə müvəqqəti qeydiyyatda olmaqla orada yaşayırlar. Bütün kommunal xətlərin sayğacları ( qaz, su , işıq ) və telefoq xətti iddiaçının adınadır. Torpaq vergisini daimi olaraq ödəyir. Bələdiyə kitabında və Qəsəbə üzrə Nümayəndəlikdə tərtib olunmuş kitablarda da onun adı qeydiyyatdan keçmişdir. 2010-cu ildə isə Cavabdeh1 onların yaxınlığında 0.4 ha torpaq sahəsi almış və ev tikdirmiş, halhazırda da orada oğlu Faiqlə birlikdə yaşayır. Cavabdehlərin hasarı sökməsindən sonra iddiaçının şikayətim əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda göstərilmişdir ki, tərəflər arasında mübahisə mülki xarakterlidir. Lakin buna baxmayaraq həmin Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı məxsus hasarı özbaşına sökərək məhv etmiş X8 və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Bakı şəhəri X1 xx.xx.2003-cü il tarixli, 23 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində (İlovoy) yerləşən 400 m2 torpaq sahəsi vətəndaş Cavabdeh3 istifadəsinə verilmişdir. X11 ayrılmış torpaq sahəsinin onun torpaq sahəsinə aidiyyəti olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, ona aid torpaq sahəsində inşa etdiyi evin həyatyanı sahəsi Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli Arxiv Çıxarışından görünür ki, 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrə əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində Cavabdeh1 ayrılmış 0.10 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13533/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilməklə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisindən S.Əliyev adına X2 09 aprel 1990-cı il tarixli, 46 nömrəli əmrinə əsasən ayrılmış 0.10 ha torpaq sahəsinin bölgü sxemi – yerləşmə sxeminin hazırlanaraq iddiaçı Cavabdeh1 verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına baxmayaraq , yaşadığı və istifadə etdiyi torpaq sahəsinin plan cizgiləri ilə üst-üstə düşmür. Bu hal onu sübut edir ki, Cavabdeh1 torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst üstə düşmür. Birinci instansiya məhkəməsi işə əlavə edilmiş video görüntünü, iş üzrə Polis araşdırmasını, onun 2003-cü ildən həmin ərazidə yaşamağını, cavabdehin torpaq sahəsinin onun torpaq sahəsi ilə heç bir əlaqəsi olmadığını nəzərə almamışdır. Eyni zamanda, məhkəməyə təqdim edilmiş videogörüntüdə, cavabdeh və onunla birlikdə adı sonradan məlum olan Tamilla adlı qadın hasarı sökür, ona və həyat yoldaşına hədə qorxu gəlir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh qanunsuzluq etmiş və onun böyük əziyyətlə, vəsaitlə çəkdiyi hasarı uçurmuşdur. Məhkəmə həmin hala düzgün qiymət verməmiş və cavabdehin qanusuz hərəkətlərinə göz yummuşdur. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, guya iddiaçının məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Bu tamamilə qanusuzluqdur. Necə ola bilər ki, qarşı tərəf cinayət edir və o, cinayət edənin məsuliyyətə cəlb edilməsini tələb etdiyi halda, məhkəmə onun subyektiv hüququnun olmamasını əsas gətirməklə tələbinə baxmır. Bu qanunsuzluqdur və işə baxan hakimin məqsədli olmasına dəlalət edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Etirazda qeyd olunmuşdur ki, iş üzrə iddiaçı Füzuli qaçqını Quliyev X5 rayonu Yeni Ramana qəsəbəsi Mərkəzi küçə 5-ci keçiddə torpağı qanunsuz sahiblənmiş, heç bir sənədi olmadan 2 mərtəbəli ev tikdirmiş və tikdirdiyi evin onun tərəfə olan onun çəkdirdiyi daş (kubik) hasarından eni 50 sm olan yeri sökmüş və onun evdə olmadığından istifadə edərək onun 0,6 ha torpağını qanunsuz sahiblənmişdir. Onlar, oğlu insult keçirəndən sonra İran, Türkiyə kimi xarici ölkələrə müalicə məqsədi üçün gedəndən sonra cavabdehlərə məxsus köhnə şiferiylə və taxtalarıyla ortadan 06 ha yerini, yəni tikdirdiyi əldamında 06 ha tərəfdə qalaraq onun şifer və taxtalarından aradan hasar kimi bağlamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, 1993-cü ildə ailəsi ilə qohumlarının evində yaşamaq məcburiyyətində qalmışlar. 2007-ci ildə İcra hakimiyyətinin ərazi üzrə nümayəndəliyinə və bələdiyyəyə yaxınlaşaraq, yaşamaq üçün ev istəmişlər. Ona bildirilmişdir ki, həmin ərazidə boş torpaq sahəsinin olub-olmadığını araşdırsın. Daha sonra bələdiyyə hazırda yaşadıqları Yeni Ramana qəsəbəsi Mərkəzi küçə, 4-cü keçiddə boş torpaq sahəsini onlara təqdim etmiş və onlar da bir ay müddətində öz vəsaitləri ilə həmin torpaq sahəsində ev tikib, köçüb orada yaşamışlar. 2008-ci ildə isə həmin evə müvəqqəti qeydiyyatda olmaqla orada yaşayırlar. Cavabdeh onun evi ilə iddiaçının evinin arasında olan hasarı 1,5 metr daşla inşa etdirmişdir. Həmin hasar iki evin arasında olduğu üçün düşünmüşdür ki, hasarın qalan hissəsini o inşa etməlidir. Hasarı qaldırmaq istəsə də, cavabdeh buna icazə verməmişdir. Bu səbəblə dəmir parçaları və şiferlərlə hasar çəkmişdir. Bir müddət sonra Cavabdeh2 hasarı balta ilə dağıtmışdır. Bunu təsdiq edən sübutlar var. Cavabdehin bildirdikləri həqiqəti əks etdirmir. 2008-ci ildə hasarı tikmişdir. 2023-cü ildə Cavabdeh3 adlı şəxs onu çağıraraq, evin və torpağın ona məxsus olduğunu və buna dair çıxarışının olduğunu bildirmişdir. O bilmir ki, ev Cavabdeh3 və ya Cavabdeh2 məxsusdur. Bu səbəblə əvvəlki işlə əlaqəli olaraq digər şəxsləri də cavabdeh qismində qeyd etmişdir. Əvvəlki illərdə orada tikanlı məftillər var idi. 2010-cu ildə Cavabdeh1 oraya gəlmiş və iki mərtəbəli ev və məftil hasarın yerində 1,5 metr hasar inşa etmişdir. Hasarın qalan hissəsini inşa etməyi üçün maddi imkanı yox idi. Həmin daş hasarın üzərindən şifer və dəmir parçaları ilə hasar çəkmişdir. Şiferlərlə olan hasarı neçənci ildə çəkməyi ilə bağlı dəqiq tarix yadında deyil.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi də apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar 4 dəfə qarşı tərəfi məhkəməyə vermişlər. Digər işlərlə bağlı məhkəmə sənədlərini təqdim etmişlər. Digər məhkəmə işində hakim Səlimə Miriyeva oraya gələrək, yerli baxış keçirmiş və torpaq komitəsinə sorğu ilə müraciət etmişdir. Oradan məhkəməyə cavab olaraq bildirilmişdir ki, torpaq dövlətə məxsusdur. Cavabdehin südçülük sovxozu tərəfindən torpağın ona verilməsinə dair sənədləri saxtadır.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətiə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, torpaq sahəsinə dair cizginin tərtib edilməsi ilə bağlı inzibati işə baxılmış və qərar qəbul edilmişdir. Torpaq qanuni olaraq ona məxsusdur. Evi inşa edəndə hasarı tam bitirə bilməmişlər. Orada onun 10 sot torpaq sahəsi var. O, Südçülük sovxozunda çalışarkən həmin torpaq sahəsi dövlət tərəfindən ona bağışlanmışdır. Səhhətində problemlər olan dövrdə iddiaçı ona məxsus torpağa qanunsuz olaraq girmişdir. Evlər arasında hasar olmayıb. Onlar xəstə olan dövrdə torpağı zəbt edərək, 2021-ci ildə hasar tikmişdir. Hasar ona məxsus olan köhnə taxta və şiferlərdən tikilmişdir.
25. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 qonşu torpaq sahələrində yaşayırlar, aralarında torpaq sahəsi ilə bağlı mübahisələr uzun müddətdir ki davam edir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir, lakin hazırda Cavabdeh1 ona 0.10 ha torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli, 46 nömrəli əmrə əsaslanaraq torpaq sahəsinin bölgü sxemi – yerləşmə sxeminin hazırlanaraq ona verilməsi öhdəliyinin Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, onun iddiası təmin olunmuş və işə artıq apellyasiya instansiya məhkəməsində də baxılmışdır.
32. Kollegiya hesab edir ki, belə olan vəziyyətdə, yəni iddiaçının və cavabdehin sahibliyində olan torpaq sahələrinin dəqiq sərhədləri müəyyənləşdirilmədən, bununla bağlı cavabdehin inzibati məhkəmədə mübahisə yekunlaşmadan iddiaçı tərəfindən mübahisəli torpaq sahəsində hər hansı hasarın inşa edilməsi hüquqa uyğun hesab edilə bilməz.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-129/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: